S-vari bağırsağın polipləri
S-vari bağırsağın polipləri – bu nahiyənin selikli qişasından inkişaf edən xoşxassəli şişəbənzər törəmələrdir. Patologiya simptomsuz gedişə meylli olur. Bir sıra hallarda törəmələr qarında ağrı, defekasiyanın pozulması, qan və selik qarışıqlı nəcis ifrazı ilə təzahür edir. İri ölçülü poliplər çox zaman bağırsaq keçməməzliyinə səbəb olur, maliqnizasiya riski ilə müşayiət edilir. Diaqnoz barmaqla rektal müayinə, irriqoskopiya, rektosiqmoskopiya və biopsiyanın nəticələrinə əsasən qoyulur. Müalicə poliplərin cərrahi yolla kəsilməsi, endoskopik polipektomiya və ya bağırsağın zədələnmiş hissəsinin rezeksiyası ilə aparılır.
S-vari bağırsağın polipləri barədə ümumi məlumat
S-vari bağırsağın polipləri geniş yayılmış patologiyalardandır. Tədqiqatçıların məlumatlarına əsasən S-vari bağırsağın polipləri dünya əhalisinin 20%-də müşahidə olunur. Nazik bağırsaqda isə bu törəmələrə nadir halda təsadüf edilir. Yoğun bağırsağın sol yarısı (S-vari bağırsaq) sağa nisbətən daha çox zədələnir. Pasiyentlər arasında kişi cinsinin nümayəndələri üstünlük təşkil edir. S-vari bağırsağın polipləri fərqli quruluş və ölçülərə malik olub, selikli qişaya enli əsas və ya nazik ayaqcıqla birləşir. Poliplər tək və ya qrup şəklində yerləşir. Onların bədxassələşmə ehtimalı eyni olmur. Xovlu poliplər maliqnizasiya baxımından daha təhlükəli sayılır.
S-vari bağırsağın poliplərinin yaranma səbəbləri
Bağırsaq poliplərinin etiologiyası sona qədər öyrənilməmişdir. Əksər tədqiqatçıların fikrincə S-vari bağırsağın polipləri selikli qişanın xroniki iltihabı fonunda formalaşır. Kəskin infeksion xəstəliklər, qəbizlik hallarında bağırsaq möhtəviyyatının durğunluğu, selikli qişanın bərk nəcis kütlələri tərəfindən zədələnməsi, bağırsaq divarını qıcıqlandıran məhsulların qəbulu xroniki iltihabi prosesin inkişafına səbəb olur.
S-vari bağırsağın yaranma ehtimalını artıran bütün amillər qeyri-düzgün qidalanma – yarımfabrikatlar, asan həzm edilən heyvan mənşəli yağlar və rafinəolunmuş məhsulların həddindən artıq qəbulu, rasionda kobud qida liflərinin azlıq təşkil etməsi nəticəsində meydana çıxır. Bağırsağın sol şöbələrinin möhtəviyyatı sağa nisbətən bərk olur. Bundan əlavə S-vari bağırsaq bir neçə əyrilikdən ibarətdir, həmin nahiyələr nəcis kütlələrinin hərəkəti zamanı travmalara daha çox məruz qalır. Məhz bu səbəblərdən qeyri-düzgün qidalanma fonunda S-vari bağırsaqda poliplərin yaranma ehtimalı yüksək olur.
Embrional nəzəriyyəyə əsasən bağırsağın polipləri bətndaxili dövrdə bu orqanın divarlarının formalaşmasının pozulması ilə əlaqədar yaranır. Poliplərlə divertikulyoz, eləcə də yoğun bağırsağın qan dövranının müxtəlif mənşəli xroniki pozğunluqları arasında əlaqə aşkar edilmişdir. Bəzi poliplərin, o cümlədən obliqat xərçəngönü xəstəlik sayılan ailəvi polipozun inkişafına irsi meyllik müəyyən edilmişdir.
