Torlu qişanın angiospazmı
Torlu qişanın angiospazmı – torlu qişanın mərkəzi arteriyası (TMA) və onun şaxələrinin üzvi dəyişikliklər olmadan kəskin daralması nəticəsində meydana çıxan funksional pozulmadır. Kliniki olaraq görmənin bulanıqlaşması, görmə sahəsində “həşəratlar”ın peyda olması, foto və metamorfopsiya, gözətrafı nahiyədə diskomfort qeyd olunur. Əsas diaqnostika metodları oftalmoskopiya, kontaktsız tonometriya, angioqrafiya və torlu qişanın optik koherent tomoqrafiyasıdır (OKT). Müalicə taktikası spazmolitiklər, plazmaəvəzedicilər, beta-adrenoblokatorlar, saluretiklər və karboanhidraza inhibitorlarının təyinindən ibarətdir.
Torlu qişanın angiospazmı barədə ümumi məlumat
Torlu qişanın angiospazmı – oftalmologiyada təxirəsalınmaz tibbi müdaxilə tələb edən vəziyyətdir. Statistikaya əsasən mərkəzi arteriyada qan dövranının kəskin pozulması 91,2% hallarda ürək-damar sisteminin patologiyaları fonunda yaranır. Onlardan daha sıx rastlananı (60%) ateroskleroz və arterial hipertenziyadır. 25-30% hallarda torlu qişa damarlarının spazmının etiologiyasını aydınlaşdırmaq mümkün olmur. Xəstəliyə istənilən yaş dövründə rast gəlinir, lakin tutmalar 40 yaşdan sonra izlənilir. Kişilər qadınlarla müqayisədə 2 dəfə çox xəstələnir. Patologiyaya hər yerdə rastlamaq olar.
Torlu qişanın angiospazmının səbəbləri
Xəstəliyin etiologiyası axıra qədər öyrənilməyib. Patologiyanın mənşəyi bəlli olmayan idiopatik formaları tez-tez müşahidə olunur. Uşaqlarda arteriyanın orta qatının spastik daralması vegetativ disfunksiyalar və periferik sinir sisteminin formalaşma xüsusiyyətləri ilə əlaqədar olur. Böyüklərdə gözün torlu qişasının angiospazmının inkişafı əsas səbəbləri aşağıdakılardır:
- Hipertoniya xəstəliyi – arterial təzyiqin yüksəlməsinə cavab olaraq damarlar, həmçinin gözün damarları reflektor olaraq daralır. Bu, damar divarlarının reseptorlarına pressor təsir edən ketaxolaminlərin ifrazı ilə əlaqəlidir.
- Şəkərli diabet – şəkərli diabetin dekompensasiya olunmuş formalarında xəstəliyin diabetik retiopatiya ilə ağırlaşma riski yüksəkdir. Bu patologiya angiospazm epizodları ilə tez-tez müşayiət olunur.
- Ateroskleroz – endotelin aterosklerotik zədələnmələri zamanı arterial təzyiq yüksəlir və perfuziya pozulur. Hipoksiyaya cavab olaraq TMA-nın əzələ qatı spastik yığılır.
- Zərərli vərdişlər – torlu qişanın arteriyalarının daralması – bu siqaret çəkənlərdə həddən artıq nikotinin, alkoqollu içkiləri həddən artıq qəbul edən insanlarda isə etil spirtinin təsirinin nəticəsidir. Bu maddələr damarların müvəqqəti daralmasına, sonradan isə genişlənməsinə (dilatasiya) səbəb olur.
- İntoksikasiya – karbon bisulfid və qurğuşun birləşmələrilə zəhərlənmə zamanı damar divarının tonusu yüksəlir. Belə reaksiyalar zərərli şəraitdə işləyənlər və uzun müddət intoksikasiyadan əziyyət çəkənlər üçün xarakterikdir.
Torlu qişanın angiospazmının patogenezi
Damar divarının orta qatının miositlərinin davamlı, kontrolsuz yığılmaları ion transportunun pozulması ilə əlaqəlidir. Kalsium ionlarının konsentrasiyasının artması, natrium və kalium ionlarının konsentrasiyasının azalması saya əzələ qatının tonusunu yüksəldir. Beləliklə, damarların mənfəzinin kəskin daralması nəticəsində yerli qan dövranı məhdudlaşır və ya tamamilə dayanır. Bu, ətraf toxumaların işemiyasına və torlu qişanın trofikasının pozulmasına gətirib çıxarır. Uzunmüddətli intoksikasiyalar zamanı angiospazm simpatik sinir sisteminin tonusunun artması nəticəsində inkişaf edir. Şəkərli diabet xəstələrində insulinə rezistentlik və damar divarının sərtliyi artır. Bunu, nəbz dalğasının tezliyinin artması da təsdiq edir.
Torlu qişanın angiospazmının simptomları
Patologiya üçün ikitərəfli, nadir hallarda birtərəfli zədələnmə xarakterikdir. Pasientlər gözlərinin önündə “duman” və “həşəratlar”ın peyda olmasından şikayətlənirlər. Qısamüddətli spazmda görmənin dumanlanması keçici xarakter daşıyır. Həmçinin görmədə meta- və fotomorfopsiya kimi təhriflər mümkündür. Nadir hallarda orbitdə zədələnmiş tərəfdə diskomfort əmələ gəlir. Tez-tez gicgah nahiyəsində pulsasiya hissi, başgicəllənmə, baş ağrıları meydana çıxır. Tutma dövrü keçdikdən sonra xəstənin ümumi vəziyyəti tamamilə normallaşır, görmə funksiyaları bərpa olunur. Ağır hallarda uzunmüddətli işemiya görmə itiliyinin geridönməz zəifliyinə gətirib çıxarır.
