Spermoqramma

Spermoqramma -eyakulayatın müayinəsi olub, kişi spermasının fertilliyi haqda məlumat verir. Spermoqramma- cütlüklər hamiləlik planlaşdırdıqda, sonsuzluğun kişi faktorunu aşkar etmək, ICSI (intracytoplasmic sperm injection) və EKM (ekstrakorporal mayalanma)-ə hazırlıq zamanı aparılır. Bu üsulla spermanın fiziki göstəriciləri (rəng, həcm, pH, qatılıq), say xarakteristikası (eyakulyatın 1 ml-də və tam həcmində spermatozoidlərin sayı, hərəkətliliyi), morfologiyası, aqqlutinasiya, selik, eritrosit və leykositin mövcudluğu aşkarlanır. Eyakulyat masturbasiya yolu ilə alınır, steril və hermetik qaba yığılır. Müayinədən 2-5 gün əvvəl cinsi əlaqə məsləhət görülmür.

Spermoqramma barədə ümumi məlumat

Spermoqramma -spermanın keyfiyyət və kəmiyyət göstəricilərini xarakterizə edir. Bu üsul spermatogenezin vəziyyətini, cinsiyyət vəzilərinin funksiyasını və cinsi hüceyrələrin mayalandırma qabiliyyətini dəyərləndirməyə imkan verir. Müayinə prosesində toxum mayesinin ümumi xüsusiyyətləri öyrənilir, nativ preparatların mikroskopiyası aparılır. Göstərişlərə əsasən spermanın bakterioloji, biokimyəvi, immunoferment, sitogenetik analizi yerinə yetirilir. Spermoqrammanın nəticələrinin normadan kənar olması kişinin keçirdiyi müxtəlif xəstəliklərlə bağlıdır. onlara parotit, endokrinopatiyalar (hipoqonadizm), xayalığın travması, varikosele, prostatit, vezikulit və s. Spermoqramma andrologiyada kişi sonsuzluğunun diaqnostikasının və eləcə də sağlamlığın monitorinqinin ayrılmaz hissəsi hesab olunur.

Spermoqrammaya hazırlıq və materialın götürülməsi

Analizdən ən az 2-3 gün qabaq intim yaxınlıqdan imtina olunmalıdır. Lakin məhdudiyyət 7 günü ötməməlidir. Belə ki, analizdən əvvəl cinsi əlaqəyə girən kişinin spermasının ümumi həcmi və ordakı spermatozoidlərin hərəkəti pisləşir, anomal hüceyrələrin miqdarı artır. Müayinəyə hazırlıq mərhələsində spirtli içki, dərman vasitələri, hamam və sauna təxirə salınmalıdır.

Spermoqramma üçün eyakulyat götürülməmişdən əvvəl sidik kisəsi tam boşaldılmalıdır. Toxum mayesini yığarkən prezervativdən istifadə etmək olmaz, çünki prezervativlərin daxili səthi spermisid (spermanı zəiflədən və ya məhv edən) vasitələrlə işlənmiş olur. Həmçinin ev şəraitində yarımçıq cinsi akt əsnasında spermanı toplamaq məsləhət görülmür. Belə hallarda eyakulyata vaginal selik, mikroflora, qadının hüceyrə elementləri qarışa bilər.

Spermanın müayinəsinə eyakulyatın yığılmasından dərhal sonra başlamaq məqsədə uyğundur. Müxtəlif səbəblərdən klinikada analiz vermək mümkün olmadıqda, evdə topladıqdan 30-60 dəqiqə ərzində laboratoriyaya çatdırmaq lazımdır. Aneyakulyasiya və ya aspermiya zamanı xaya biopsiya olunur, nsperma bu yolla əldə edilir.

Spermoqrammanın makroskopik göstəriciləri

Spermoqramma müayinəsi zamanı eyakulyatın makroskopik göstəriciləri qiymətləndirilir. Sonra sperma mikroskop altında yoxlanılır. Normada toxum mayesinin həcmi 3-5 ml təşkil edir. Toplanılan spermanın ümumi həcminin 2 ml-dən az olması prostat vəzi və toxum qovuqcuqlarının hipofunksiyasına şübhə törədir. Eyakulyatın həcminin normadan artıqlığı isə bəzi hallarda vezikulit və prostatitlə bağlıdır.

Spermanın normal rəngi ağ, ağımtıl-boz və ya azacıq sarıya çalandır. Cinsiyyət orqanının travması, prostatitin kalkulyoz forması, xroniki vezikulitlə əlaqədar spermaya qan qarışdıqda onun rəngi qızara bilər. Bəzi dərman vasitələri, vitaminlər və qidaların qəbulu, eləcə də hepatit xəstəliyi fonunda eyakulyat sarı çalar alır. Spermanın pH-ı normada 7.2-7.8 arasında dəyişir. Bu göstəricidən kənaraçıxmalar adətən prostat, toxuma qovuqcuqları və bulbouretral (Kuper) vəzilərin iltihabına dəlalət edir.

