Süd vəzi adenoması
Süd vəzi adenoması – vəzili epitel hüceyrələrindən inkişaf edən süd vəzilərinin xoşxassəli şişidir. Adətən, gənc yaşlarda meydana çıxır, 40-45 yaşdan sonra, demək olar ki, diaqnostika olunmur. Patologiyanın inkişafının ehtimal olunan səbəbi hormonal balansın pozulmasıdır. Süd vəzi adenoması elastik, hərəkətli, şarabənzər və ya sferik formalı törəmədir, adətən, vəzin səthinə yaxın yerləşir. Tək və ya çoxsaylı ola, bir və ya hər iki süd vəzində lokalizasiya oluna bilər. Diaqnoz obyektiv müayinə, USM, MRT və biopsiyaların nəticələrinə əsasən qoyulur. Müalicəsi cərrahidir.
Süd vəzi adenoması barədə ümumi məlumat
Süd vəzi adenoması vəzili epitel hüceyrələrindən inkişaf edən xoşxassəli şişidir. Mastopatiyaların növlərinə aiddir. Bir qayda olaraq, 15-35 yaşlarda diaqnostika olunur. Tez-tez hamiləlik dövründə meydana çıxır. Preklimakterik və klimakterik dövrdə mövcud şişlər residivləşir, yeniləri isə yaranmır. Fibroadenomalarla (fibroz və vəzili toxumadan təşkil olunmuş xoşxassəli yenitörəmələr) müqayisədə nadir hallarda aşkar olunur. Süd vəzi adenomaları bədxassəli formaya keçməyə meyilli deyil. Hormonal asılı şişlər qrupuna aiddir; menstrual tsiklin fazasından, həmçinin hamiləlik və laktasiya dövründən asılı olaraq müəyyən dəyişikliklərə məruz qalır. Süd vəzi adenomalarının diaqnostikası və müalicəsi onkologiya və mammologiya sahəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Süd vəzi adenomasının inkişaf səbəbləri
İnkişafının əsas səbəbi hormonal disbalansdır. Mütəxəssislər progesteron defisiti ilə izafi estrogenin kombinasiyasında müəyyən bir əhəmiyyətin olduğunu qeyd edirlər. Süd vəzi adenomalarının inkişafında prolaktinin səviyyəsinin yüksəlməsi müəyyən rol oynaya bilər. Bu və bəzi başqa hormonların disbalansı hestasiya dövründə süd vəzilərinin dəyişiklikləri və laktasiya dövründə böyük funksional yüklənmə ilə yanaşı getdikdə vəzili epitelin proliferasiyası və süd vəzi adenomalarının əmələ gəlməsinə şərait yaradır.
Belə xəstəliyi olan qadınlarda tez-tez başqa endokrin patologiyalar, daha çox tireoid hormonların səviyyəsinin azalması və şəkərli diabet aşkar olunur. Bundan başqa, süd vəzilərinin adenomalarının inkişafını təşviq edən faktorlara irsi meyillik, siqaretçəkmə, oral kontraseptivlərin qəbulu, reproduktiv sistemin xəstəlikləri, kortikosteroidlərin pik səviyyəyə qədər artmasını provokasiya edən stress və müxtəlif hormonların parçalanmasında iştirak edən qaraciyər aiddir. Preklimakterik və klimakterik dövrdə süd vəziləri involyutiv dəyişikliklərə məruz qalır. Vəzili epitelin hüceyrələri tədricən piy və fibroz toxuma ilə əvəzlənir; buna görə də 40-45 yaşdan sonra, demək olar ki, əmələ gəlmir.
Süd vəzi adenomasının təsnifatı
ÜST-nın ən yeni təsnifatına əsasən döş giləsi (areola) adenomalarının 2 – adi və sirinqomatoz; süd vəzi adenomalarının isə beş – tubulyar, laktasiya edən, apokrin, pleomorf və duktal növü ayırd edilir. Areola adenomaları axarlarda və gilətrafı zonada əmələ gəlir. Silindrik epitelin və mioepitelin proliferasiyası nəticəsində formalaşan çoxsaylı ocaqların təzahürü ilə müşayiət olunur. Ayrı-ayrı klinik hallarda bədxassəli formaya keçməsi mümkündür. Sirinqomatoz adenoma giləaltı nahiyədə əmələ gəlir, tər vəzilərin epitelindən inkişaf edir. Fərqli xüsusiyyəti qeyri-invaziv böyüməsi zamanı aydın hüdudlarının olmamasıdır.
Süd vəzilərinin tubulyar adenoması sıx yerləşmiş, iki hüceyrə qatına – mioepitelial və epitelial malik tubulyar strukturlardan ibarət aydın konturlu şişlərdir. Hamiləlik və laktasiya dövründə adenomanın epiteli müəyyən sekretor dəyişikliklərə məruz qalır, tubulyar adenoma laktasiya edən adenomaya çevrilir. Süd vəzilərinin apokrin adenoması tubulyar adenomanı xatırladır, lakin epitelin apokrinizasiyası ilə ondan fərqlənir. Pleomorf adenoma tər və tüpürcək vəzilərinin eyniadlı xoşxassəli şişinin analoqudur. Duktal adenoma mənfəzində adenomatoz (vəzili) polip olan geniş axarla meydana çıxır. Adenomaların son iki növünə çox nadir hallarda rast gəlinir.
