Trikuspidal çatışmazlıq
Trikuspidal çatışmazlıq – sistola fazasında üçtaylı qapağın taylarının kip qapanmaması nəticəsində qanın mədəcikdən qulaqcığa geriyə axını ilə səciyyələnir. Trikuspidal çatışmazlıq zamanı halsızlıq, mülayim təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar meydana çıxır; sianoz və ürək çatışmazlığı inkişaf edir. Diaqnoz EKQ, rentgenoqrafiya, ExoKQ, ürəyin kateterizasiyası, vidaci venanın fleboqrafiyası, ventrikuloqrafiyanın nəticələrinə əsasən qoyulur. Trikuspidal çatışmazlığın simptomatik müalicəsi ürək çatışmazlığı, ağciyər hipertenziyasının azaldılmasına, bakterial endokarditin profilaktikasına yönəldilir; radikal cərrahi korreksiya üçtaylı qapağın plastika və protezlənməsindən ibarətdir.
Trikuspidal çatışmazlıq barədə ümumi məlumat
Trikuspidal çatışmazlıq – ürəyin sağ şöbələrinin qüsuru olub, atrioventrikulyar dəliyin üçtaylı qapaqla tam bağlanmaması ilə xarakterizə edilir, bu da qanın sağ mədəcikdən sol qulaqcığa patoloji sistolik requrgitasiyası ilə müşayiət olunur. Revmatik etiologiyalı qazanılmış ürək qüsurları arasında trikuspidal çatışmazlığa 15-30% hallarda rast gəlinir. Kardiologiyada ExoKQ nəticələrinə əsasən I dərəcəli trikuspidal çatışmazlıq hətta praktik sağlam şəxslərdə aşkarlanır.
Trikuspidal çatışmazlıq digər anadangəlmə ürək qüsurları: qulaqcıqlararası çəpər qüsuru, açıq oval pəncərə, magistral damarların korreksiya olunan transpozisiyası ilə birgə müşahidə oluna bilər. Trikuspidal stenoz və ya çatışmazlıq müştərək mitral-aortal-trikuspidal qüsurun tərkibinə daxil ola bilər.
Trikuspidal çatışmazlığın yaranma səbəbləri
Anadangəlmə trikuspidal çatışmazlığa Ebşteyn anomaliyası, qapaq taylarının natamam inkişafı və ya say anomaliyası, Marfan və Elers-Danlos sindromlarında birləşdirici toxumanın displaziyası səbəb ola bilər. Üçtaylı qapağın qazanılmış birincili çatışmazlığına daha çox rast gəlinir. Trikuspidal çatışmazlığın ən geniş yayılmış səbəbi revmatizmdir. Residivləşən revmatik endokardit tayların qalınlaşma və büzüşməsi, vətər tellərinin qısalma və qalınlaşmasına gətirib çıxarır. Formalaşan trikuspidal çatışmazlıq əksər hallarda sağ qulaqcıq-mədəcik dəliyinin stenozu ilə müşayiət olunur (müştərək trikuspidal qüsur).
Revmatizm mənşəli izoləolunmuş trikuspidal çatışmazlıq çox nadir hallarda müşahidə edilir. Trikuspidal çatışmazlığın nisbətən az rast gəlinən səbəblərinə papillyar əzələlərin travmatik cırılması, karsinoid sindrom (yumurtalıqların, nazik bağırsağın xərçəngi, ağciyərlərin bronxogen xərçəngi), narkomanların infeksion endokarditi aiddir.
İkincili trikuspidal çatışmazlıq dilatasion kardiomiopatiya, ağır dərəcəli ağciyər hipertenziyası zamanı fibroz həlqənin dilatasiyası; ağciyər ürəyi, xroniki ürək çatışmazlığı, miokarditlər, miokardiodistrofiyalarda sağ mədəcik miokardının zəifləməsi ilə bağlı ola bilər. Trikuspidal çatışmazlıq mitral qüsurların 90%-nin, əsasən mitral stenozun gedişini ağırlaşdırır. İkincili trikuspidal çatışmazlığın inkişafına sağ mədəcik miokardının infarktında papillyar əzələlərin cırılması səbəb ola bilər. Yenidoğulmuşlarda trikuspidal çatışmazlığın tranzitor çatışmazlığı dölün hipoksiyası, asidoz və hipoqlikemiya ilə əlaqədar sağ mədəciyin işemik disfunksiyası zamanı qeydə alınır. Üçtaylı qapağın çatışmazlığı mitral komissurotomiyadan sonra inkişaf edə və ya proqressivləşə bilər.
Trikuspidal çatışmazlığın təsnifatı
Etioloji pronsiplərə əsasən anadangəlmə və qazanılmış, birincili (üzvi) və ikincili (funksional) trikuspidal çatışmazlıqlar ayırd edilir. Üzvi çatışmazlığa tayların deformasiya, büzüşmə, kirəcləşməsi, funksional çatışmazlığa isə qapaq aparatının (papillyar əzələlər, vətər xordaları, fibroz həlqənin) səbəb ola bilər.
