Sızanaqlar

Sızanaqlar (akne, civzə) – piy vəzilərinin fəaliyyətinin pozulması nəticəsində yaranan papulyoz və ya pustulyoz elementlərdir. Sızanaqlar əsasən yağlı dəridə əmələ gəlir, üz, sinə, çiyin, kürək nahiyəsində lokalizasiya olunur. Onlar dəri səviyyəsindən yüksələn tək və ya çoxsaylı iltihabi səpkilər şəklində olur. Sızanaqların yaranma səbəbini aydınlaşdırmaq üçün dermatoloqun konsultasiyası tələb olunur, ehtiyac yarandıqda MBT və hormonal fon yoxlanılır. Sızanaqlar medikamentoz vasitələr (məlhəm, losyon) və kosmetoloji üsulların (üzün gigiyenik təmizlənməsi, pilinq, fototerapiya, krioterapiya, lazer terapiyası)  köməyilə müalicə edilir.

Sızanaqlar barədə ümumi məlumat

Akne problemi ilə demək olar ki, bütün yeniyetmələr qarşılaşır. Bu kosmetik qüsur gənclərin emosional gərginlik keçirməsinə səbəb olur. Sızanaqların müvəqqəti xarakterli olması ilə əlaqədar onlara bir qədər biganə yanaşmaqla daha düzgün pozisiyanın seçilməsi barədə böyüklərin öyüd-nəsihətləri fayda vermir, çünki məhz bu dövrdə gənc oğlan və qızlar üçün ətrafda olan insanların onların xarici görünüüş haqqında düşüncələri böyük əhəmiyyət kəsb edir. Bu sarsıntılar nəticəsində dermatoloji problem psixoloji problemə çevrilir.

Bəs nə etmək lazımdır? Ömrün cavan çağında qüsurlu dəri səbəbindən məyus olub, hədyaşıdlardan aralanmaqla cəmiyyətdən uzaqlaşmaq?  Əksinə, yaxşı əhval-ruhiyyənin düşməni sayılan bu problemlə aktiv şəkildə mübarizə aparilmalıdır. Düzgün müalicə üsulu seçmək üçün sızanaqların yaranma səbəbini dəqiq təyin etmək lazımdır.

Sızanaqların yaranma səbəbləri

Yeniyetmələrdə sızanaqlar  (acne juveniles) piy vəzilərinin iltihabı nəticəsində yaranır. Cinsi yetişkənlik dövründə orqanizmdə bir sıra dəyişikliklər baş verir. Bu fonda yodun izafi miqdarı və ya əksinə, A, B qrup vitaminlər və sinkin çatışmazlığı müşahidə edilir. Nəticədə dəri piyində durğunluq yaranır, onun bakterisid xüsusiyyəti zəifləyir. Belə vəziyyət propion bakteriyalar və iltihabın digər törədicilərinin fəaliyyəti üçün əlverişli hesab olunur. Sızanaqlar adətən üz, baş, gövdənin yuxarı hissələrində  əmələ gəlir.

Hormonal pozğunluqlar kişi (androgen) və qadın (estrogenlər) cinsi hormonların disbalansı ilə xarakterizə olunur. Pubertat dövrün başa çatması və cinsi hormonların balanslaşmasından sonra sızanaqlar əksər hallarda iz buraxmadan keçib gedir, yalnız arabir hormonal dəyişikliklər zamanı özünü büruzə verir (qadınlarda aybaşıdan əvvəl yarana bilər). Həmçinin sızanaqlar həyəcan və gərginlik hallarında təzahür edə bilər.

Sızanaqların müalicəsi

Sızanaqların yaranma səbəbi aydın olduqda onunla mübarizə aparmaq asanlaşır. Mövcud olan sızanaqların iltihablaşması və yeni elementlərin yaranmasının qarşısını almaq məqsədilə üzə düzgün qulluq olunmalıdır. Sızanağa mexaniki təsir göstərmək – sıxmaq qəti qadağandır, bu yolla dərinin infeksiyalaşması və dərin çapıqların yaranmasına şərait yaranır. Bu qadağa burun-dodaq üçbucağında yerləşən sızanaqlara xüsusilə aiddir, çünki həmin nahiyənin qan dövranı beyin qan dövranı ilə sıx bağlıdır.

A və B qrup vitaminlər, sink preparatlarının istifadəsi müsbət nəticələr verir. Gənclərə qida rasionundan yodla zəngin preparatların çıxarılması məsləhət görülür. Sızanaqlı dəriyə ultrabənövşəyi şüalanma və digər fizioprosedurlar qənaətbəxş təsir edir. Yağlı dəriyə qulluq vasitəsi seçərkən salisil turşusunun spirtli məhlulu, gülümbahar çiçəyinin çövhəri, azelain turşusu və benzoil-peroksiddən ibarət losyonlara üstünlük verilməlidir, yağlı kremlər və yağ əsaslı digər vasitələrin istifadəsi yolverilməzdir. Sızanaqların infeksiyalaşma və iltihablaşması zamanı antibiotiklərin tətbiqi mümkündür.

Sızanaqların düzgün müalicə taktikası dermatoloji problemin yaranma səbəbləri nəzərə alınmaqla yalnız tibbi mütəxəssis tərəfindən tərtib oluna bilər. Bu məqsədlə dermatoloq, endokrinoloq, qastroenteroloq, ginekoloqun əyani konsultasiyası tələb olunur.

error: Content is protected !!