S-vari bağırsağın poliplərinin təsnifatı
Törəmələrin sayından asılı olaraq tək və çoxsaylı, lokalizasiyasına görə isə qrup halında və ya diffuz şəkildə yerləşən poliplər ayırd edilir. Poliplər nazik ayaqcığa və ya enli əsasa («oturaq» poliplər) malik olur. Törəmələrin ölçüləri 1-5mm və daha böyük olur. Histoloji quruluş nəzərə alınmaqla S-vari bağırsağın polipləri aşağıdakı formalara bölünür:
- vəzili (adenomatoz). S-vari bağırsağın poliplərinin 50%-dən çox hissəsini təşkil edir. Onların ölçüləru adətən 2-3sm-dən böyük olmur. Vəzili poliplər xarici görünüşcə adenomanı xatırladan çəhrayı və ya qırmızı düyün şəklində formalaşır.
- vəzili-xovlu. S-vari bağırsağın adenomatoz və xovlu polipləri arasında keçid forma hesab olunur.
- xovlu. Xovlarla örtülü paycıqlı törəmələrdir. Onlar şaxələnmiş kapilyar toruna malik olub, tez-tez qanayır və xoralaşır. S-vari bağırsağın poliplərinin digər növləri ilə müqayisədə xovlu törəmələrin maliqnizasiyası daha sıx qeydə alınır. Polipin ölçüləri artıqca bədxassələşmə ehtimalı yüksəlir.
- Hiperplastik. Diametri 0,5sm-dən kiçik olan törəmələrdir. Onlar adətən xroniki iltihabi proseslər fonunda aşkarlanır. Hiperplastik poliplər digər növlərə tranformasiya edə bilir.
S-vari bağırsağın törəmələrinin digər bir qrupu uşaqlar və yeniyetmələrdə rast gəlinən yuvenil poliplərdir. Onların ölçüləri 5sm-dən çox olsa da hüceyrə atipiyası və vəzili epitelin artması əlamətləri izlənilmir. Yuvenil poliplər nadir hallarda maliqnizasiyaya uğrayır.
S-vari bağırsağın poliplərinin əlamətləri
S-vari bağırsağın poliplərinin əksəriyyəti simptomsuz gedir. Bəzi xəstələrdə nəcis ifrazının pozulması (qəbizlik, ishal) və qarnın sol hissəsində ağrılar müşahidə edilir. Polip zədələndikdə nəcis kütlələri qanla qarışır. Xovlu poliplər çoxlu miqdarda selik hasil etdiyindən nəcisdə patoloji qarışıqlara rast gəlinir. İri ölçülü, çoxsaylı poliplərin mütəmadi şəkildə qanaması anemiyaya səbəb ola bilir. Seliyin uzunmüddətli ifrazı su-duz mübadiləsinin pozumasına gətirib çıxara bilir.
S-vari bağırsağın iri polipləri orqanın mənfəzini tutaraq, keçməməzlik törədir. Bu ağırlaşma qarnın sol hissəsində və sol qalça çuxurunda tutmaşəkilli ağrılar, qarnın köpməsi və asimmetriyası, qaz və nəcis ifrazının çətinləşməsi, ürəkbulanma və qusma ilə təzahür edir. Vaxtında tibbi yardım göstərilmədikdə pasiyentin vəziyəti pisləşir, bağırsağın parezi, dehidratasiya, hipovolemiya və oluquriya inkişaf edir. Belə hallarda təcili surətdə cərrahi əməliyyat aparılmalıdır.
S-vari bağırsağın poliplərinin diaqnostikası
Diaqnoz həkim-proktoloq tərəfindən pasiyentin şikayətləri və əlavə müayinələrin nəticələri əsasında qoyulur. Diaqnostika prosesinə qarnın palpasiyası və barmaqla rektal müayinə ilə başlanılır. Palpasiya zamanı qarnın sol hissəsində ağrı yarana bilər. Polip S-vari bağırsağın aşağı hissələrində yerləşdikdə bəzən rektal müayinə ilə törəməni üzə çıxarmaq mümkün olur. Nəcisdə gizli qanın təyini adətən xovlu poliplər zamanı müsbət olur. Solitar adenomatoz poliplərdə test mənfi ola bilər.
