Rinoplastika
Rinoplastika (burun plastikası) – plastik cərrahiyyənin bir sahəsi olub, burnun anadangəlmə və qazanılmış deformasiyalarının korreksiyası ilə məşğuldur. Onun köməyilə burnun ölçülərini kiçiltmək və ya əksinə böyütmək, formasını dəyişmək, eləcə də tənəffüs problemlərini aradan qaldırmaq mümkündür. Rinoplastikanın estetik məqsədi burun defektlərini bərpa etməklə, üz cizgiləri arasında harmoniya yaratmaqdan ibarətdir. Bu əməliyyat adətən 17 yaşdan sonra aparılır.
Rinoplastika haqqında ümumi məlumat
Rinoplastika – embriogenez dövründə və yaxud xəstəliklər, travma nəticəsində qazanılan burun qüsurlarının korreksiyasına əsaslanır. Bura müxtəlif növ cərrahi müdaxilələr daxildir: burun arakəsməsinin plastikası (septoplastika), burun sınıqlarının repozisiyası, burnun qısaldılması, donqarın yox edilməsi, burun sümüklərinin yaxınlaşdırılması və s.
Əməliyyatın məqsədindən asılı olaraq, qapalı və ya açıq üsul tətbiq edilir. Qapalı rinoplastika zamanı burun boşluğunda kəsik aparılır, dəri burun karkasından (burun sümükləri və qığırdaq) ayrılır. Bu üsulla burnun formasının dəyişdirilməsi, artıq sümük və qığırdaq toxumasının çıxarılması kimi əməliyyatlar icra olunur. Cərrahi müdaxilənin həcmi geniş olduqda kolumella (burun dəliklərini ayıran vertikal dəri büküşü) nahiyəsində kəsiklə açıq rinoplastika məqsədəuyğundur.
Rinoplastika birincili və ya ikincili olur. İkincili və yaxud revizion plastika burnun ilkin plastikasından sonrakı defektləri aradan qaldırır.
Ənənəvi plastik cərrahiyyə ilə yanaşı son illərdə fillerlərlə rinoplastika aktiv şəkildə inkişaf edir. Onunla yalnız kiçik qüsurları korreksiya etmək mümkündür: burun ucunun və qanadlarının formasının dəyişdirilməsi, simmetriyanın bərpası və s.
Rinoplastikaya hazırlıq və onun aparılma qaydası
Rinoplastikanın planlaşdırılması plastik cərrahın əyani konsultasiyasından başlanır. Həkim müayinə zamanı pasiyentin burun toxumalarının vəziyyətinə diqqət yetirir, tənəffüslə bağlı çətinliyin olmasını aydınlaşdırır. Daha yaxşı kosmetik nəticələrin alınması üçün xəstənin şəkli çəkilir və kompüterdə burnun modelləşdirilməsi yerinə yetirilir.
Adətən rinoplastika ümumi narkoz altında aparılır. Ağırlığından asılı olaraq, əməliyyat 1-2 saat, bəzən isə daha çox davam edir. Rinoplastika prosesində sümük-qığırdaq karkası dəyişdirilir. Bununla estetik cəhətdən buruna düzgün ölçü və forma verilir. Əməliyyat düzgün icra olunduqda və ağırlaşma baş vermədikdə postoperasion çapıqlar görünmür.
Rinoplastikadan sonra bərpa dövrü
Əməliyyat bitdikdə hər 2 burun deşiyinə tampon yeridilir. Onlar cərrahi müdaxilədən 2-3 gün sonra çıxarılır. Burnun yeni forması xüsusi kallodium və ya gips yapışdırıcı ilə 5-7 gün (burnun qığırdaq hissəsində əməliyyat aparıldıqda) və yaxud 12-14 gün müddətində (sümük hissəyə toxunulduqda) fiksasiya edilir.
Bərpa dövründə ağrı hissi adətən dözülən olur. İlk həftə burun boşluğunun ödemi ilə əlaqədar tənəffüs çətinləşir. Burunda və göz ətrafı nahiyədə şişkinlik, ödem 10-14 günə keçib gedir. Rinoplastikadan sonra 1,5 ay ərzində eynək taxmaq məsləhət görülmür.
Tam bərpa dövrü 6-8 ay təşkil edir. Belə ki, plastikanın son nəticələri əməliyyatdan 6-12 ay sonra qiymətləndirilir.
Rinoplastikanın risk və fəsadları
Hər bir əməliyyatda olduğu kimi rinoplastika zamanı da qan damarlarının zədələnmə ehtimalı mövcuddur. Qüsurlar tam bərpa olunmadıqda təkrar əməliyyata ehtiyac yarana bilər. Uğursuz plastikadan sonra aparılan ikincili rinoplastika mürəkkəb əməliyyat sayılır. Ona yalnız birinci cərrahi müdaxilədən ən azı 6 ay keçdikdən sonra qərar verilir.
Belə hallarla qarşılaşmamaq üçün sağlamlıq və gözəlliyinizi peşəkar həkimə həvalə edin.