Steatoreya

Steatoreya — gün ərzində nəcislə 7 qramdan artıq yağın ifraz olunması ilə səciyyələnən patoloji vəziyyətdir. Xəstəlik həzm olunmayan qida qalıqlarından ibarət tam formalaşmayan yağlı nəcis, köp və qeyri-müəyyən lokalizasiyalı ağrılarla təzahür edir. Diaqnoz koproqramma, retroqrad xolangiopankreatoqrafiya, qarın boşluğu orqanlarının USM və sekretin-pankreozimin testinin nəticələri əsasında qoyulur. Müalicə məqsədilə pankreas və mədə sekresiyasının stimulyatorlarından istifadə olunur, mədə şirəsinin komponentləri və mədəaltı vəzinin enzimləri ilə əvəzləyici terapiya aparılır.

Steatoreya barədə ümumi məlumat

Steatoreya nadir hallarda sərbəst patologiya şəklində müşahidə edilir. O adətən yağların parçalanma və mənimsənilmə proseslərinin pozulması ilə müşayiət olunan digər pozğunluqların əlaməti kimi inkişaf edir. Steatoreyanın təzahürlərinə çox zaman mədəaltı vəzinin xarici sekretor fəaliyyətinin pozğunluqlarında rast gəlinir. Hər iki cinsin nümayəndələri arasında patologiyanın rastgəlmə tezliyi eynidir. Steatoreya əsasən 25-30 yaşdan sonra yaranır. Lakin anadangəlmə formalar uşaqlıq dövründə özünü büruzə verə bilir. Həzm olunmamış yağların tərkibini nəzərə alaraq qastroentorologiya sahəsinin mütəxəssisləri steatoreyanın 3 tipini ayırd etmişlər: I variantda nəcisdə neytral yağlar, II variantda yağ turşuları və sabun üstünlük təşkil edir. III variantda isə qeyd olunan komponentlərin hər birinə rast gəlinir.

Steatoreyanın yaranma səbəbləri

Steatoreya polietioloji xəstəlikdir. Birincili (izoləolunmuş) formalar mədəaltı vəzinin anadangəlmə patologiyaları – orqanın displaziya, hipoplaziya və aplaziyası, pankreatik lipazanın irsi çatışmazlığı zamanı müşahidə edilir. İkincili (simptomatik) steatoreyaya digər patoloji vəziyyətlər səbəb olur:

  • Mədəaltı vəzinin xəstəlikləri. Yağların hidrolizi üçün pankreatik fermentlərin – lipaza və kolipazanın iştirakı mütləqdir. Xroniki pankreatit, mədəaltı vəzinin həcmli törəmələri, pankreas axacaqlarının obstruksiyası zamanı bu fermentlərin sintezi və sekresiyası pozulur.
  • Mədə xəstəlikləri. Mədənin epitel qatının sekretor funksiyasının zəifləməsi bağırsaqda yağların sorulmasını azaldır. Aşağı sekresiyalı xroniki qastrit, axiliya və əməliyyat edilmiş mədənin xəstəlikləri steatoreya əlamətləri ilə müşayiət olunur.
  • Hepatobiliar patologiya. Yağların bağırsaqda sorulması üçün öd kifayət miqdarda olmalıdır. Öd ifrazının pozulması ilə gedən xəstəliklər: xolestatik hepatit, öd yollarının hipomotor diskineziyası steatoreyanın inkişafına səbəb olur.
  • İntestinal pozğunluqlar. Xroniki enterit və izafi bakterial artım sindromunda yağ misellilərinin enterositlərə nüfuz etmə prosesi pozulur. Nəticədə bağırsaq divarından keçə bilməyən yağ nəcislə ifraz olunur, bu da steatoreya ilə özünü büruzə verir.
  • Endokrin pozğunluqlar. Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə enteropatiya və seliakiya steatoreayaya gətirib çıxarır. Nəcisdə yağların yüksək konsentrasiyasına hipoparatireozla səciyyələnən poliqlandulyar sindromda rast gəlmək mümkündür.

Parazitar invaziyalar və bağırsaq infeksiyalarında da yağların sorulması sorulur. Steatoreyanın inkişafı alimentar pozğunluqlar və ya qida vərdişləri (yağların həddindən artıq qəbulu) ilə bağlı ola bilər. İşlədici vasitələrin və piylənmənin müalicəsinə yönəldilən preparatların tətbiqi, xərçəngin kimyaterapiyasının aparılması yağların absorbsiyasının pozulmasına gətirib çıxara bilir. Nəcislə yağların artıq miqdarda ifraz olunmasının səbəbi aşkarlanmadıqda steatoreya idiopatik forma kimi qeydə alınır.