İrriqoskopiya S-vari bağırsağın 1 sm-dən böyük poliplərinin aşkarlanmasına kömək edir. Daha kiçik poliplərin diaqnostikasında endoskopik üsullardan – rektoromasnoskopiya və ya kolonoskopiyadan istifadə olunur. Kolonoskopiya təkcə S-vari bağırsaqda deyil, həmçinin bağırsağın yuxarı şöbələrində polip və digər patoloji proseslərin olmasına şübhə yarandıqda təyin edilir. Endoskopik üsullar S-vari bağırsağın poliplərinin say, lokalizasiya, ölçü və növlərinin vizual şəkildə təyin olunmasına imkan verir. Müayinə prosesində toxuma nümunələri götürülür, bioptatlar histoloji müayinəyə göndərilir. Bir sıra hallarda endoskopiya diaqnostik-müalicəvi xarakter daşıyır.
S-vari bağırsağın poliplərinin müalicəsi
Müalicə cərrahi yolla aparılır. Düyünün diametri, sayı, növü və yaranma səbəbindən asılı olaraq, endoskopik polipektomiya, laparotomiya üsulu ilə polipin kəsilib götürülməsi və ya bağırsağın zədələnmiş hissəsinin rezeksiyası, birbaşa anastomozun yaradılması icra olunur. Əməliyyat planlı şəkildə yerinə yetirilir. Endoskopik polipektomiya ambulator və ya stasionar şəraitdə, klassik cərrahi müdaxilələr isə yalnız xüsusi cərrahi şöbələrdə həyata keçirilir.
Maliqnizasiya əlamətləri ilə müşayiət olunmayan kiçik ölçülü poliplər endoskopik yolla xaric edilir. Törəmə eyni zamanda qanayan damarların elektrokoaqulyasiyası üçün ləvazimat rolunu oynayan xüsusi ilgək vasitəsilə kəsilir. S-vari bağırsağın iri polipləri hissəvi şəkildə çıxarılır. Texniki çətinliklərlə əlaqədar iri poliplərin endoskopik yolla xaric olunması pasiyent üçün təhlükə daşıyır. Əməliyyat zamanı qazın bağırsağın mənfəzində partlaması, qanaxma, perforasiya kimi ağırlaşmalar baş verə bilər.
Bu səbəbdən S-vari bağırsağın iri ölçülü poliplərinin müalicəsində klassik cərrahi üsullardan istifadə olunur. Əməliyyat ümumi narkoz altında aparılır. Cərrah bağırsaq divarını yararaq, polipi ayaqcıqla birgə kəsib çıxarır. Sonra bağırsağa və qarnın ön divarına tikişlər qoyur. S-vari bağırsağın çoxsaylı və ağırlaşmış poliplərində ümumi narkozla orqanın zədələnmiş hissəsi rezeksiya olunur. Laparotomiyadan sonra pasiyentlərə yataq rejimi, xüsusi pəhriz, ağrıkəsici preparatlar və antibiotikoterapiya təyin edilir.
S-vari bağırsağın bütün polipləri kəsildikdən sonra histoloji müayinəyə göndərilir. Toxumalarda xərçəng hüceyrələri aşkarlandıqda bağırsaqda onkoloji prosesin yayılmasını, regionar və uzaq metastazların olmasını müəyyənləşdirmək üçün pasiyent hərtərəfli müayinə edilir. Sonra isə genişləndirilmiş cərrahi müdaxilə aparılır.
S-vari bağırsağın poliplərinin proqnoz və profilaktikası
S-vari bağırsağın polipləri maliqnizasiyaya uğramadıqda proqnoz qənaətbəxş olur. Əməliyyatdan sonra pasiyentlər müşahidə altına alınmalıdır. Adenomatoz poliplərdə bağırsaq başlanğıcda hər 6 aydan bir, sonra isə ildə 1 dəfə endoskopik yolla müayinə olunmalıdır. S-vari bağırsağın xovlu poliplərinin rast gəlindiyi xəstələrdə rektoromanoskopiya və ya kolonoskopiya birinci il hər 3 aydan bir, sonralar isə il ərzində 1 dəfə aparılmalıdır.