Sinoaurikulyar blokada
Sinoaurikulyar blokada – impulsun sinus düyünündən qulaqcıqlara ötürülməsinin ləngiməsi və ya tam kəsilməsi ilə xarakterizə olunan ürəkdaxili keçiriciliyin pozulma formasıdır. Sinoaurikulyar blokada ürəyin fasilələrlə fəaliyyəti və ya «dayanması» hissi, qısamüddətli baş gicəllənmələri, ümumi halsızlıq, Morqani-Adams-Stoks sindromu ilə təzahür edir. Sinoaurikulyar blokadanın diaqnostikasının əsas üsullarına elektrokardioqrafiya, EKQ-nin sutkalıq monitorinqi, atropin sınağı aiddir. Sinoaurikulyar blokadanın müalicəsi keçiriciliyin pozulma səbəblərinin aradan qaldırılması, atropin və adrenomimetiklərin təyinindən ibarətdir; ağır formalı blokadalarda qulaqcıqların müvəqqəti və ya daimi elektrostimulyasiyası göstəriş sayılır.
Sinoaurikulyar blokada barədə ümumi məlumat
Sinoaurikulyar (sinoatrial) blokada – sinus düyününün zəifliyi sindromunun bir forması olub, elektrik impulsunun sinoatrial düyündən qulaqcıqlara ötürülməsinin blokadası ilə səciyyələnir. Sinoaurikulyar blokada zamanı müvəqqəti asistoliya və bir və ya bir neçə mədəcik komplekslərinin itməsi müşahidə olunur. Sinoaurikulyar blokada kardiologiyada nisbətən az rast gəlinir. Statistik məlumatlara əsasən keçiriciliyin pozulmasının bu forması qadınlarla (35%) müqayisədə kişilərdə (65%) daha çox rast gəlinir. Sinoaurikulyar blokada hər yaşda aşkarlana bilər.
Sinoaurikulyar blokadanın yaranma səbəbləri
Sinoaurikulyar blokadanın inkişafına sinus düyününün zədələnməsi, miokardın üzvi zədələnməsi, azan sinirin yüksək tonusu səbəb ola bilər. Sinoaurikulyar blokada ürək qüsurları, miokarditlər, ÜİX (aterosklerotik kardioskleroz, kəskin miokard infarktı, xüsusən arxa diafraqmal nahiyənin) kardiomiopatiyalardan əziyyət çəkən pasiyentlərdə rast gəlinir. Sinoaurikulyar blokada ürək qlikozidləri, kalium preparatları, xinidin, adrenoblokatorlarla intoksikasiya, forfor üzvi birləşmələrlə zəhərlənmə nəticəsində inkişaf edə bilər.
Bəzən sinoatrial keçiriciliyin pozulması defibrillyasiyanın aparılmasından sonra baş verir. Praktik sağlam adamlarda sinoaurikulyar blokada atrioventrikulyar düyün və qulaqcıqları innervasiya edən azan sinirin tonusunun reflektor yüksəlməsi zamanı qeydə alınır. Sinoaurikulyar blokadanın inkişaf mexanizmi sinus düyünündə impulsun yaranmaması; impulsun zəifliyi – qulaqcıqların depolyarizasiyasına səbəb ola bilməməsi; sinus düyünü ilə sağ qulaqcıq arasındakı sahədə impulsun ötürülməsinin blokadası ilə bağlı ola bilər.
Sinoaurikulyar blokadanın təsnifatı
Sinoaurikulyar blokadaların I, II və III dərəcələri ayırd edilir. I dərəcəli sinuaurikulyar blokada adi elektrokardioqrammada aşkarlanmır. Belə hallarda sinus düyünündə əmələ gələn impulslar qulaqcıqlara çatır, lakin onların generasiyası norma ilə müqayisədə gec baş verir. Davamlı sinus bradikardiyası I dərəcəli sinoaurikulyar blokadaya dolayı yolla dəlalət edə bilər.
II dərəcəli sinuaurikulyar blokadada impulsların bir qismi qulaqcıq və mədəciklərə çatmır, EKQ-də Samoylev-Venkebax dövrləri – P dişciyinin və onunla assosiasiyalı QRST kompleksinin itməsi müşahidə edilir. Bir ürək siklinin itməsi zamanı uzanmış R-R interval 2 əsas R-R intervala, çoxsaylı ürək sikllərinin endiyi hallarda isə 3 R-R, 4 R-R bərabər ola bilər. Bəzən hər ikinci impulsun (bir normal yığılmadan sonra növbəti) yayılması blokada olunur, bu da alloritmiya adlanır.