ExoKQ vasitəsilə təyin olunan requrgitasiyanın ifadəliliyi nəzərə alınmaqla trikuspidal çatışmazlığın 4 dərəcəsi qeyd olunur:
- I –hemodinamik dəyişikliklər törətməyən minimal requrgitasiya;
- II – üçtaylı qapaqdan 2 sm məsafədə qanın geriyə axını;
- III – üçtaylı qapaqdan 2 sm-dən artıq məsafədə requrgitasiya;
- IV – sağ mədəcik boşluğunun xeyli hissəsində müşahidə edilən ifadəli requrgitasiya.
Trikuspidal çatışmazlıq zamanı hemodinamikanın xüsusiyyətləri
Trikuspidal çatışmazlıq sağ mədəciyin sistolası zamanı qanın bir hissəsinin sağ qulaqcığa qayıtması ilə müşayiət olunur. Sağ qulaqcığa qan eyni zamanda boş venalardan da daxil olur. Cüzi trikuspidal çatışmazlıq ürəyin sağ şöbələrinin hiperfunksiyası ilə kompensə olunur, bu da onların genişlənmə və hipertrofiyasına gətirib çıxarır. Sağ qulaqcığın kompensator imkanlarının məhdudluğu ilə əlaqədar tez bir zamanda böyük qan dövranında venoz durğunluq yaranır.
İfadəli trikuspidal çatışmazlıq və iri həcmli requrgitasiya zamanı nəinki sağ qulaqcığın, həm də sistem venalarının, ilk növbədə qaraciyər və vidaci venaların qanla həddindən artıq dolması baş verir. Yüksək venoz təzyiq iri venaların sistolik pulsasiyasına səbəb olur. Sağ qulaqcıqda sistolik təzyiq 10—25 mm cv. süt.-na qədər yüksəlir (normada təxminən 3 mm cv. süt.); həmçinin sağ mədəcikdə də diastolik təzyiq yüksəlir. Sağ qulaqcığın ifadəli dilatasiyası onun trombozu, AATE (ağciyər arteriyasının tromboemboliyası) və qulaqcıqların fibrillyasiyası ilə müşayiət olunaraq, qan dövranının dekompensasiyası və xəstənin ölümünə gətirib çıxara bilər.
Trikuspidal çatışmazlığın əlamətləri
Anadangəlmə trikuspidal çatışmazlığı olan südəmər körpələrdə ağır ürək çatışmazlığı və sianoz aşkarlanır. 25% hallarda trikuspidal çatışmazlığın ilkin əlaməti mədəciküstü taxikardiya (Ebşteyn anomaliyasının WPW sindromu ilə müştərəkliyi zamanı) və ya qulaqcıqların fibrillyasiyası olur.
Bir qədər yuxarı yaşlarda xəstələr halsızlıq, minimal yüklənmə zamanı tez yorulma, təngnəfəslik, ürəkdöyünmə, kardial ağrılar, qanhaxırma, sağ qabırğaaltı nahiyədə ağırlıq, dispeptik əlamətlərdən (ürəkbulanma, qusma, meteorizm) şikayət edir. Böyük qan dövranında durğunluq yarandıqda periferik ödemlər, hidrotoraks, assit, hepatomeqaliya izlənilir.
Baxış zamanı üzün şişkinliyi, üz və bədənin distal hissələrinin dərisinin göyümtül-sarı rəngdə olması, boyun venalarının, döş qəfəsinin ön hissəsinin və böyümüş qaraciyərin pulsasiyası aşkar edilir. Portal hipertenziya nəticəsində mədə-bağırsaq qanaxmaları baş verə bilər. Trikuspidal çatışmazlığı olan qadınlarda hamiəlik hestoz, fetoplasentar çatışmazlıq, vaxtından əvvəl doğuşla ağırlaşa bilər.
Trikuspidal çatışmazlığın diaqnostikası
Auskultativ müayinədə xəncərəbənzər çıxıntı nahiyəsin və V-VII qabırğalararası sahədə döş sümüyünün sol kənarı boyunca dərin nəfəsalma anında güclənən sistolik küy, eləcə də yanaşı gedən qüsurlarla bağlı digər akustik fenomenlər müəyyən edilir. Trikuspidal qapağın prolapsında «çırpılan yelkən» səsləri eşidilir. Perkussiyada ürəyin nisbi kütlüyünün sərhədlərinin sağa doğru dəyişməsi aşkar edilir.
Trikuspidal çatışmazlıq zamanı instrumental diaqnostika döş qəfəsinin polipozision rentgenoqrafiyası, qida borusunun kontrastlaşdırılması ilə ürəyin rentgenoqrafiyası, fonokardioqrafiya, EKQ, doppler müayinə ilə ExoKQ, ürəyin sağ şöbələrinin zondlanması, ventrikuloqrafiya, vidaci venanın fleboqrafiyası ilə aparılır.
