Travmatologiya və Ortopediya

Travmatologiya və ortopediya– tibbin bir-birilə sıx əlaqədə olan bölmələridir. Travmatologiya dayaq-hərəkət aparatının (sümük, bağ, oynaq, əzələ və vətərlər) zədələnmələri, həmçinin onların diaqnostikası və müalicəsi ilə məşğul olan tibb sahəsidir.  Ortopediya isə dayaq hərəkət sisteminin  travma, anadangəlmə inkişaf qüsurları və ya xəstəlikləri nəticəsində yaranan funksional dəyişikliklərin, deformasiyaların profilaktika, diaqnostika və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Bu 2 sahə bir-birilə sıx əlaqəlidir.    

Günümüzdə travmatologiyanın rolu daim artmaqdadır. Dayaq-hərəkət sisteminin zədələnmələri daha çox yol-nəqliyyat, məişət, istehsalat və idman mənşəli olur. Onların ağırlıq dərəcəsi travmanın mexanizmindən – insan orqanizmində dəyilən zərərdən asılıdır. 

Müasir dövrümüzdə tibbin bir çox sahələri kimi  travmatologiya da xeyli inkişaf etmişdir. Hazırda travmatologiyada müxtəlif növ cərrahi metodlar geniş tətbiq edilir. Osteosintezin texnikasının (sınıqların müxtəlif konstruksiyalarla fiksasiyası) ilbəil təkmilləşməsi hesabına artıq sınıqlar  təhlükəli ağırlaşmalar (yataq yarası, pnevmoniya, trombemboliya) olmadan qısa müddətdə sağalır. Bundan əlavə kontrakturaların (oynaqların hərəkətinin məhdudlaşması) inkişafına yol verilmir.  

Travmatologiya-ortopediyada müasir texnologiyalardan aktiv şəkildə istifadə edilir. Mikrocərrahiyyə metodları ilə qopmuş barmaqlar tikilir. Oynaqlar üzərində endoskopik aparatlarla əməliyyatlar icra olunur. Oynaqların endoprotezlənməsi (dağılmış oynağın bioloji uyğunluğa malik protezlə əvəzlənməsi) uğurla həyata keçirilir.  

Müasir cərrahi texnika ilə yanaşı ortopediyada klassik konservativ üsullar: masaj, manual terapiya, müalicəvi idman və fizioterapiya da geniş tətbiq edilməkdədir.   

error: Content is protected !!