Revmatologiya

Revmatoloji xəstəliklər oynaqların və oynaq ətrafı (periartikulyar) toxumaların zədələnməsi ilə xarakterizə olunur. Onların böyük bir hissəsini autoimmun genezli sistem xəstəlikləri – kollagenoz və vaskulitlər təşkil edir. Revmatoloji xəstəliklər adətən kardialoji, böyrək, ağciyər, serebral sindromlar ilə müşayiət edilir. Bu tip xəstəliklər proqressivləşməyə meylli olub, xəstələrdə fiziki aktivliyinin pozulmasına gətirib çıxarırlar.  

Müasir tibbdə  200-dən çox revmatoloji xəstəlik növü məlumdur.

Revmatoloji xəstəliklər  3 böyük qrupa bölünür: oynaq xəstəlikləri, sistem vaskuliti və birləşdirici toxumanın diffuz patologiyaları.

Oynaq xəstəliklərinə -artrit (revmatoid, psoriatik, reaktiv, infeksion və s.), osteoartroz, Bexterev xəstəliyi, oynaqətrafı yumşaq toxumaların revmatik patologiyaları daxildir. 

Sistem vaskulitlərinə – hemorragik vaskulit, düyünlü periarteriit, Takayasu xəstəliyi, obliterasiyaedici trombangiiti misal göstərmək olar.  

Birləşdirici toxumanın sistem xəstəliklərinə -qırmızı qurd eşənəyi (Lupus), sklerodermiya, dermatomiozit və s. aiddir.

Revmatik xəstəliklərin təsnifatında revmtik qızdırma (revmatizm)  ayrıca qeyd olunur. Belə xəstələrdə oynaq, birləşdirici toxuma və damarlar eyni zamanda zədələnir.  

Revmatoloji xəstəliklərin inkişafı genetik, endokrin və xarici mühit amilləri ilə əlaqədardır. Belə ki, bu qrup xəstəliklərin yaranmasında  sitomeqalovirus, Epşteyn-Barr və herpes virusları tərəfindən törədilən infeksiyalar, travma, stress, intoksikasiya, hamiləlik, abort təkanverici faktor rolunu oynaya bilər.     

Xəstəliklərə bütün yaş qruplarında, o cümlədən uşaqlar və yeniyetmələrdə (artrit, revmatizm, yuvenil revmatoid artrit və s.) rast gəlinir. Bəzi revmatoloji patologiyalar, məsələn, revmatik polimialgiya, revmatoid artrit daha çox qadınlarda, podaqra, ankilozlaşan spondilit isə adətən kişilərdə aşkarlanır.  

Revmatoloji xəstəliklərin simptomları müxtəlif xarakterlərdə ola bilər. Xəstələrdə səbəbsiz qızdırma,artralgiya (oynaqda ağrı), oynaqların quruluşunun dəyişməsi, əzələ ağrıları, səpkilər, limfadenit, tromboz və ya qansızmalara meyllik, daxili orqanların zədələnmələri müşahidə oluna bilər.  

Revmatik xəstəliklərin diaqnostikasında immunoloji müayinələr – nozologiyaya uyğun anticisimlərin təyini həlledici rol oynayır. Həmçinin rentgenoqrafiya, USM, KT, MRT, sintiqrafiya, artroskopiya, biopsiyadan da diaqnostikada geniş istifadə olunur.  

Təəssüf ki, hələlik revmatik xəstələri tam sağaltmaq mümkün deyil. Bununla belə, əksər hallarda müasir üsullarla xəstəliyin gedişatını yüngülləşdirmək, remissiya müddətini uzatmaq, ağır fəsadların, əlilliyin qarşısını almaq mümkündür. Müalicə uzun müddət, bəzən isə həyatın sonuna qədər davam edə bilər. Bura medikamentoz terapiya, ekstrakorporal hemokorreksiya (plazmoferez, hemosorbsiya, sitaferez, plazmosorbsiya), qeyri-medikamentoz üsullar (fizioterapiya, balneoterapiya, MBT, akupunktura ) və xəstənin həyat keyfiyyətini yüksəltmək üçün ortopedik müalicə (endoprotezlənmə və s.) üsulları daxildir.   

Revmatoloji patologiyaların profilaktikası qeyri-spesifik xarakter daşıyır. Onların qarşısını almaq məqsədilə stress, infeksiya və digər etioloji amillərdən uzaq durmaq, zərərli vərdişlərdən imtina etmək, sağlamlığa və fiziki aktivliyə diqqət yetirmək məsləhət görülür.  

error: Content is protected !!