Süd vəzi xərçəngi
Süd vəzi xərçəngi – bu orqanın bədxassəli şiş xəstəliyidir. Onun yerli əlamətlərinə döşün formasının dəyişməsi, gilənin daxilə batması, həmin nahiyədə dərinin büzüşməsi, gilədən maye ifrazı (çox zaman qanlı), düyünlərin formalaşması, qoltuqaltıvə yaxud körpücüküstü limfa düyünlərinin böyüməsi aiddir. Erkən mərhələlərdə müalicə effektiv olur. Gecikmiş dövrlərdə müxtəlif orqanlara metastazlar qeydə alınır. Müalicənin proqnozu prosesin yayılma dərəcəsindən və şişin histoloji quruluşundan asılıdır.
Süd vəzi xərçəngi haqqında ümumi məlumat
ÜST məlumatlatına əsasən hər il dünyada 1 milyondan çox qadında süd vəzinin bədxassəli şişləri aşkar olunur. Bu patologiya ilə əlaqəli letal sonluq xəstələrin təxminən 50%-də müşahidə edilir. Bir çox ölkələrdə süd vəzi xərçəngini erkən mərhələlərdə aşkar edən profilaktik skrininqin aparılmaması xəstəliyin yayılma tezliyinin durmadan artmasına səbəb olur.
Hazırda süd vəzi xərçəngi 30-dan çox formaya ayrılır. Onlar arasında düyünlü (unisentrik, multisentrik) və diffuz (ödemli-infiltrativ, mastitəbənzər) xərçəng daha geniş yayılmışdır. Nadir rast gəlinən formalara Pedjet xəstəliyi və kişilərdə süd vəzi xərçəngi misaldır.
Süd vəzi xərçənginin yaranma səbəbləri
Süd vəzi xərçənginin yaranma və inkişafında aşağıdakı faktorlar mühüm rol oynayır:
- Cins. Xəstəliyə əsasən qadınlarda rast gəlinir. Bu törəmənin kişilərdə formalaşma ehtimalı 100 dəfə azdır;
- Yaş. Süd vəzi xərçəngi adətən qadınlarda 35 yaşdan sonra əmələ gəlir;
- Ağırlaşmış ginekoloji anamnez: aybaşı siklinin pozulması, cinsiyyət orqanlarının hiperplastik və iltihabi patologiyaları, sonsuzluq, laktasiya pozğunluqları;
- İrsi meyillik: yaxın qohumlarda bədxassəli törəmələrin olması;
- Endokrin və metabolik pozğunluqlar: piylənmə, metabolik sindrom, şəkərli diabet, xroniki arterial hipertenziya, ateroskleroz, qaraciyər və mədəaltı vəzin patologiyaları;
- Qeyri-spesifik kanserogen faktorlar: siqaret, kimyəvi zəhərlər, yüksək kalorili, balanslaşdırılmamış (karbohidratlarla zəngin, zülalların azlıq təşkil etdiyi) qidalanma, ionlaşdırıcı radiasiya.
Onu da yadda saxlamaq lazımdır ki, kanserogen amillərin mövcudluğu mütləq qaydada süd vəzi xərçənginin yaranacağı anlamını vermir.
Süd vəzi xərçənginin təsnifatı
Süd vəzi xərçəngi inkişaf mərhələsinə görə təsnif edilir:
- I mərhələ – şişin diametri 2 sm-dən kiçik olur. Proses vəzini əhatə edən toxumaya yayılmır, metastazlar aşkarlanmır.
- IIа mərhələsi – diametri 2-5 sm arasında dəyişən, ancaq ətraf toxumaya keçməyən və yaxud kiçik ölçülü olsa da vəzini əhatə edən toxumaya sirayət edən (dərialtı toxuma, bəzən dəri) şişlə xarakterizə olunur. Bu mərhələdə regionar metastazlara rast gəlinmir.
