Təxirəsalınmaz vəziyyətlər

Təxirəsalınmaz vəziyyətlər həyati vacib funksiyaların kəskin pozulması ilə xarakterizə edilir. Bu cür vəziyyətlərə qəfil yaranan patologiyalar (asfiksiya,  travmatik şok) və uzunmüddətli xroniki xəstəliklərin ağırlaşmaları (hipertonik kriz, astmatik status, diabetik koma və s.) aiddir. 

Təxirəsalınmaz vəziyyətlər yaranma səbəbləri və inkişaf mexanizminə görə 3 qrupa bölünür:  

  • Travmalar- ekstremal amillərin (termiki, kimyəvi, mexaniki və s. təsirlər). Bura yanıq, elektrotravma, sınıq, daxili orqanların zədələnməsi və qanaxmalar aiddir.
  • Zəhərlənmə və allergiyalar- zəhər/allergenlərin inhalyasion, enteral, parenteral, təmas yolu ilə orqanizmə daxil olması nəticəsində inkişaf edir. Bu qrupa göbələk, bitki zəhərləri, spirtli içki, psixoaktiv maddələr, kimyəvi birləşmələrlə zəhərlənmə, narkotik maddələrin artıq dozada qəbulu, zəhərli ilan və həşəratların sancması, anafilaktik şok  və s. daxildir. Əksər intoksikasiyalarda gözlə görünən zədələnmələrə rast gəlinmir. Ağır pozğunluqlar hüceyrə səviyyəsində baş verir.  
  • Daxili orqanların xəstəlikləri- orqanların funksiyalarının kəskin pozulması və ya xroniki proseslərin dekompensasiyası (miokard infarktı, insult, ağciyərin ödemi, hipertonik krizi) hesabına meydana çıxır. Belə vəziyyətlər klinik-laborator və instrumental üsulların köməyilə aşkarlanır.  

Təxirəsalınmaz vəziyyətlərə daha çox travmatologiya, kardiologiya, nevrologiya və cərrahiyyədə rast gəlinir. Lakin urologiyada (böyrək sancısı, kəskin böyrək çatışmazlığı, priapizm) və ginekologiyada (uşaqlıq qanaxmaları, eklampsiya) da təxirəsalınmaz vəziyyətlər yarana bilər.

Təxirəsalınmaz vəziyyətlərdə müalicə sxemi həkiməqədər yardımdan başlanır. İlkin yardım xəstənin vəziyyətindən və pozğunluğun xarakterindən asılıdır. Bu, zədələyici amilin təsirinin dayandırılması, ətrafın müvəqqəti immobilizasiyası, qansaxlayıcı jqutun qoyulması ola bilər. Hər bir halda dərhal «təcili yardım» çağırılmalıdır.

Həkim briqadası hadisə yerinə gəldikdə xəstənin həyatına təhlükə törədən aparıcı sindrom (respirator və ya sirkulyator pozğunluqlar, şokun təzahürləri) aradan qaldırılır. Bu məqsədlə pasiyentə infuziya məhlulları, hemostatik, narkotik, vazotonik və digər preparatlar yeridilir. Müalicəvi blokadalar icra olunur. Spontan tənəffüs olmadıqda traxeyanın intubasiyası və ağciyərlərin süni ventilyasiyasına ehtiyac yaranır. Ürək fəaliyyətinin dayandığı hallarda ürəkdaxilinə adrenalin yeridilir, orqanın xarici masajı və ya defibrillyasiya yerinə yetirilir.  

Təxirəsalınmaz vəziyyətlərin sonu təcili yardımın vaxtında göstərilməsindən, onun həcmi və keyfiyyətindən asılıdır. Ürək-ağciyər reanimasiyası 30 dəqiqə davam edir. Vital funksiyaların bərpası onun effektivliyinin göstəricisidir. Pasiyentin vəziyyəti stabilləşdikdən sonra stasionar şəraitdə əsas xəstəliyin müalicəsinə başlanılır. 30 dəqiqə başa çatdıqda orqanizmin fəaliyyətini sübut edən heç bir əlamətə rast gəlinmədikdə, reanimasiya tədbirləri dayandırılır və bioloji ölüm faktı təsdiqlənilir.   

error: Content is protected !!