Transverzit

Transverzit — köndələn çənbər bağırsağın iltihabi xəstəliyidir. Patologiya göbəkətrafı nahiyədə, qarnın yuxarı hissəsində ağrı, ishal və ya qəbizlik, dispepsiya ilə təzahür edir. Diaqnoz nəcisin bakterial əkilməsi və qurd yumurtalarına görə analizi, qarın boşluğunun USM, irriqoskopiya, kolonoskopiyanın nəticələri əsasında qoyulur. Müalicə məqsədilə mikrobəleyhinə preparatlar, antiparazitar vasitələr, pre- və probiotiklər, bağırsaq motorikasının requlyatorları, antihistaminlər, immunomodulyatorlar təyin olunur. Xoralı-destruktiv proseslər, bağırsaq anomaliyaları, şişlər cərrahi müalicəyə göstəriş sayılır.

Transverzit barədə ümumi məlumat

İzoləolunmuş transverzitə sərbəst formada nadir hallarda təsadüf olunur. Adətən xəstəlik yoğun bağırsağın total iltihabı (pankolit) çərçivəsində inkişaf edir. Əksər pasiyentlərdə patologiya xroniki gedişli olub, ikincili xarakter daşıyır – digər abdominal xəstəliklər fonunda yaranır. Transverzitin kəskin formalarına az rast gəlinir, onlar əsasən infeksion mənşəli olur. Xəstəlik çox vaxt yetkin şəxslərdə qeydə alınır, hər iki cinsin nümayəndələri arasında eyni tezliklə yayılır. Uşaqlarda transverzit anadangəlmə anomaliyalar və bağırsaq infeksiyaları nəticəsində formalaşır.

Transverzitin yaranma səbəbləri

Transverzitin inkişafı kolitin digər formalarının yaranmasında iştirak edən amillərin təsiri ilə bağlıdır. Köndələn çənbər bağırsağın iltihabına dizenteriya, salmonellyoz, iersinioz və digər bağırsaq infeksiyalarının törədiciləri ilə yoluxma, şərti-patogen floranın aktivləşməsi səbəb olur. Qidalanma pozğunluqları (eyni tip məhsulların, xüsusən kəskin yeməklər və un məmulatlarının qəbulu), qurğuşun, arsen, göbələklərlə zəhərlənmə, immunosupressiya, qida allergiyası, autoimmun proseslər transverzitin formalaşmasına təkan verir.

Risk qrupuna həmçinin bağırsaq disbiozu və xroniki qəbizlikdən əziyyət çəkən insanlar daxildir. Yuxarıda qeyd olunanlarla yanaşı klinik proktologiya sahəsinin mütəxəssisləri tərəfindən köndələn çənbər bağırsağın izoləolunmuş iltihabının yaranma ehtimalını yüksəldən bir sıra xəstəliklər və patoloji vəziyyətlər ayırd edilmişdir:

  • Yoğun bağırsağın anadangəlmə anomaliyaları. Selikli qişanın iltihabi adətən nəcis kütlələrinin bağırsağın məhz köndələn seqmentində ləngiməsi nəticəsində baş verir. Analoji hal dolixotrasverzum, Payra sindromu, aşağı çənbər bağırsağın aqanqliozu ilə səciyyələnən Hirşprunq xəstəliyində müşahidə edilir.
  • Köndələn çənbər bağırsağın ptozu. Yoğun bağırsağın köndələn seqmentinin enməsi sərbəst patoloji vəziyyət kimi və ya ümumi koloptozla əlaqədar meydana çıxa bilər. Bağırsağın normal anatomik vəziyyətinin pozulması nəticəsində transversitin inkişafına səbəb olan davamlı obstipasion sindrom əmələ gəlir.
  • Çənbər bağırsağın dalaq əyriliyi nahiyəsində perikolit. Yoğun bağırsağın sol anqulyar hissəsini dartan və ya fiksasiya edən bitişmələr nəcis kütlələrinin köndələn çənbər bağırsaqda normal hərəkətinə mane olur. Qalınlaşmış bağırsaq divarının motorikasının pozulması vəziyyəti daha da ağırlaşdırır.

Transverzitin patogenezi

Transverzitin inkişaf mexanizmi infeksion və qeyri-infeksion proseslərdə fərqli olur. Kəskin bağırsaq infeksiyalarında iltihab sürətlə inkişaf edir. Mikrobların ekzo- və endotoksinlərinin təsirindən selikli qişanın epitel qatı zədələnir. İltihab mediatorlarının ifrazı mikrosirkulyasiyanın pozulmasına, toxumaların oksigenlə təhcizatının zəifləməsinə, ödemin formalaşmasına səbəb olur. Patoloji dəyişikliklər motorikanın və suyun reabsorbsiyasının pisləşməsinə gətirib çıxarır. Prosesə yoğun bağırsağın əzələ və seroz qatları da qoşula bilər.