- IIb mərhələsi – qoltuq altında regionar limfa düyünlərinə metastazlar qeydə alınır. Bir sıra hallarda döş qəfəsi daxili parasternal limfa düyünlərinə metastazlaşma baş verir.
- IIIа mərhələsi – törəmənin diametri 5 sm-dən artıq olur və yaxud şiş süd vəzinin altındakı əzələ qatına keçir. Bu mərhələ üçün «limon qabığı» simptomu, ödem, gilənin daxilə batması, bəzən isə döş dərisində xoralaşma və gilədən axıntı xarakterikdir. Regionar metastazlar yoxdur.
- IIIb mərhələsi – qoltuqaltı limfa düyünlərinə çoxsaylı və yaxud körpücüküstü (və ya körpücükaltı, parasternal) limfa düyünlərinə təksaylı metastaz.
- IV mərhələ – terminal dövr adlanır. Xərçəng bütün süd vəzisini zədələyir, qonşu toxumalara keçir, dəriyə dessiminasiya edir. Xəstələrdə ümumi xoralaşma müşahidə olunur. Eləcə də IV mərhələyə digər orqanlara (o cümlədən digər süd vəzisi və əks tərəfdəki limfa düyünlərinə) metastazlar verən istənilən ölçülü şişlər, döş qəfəsinə möhkəm birləşən törəmələr aid edilir.
Süd vəzi xərçənginin əlamətləri
Erkən mərhələlərdə süd vəzi xərçəngi heç bir əlamətlə özünü büruzə vermir, yalnız palpasiya zamanı sərt törəmə əllənə bilər. Şiş adətən qadınların özünü müayinə prosesində və yaxud mammoqrafiya, süd vəzilərinin USM zamanı aşkarlanır. Müalicə aparılmadıqda şiş proqressivləşir, böyüyür, dərialtı toxumaya, dəri və döş qəfəsi əzələlərinə sirayət edir. Regionar limfa düyünlərində metaztazlar müəyyən edilir. Süd vəzi xərçəngi əsasən ağciyərə, qaraciyər və baş beyinə metastazlar verir. Şişin nekrotik parçalanması, digər orqanların bədxassələşməsi ölümlə nəticələnir.
Süd vəzi xərçənginin ağırlaşmaları
Xəstəlik tez bir zamanda regionar limfa düyünlərinə (qoltuqaltı, körpücükaltı parasternal) metastazlaşmaya meylli olur. Bir müddətdən sonra xərçəng hüceyrələri limfa axını ilə körpücüküstü, divararalığı və boyun nahiyəsinin limfa düyünlərinə yayılır. Həmçinin əks tərəfin limfa sistemi zədələnə və xərçəng digər döşə keçə bilər. Hematogen yolla metastazlar ağciyərə, qaraciyərə, sümüklərə və baş beyniə yayılır.
Süd vəzi xərçənginin diaqnostikası
Süd vəzi xərçənginin erkən mərhələrərdə aşkarlanması üçün qadınlar süd vəzilərini müntəzəm şəkildə yoxlamalıdır. Xərçəngin risk qrupuna daxil olan, eləcə də yaşı 35-40-dan çox olan qadınlar hər ay əllə süd vəzilərini müayinə etməlidir. Bunun üçün güzgünün qabağında dayanıb, ilk növbədə döşlərə xarici baxış keçirmək məsləhət görülür. Bu yolla deformasiyalara, bir döşün digərindən böyük olmasına fikir verilir. «Limon qabığı» (dərinin büzüşməsi) – mammoloqun konsultasiyasına göstəriş sayılır.
Süd vəzilərinə gözlə nəzər yetirdikdən sonra, orqanı əlləməklə, onun konsistensiyasına və ağrılı olmasına diqqət yetirilir. Patoloji axıntını aşkarlamaq üçün gilələr sıxılır. Süd vəzi xərçənginin diaqnostikasında baxış və palpasiya törəmələri müəyyən etməyə imkan verir. İnstrumental üsullarla isə şişin ölçüsü, forması, vəzi və ətraf toxumaların zədələnmə dərəcəsi barədə dəqiq məlumat əldə olunur. Süd vəzi xərçəngindən şübhələndikdə aşaöıdakı müayinələr aparılır:
- Rentgen müayinəsi: mammoqrafiya, duktoqrafiya.
