Sidik axarının daşları
Sidik axarının daşları – urolitiazın bir forması olub, konkrementin əksər hallarda böyrək ləyənindən sidik axarlarına miqrasiyası, bəzən isə daşın ilkin olaraq sidik axarında əmələ gəlməsi ilə xarakterizə edilir. Sidik axarının daşları adətən böyrək sancısına – kəskin ağrı sindromuna, dizurik pozğunluqlara, oliqouriya və hematuriyaya səbəb olur. Diaqnoz qarın boşluğunun icmal rentgenoqrafiyası, uroqrafiya, sidik sisteminin ultrasəs müayinəsi, ureteroskopiya və ureteropieloqrafiyanın nəticələrinə əsasən qoyulur. Daş sidik axarından özbaşına xaric ola bilmədikdə ureterolitoekstraksiya, ureterolitotripsiya və ureterolitotomiyadan istifadə edilir.
Sidik axarının daşları barədə ümumi məlumat
Sidik axarının daşları digər lokalizasiyalı (sidik kisəsi, sidik kanalı, böyrəklər) daşlara nisbətən daha ağır və ciddi fəsadlar törədir. Sidik pasajını pozan konkrementlər sidik axarının selikli qişasının şişkinləşməsinə, onun selikaltı qişasına qansızmaya və əzələ divarının hipertrofiyasına səbəb olur. Zaman kecdikcə proqressivləşən dəyişikliklər sidik axarının sinir-əzələ liflərinin atrofiyasına, onun tonusunun kəskin azalmasına, ureteroektaziyaya və hidroureteronefroza gətirib çıxarır. Anatomik dəyişikliklərə uğrayan sidik axarında gedən infeksion proses tez bir zamanda urinogen (qalxan) pielonefrit, hematogen (enən) yolla sistit, ətraf toxumanın iltihabı – periuretrit və peripielit ilə nəticələnir. Uzun müddət sidik axarında qalan daşın yerində yaralar, strikturalar yarana, divarın perforasiyası baş verə bilər.
Sidik axarının daşlarının yaranma səbəbləri
Urologiya praktikasında sidik axarında rast gəlinən konkrementlərin böyük hissəsi böyrək ləyənindən miqrasiya edən daşlardır. Onlar müxtəlif formada və böyüklükdə ola bilir. Sidik axarında əsasən tək, bəzi hallarda isə coxsaylı daşlara rast gəlinir. Adətən konkrementlər sidik axarının fizioloji daralma nahiyələrində: ləyən-sidik axarı, sidik axarı – sidik kisəsi seqmentlərində və sidikaxarının qalca damarları ilə kəsişmə nahiyəsində ilişirlər. Sidik axarında diametri 2mm-dən böyük olan daşlar ləngiyir. Ləyən-sidik axarı seqmenti böyuk diametrli böyrək ləyəninin mənfəzi 2-3mm olan sidik axarina kecdiyi zonadır. Ləyən-sidik axarı seqmentindən sonra sidik axarının mənfəzi 10 mm-ə qədər genişləndiyindən kiçik diametrli daşlar distal istiqamətdə – qalca damarları səviyyəsində ikinci fizioloji əyriliyə qədər yerini dəyişə bilər. Bu nahiyədə sidik axarı çanaq girəcəyinin yuxarı sərhəddi ilə kəsişir və yenidən diametri 4 mm-ə qədər daralır. Sidik axarının ücüncü fizioloji daralma nahiyəsi sidik axari-sidik kisəsi seqmentidir. Burada sidik axarının diametri 1-5mm-ə bərabərdir.
Daşların 25%-i sidik axarının yuxarı 1/3, 45% – orta, 70%-i isə aşağı nahiyəsində ilişirlər. Daşın ilkin olaraq sidik axarında yaranmasına nadir hallarda rast gəlinir. Buna ureterosele, şişlər, sidik axarının ektopiyası, strikturası (daralması), yad cisimlər (liqatura və.s) səbəb ola bilir. Sağ və sol sidik axarlarında daşın əmələ gəlmə tezliyi demək olar ki, eynidir.
Sidik daşı xəstəliyinin genezində coğrafi və iqlim amilləri müəyyən rol oynayır. Belə ki, Don və Volqa hövzəsi, Qafqaz, Orta Asiya və Bavariyada urolitiaza daha çox təsadüf edilir. Sidik axarında daşın yaranmasında alimentar faktorlar – qidalanma xüsusiyyəti və içməli suyun miqdarı da mühüm əhəmiyyət kəsb edir.