Steatoreyanın patogenezi

Steatoreyanın inkişaf mexanizmi qəbul olunan yağın miqdarı ilə onun sorulması arasındakı uyğunsuzluğa əsaslanır. Xəstəliyin patogenezində MBT orqanlarında lipidlərin transformasiyasının müxtəlif mərhələlərinin pozulması başlıca rol oynayır. Yağın birincili parçalanmasının lazımı səviyyədə baş verməməsi mədə sekresiyasının azalması ilə bağlıdır. Natamam hidroliz əsas lipoltik amillərin (pankreatik enzimlər, öd turşuları) çatışmazlığı, enterositlərin zədələnməsi və ximusun bağırsaqda hərəkətinin tezləşməsi zamanı müşahidə edilir.

Steatoreyanın əlamətləri

Xəstəliyin patoqnomik əlaməti neytral yağlarla zəngin olan, unitazdan çətinliklə yuyulan tam formalaşmamış yağlı nəcis ifrazıdır. Defekasiya aktı gün ərzində 3-6 dəfəyə qədər tezləşir. Fekal kütlələrdə həzm olunmamış qida qalıqlarına rast gəlinir. Polifekaliya (nəcisin miqdarının artması) yağlı və ya qızardılmış məhsulların qəbulu ilə bağlı olur. Xəstələrdə digər dispeptik əlamətlər: epiqastral nahiyədə ağırlıq və diskomfort, köp, qarında periodik sancılar müşahidə edilir.

Patologiyanın ağırlaşmış formalarında digər orqan və sistemlərin zədələnməsinə müvafiq əlamətlər meydana çıxır. Steatoreya üçün vitamin çatışmazlığı fonunda dil, dodaq və ağız boşluğunun selikli qişasında iltihab və eroziyanın formalaşması xarakterikdir. Qadınlarda bəzən aybaşı siklinin qeyri-müntəzəmliyi, oliqomenoreya qeydə alınır. Pasiyentlərin ümumi vəziyyəti pozulur, əmək qabiliyyəti azalır, əzələ zəifliyi, baş ağrıları və başgicəllənmə yaranır.

Steatoreyanın ağırlaşmaları

Xəstəliyin ən çox rast gəlinən ağırlaşması bədən çəkisinin proqressiv şəkildə (kaxeksiyaya qədər) itirilməsidir. Steatoreyalı pasiyentlərdə zülalların mənimsənilməsinin pozulması hipoalbuminemiya ilə nəticələnir. Zülal çatışmazlığının ardınca üzdə və ətraflarda hipoproteinemik ödemlər inkişaf edir. Ağır hallarda beyin və ya ağciyər ödemi yaranır. Yağda həll olan D vitamininin sorulması proseslərinin zəifləməsi osteoporoza, sümüklərin kövrəkləşməsinə gətirib çıxarır.

Xəstələrdə əksər hallarda bağırsağın bakterial florasının izafi aktivliyi ilə xarakterizə olunan enteropankreatik sindrom aşkarlanır. Belə hallarda xroniki enterit və ya enterokolitin inkişafı xəstəliyin gedişini daha da ağırlaşdırır. Bir çox endokrin vəzilərinin ikincili çatışmazlığı: hipopituitarizm, adrenal çatışmazlıq formalaşır. Cinsiyyət sisteminin fəaliyyəti pozulur: qadınlarda dismenoreya və ya amenoreya, kişilərdə isə impotensiya müşahidə edilir.

Steatoreyanın diaqnostikası

Nəcis kütlələrinin xarakterik görünüşü ilə əlaqədar patologiyanın diaqnostikası heç bir çətinlik törətmir. Diaqnostika prosesində əsasən aşağıdakı laborator-instrumental müayinələrdən istifadə olunur:

  • Nəcisin mikroskopiyasıKoproloji müayinədə neytral yağ və yağ turşularının damcılarının təyini steatoreyanın patoqnomik əlaməti sayılır. Yağ damcılarının ölçü və miqdarına əsasən sindromun ağırlıq dərəcəsi müəyyənləşdirilir: diametri 8mkm-dən kiçik, 100 ədəddən az sayda damcılar — orta aktivlik, 100-dən çox iri ölçülü damcılar isə ağır variant hesab olunur.
  • Endoskopik müayinəRetroqrad xolangiopankreatoqrafiya müxtəlif xəstəliklərin əlamətlərinin aşkarlanmasına imkan verir. Müayinə prosesində Oddi sfinkterinin spazmı, öd yollarının konkrementlərlə obstruksiyası, mədəaltı vəzinin axacaqlarının daralması və ya iltihablaşması müşahidə edilir.
  • Sonoqrafiya. Pankreatik və biliar patologiyaları qısa zaman ərzində müəyyən etmək üçün qarın boşluğunun USM-dən istifadə olunur. Ultrasəs müayinədə mədəaltı vəzinin quruluşunun qeyri-həmcinsliyi, öd kisəsinin divarlarının qalınlaşması, axacaqlarda öd daşları izlənilə bilər.
  • Sekretin-pankreozimin testi. Mədəaltı vəzinin xarici sekretor fəaliyyətini qiymətləndirmək üçün sekterin və pankreoziminin venadaxili infuziyasından sonra duodenal möhtəviyyat götürülür. Sekresiyanın həcminin 185 ml/saatdan az olması və amilazanın aktivliyinin zəifləməsi funksional çatışmazlığa dəlalət edir.

