Sakitlik stenokardiyası

Sakitlik stenokardiyası – provokasiyaedici amillərin iştirakı olmadan döş sümüyü arxasında qəfil yaranan ağrı tutmasıdır. Stenokardiya tutması fiziki sakitlik halında inkişaf edir, ifadəli və uzunmüddətli anginoz ağrılar, boğulma, vegetativ reaksiyalar, ölüm qorxusu ilə səciyyələnir. Diaqnoz laborator müayinə, EKQ, koronaroqrafiya, ürəyin USM, PET nəticələrinə əsasən qoyulur. Sakitlik stenokardiyasında təxirəsalınmaz yardım nitroqliserinin sublinqval qəbulundan ibarətdir; sonrakı mərhələdə planlı şəkildə nitratlar, antitrombositar preparatlar, beta-adrenoblokatorlar, statinlər, kalsium antaqonistləri, AÇF inhibitorları təyin olunur. Göstərişlərə əsasən miokardın revaskulyarizasiyası (koronar angioplastika, AKŞ) icra edilir.

Sakitlik stenokardiyası barədə ümumi məlumat

Sakitlik stenokardiyası (dekubital, postural stenokardiya) – ürəyin işemik xəstəliyinin klinik forması olub, fiziki yüklənmə olmadan sakitlik halında yaranan ağır stenokardiya tutmaları ilə xarakterizə edilir. Kardiologiyada sakitlik stenokardiyası qeyri-stabil stenokardiya kimi qiymətləndirilir. Stenokardiyanın bu forması IV funksional sinifli pasiyentlərdə inkişaf edir. Sakitlik stenokardiyasının ayrıca variantları qismində koronar arteriyaların qəfil spazmı nəticəsində baş verən Prinsmetal stenokardiyası  və miokard infarktından sonra 10-14 gün ərzində inkişaf edən postinfarkt stenokardiya qeyd edilir.

Gedişinə görə yarımkəskin (son ay ərzində tutmaların olması) və kəskin (son 48 saat müddətində tutmaların olması) sakitlik stenokardiyası ayırd edilir. Gərginlik stenokardiyası ilə müqayisədə sakitlik stenokardiyası proqnostik cəhətdən daha təhlükəli sayılır, əksər hallarda ÜİX-nin ağır fəsadı-miokard infarktına gətirib çıxarır.

Sakitlik stenokardiyasının yaranma səbəbləri

Sakitlik stenokardiyasının əsas səbəbi koronar aterosklerozdur. Sakitlik stenokardiyası adətən tac damarların ağır (əsasən 3 damarlı) zədələnməsi ilə müşayiət olunur. Dinamik koronar obstruksiyanın mexaniki substratı əksər hallarda tromboz və arterial spazmla ağırlaşan aterosklerotik lövhədir. Koronar damarların mənfəzinin daralması proqressivləşdikcə gərginlik stenokardiyasına sakitlik stenokardiyası qoşularaq, onun gedişini ağırlaşdırır.

Aterosklerotik zədələnmədən əlavə miokard işemiyasına ürək əzələsinin oksigenə olan tələbatının artması ilə müşayiət olunan digər xəstəliklər: arterial hipertenziya, hipertrofik kardiomiopatiya, aorta dəliyinin stenozu, koronarit, koronar arteriyaların tromboembollar və ya sifilitik qummalarla hissəvi tutulması səbəb ola bilər. Sakitlik stenokardiyasının tutmaları əsasən yuxu saatlarında baş verdiyindən xəstəliyin patogenezinin azan sinirin tonusunun yüksəlməsi ilə əlaqədar olması ehtimal edilir.

Sakitlik stenokardiyası çox zaman miokard işemiyasını dərinləşdirən vəziyyətlər (qızdırma, anemiya, hipoksiya, infeksiya, taxiaritmiya, şəkərli diabet, tireotoksikoz) fonunda inkişaf edir. Stenokardiyanın modifikasiya olunmayan (idarəolunmayan) risk amillərinə yaşın 50-55-dən yuxarı olması, qadınlarda menopauza, avropoid irqi, irsiyyət, modifikasiya olunan (idarəolunan) amillərə isə piylənmə, siqaret çəkmə, hipodinamiya, metabolik sindrom, qanın yüksək özlülüyü və s. aiddir.