Süd vəzi adenomasının simptomları
Süd vəzi adenomaları, bir qayda olaraq, simptomsuz gedir və profilaktik müayinə və ya özünü müayinə zamanı aşkarlanır. Palpasiyada kiçik, elastik, şarabənzər və ya sferik, dəqiq konturlu törəmə təyin olunur. Süd vəzi adenomalarının səthi, adətən, hamar, nadir hallarda kələ-kötür olur. Şişin üzərindəki dəri dəyişilmir, normal rəngə sahib olur. Adenoma toxunduqda elastik, hərəkətli, ətraf toxumalarla birləşməmiş, adətən, ağrısız olur.
Adətən, dəriyə yaxın yerləşir. Menstruasiyaönü dövrdə ölçüləri böyüyür, lakin sonra yenidən kiçilir. Adətən, tək olur, lakin bir və ya hər iki vəzidə lokalizasiya olunan çoxsaylı süd vəzi adenomaları da mümkündür. Sürətli böyüməyə meyilli deyil; lakin ayrı-ayrı kinik hallarda əlverişsiz şəraitdə ölçüləri kifayət qədər sürətlə böyüyə bilər. Hestasiya dövründə sürətlə böyüməsi, laktasiyadan sonra isə kiçilməsi müşahidə olunur. Bəzən hamiləlik dövründə süd vəzilərinin adenomaları sorulur.
Areola adenoması ödem, hiperemiya, seroz və ya sarımtıl rəngli, qanlı ifrazatla təzahür edir. Gilənin səthi xoralaşa və qabıqla örtülə bilər. Palpasiya zamanı döş giləsinin içərisində yumşaq-elastik konsistensiyalı, ətraf toxumalarla birləşməyən düyün aşkar olunur. Giləətrafı dəri dəyişilmir, rəngi normal qalır. Patoloji qırışlar və “portağal dərisi” simptomu olmur. Regionar limfa düyünləri böyümür.
Süd vəzi adenomasının diaqnostikası
Diaqnoz mammoloq və ya mammoloq-onkoloq tərəfindən şikayətlər, inspeksiya və əlavə müayinələrin nəticələrinə əsasən qoyulur. Qadının ayaqüstə dayanmış və uzanmış vəziyyətlərində palpasiya zamanı həkim hərəkətli, şişəbənzər, kürəni və ya noxudu xatırladan bir və ya bir neçə törəmə aşkarlayır. Süd vəzilərinin adenoması ehtimalı olan pasient süd vəzilərinin USM-i və ya mammoqrafiyaya yönləndirilir. Endokrin pozulmalar, somatik xəstəliklər və reproduktiv sistemin xəstəlikləri zamanı endokrinoloq, terapevt və ginekoloq konsultasiyası göstərişdir. Sonrakı müayinələr planı aşkarlanmış patologiyalara əsasən müəyyənləşdirilir. Yekun – “süd vəzilərinin adenoması” diaqnozu biopsiyanın nəticələrinə əsasən qoyulur.
Döş giləsi adenomasının diaqnostika prosesində xaric olunmuş ifrazatın sitoloji müayinəsi, süd vəzilərinin MRT-i, duktoqrafiya (vəzin axacaqlarına yeridilmiş kontrast maddə ilə aparılan rentgenoqrafiya) və biopsiya istifadə olunur. İfrazat materialında atipik hüceyrələr aşkar olunur. MRT vasitəsilə şişin ölçüləri və quruluşu, duktoqrafiya ilə axardaxili törəmələr müəyyənləşdirilir. Bu patologiya zamanı USM və mammoqrafiya az informativdir. Yekun diaqnoz süd vəzi adenomalarında olduğu kimi biopsiyanın nəticələrinə əsasən qoyulur.
Süd vəzi adenomasının müalicəsi
Dərman terapiyası effektsizdir. Kiçik şişlərdə dinamik müşahidə göstərişdir. Adenomanın ölçülərinin böyüdükdə, maliqnizasiyaya şübhə olduqda, ağrı meydana çıxdıqda və kosmetik defekt olduqda cərrahi müdaxilə tələb olunur. Süd vəzilərinin adenomasının ölçülərindən və gedişindən asılı olaraq enukleasiya və ya sektoral rezeksiya əməliyyatları icra olunur. Enukleasiya kiçik əməliyyatdır; bu zaman şiş sağlam toxuma sərhəddində kəsilib götürülür. Bədxassəli formaya keçməsinə dair şübhə olmadıqda göstərişdir.
Sektoral rezeksiya daha geniş miqyaslı cərrahi müdaxilədir; bu əməliyyat zamanı süd vəzilərinin adenoması 1-3 sm sağlam toxuma ilə birgə kəsilib kənarlaşdırılır. Bu cərrahi müdaxilə törəmənin maliqnizasiyasına ehtimal olduqda göstərişdir. Kiçik şişlərin enukleasiyasından sonra, adətən, kosmetik defekt olmur. Sektoral rezeksiya və iri adenomaların enukleasiyasından sonra defektin yaranması mümkündür; onun aradan qaldırılması üçün kosmetik cərrahiyyə tələb olunur.
Areolanın adenoması zamanı cərrahi müdaxilə vacibdir. Şişin ölçüsündən asılı olaraq lokal eksiziya (adenoma 1-2 mm sağlam toxuma ilə birgə kəsilib götürülür) və ya sektoral rezeksiya həyata keçirilir. Döş giləsi və süd vəzilərinin adenomaları zamanı cərrahiyyə əməliyyat planlı şəkildə aparılır. Postoperativ dövrdə antibiotiklər təyin olunur. Tikişlər 9-10 günə sökülür. Tamamlayıcı dərman terapiyası tələb olunmur. Süd vəzilərinin adenomalarının proqnozu kafidir.