Daşların formalaşmasının əsasında fosfor turşuları, sidik turşusu, turşəng turşusu və maddələr mübadiləsinin digər növlərinin pozulması dayanır. Urolitiazın tezliyi podaqra, hiperparatireoz, osteoporoz, sınıqlarla assosiasiyalıdır. Daşın yaranmasının patogenezində sidiyin pH-nın dəyişməsi, onun kolloid vəziyyətinin pozulması və həlletmə qabiliyyətinin azalması başlıca yer tutur. Bu dəyişikliklər infeksiya, xüsusən də pielonefrit fonunda yaranır. Urostaza səbəb olan amillər – kasa və ləyənlərin qeyri-düzgün quruluşu, strikturalar, sidik axarı qapağının patologiyası, prostat vəzinin adenoması, sidik cıxarıcı yolların divertikulu, onurğa sütunu-onurğa beyninin travmaları nəticəsində sidik kisəsinin tam boşalmaması daşların formalaşmasına şərait yaradır.
Sidik axarının daşlarının əlamətləri
Sidik axarı daşı klinik olaraq sidiyin böyrəklərdən axınının qismən və ya tam blokadası zamanı təzahür edir. Bu səbəbdən 90-95% pasientlərdə sidik axarının daşları yalnız böyrək sancısı yarandıqda aşkar edilir. Sidik axarının mənfəzi daşla qismən tutulduqda ağrılar küt olub, müvafiq qabırğa-onurğa sütunu bucağında lokalizasiyalaşır. Sidik axarının tam obturasiyası zamanı sidiyin böyrəklərdən axını kəskin pozulur, ləyənlər genişlənir, ləyəndaxili təzyiq yüksəlir. Böyrək toxumasında mikrosirkulyasiyanın pozulması və sinir uclarının qıcıqlanması güclü ağrı tutmasına-böyrək sancısına səbəb olur.
Kəskin ağrı tutması qəflətən baş verir. Əksər hallarda fiziki gərginlik, sürətli yerimə, minik maşınında silkələnmə, həddindən artıq maye qəbulu ilə bağlı olur. Ağrı bel və qabırğa altında lokalizasiyalaşır, sidikaxarı boyunca xayalara və ya cinsiyyət dodaqlarına irradiasiya edir. Kəskin ağrı xəstəni tez-tez vəziyyətini dəyişməyə məcbur edir, lakin bu onun halını heç də yüngülləşdirmir. Böyrək sancısı bir necə saat və ya günlərlə davam edə,vaxtaşırı sakitləşə və yenidən başlaya bilər.
Sidik axarında daş olduqda ağrı tutması MBT fəaliyyətinin reflektor pozğunluqları -ürəkbulanma, qusma, meteorizm, qəbizlik, qarnın ön divar əzələlərinin gərginləşməsi ilə müşayiət edilir.
Dizurik pozğunluqlar daşın yerləşdiyi nahiyədən asılıdır. Daş sidik axarının aşağı hissəsində ilişdikdə sidik ifrazına fasiləsiz ağrılı cağırışlar, sidik kisəsi reseptorlarının qıcıqlanması səbəbindən qasıqüstü nahiyədə güclü təzyiq hissi yaranır.
Bəzən sidik axarlarının obturasiyası zamanı sidiyin böyrəkdən axının mümkünsüzlüyü və ya güclü qusma ilə əlaqədar bədənin susuzlaşması nəticəsində oliqouriya müşahidə edilir. Xəstələrdə 80-90% hallarda ağrı tutması ilə yanaşı makrohematuriya qeydə alınır. Daşın sidik axarında uzunmüddət ləngiməsi leykosituriya və piuriyaya gətirib cıxarır. Böyrək sancısı ümumi vəziyyətin kəskin pisləşməsi: baş ağrıları, titrətmə, halsızlıq, ağızda quruluq və s. ilə müşayət edilir. Sidik axarında xirda daşlar olduqda böyrək sancısı konkrementin özbaşına düşməsi ilə sonlana bilər. Əks halda kəskin ağrı tutması mütləq qaydada yenidən təkrarlanir.
Sidik axarının daşları obstruktiv pielonefrit, hidronefroz, böyrək catışmazlığı (solitar böyrəyin konkrementləri və ya ikitərəfli ureterolitiaz zamanı) kimi ağırlaşmaların inkişafına təkan verə bilər. Pasiyentlərin bir qismində xəstəlik infeksiyanın – bağırsaq cöpləri, vulqar protey, stafilokokkların qoşulması ilə ağırlaşır, bu da özünü kəskin və xroniki pielonefrit, uretrit, pienefroz, urosepsislə büruzə verir.