- Süd vəzilərinin USM. Bu üsul regional limfa düyünlərinin müayinəsi və doppleroqrafiya ilə tamamlanır.
- Termoqrafiya.
- Süd vəzisinin MRT.
- Süd vəzilərinin biopsiyası və histoloji müayinə.
- Əlavə üsullar. Süd vəzilərinin yeni müayinə üsulları arasında sintiomammoqrafiya, YT-RTS də qeyd edilir.
Süd vəzi xərçənginin müalicəsi
Vəzi toxumasında yerləşən kiçik ölçülü şişlər xaric edilir. Metastazlaşmayan xərçəngin cərrahi müalicəsindən sonra residiv hallarına çox zaman rast gəlinmir.
Əməliyyatın növü şişin ölçüsündən, ətraf toxuma və limfa düyünlərinin zədələnmə dərəcəsindən asılıdır:
- Mastektomiya. Əvvəllər süd vəzi xərçənginin aşkar olunduğu qadınların demək olar ki, hamısında radikal mastektomiya (vəzinin tamamən kəsilməsi, onun altındakı döş qəfəsi əzələlərinin, qonşuluqdakı limfa düyünlərinin xaric edilməsi) aparılırdır. Hazırda daha çox bu əməliyyat modifikasiya olunmuş variantda, yəni döş qəfəsi əzələlərini saxlamaqla (əgər onlarda bədxassəli proses getmirsə) icra edilir.
- Süd vəzisinin rezeksiyası. Xəstəliyin erkən mərhələrində və şişin ölçüsü kiçik olduqda hissəvi mastektomiya yerinə yetirilir: vəzinin yalnız şişlə zədələnmiş hissəsi az miqdarda ətraf toxumalarla birgə çıxarılır. Hissəvi mastektomiya adətən radioşüa terapiyası ilə kombinə edilir.
Limfa düyünlərinin xaric edilməsi xəstəliyin residivləşmə ehtimalını azaldır. Onlar kəsilib götürüldükdən sonra xərçəng hüceyrələrinin mövcudluğuna görə müayinə edilir. Əməliyyat zamanı çıxarılan limfa düyünlərində metastazlar aşkar edildikdə qadına şüa terapiyası məsləhət görülür. Bundan əlavə şiş hüceyrələrinin qana keçmə ehtimalı yüksək olduqda, kimyaterapiya aparılır.
Müasir dövrdə süd vəzinin xərçəng hüceyrələrində esterogenlərə həssas reseptorları təyin edən üsul mövcuddur. Xəstələrin ⅔-də bu reseptorlar tapılır. Belə vəziyyətlərdə hormonoterapiya ilə şişin inkişafını dayandırmaq mümkündür.
Süd vəzi xərçənginin proqnoz və profilaktikası
Süd vəzi xərçənginin cərrahi yolla aradan qaldırlmasından sonra qadınlar mammoloq-onkoloq tərəfindən müntəzəm qaydada müayinə olunmalıdır. Metastazlar adətən əməliyyatdan sonra ilk 3-5 il ərzində qeydə alınır, sonrakı illərdə yeni şişin inkişaf riski azalır.
Süd vəzi xərçənginin ən etibarlı profilaktika üsulu mütəmadi şəkildə aparılan mammoloji müayinədir. 35 yaşdan yuxarı qadınlara mammoqrafiya göstərişdir.
Cinsiyyət sistemi patologiyalarının, hormonal pozğunluqların, metabolik xəstəliklərin vaxtında aşkarlanması və kanserogen amillərin təsirinin uzaqlaşdırılması süd vəzi xərçənginin yaranma ehtimalını xeyli azaldır.