Saç tökülməsi

Saç tökülməsi – fizioloji və ya patoloji saç itirilməsi prosesidir. Patoloji saç tökülməsi onların bərabər nazikləşməsinə, məhdud nahiyələrdə hissəvi və ya tam tökülməsinə, eləcə də total keçəlləşməyə gətirib çıxarır. Saç tökülməsinin səbəbləri vitamin və mikroelement çatışmazlığı, dərmanların yan təsirləri, hormonal və infeksion xəstəliklər, stress, irsiyyət, saçlara qeyri-düzgün qulluq ola bilər. Bu səbəblər aradan qaldırıldıqdan sonra saç örtüyü bərpa olunur.

Saç tökülməsi barədə ümumi məlumat

Saç tökülməsi təbii prosesdir. İnsan hər gün 60-100 saç itirir. Normada yeni çıxan və tökülən saçların miqdarı eyni səviyyədə olur; lakin bəzi vəziyyətlərdə tökülən saçların miqdarı artır. Saç tökülməsi total xarakter aldıqda keçəlləşməyə gətirib çıxara bilər.

Saçların orta yaşam müddəti təxminən yeddi ildir; ilk mərhələdə onlar nazik, qısa olur, daha sonra aktiv böyümə fazasına keçir. Aktiv böyümə fazası 2-7 il davam edir. Bu fazadan sonra katagen faza – saçların tökülməyə hazırlıq fazası başlayır və 2-4 həftə davam edir. Nəhayət tökülmə fazası follikulun dərinliyindən asılı olaraq 3-4 ay təşkil edir. Buna görə də təbii tökülmədən artıq saç itkisi müşahidə olunduqda səbəbi üç ay əvvəldə axtarmaq lazımdır.

Saç tökülməsinin səbəbləri və klinik təzahürləri

Baxmayaraq ki, nəticə etibarı ilə həm keçəlləşmə, həm də saç tökülməsi insanın xeyli miqdarda saç itirməsinə gətirib çıxarır bu proseslərin səbəbləri müxtəlifdir. Saç tökülməsinin geniş yayılmış səbəblərindən biri orqanizmdə dəmir çatışmazlığıdır. Qadınlar aybaşı dövründə təbii qan itkisi səbəbindən menstruasiya zamanı tez-tez dəmirdefisitli anemiyadan əziyyət çəkir. Bu vəziyyətin ilk klinik təzahürləri dəri, dırnaq və saçlar tərəfdən müşahidə olunur. İntensiv fiziki yüklənmə, balanslaşdırılmamış qidalanma və kəskin pəhrizlər də anemiyanın inkişafına gətirib çıxara bilər. Bu zaman saçlar cansız, quru və tez qırılan olur; antianemik müalicə aparılmadıqda saç tökülməsi prosesi daha da güclənir.

Stress vəziyyətləri və vegetativ sinir sisteminin pozulmaları baş dərisinin damarlarının daralmasına gətirib çıxarır. Arasıkəsilməz streslər zamanı damarlar normaya qayıda bilmir; bu isə saçların tökülməsinə səbəb olur, belə ki, saç follikllarının qidalanması pisləşir.

Orqanizmin xroniki xəstəlikləri, xüsusən də endokrin pozulmalarla yanaşı gedən patologiyalar tez-tez saçların tökülməsi ilə müşayiət olunur. Qalxanabənzər vəzin xəstəlikləri, yumurtalıqların polikistozu, pnevmoniya və sifilis saç tökülməsini təşviq edə bilər. Buna görə də problemin estetik xarakter daşımağına baxmayaraq, oxşar simptomlu bütün pasiyentlər kompleks müayinədən keçməlidirlər.

Bəzi dərmanların qəbulu saçların tökülməsi şəklində yan təsirlərə səbəb olur. Belə yan təsirləri olan yüzlərlə preparat var. Bunlar əsasən oral kontraseptivlər, antidepressantlar, hipotenziv və steroid preparatlardır. Aspirin zərərsiz görünsə də, daimi qəbul etdikdə tez-tez saç tökülməsinə gətirib çıxarır.

Bədən formasını korreksiya edən ağır metal və selen tərkibli vasitələr saçlara zərərli təsir göstərir. Bu preparatların qəbulu zamanı əsas effekt zəiflədici nəticə hesabına əldə olunur; belə ki, vitaminlərin və mikroelementlərin absorbsiyası pozulur. Buna görə də belə hallarda saçların tökülməsi həm ağır metallarla xroniki zəhərlənmə, həm də anemiya ilə bağlıdır.

Saçların rənglənməsi, kimyəvi maddələr vasitəsilə burulması, fenlə sui-istifadə şəklində qurudulması saç tökülməsinin səbəbi ola bilər. Tez-tez pariklər, şinionlar, qaynaq saçlar, o cümlədən saça və baş dərisinə qulluq vasitələrindən qeyri-düzgün istifadə müxtəlif saç problemlərinə gətirib çıxara bilər.