EKQ-məlumatlar ürəyin sağ kameralarının hipertrofiya və yüklənməsi, ürəyin ritm və keçiriciliyinin pozulmasına (paroksizmal taxikardiya, səyrici aritmiya, AV-blokada) dəlalət edir. Trikuspidal çatışmazlığın fonokardioqrafik əlamətlərinə qapağın proyeksiyasında I tonun amplitudunun azalması, lentşəkilli sistolik küy aiddir. Rentgenoloji müayinədə kiçik qan dövranında durğunluq əlamətləri olmadıqda qapı venalarının, eləcə də sağ qulaqcıq və mədəciyin kölgələrinin genişlənməsi müəyyən edilir.
Ürəyin USM zamanı ürəyin sağ şöbələrinin dilatasiyası və divarlarının hipertrofiyası, üçtaylı qapağın deformasiyası (revmatizm xəstəliyində), fibroz həlqənin genişlənməsi (ikincili trikuspidal çatışmazlıq zamanı), taylarda vegetasiyanın olması (bakterial endokarditdə), qapaq taylarının yerdəyişməsi (Ebşteyn anomaliyasında), yanaşı gedən anadangəlmə ürək qüsurları və s. aşkarlanır. Qan şırnağının sağ qulaqcığa nəzərən sahəsininə görə requrgiyasiyanın ağırlığı müəyyən edilir.
Vidaci venanın fleboqramması hündürlüyü trikuspidal requrgitasiyanın dərəcəsindən asılı olan ifadəli V dalğaları ilə xarakterizə olunur. Sağ ventrikuloqrafiya zamanı qanın requrgitasiyası qeydə alınır, əlavə anomaliyalar inkar edilir. Ürəyin sağ şöbələrinin zondlanması sağ qulaqcıq, mədəcik, ağciyər arteriyasında təzyiqi təyin etməyə, arterial hipertenziyanın geri dönən olmasını müəyyənləşdirməyə, trikuspidal çatışmazlığın cərrahi müalicəsini planlaşdırmağa imkan verir.
Trikuspidal çatışmazlığın müalicəsi
Trikuspidal çatışmazlıq zamanı konservativ taktika palliativ xarakter daşıyır, ürək çatışmazlığı və ağciyər hipertenziyası ilə mübarizəyə yönəldilir. Xəstələrə diuretiklər, venoz vazodilatatorlar, APF inhibitorları, ürək qlikozidləri, metabolik preparatlar, antikoaqulyantlar təyin edilir. Hidrotoraks zamanı plevral punksiya və drenajlama, qarın boşluğunda ekksudatın toplanması zamanı isə laparosentez aparılır.
I dərəcəli trikuspidal çatışmazlıq zamanı cərrahi müalicə tələb olunmur. II-IV dərəcəli trikuspidal çatışmazlıqlarda hemodinamik əhəmiyyətli pozğunluqlar kardiocərrahi müdaxilənin aparılmasına göstərişdir. Trikuspidal çatışmazlıq zamanı qapağın plastikası və bioloji və ya süni protezlə protezlənməsi həyata keçirilir. İnfeksion endokardit, qapağın kobud struktur dəyişiklikləri, annuloplastikanın qeyri-effektiv olduğu hallarda protezlənməyə üstünlük verilir.
Trikuspidal çatışmazlığın cərrahi müalicəsi protez endokarditi, bioloji protezin degenerasiyası, süni protezin tromboz və ya kalsinozu, AV-blokada riski ilə müşayiət olunur.
Trikuspidal çatışmazlığın proqnoz və profilaktikası
Trikuspidal çatışmazlığın təbii gedişini ağırlaşdıran amillərə qapağın üzvi dəyişiklikləri, digər ürək qüsurları, ağır qan dövranı çatışmazlığı aiddir. Xəstələr adətən proqressivləşən ürək çatışmazlığı, pnevmoniya, ağciyər emboliyası səbəbindən həyatını itirir. İkincili trikuspidal çatışmazlığın inkişafı qeyri-qənaətbəxş proqnostik əlamət sayılır.
5 illik sağqalma ehtimalı annuloplastikadan sonra 70%, protezlənmədən sonra isə 62-66% təşkil edir. Trikuspidal qapağı süni protezlə əvəz olunan xəstələrə dolayı təsirli antikoaqulyantların qəbulu, infeksion endokarditin profilaktikası göstərişdir.
Trikuspidal çatışmazlığın profilaktikası nisbi qapaq çatışmazlığının qarşısını almaq üçün əsas xəstəliyin müalicəsi, revmatizmin residivlərinin qarşısının alınması, kardioloq və kardiocərrahın sistematik müşahidəsindən ibarətdir.