Saç düzləşdirici vasitələr uşaqlıq xərçənginin inkişaf riskini artırır
Saçları düzləşdirmək üçün kimyəvi vasitələrdən mütəmadi istifadə edən qadınlar, bu məhsullardan istifadə etməyən qadınlarla müqayisədə uşaqlıq xərçənginin inkişafına görə daha yüksək risk qrupuna daxildirlər. Milli sağlamlıq institutunun (ABŞ) yeni təcrübəsinin nəticələri Journal of the National Cancer Institute jurnalının 17.10.2022 saylı buraxılışında dərc olunmuşdur.
Saça qulluq vasitələri özündə endokrin sistemi zədələyən və kanserogen təsirlərə malik təhlükəli kimyəvi maddələri daşıya bilər. Bundan öncəki təcrübə saç vasitələrinin istifadəsinin hormondan asılı süd vəzi və yumurtalıq xərçəngi növlərinə yüksək risk yaratdığını göstərmişdi, lakin indiyədək heç bir təcrübədə onların endometriya xərçəngi ilə əlaqəsi öyrənilməmişdir.
Yeni təcrübədə alimlər 35-74 yaş arası 33947 qadında saç vasitələrindən istifadə ilə uşaqlıq xərçənginin əlaqəsini aşkar etməyə çalışmışlar. İştirakçılar anketlərində son 12 ayda istifadə etdikləri saç boyaları, saçı açan vasitələr, saçı düzləşdirmə və s. vasitələrini könüllü şəkildə qeyd etmişlər.
11 il ərzində, orta hesabla 378 uşaqlıq xərçəngi faktı aşkarlanmışdır. Saç düzləşdirmə vasitələrindən tez-tez istifadə edən (12 ay ərzində 4 dəfədən çox) qadınlarda uşaqlıq xərçənginin yaranma ehtimalı heç istifadə etməyən qadınlarla müqayisədə 2 dəfədən çox yüksəkdir. Alimlər hesablamışlar ki, 70 yaşadək saç düzləşdirici istifadə etməyən qadınlarda xəstəliyin yaranma riski 1,64% , çox istifadə edənlərdə isə 4,05%-dək ola bilər.
Digər saç vasitələrinin- boyalar, oksidləşdiricilər və permanentlərin istifadəsinin uşaqlıq xərçəngi ilə əlaqəsi aşkar olunmamışdır. Təcrübəyə görə, saçdüzləşdiricilərdən istifadə edən qadınların 60%-i qaradərililər olmuşdurlar. Təcrübə düzləşdiricilərin istifadəsinin xərçəng törətmə riskinin irqi mənsubiyyətlə bağlığlığını araşdırmasa da, sağlamlıq riski qaradərililərdə daha yüksəkdir.
Təcrübədə, istifadə olunan vasitələrin brendi və ya inqredientləri haqqında heç bir informasiya toplanmamışdır. Lakin, məqalədə düzləşdiricilərin tərkibində olan bir çox kimyəvi vasitələrin (paraben, bisfenol A, metallar və formaldehid, oksidləşmiş parafenilendiamin və 4-aminobifenil) kanserogenezdə potensial rol oynadığı və endometriya xərçəngi riskini artırdığıqeyd olunmuşdur.
Mənbə: EHJ