Sidik axarının daşlarının diaqnostikası
Böyrək sancısının klinikası sidik axarı daşlarından şübhələnməyə əsas verir. Böyrəklərin palpasiyası kəskin ağrı ilə müşayiət edilir, döyəcləmə simptomuna reaksiya müsbət olur. Hətta ağrının qarşısı alındıqdan sonra Turne nöqtələrinin (sidikaxarının anatomik daralmasına müvafiq nahiyə) palpasiyası ağrılı olur. Sidik axarında daş olduqda sidik analizi (ümumi analiz, sidiyin biokimyəvi müayinəsi, pH təyini, bakterioloji əkmə) onun tərkibi (eritrositlər,leykositlər, zülal, duzlar, irin), daşın kimyəvi quruluşu, infeksiyanın törədiciləri və.s barədə məlumat verir.
Sidik axarındakı daşların vizualizasiyası, onların lokalizasiya,ölcü və formasını təyin etmək ücün rentgenoloji, endoskopik, exoqrafik müayinə metodlarından istifadə olunur. Həmcinin qarın boşluğunun icmal rentgenoqrafiyası, icmal uroqrafiya, ekskretor uroqrafiya, böyrəyin kompüter tomoqrafiyası, ureteroskopiya, radioizotop diaqnostika, böyrək və sidik axarının ultrasəs müayinəsi aparılır. Əldə olunan nəticələr əsasında optimal müalicə taktikası tərtib edilir.
Sidik axarının daşlarının müalicəsi
Sidik axarındakı daşın ölcüsü kicik (2-3mm) olduqda konservativ- gözləmə taktikası tətbiq edilir. Bu zaman spazmolitiklər, su yüklənməsi (gün ərzində 2 litrdən cox maye qəbulu), urolitik preparatlar (diş ammisi meyvəsinin ekstraktı, kombinəolunmuş fitopreparatlar), antibiotiklər, MBT, fizioterapiya (diatermiya, diadinamik cərəyanlar, subakval vannalar) təyin edilir. Böyrək sancısı zamanı təxirəsalınmaz tədbirlər görülür – narkotik analgetiklər, blokada və spazmolitiklərin köməyilə ağrı dayandırırlır.
Sidik axarındakı daşların endovezikal üsulla cıxarılması üçün sidik axarına peristaltikanı artıran və daşın hərəkətini asanlaşdıran xüsusi preparatlar (qliserin, papaverin, prokain) yeridilir və yaxud kateter-elektrodlar vasitəsilə sidik yollarının elektrik stimulyasiyası aparılır. Bəzi hallarda sidik axarı daşlarını xaric etmək üçün endouroloji metoddan – ureterolitoekstraksiyadan istifadə edilir. Bu zaman konkrementlər xüsusi həlqələrin köməyilə sidik axarına yeridilmiş ureteroskopun kanalından çıxarılır.
Daş sidik axarının ağzına ilişib qaldıqda onu xırdalamaqla cıxarılmasının asanlaşdırırlar. Daşın ekstraksiyasından sonra sidik, qum və mikroskopik fraqmentlərin ifrazını üçün sidik axarına stent qoyulur. Diametri 6mm-dən böyük olan daşları xaric etməzdən əvvəl onlar ultrasəs, lazer və elektrohidravlik litotripsinlə fraqmentlərə bölünür. Sidik axarı daşlarının müalicəsində distansion ureterolitotripsiya və ya dəri kontakt ureterolitotripsiyadan istifadə olunur. Diametri 1sm-dən böyük daşlar, mikrobəleyhinə müalicəyə tabe olmayan infeksiya, güclü ağrı tutmasının terapevtik rezistentliyi, daşın hərəkət etməməsi, tək böyrəyin obstruksiyası, endouroloji üsulların qeyri-effektivliyi açıq və ya laporoskopik ureterolitotomiyaya göstəriş sayılır.
Sidik axarının daşlarının profilaktikası
Sidik axarı daşlarının profilaktikası və residivlərin qarşısının alınması üçün metabolik pozğunluqlar, pielonefrit və urostaz vaxtında müalicə olunmalıdır. Daşın ekstraksiyası və sidik ifrazının bərapsından sonra anatomik obstruksiyanın səbəbləri (strikturalar, sidik axarı qapaqları, prostat vəzinin hiperplaziyası və s.) aradan qaldırılmalıdır.
Urolitiazı olan xəstələrə dietoterapiya (xörək duzu və yağları azaltmaq), gün ərzində 1.5-2litr maye qəbul etmək, xüsusi fitoqarışıqlar, kurort reabilitasiyası məsləhət görülür.