Qanın ümumi analizində leykositoz və EÇS-nin yüksəlməsi qeydə alınır. Uzunmüddətli steatoreya zamanı qanın biokimyəvi müayinəsində hipoproteinemiya və disproteinemiya aşkarlanır. Qanın əsas elektrolitlərinin (natrium, kalium, kalsium, maqnezium, dəmir) səviyyəsinin azalması müşahidə edilir. Mədəaltı vəzinin ekzokrin sekresiyanın qeyri-invaziv müayinəsi məqsədilə triqliseridlər, işarələnmiş 14C ilə tənəffüs testi yerinə yetirilir.

Steatoreya zamanı etioloji səbəblərinin 2 əsas qrupu: mədəaltı vəzinin və biliar sistemin xəstəlikləri arasında differensial diaqnostika aparılmalıdır. Enzim testinin göstəricilərinin azalması, fekal elastazanın artması və iltihablaşmış orqanın USM-əlamətləri mədəaltı vəzinin patologiyasından xəbər verir. Öd yollarının patologiyalarının diaqnostikasının əsas meyarı sonoqrafik və ya rentgenoloji yolla təsdiqlənmiş konkrementlərdir. Pasiyentin konsultasiya olunması üçün hepatoloqa ehtiyac yarana bilər.

Steatoreyanın müalicəsi

Müalicə taktikası xəstəliyin etiologiyasına uyğun seçilir. Xəstələrin əksəriyyətində patologiya mədəaltı vəzinin və ya mədənin funksional çatışmazlığı ilə bağlı olduğundan onların sekresiyasının birbaşa və dolayı stimulyasiyası, əvəzedici terapiya aparılır. Steatoreyanın müalicə sxeminə aşağıdakı qrup preparatlar daxil olur:

  • Mədə sekresiyasının stimulyatorları. Sekretor funksiyanın zəifləməsi ilə müşayiət olunan mədə xəstəliklərində tətbiq edilir. Pepsin və xlorid turşusunun sekresiyasını artırmaq üçün histamin və onun sintetik analoqlarından istifadə olunur. Stimulyatorlar heç bir effekt vermədikdə əvəzedici qismində mədə şirəsinin komponentlərindən ibarət vasitələr təyin edilir.
  • Pankreatik fermentlər. Nəcislə ifraz edilən yağların sutkalıq miqdarının 15 qramdan artıq olması, trofoloji çatışmazlığın proqressivləşməsi, davamlı ishal və dispepsiya ilə əvəzedici enzimoterapiyaya göstəriş sayılır. Mədəaltı vəzinin ekzokrin funksiyasının əvəzlənməsi və yağların absorbsiyasının yaxşılaşdırılması məqsədilə lipaza tərkibli vasitələr qəbul edilir.

Steatoreyanın mədəaltıvəzidən kənar formalarında standart terapevtik protokol üzrə əsas xəstəliyin müalicəsi aparılır. Pasiyentlərə mikrobəleyhinə və antiparazitar preparatlar, ishal əleyhinə vasitələr, qazqovucular, öd ifrazını yaxşılaşdırmaq üçün miotrop spazmolitiklər, eləcə də pre- və probiotiklər təyin oluna bilər. Trofoloji pozğunluqların korreksiyası məqsədilə К, А, D, E, B12 vitaminlərindən, fol turşusundan, vitamin-mineral kompleksindən və amin turşu qarışığından istifadə olunur.

Steatoreyanın etiologiyasından asılı olmayaraq, pasiyentlər kiçik porsiyalarla tez-tez qidalanmalı, gündəlik rasionda yağların miqdarını 40-60qrama qədər azaltmalıdır. Heyvan mənşəli və termiki işlənilmiş yağların istifadəsi məhdudlaşdırılmalı, siqaret və spirtli içkilərdən imtina edilməlidir.

Steatoreyanın proqnoz və profilaktikası

Steatoreyanın proqnozu xəstəliyin etiologiyasından və müalicənin vaxtında aparılmasından asılıdır. Mədəaltı vəzinin ağır patologiyalarında əvəzedici terapiyanın ömürlük aparılmasına ehtiyac yarandığından proqnoz nisbətən qeyri-qənaətbəxş hesab olunur.

Xəstəliyin spesifik profilaktikası hələlik tərtib edilməmişdir. Sindromun qarşısını almaq üçün bağırsaqda həzm proseslərinin pozulmasına səbəb olan patologiyaların kompleks müalicəsi məsləhət görülür.

error: Content is protected !!