Torlu qişanın angiospazmının ağırlaşmaları
Uzunmüddətli angiospazm görmə itiliyinin kəskin, geridönməz zəifliyinə və ya tamamilə itirilməsinə səbəb olur. Tez-tez yaranan tutmalar güclü diskomforta və əmək qabiliyyətinin pozulmasına gətirib çıxarır. Belə ki, pasientlər növbəti epizodun inkişafını əvvəlcədən müəyyənləşdirə bilmirlər. Residivləşən angiospazm gözdaxili təzyiqin yüksəlməsinə səbəb olur. Xəstələrdə tədricən ikincili oftalmohipertenziya inkişaf edir. Arteriolların və kiçik arteriyaların periodik spastik daralmaları göz miqreninin kliniki mənzərəsinin inkişafına gətirib çıxarır. Lakin qısamüddətli arteriospazm tutmaları ağırlaşmalarsız gedir.
Torlu qişanın angiospazmının diaqnostikası
Torlu qişanın angiospazmının diaqnozu anamnez, obyektiv müayinə və əlavə diaqnostik metodların nəticələrinə əsasən qoyulur. Tutma zamanı konyunktivanın ödemi və hiperemiyası yarana bilər. Angiospazm epizodu keçdikdən sonra gözün ön seqmentinin vizual dəyişiklikləri aşkar olunmur. Diaqnozun qoyulması üçün aşağıdakı metodlardan istifadə olunur:
- Oftalmoskopiya –göz dibinin müayinəsi zamanı TMA-nın və onun kiçik kalibrli şaxələrinin kəskin daralaması görünür. Venalar doluqanlıdır. Görmə siniri diski tutma zamanı solğun-çəhrayı və ödemli olur. Makulyar və foveolyar refleks müəyyən olunmur.
- Kontaktsız tonometriya – angiospazm tutması gözdaxili təzyiqin yüngül dərəcəli yüksəlməsi ilə müşayiət olunur. Xəstəliyin simptomatikasını dəf etdikdən sonra oftalmotonus normallaşır. Əgər bu baş verməzsə, əlavə olaraq gözün elektron tonoqrafiyası aparılır.
- Torlu qişanın angioqrafiyası – müayinə flüoressensin sirkulyasiya xüsusiyyətlərinin öyrənilməsi sayəsində retinal damarların dəyişikliklərini aşkarlamağa imkan verir. Angiospazmlı pasientlərdə daxili hemoretinal baryer kontrast maddə üçün keçilməz olaraq qalır.
- Gözün torlu qişasının ОКТ-i– torlu qişanın mərkəzi nahiyəsinin skanında makulanın kəskin qalınlaşması qeyd olunur. Foveolyar çökəklik tamamilə düzləşir, torlu qişanın reaktivliyi azalır. Əyrinin forması atipik, yəni düzdür.
Torlu qişanın angiospazmının müalicəsi
Etiotrop müalicə işlənib hazırlanmayıb. Patogenetik müalicə işemiya nahiyəsində retinal qan dövranının bərpası məqsədilə spazma uğramış damarların genişlənməsinə yönəlir. Angiospazm simptomatikasını vaxtında dayandırmaq çox əhəmiyyətlidir; belə ki, mikrosirkulyasiyanın uzunmüddətli pozulması görmənin hissəvi və ya tam itirilməsinə gətirib çıxara bilər. Buna görə də göz dibinin müayinəsindən dərhal sonra venadaxili spazmolitiklər və plazmaəvəzedicilər təyin olunmalıdır. Müalicənin növbəti mərhələsində periferik vazodilatatorlarla (bendazol) və damargenəldici maddələrlə (drotaverin) elektroforez həyata keçirilir.
Gözdaxili təzyiqi azaltmaq məqsədilə saluretiklər və karboanhidraza inhibitorları istifadə olunur. Effekt olmadıqda retrobulbar sahəyə irriqasiya sistemləri təşkil olunur. Beta-adrenoreseptor blokatorlarının (pilokarpin, hidroxlorid, timolol) məhlullarının yeridilməsi göstərişdir. Patologiya sistemli arterial hipertoniya ilə müşayiət olunarsa, dərmanlar əzələdaxili inyeksiya olunur. Reseptor aparatın stimulyasiyası məqsədilə peptid biorequlyatorları istifadə olunur. Patologiyanın ağır gedişində M-xolinolitiklərin (atropin) retrobulbar yeridilməsi göstərişdir.
Torlu qişanın angiospazmının proqnoz və profilaktikası
Angiospazm zamanı proqnoz tutmanın xarakterindən asılıdır. Göz almasının TMA-nın kiçik şaxələrinin qısamüddətli daralması izsiz keçib gedir. Davametmə müddəti 15 dəqiqədən artıq olan vazospastik reaksiyalar proqnostik baxımdan əlverişsiz hesab olunur. Bu zaman torlu qişada geridönməz dəyişikliklər əmələ gəlir. Spesifik preventiv tədbirlər hazırlanmayıb. Qeyri-spesifik profilaktikaya arterial təzyiqin və qanda qlükozanın səviyyəsinin kontrolu, ateroskleroz zamanı statinlərin qəbulu, sənaye müəssisələrində zəhərli kimyəvi maddələrlə iş zamanı fərdi qoruyucu vasitələrdən istifadə aiddir.