Spermanın durulaşma müddəti 60 dəqiqədən çox olmamalıdır. Bu zaman göstəricisinin artması vəzilərin xroniki iltihabı və ya ferment çatışmazlığına işarədir. Belə hallarda spermatozoidlər hərəki qabiliyyətini itirir. Onlar uşaqlıq yolunun turş mühitində çox qaldığından uşaqlığa keçmə ehtimalı azalır. Nəticədə mayalanma şansı aşağı düşür. Spermoqrammanın bu normativi spermanın fertilliyinin birbaşa göstəricisidir. Spermoqramma analizində eyakulyatın qatılığı iynə və ya pipetdən sallanan spermanın əmələ gətirdiyi sapın uzunluğuna əsasən müəyyən edilir. Normada bu rəqəm 0,5 sm-i keçməməlidir.

Adətən eyakulyatda selik izlənilmir və ya cüzi miqdarda müşahidə edilir. Seliyin artması cinsiyyət vəzilərinin iltihabı nəticəsində baş verir.

Spermoqrammanın mikroskopik göstəriciləri

Spermatozoidlərin konsentrasiyası 1 ml-də təyin edilir. Norma göstəricisi 20 milyon/ml və daha artıqdır. Onun azalmasına (oliqozoospermiya) əksərən cinsi hormonların çatışmazlığı, orxit, immun və ya metabolik disbalans səbəb olur. Spermanın bu göstəricisi süni mayalanmaya hazırlıq mərhələsində nəzərə alınır. Konsentrasiyanın 120 milyon/ml-dən çox olması (polizoospermiya) zamanla oliqozoospermiyaya keçə bilər. Belə hallara yol verməmək üçün mütləq androloqun nəzarəti altında qalmaq lazımdır.

Spermoqrammanın ən vacib göstəricilərindən biri spermatozoidlərin hərəki qabiliyyətidir. Hərəkətliliyindən asılı olaraq onlar aşağıdakı qruplara bölünür:

  • Düz xətt üzrə irəli hərəkət edən aktiv forma (A)
  • Düz xətt boyunca zəif hərəkət (B)
  • Passiv hərəkət (C)
  • Hərəkətsiz (D, akinozoospermiya)

Normada spermatozoidlərin hərəkililiyi- A tipi üçün >25%, A+B qrupunda >50%, C+D <50% təşkil edir. Həkimlər cinsi hüceyrələrin hərəkətinin azalmasını (astenozoospermiya) varikosele, cinsiyyət vəzilərinin iltihabı, toksiki və radiasion təsirlər, ueaplazmoz ilə əlaqələndirirlər.

Spermoqrammanın morfoloji göstəriciləri

Spermatozoidlərin morfologiyasının təhlili, yəni spermoqrammada normal quruluş və mayalandırma qabiliyyətinə malik hüceyrələrin təyini- təbii yolla mayalanmanın mümkünlüyünü müəyyən edir. Xayalığın patologiyaları və ya stress zamanı mayalanmaya yaralı spermatozoidlərin sayı 20 %-dən az olur (teratozoospermiya). Eyakulyatda canlı spermatozoidlərin nisbəti 50 %-dən yuxarı olmalıdır. Spermoqramma analizində spermatozoidlərin 50%-dən çox hissəsinin ölü olduğu aşkarlandıqda, bu hal nekrospermiya adlanır. Ona gətirib çıxaran faktorlar morfoloji natamamlıqla eynidir.

Normada eyakulyatda az sayda (2%) epitel hüceyrəsi izlənir. Onlar toxum kanalcıqlarını bürüyən toxumanın qalıqlarıdır. Spermoqramma analizində epitel hüceyrələrinin həddən artıq tapılması sekretor tip kişi sonsuzluğu üçün xarakterikdir. Normal spermoqrammada spermaaqlütinasiya (spermatozoidlərin yapışması) izlənilmir. Aqqlütinasiya testinin müsbət olması iltihabi nvə ya autoimmun proseslərdən xəbər verir. Bu zaman cinsi hüceyrələrin hərəkətliliyi azalır.

Spermoqrammada leykositlər hər zaman aşkarlanır. Bu göstərici normada 106 /ml-dir. Leykositlərin çoxalması iltihabla- prostatit, orxit, vezikulit, uretritlə izah olunur.

Spermada eritrositlərin tapılması həyəcan doğuran əlamətdir. Şiş xəstəlikləri, travma, kalkulyoz prostatit, vezikulit və digər patologiyalar zamanı spermada eritrosit olur.

Ümumilikdə, spermoqrammanın nəticələri androloq tərəfindən qiymətləndirilir və uyğun müalicə planı tərtib edilir.

error: Content is protected !!