İlin soyuq dövrlərində baş geyimlərindən istifadə olunmaması və kofein tərkibli içkilərdən sui-istifadə baş dərisinin damarlarının davamlı spazmına gətirib çıxarır; bu isə saçların bir qisminin itirilməsinə səbəb ola bilər. Pasiyentlər saç əkilməsindən sonra əkilmiş saçların tökülməsini tez-tez qeyd edirlər. Bu orqanizmin normal reaksiyasıdır; belə ki, yeni yerə köçürülmüş follikul stress keçirir və qısamüddətli istirahətdən sonra saç inkişafı davam edir.

Saç tökülməsinin diaqnostikası

Alopesiya əsasən kişilərdə müşahidə oldunduğu halda saç tökülməsi daha çox qadınlarda müşahidə olunur. Alopesiyanın sadə saç tökülməsindən mühüm fərqi ondan ibarətdir ki, sonuncu halda saç follikulunun patologiyası müşahidə olunmur. Buna görə də saç tökülməsi prosesini mərhələsindən asılı olmayaraq həmişə geri döndərmək olar. Saçların ucuna diqqətlə baxdıqda tünd kisəcik görmək olar; bu, xoşagəlməz əlamətdir. Saçları dartdıqda əldə beşdən artıq tel qalır, bu, saçların normadan artıq tökülməsindən xəbər verir.

Bəzi klinik hallarda saçların normadan artıq tökülməsi heç bir xəstəliklə və ya hər hansı bir xarici səbəblərlə əlaqəli olmur. Hormonal dəyişikliklər dövründə saç tökülməsi sürətlənə bilər, daha sonra isə normaya qayıdır. Belə dövrlərə uşağı həyatının 3-6-cı ayında postnatal vəziyyət, cinsi yetişkənlik dövrü, hamiləliyin dayandırılması və menopauzaönü dövr aiddir.

Saç tökülməsinin səbəbini müəyyənləşdirmək məqsədilə trixoloq konsultasiyası mütləqdir. Qan analizi, hormonal fonun təyini, saçların spektral analizi və alopesiyanın istisnası məqsədilə müayinədən ibarət kompleks müayinələr aparılır.

Saç tökülməsinin korreksiyası

Dəri, dırnaqlar və saçların vəziyyəti orqanizmin daxili vəziyyətini əks etdirir; buna görə də saç tökülməsi zamanı səbəbi aradan qaldırmaq mühümdür. Müalicə dövründə istənilən aqressiv prosedurlar – rəngləmə, burma, fenlə qurutma təxirə salınır. Saç üçün laklar, muzlar və gellər də arzuolunan deyil.

Saç tökülməsi prosesi sonlandıqdan sonra follikullara bərpa olunmaq, saçların yenidən çıxmağa başlaması üçün müəyyən bir müddət tələb olunur. Saçların tökülməsi mərhələsində korreksiya əsas səbəbin aradan qaldırılmasına yönəlir; bundan sonra saç inkişafının müxtəlif növ stimulyasiyaları istifadə olunur. Əgər saçlar dərman qəbulu ilə bağlı tökülürsə, imkan daxilində preparatın qəbulunu kəsmək və ya oxşar yan təsiri olmayan başqa analoji dərmanla əvəz etmək mühümdür.

Dəmirdefisitli anemiyanın korreksiyası, yanaşı gedən xəstəliyin müalicəsi, baş dərisinin mikrosirkulyasiyasının yaxşılaşdırılması yaxşı nəticələr verir. Müasir trixologiyada istifadə olunan saç tökülməsinin korreksiyasının effektiv metodlarına baş dərisinin massajı və aparatla müalicə prosedurları aiddir. Onların effekti saç böyüməsinin stimulyasiyası və onların tökülməsinin azaldılmasına əsaslanır. Mikrocərəyan terapiya follikullara elektrik vasitəsilə təsir göstərməyə və dərialtına aktiv maddələr yeritməyə imkan verir. Müalicəvi fizioprosedurlarda cərəyanın gücü həddən artıq azdır; buna görə də onlar sağlamlıq üçün təhlükə törətmir və xoşagəlməz hisslər yaratmır.

Vakuum massajı zamanı baş dərisinə pulsasiya edən vakuum yaradan kiçik fincanlar qoyulur. Bununla da qan təchizatının yaxşılaşmasına, yatan follikulların oyanmasının sürətlənməsinə və böyümə fazasında olan saçların qidalanmasının yaxşılaşdırılmasına nail olunur. Baş dərisinin altına saç inkişafını stimulyasiya edən preparatların yeridilməsi ilə icra olunan mezoterapiya və toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdıran müalicəvi kokteyllər saç tökülməsini azaldır və saç follikullarında metabolizm proseslərini yaxşılaşdırır.

Daxili orqanların fəaliyyəti normallaşdırıldıqda, baş dərisinə və saçlara düzgün qulluq etdikdə onların tökülməsi dayanır. Adətən, çıxmış saçlar tökülən saçlardan daha möhkəm və güclü olur. Saç tökülməsi şüa terapiyasının nəticəsi kimi total xarakter daşıdıqda tökülən saçların yerində çıxan saçlar öz strukturunu və rəngini dəyişə bilər.

error: Content is protected !!