Xroniki koprostazla assosiasiyalı transverzitin patogenezi bağırsağın gərilməsinə və bərk konsistensiyalı nəcis kütlələri tərəfindən selikli qişanın zədələnməsinə əsaslanır. Belə hallarda iltihab ikincili xarakter daşıyır və çox vaxt yoğun bağırsağın disbiozu, şərti-patogen mikrofloranın aktivləşməsi ilə bağlı olur. İmmun reaktivlik dəyişdikdə bağırsaq divarının komponentlərinə qarşı autoanticisimlər və allergik reaksiyaların mediatorları zədələyici amil rolunu oynayır.

Transverzitin əlamətləri

Xəstəliyin klinik şəkli qeyri-spesifikdir. Simptomatika yoğun bağırsağın digər şöbələrinin zədələnmələrində olduğu kimidir. Transverzitin əsas əlamətlərinə abdominal ağrılar və defekasiya pozğunluğu aiddir. Ağrı adətən qarnın yuxarı hissəsində, göbəkətrafı nahiyədə lokalizasiya olunur, qida qəbulundan bir neçə saat keçdikdən sonra güclənir. Kəskin prosesdə nəcis ifrazının tezliyi gün ərzində 5-7 dəfəyə qədər çoxalır. Defekasiya zamanı az miqdarda selikli nəcis xaric olunur.

Transverzitin xroniki formaları əksər hallarda qəbizliklə müşayiət edilir. Xəstələrdə dispeptik əlamətlər: ürəkbulanma, qusma, gəyirmə meydana çıxır, yeməkdən sonra qarında köp yaranır. Ağırlaşmalar zamanı nəcisdə qan qarışığı izlənilir. İştahın azalması və qida maddələrinin sorulmasının pozulması nəticəsində bədən çəkisi itirilir. Pasiyentin vəziyyəti uzun müddət qənaətbəxş olur. Subfebril qızdırma, titrətmə və baş ağrıları iltihabın generalizasiyasından xəbər verir.

Transverzitin ağırlaşmaları

Transverzit zamanı bağırsağın selikli qişasında gedən destruktiv proseslər səthi eroziya və xoraların formalaşmasına gətirib çıxarır. İri qan damarlarının zədələnməsi massiv bağırsaq qanaxmaları ilə nəticlənə bilər. Bağırsaq divarının total nekrozunda perforasiya səbəbindən bağırsaq möhtəviyyatının qarın boşluğuna tökülməsi peritonitlə müşayiət olunur. Təcili tibbi yardım göstərilmədikdə həyat üçün təhlükəli vəziyyətlər – septiki şok, poliorqan çatışmazlığı yaranır.

Müalicə aparılmadıqda iltihabi proses yoğun bağırsağın qonşu hissələrinə yayılır, total kolit inkişaf edir. Belə hallarda qarında intensiv ağrılar, az miqdarda tez-tez təkrarlanan nəcis ifrazı – «rektal tüpürcək» müşahidə olunur. Kor bağırsağın və bauhin qapağının qalxan yolla iltihablaşması infeksiyalaşmış möhtəviyyatın nazik bağırsağa qayıtması, enteritin və izafi bakterial artım sindromunun inkişafı ilə bağlıdır.

Transverzitin diaqnostikası

Xəstəlik xarakterik klinik şəklə malik olduqda ilkin diaqnozun qoyulması heç bir çətinlik törətmir.  Lakin əksər hallarda transverzitin klinikası bağırsağın digər hissələrinin iltihabı ilə rast gəlindiyindən topik diaqnostika mürəkkəbləşə bilər. Xəstəliyin etiologiyasını və bağırsağın üzvi zədələnmələrinin dərəcəsini təyin etmək üçün bir sıra laborator-instrumental müayinələrdən istifadə olunur:

  • Nəcisin müayinəsi. Transverzitin əsas törədicilərini aşkar etmək məqsədilə (salmonella, şigella, eşerixiya) nəcisin bakterioloji əkilməsi icra olunur. Bununla yanaşı mikrobların antibiotiklərə həssaslığı yoxlanılır. Parazitat xəstəlikləri inkar etmək üçün nəcisin qurd yumurtalarına görə analizi məsləhət görülür.
  • Qarın boşluğu orqanlarının USM. Ultrasəs müayinə — çənbər bağırsağın patoloji dəyişikliklərini: selikli qişanın ödem və qalınlaşmasını, büküşlərin hamarlaşmasını vizualizasiya edən sadə, qeyri-invaziv müayinə üsuludur. Həmçinin USM vasitəsilə həzm traktının digər şöbələrinin vəziyyəti qiymətləndirilir.
  • Rentgenoloji müayinə. Bariumla kontrast rentgenoqrafiya və irriqoskopiya transverzitə xas olan dəyişiklikləri: bağırsağın konturlarının deformasiyasını, qaustrasiyaların hamarlaşmasını aşkarlayır. Selikli qişada destruktiv dəyişikliklər olduqda rentgenoqrammada barium məhlulunun toplanması aydın şəkildə görünür.
  • Yoğun bağırsağın endoskopiyası. Kolonoskopiya yoğun bağırsağın bütün şöbələrinin selikli qişasının vəziyyəti barədə məlumat verir. Transverzitin patoqnomik əlamətlərinə bağırsaq divarının hiperemiya və ödemi, səthi eroziyalar aiddir. Diaqnostika prosesində çətinliklər yarandıqda şübhəli sahələrdən toxuma nümunəsi götürülür və histoloji müayinəyə göndərilir.

