Trixoloq

Trixoloq – saç və baş dərisi xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olan dermatoloqdur. Bu mütəxəssis saçın xarici görünüş və vəziyyəti ilə bağlı problemləri həll edir. Bura saç tökülməsi, parlaqlığın itməsi, yağlılıq və yaxud əksinə, quruluq, erkən ağarma aiddir. Saçın estetik görünüşünün itirilməsindən əlavə dazlaşma, kəpək, baş dərisinin qaşınması hallarında da trixoloqun konsultasiyası tələb olunur. Trixoloq saç xəstəliklərinin səbəblərini üzə çıxararaq, onları aradan qaldırır. 

Trixoloqun konsultasiyası necə keçir?

İlkin konsultasiya zamanı trixoloq pasiyentin şikayətlərini dinləyir, narahatlıqların davamiyyəti, dinamikası, yaxın qohumlarda analoji pozğunluğun rast gəlinməsi ilə maraqlanır. Xəstədən xroniki patologiyalar və stress keçirməsi, eləcə də qidalanma tərzi, saçlara qulluq barədə soruşur.  

Növbəti mərhələdə trixoloq baş dərisinə və saçlara ümumi baxış keçirir. Bir sıra hallarda saç və dərinin dəyişiklikləri dəqiq xarakter daşıyır. Belə olduqda trixoloq ilkin konsultasiya zamanı diaqnoz qoyur.  

Adətən ilkin gəlişdə baş dərisi və saçların vəziyyətinin kompüter diaqnostikası aparılır. Bu yolla adi gözlə görünməyən problemlər üzə çıxarılır. Trixoloq saç problemlərinin daxili orqan xəstəlikləri ilə bağlı olmasından şübhələndikdə, qastroenteroloq, endokrinoloq, immunoloq, nevroloq və yaxud allerqoloqun konsultasiyasına ehtiyac yaranır.

Müayinə zamanı trixoqramma, fototrixoqramma və ya dermatoskopiya tələb oluna bilər. Sadalanan üsullar saç və dərinin vəziyyətini obyektiv göstəricilərə əsasən qiymətləndirməyə imkan verir. 

Trixologiyada laborator üsullar arasında saçın mikroelemetlərə görə spektral analizi mühüm əhəmiyyət daşıyır. Belə ki, müxtəlif saç problemlərinin kökündə bu və ya digər mineral maddənin çatışmazlığı dayana bilər.

Peşəkar konsultasiya və dəqiq diaqnostika sayəsində optimal müalicə sxemi tərtib olunur. Onun sayəsində mövcud problem aradan qaldırılır. 

Trixoloqun müalicəsi

Trixoloq konsultasiya ilə yanaşı, diaqnostik və müalicəvi tədbirləri sərbəst şəkildə həyata keçirir. Trixologiyada aşağıdakı müalicə yollarından istifadə olunur:

  • inyeksion prosedurlar (ozonoterapiya, mezoterapiya)
  • aparatla müalicə (US-terapiya, darsonvalizasiya, krioterapiya, elektrostimulyasiya, qalvanik pilinq, mikroionizasiya və s.)
  • baş dərisinə xüsusi vasitələrin sürtülməsi  
  • başın tüklü hissəsinin masajı.  

Həmçinin konsultasiya prosesində trixoloq pasiyentə fitoterapevtik preparatlar, bioloji aktiv əlavələr, vitamin-mineral kompleksləri təyin edə bilər. Ev şəraitində saça qulluq üçün müalicəvi vasitələrin seçilməsi ilə bağlı məsləhətlər verir.  

Dərman terapiyasına tabe olmayan vəziyyətlərdə saç əkilməsi proseduru tövsiyə edilir.

error: Content is protected !!