Yalnız QRS kompleksinin itməsi ilə səciyyələnən II dərəcəli atrioventrikulyar blokadadan fərqli olaraq, sinoaurikulyar blokada zamanı qulaqcıq və mədəcik komlekslərinin itməsi qeydə alınır. III dərəcəli atrioventrikulyar blokada üçün impulsların sinus düyünündən tam blokadası xarakterikdir, bu da asistoliya və pasiyentin ölümünə səbəb ola bilər. Bəzən aparıcı ritm rolunu atrioventrikulyar düyün, qulaqcıq və ya mədəciklərin ötürücü sistemi öz üzərinə götürür.
Sinoaurikulyar blokadanın əlamətləri
I dərəcəli sinoaurikulyar blokadanın klinik təzahürlərinə rast gəlinmir. Auskultasiyada hər 2-3 normal sikldən sonra ürəyin növbəti yığılmasının baş verməməsi müəyyən edilə bilər. II dərəcəli sinoaurikulyar blokadanın simptomatikası sinus impulsunun itmə tezliyindən asılıdır. Ürək yığılmalarının nadir itmələrində döş sümüyü arxasında diskomfort hissi, başgicəllənmə, təngnəfəslik, ümumi halsızlıq yaranır.
Ürək yığılmalarının ardıcıl bir neçə sikllərinin olmaması, eləcə də III dərəcəli sinoaurikulyar blokada ürəyin dayanması hissi, qulaqlarda küy, kəskin bradikardiya ilə müşayiət edilir. Miokardın üzvi zədələnməsi ilə əlaqədar baş verən sinoaurikulyar blokada zamanı durğun ürək çatışmazlığı inkişaf edir. Asistoliya tutmaları fonunda qəfil başgicəllənmə, dərinin avazıması, göz önündə qara nöqtələrin uçuşması, qulaqlarda küy, huşun itirlməsi, qıcolmalarla xarakterizə olunan Morqani-Adams-Stoks sindromu meydana çıxır.
Sinoaurikulyar blokadanın diaqnostikası
Sinoaurikulyar blokadanın diaqnostikasında əsas rol elektrokardioqrafiya və EKQ-nin sutkalıq monitorinqinə məxsusdur. Elektrokardioqrafik məlumatları təhlil edərkən sinoaurikulyar blokadanı sinus aritmiyası, qulaqcıq ekstrasistoliyası, sinus bradikardiyası, II dərəcəli atrioventrikulyar blokadadan differensiasiya etmək lazimdır.
Dayanıqlı sinus bradikardiyası qeydə alınarkən atropin sınağı aparılır: sinoaurikulyar blokadalı pasiyentlərdə preparatın yeridilməsindən sonra ürək ritmi 2 dəfə artır, sonra isə kəskin formada 2 dəfə azalır – blokada baş verir. Sinus düyünü normal fəaliyyət göstərdikdə ritm tədricən tezləşir.
Sinoaurikulyar blokadanın müalicəsi
I dərəcəli sinoaurikulyar blokadalarda xüsusi müalicə təyin olunmur. Bəzən əsas xəstəliyin terapiyası və ya pozulmaya səbəb olan preparatların qəbulunun kəsilməsi keçiriciliyin bərpasına gətirib çıxarır. Vaqotoniya ilə bağlı funksional sinoaurikulyar blokada zamanı atropinin daxilə və ya dərialtına tətbiqi müsbət nəticələr verir. Sinus düyününün avtomatizminin stimulyasiyası məqsədilə simpatomimetiklər (efedrin, adrenalin hidroxlorid, izoprenalin), miokardın metabolizmini yaxşılaşdırmaq üçün kokarboksilaza, ATF, inozindən istifadə olunur.
Sinoaurikulyar blokada zamanı ürək qlikozidləri, beta-adrenoblokatorlar, xinidin sırasından olan aritmiyaəleyhinə preparatlar, kalium duzları, amiodaron, rauvolfiya preparatlarının qəbulu əks-göstəriş sayılır. Sinoaurikulyar blokadanın pasiyentin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirdiyi və ya asistoliya tutmaları ilə müşayiət olunduğu hallarda qulaqcıqların müvəqqəti və ya daimi elektrik stimulyasiyası (elektrokardiostimulyatorun implantasiyası) həyata keçirilir.
Sinoaurikulyar blokadanın proqnoz və profilaktikası
Sinoaurikulyar blokadanın proqnozu əsas xəstəliyin gedişi, keçiriciliyin pozulma dərəcəsi, digər ritm pozğunluqlarının olmasından asılıdır. Simptomsuz sinoaurikulyar blokada hemodinamikanın kəskin dəyişikliklərinə səbəb olmur; Morqani-Adams-Stoks sindromunun inkişafı proqnostik cəhətdən qeyri-qənaətbəxş qiymətləndirilir.
Sinoaurikulyar blokadanın patogenezinin kifayət qədər öyrənilməməsi ilə əlaqədar onun profilaktikası işlənilməmişdir. Keçiriciliyin pozulma səbəblərinin aradan qaldırılması və kardioloq-aritmoloqun müşahidəsi məsləhət görülür.