Sakitlik stenokardiyasının əlamətləri

Anginoz ağrı tutması tam fiziki sakitlik vəziyyətində – insan yataqda uzanarkən, adətən yuxuda və ya səhər saatlarında inkişaf edir. Horizontal vəziyyətdə ürəyə venoz qan axınının artması sakitlik stenokardiyasında miokard işemiyasına səbəb olan yüklənmə rolunu oynayır. Qəfil stenokardiya tutması kəskin boğulma və sinə nahiyəsində sıxıcı, təzyiqedici hiss törətməklə pasiyenti yuxudan oyanmağa məcbur edir. Anginoz ağrı tutması tez yuxu fazasında (yuxu görmə mərhələsi) baş verdiyindən pasiyentlər adətən yuxuda ağırlıq qaldırmaları və ya sürətlə qaçmaları barədə xəbər verirlər. Müasir fikirlərə əsasən tez yuxu fazası vegetativ sinir sistemininn oyanması və katexolaminlərin sekresiyası ilə müşayiət olunan endogen stressdən ibarətdir.

Tutma zamanı yüksək həyəcan, narahatlıq, ölüm qorxusu müşahidə olunur. Ağrı sindromu kəskin intensiv xarakter daşıyır; sıxıcı, təzyiqedici ağrılar döş sümüyü arxasında lokalizasiya olunaraq, sol qol, kürək, çənəyə yayılır. Cüzi hərəkət pasiyentə əzab verdiyindən o, əllərini sinəsinə sıxaraq, tərpənməz vəziyyət alır. Anginoz tutma gərginlik stenokardiyasından uzunmüddətli (5-15 dəqiqə) və ağır olması ilə seçilir; onu aradan qaldırmaq üçün əksər hallarda nitroqliserinin 2-3 həbi tələb olunur.

Anginoz tutma fonunda ifadəli vegetativ reakiyalar: taxikardiya, AT-nin yüksəlməsi, tənəffüsün tezləşməsi, tərləmə, dəri örtüklərinin kəksin avazıması və hiperemiyası, ürəkbulanma, başgicəllənmə inkişaf edir. Əksər hallarda sakitlik stenokardiyasının gecə tutmaları, gündüz saatlarında fiziki aktivlik zamanı yaranan gərginlik stenokardiyası ilə müşayiət olunur. 20-30 dəqiqəyə qədər uzanan stenokardiya tutması, eləcə də anginoz ağrıların sürətlənməsi təcili hospitalizasiya və kardioloqun müşahidəsini tələb edir.

Sakitlik stenokardiyasının diaqnostikası

Sakitlik stenokardiyasının rast gəlindiyi pasiyentlərdə klinik-laborator və instrumental diaqnostika aparılmalıdır. EKQ-də adətən ST seqmentinin koronar arteriyanın kritik stenozuna dəlalət edən qalxma və ya depressiyası, ürəyin ritm və keçiriciliyinin pozulması; postinfarkt kardioskleroz əlamətləri (patoloji Q və mənfi T dişciyi) aşkarlanır.

Sakitlik stenokardiyasında yüklənmə sınaqlarının (veloerqometriya, tredmil-test) aparılması hər zaman informativ olmur – nəticələr neqativ ola bilər. Bir çox hallarda işemiya əlamətlərini yalnız EKQ-nin sutkalıq monitorinqi ilə müəyyən etmək mümkün olur. Sakitlik stenokardiyası keçirən bütün pasiyentlərdə ExoKQ icra olunur, bu üsul miokardın yığılma qabiliyyətini qiymətləndirməyə, yanaşı gedən ürək patologiyasını təyin etməyə imkan verir. Qanın minimal biokimyəvi müayinəsi ümumi xolesterin, yüksək və aşağı sıxlıqlı lipoproteidlər, AST, ALT, triqliseridlər, qlükozanın təyini, koaquloqramma analizindən ibarətdir.