Qanın ümumi analizində mülayim leykositoz, EÇS-nin yüksəlməsi müşahidə edilir. Qanın biokimyəvi müayinəsində C-reaktiv zülal və sial turşularının miqdarının artması rast gəlinir. Koproqrammada çoxlu miqdarda selik, leykosit və eritrositlər aşkarlanır. Transverzitin infeksion mənşəli olduğunu təsdiq etmək üçün seroloji reaksiyalar aparılır.

Transverzit ilk növbədə qeyri-spesifik xoralı kolitlə differensiasiya edilir. Kolonoskopiyanın nəticələri əsas diaqnostik meyar kimi götürülür: qeyri-spesifik xoralı kolitdə yoğun bağırsağın total zədələnməsi, dərin xoralar vizualizasiya olunur. Həmçinin transverzit zamanı neytrofillərin sitoplazmasına qarşı spesifik anticisimlər aşkarlanmır. Pasiyentin müayinəsi proktoloq, infeksionist və cərrahın birgə iştirakı ilə keçirilir.

Transverzitin müalicəsi

Müalicə taktikası kəskin və xroniki kolitli xəstələrin müalicə prinsiplərinə uyğun tərtib olunur. Həkimin başlıca məqsədi iltihabi prosesi aradan qaldırmaqdan və nəcisin bağırsaqda hərəkətini bərpa etməkdən ibarətdir. Konservativ medikamentoz terapiya pəhrizlə birgə aparılır. Xəstələrə kiçik porsiyalarla tez-tez qidalanma (gün ərzində 4-6 dəfədən az olmayaraq) və məhsulları seçərkən ishal və yaxud qəbizliyin nəzərə alınması məsləhət görülür. Transverzitin müalicə sxeminə aşağıdakı qrup preparatlar daxildir:

  • Antibiotiklər. İnfeksion mənşəli iltihabi proseslərdə sulfanilamidlər, geniş təsir spektrinə malik antibiotiklər qəbul edilir. Transverzit qurd invaziyaları ilə bağlı olduqda antiparazitar vasitələrin tətbiqi göstəriş sayılır.
  • Pre- və probiotiklər. Bağırsaq biosenozunun bərpası patogen floranın inhibə edilməsi, nəcis kütlələrinin kimyəvi tərkibinin yaxşılaşdırılması, iltihabın azaldılması ilə birgə aparılır. Transverzitin terapiyasında həm bakteriya kulturaları, həm də onlar tərəfindən fermentasiya olunmuş qida komponentlərindən istifadə edilir.
  • Bağırsaq motorikasının requlyatorları. Davamlı qəbizlikdən əziyyət çəkən pasiyentlərə müxtəlif qrup işlədici vasitələr (osmotik, qıcıqlandırıcı, yumşaldıcı preparatlar və s.) təyin edilir. İshal hallarında piperidinin sintetik törəmələri, büzücü xüsusiyyətlərə malik fitopreparatlar, adsorbentlər məsləhət görülür.

Transverzitin etiologiya və patogenezindən asılı olaraq, prokinetiklər, miotrop spazmolitiklər, mesalazinin törəmələri, bağırsaq epitelini bərpa edən preparatlar, antihistamin vasitələr tətbiq edilə bilər. Qəbizlik zamanı müalicə əksər hallarda parafin və palçıq applikasiyaları, digər termoprosedurlar, MBT, bağırsağın masajı ilə tamamlanır. Xoralı-nekrotik transverzit, anadangəlmə anomaliya və neoplaziyalar soltərəfli hemikolektomiyaya, çənbər bağırsağın rezeksiyasına göstəriş sayılır.

Transverzitin proqnoz və profilaktikası

Xəstəliyin sonluğu onun davametmə müddətindən və aparılan müalicədən asılıdır. Kəskin transverzitin ağırlaşmamış formalarının proqnozu qənaətbəxş olur. Yoğun bağırsağın xroniki iltihabında geridönməyən struktur dəyişiklikləri formalaşa bilir.

Xəstəliyin qarşısını almaq üçün qidalanma rejiminə riayət olunmalı (bitki tərkibli qida liflərinin qəbulu artırılmalı), defekasiya aktının müntəzəmliyinə diqqət yetirilməlidir. İkincili profilaktika həzm traktı xəstəliklərinin erkən diaqnostika və müalicəsindən ibarətdir.

error: Content is protected !!