Koronar arteriyaların vəziyyətinin diaqnostikası və müalicə taktikasının seçilməsi məqsədilə sakitlik stenokardiyası olan bütün pasiyentlərdə rentgen koronaroqrafiya və ya onun müasir modifikasiyaları (KT-koronaroqrafiya, multispiral KT-koronaroqrafiya) göstəriş sayılır. İşemiya sahələrinin aşkarlanması və koronar perfuziyanın qiymətləndirilməsi üçün ürəyin PET-dən (pozitron-emission tomoqrafiya) istifadə olunur. Sakitlik stenokardiyası plevrit, qabırğaarası nevralgiya, qida borusunun divertikulları, diafraqmanın qida borusu dəliyinin yırtığı, mədə xorası və xərçəngi zamanı yaranan ağrılarla differensiasiya edilməlidir.

Sakitlik stenokardiyasının müalicəsi

Sakitlik stenokardiyasının müalicəsi həyat tərzinin korreksiya üzrə qeyri-medikamentoz terapiya,  dərman terapiyası, miokardın revaskulyarizasiyası məqsədini daşıyan cərrahi müdaxilədən ibarətdir.  Siqaret, spirtli içkilər və energetik içkilərin qəbulundan imtina edilməli, qida rasionunda xolesterin, heyvan mənşəli yağlar, kofein, duzun miqdarı məhdudlaşdırılmalı, artıq bədən çəkisi azaldılmalıdır.

Kəskin anginoz tutma zamanı sakitlik və təcili surətdə nitroqliserinin sublinqval qəbulu tələb olunur. Tutmanın müddəti uzandıqda təcili tibbi yardım çağırılır. Sakitlik stenokardiyasının planlı müalicəsi aşağıdakı qrup preparatlarla aparılır: antitrombositar vasitələr (asetilsalisil turşusu) ,beta-adrenoblokatorlar (anaprilin, atenolol, propranolol), statinlər (atorvastatin, simvastatin), AÇF inhibitorları (enalapril), kalsium ionlarının antaqonistləri (nifedipin, verapamil), nitratlar (nitroqliserin, izosorbid mononitrat və ya izosorbid dinitrat).

Göstərişlər olduqda kardiocərrahi müalicə həyata keçirilir. Seçim əməliyyatlarına ballon angioplastika və koronar arteriyaların stentlənməsi aiddir. Koronar angioplastika yüksək effektivliyi ilə seçilir – xəstələrdə anginoz tutmalar dayanır, miokardın yığılma funksiyası yaxşılaşır. Bəzi hallarda arteriyanın restenozu – təkrar daralması mümkündür.

Arteriyaların ağır və ya çoxsaylı zədələnməsi zamanı aortokoronar şuntlama icra edilir. Bu üulun mahiyyəti koronar qan dövranı üçün alternativ yolların yaradılmasından ibarətdir.  AKŞ keçirən 20-25% paiyentlərdə 8-10 il ərzində stenokardiya bərpa olur, bu da aortokoronar şuntlanmanın təkrarən aparılmasını tələb edir.

Sakitlik stenokardiyasının proqnoz və profilaktikası

Koronar arteriyaların daha ifadəli və çoxsaylı zədələnməsi ilə əlaqədar sakitlik stenokardiyasının proqnozu gərginlik stenokardiyası ilə müqayisədə daha ciddidir. Belə xəstələrdə miokard infarktı və qəfləti koronar ölüm riski çox yüksəkdir.

Sakitlik stenokardiyasının profilaktikası məqsədilə modifikasiya olunan risk amilləri tamamilə uzaqlaşdırılmalı, yanaşı gedən xəstəliklər müalicə edilməlidir. Sakitlik stenokardiyasının aşkar olunduğu bütün pasiyentlər kardioloqun müşahidəsi altında olmalı, zərurət yarandıqda kardiocərrah tərəfindən konsultasiya edilməlidir.

error: Content is protected !!