Tutqun üz dərisi
Tutqun üz dərisi – dərinin qeyri-sağlam rəngi (solğun, bozumtul) ilə xarakterizə olunur. Bu, hər zaman dərinin yaşlanması ilə bağlı olmayıb, sağlam həyat tərzi keçirməyən və ya müxtəlif patologiyalardan əziyyət çəkən cavanlarda da rast gəlinə bilər. Tutqun dəri bir qayda olaraq, quruluq və həssaslıqla müşayiət olunur. Bu kosmetik problemin həlli zərərli vərdişlərdən imtina edilməsini, ev şəraitində və peşəkarlar tərəfindən sağlamlaşdırıcı tədbirlərin aparılmasını tələb edir. Tutqun dəri ilə mübarizədə pilinq, biorevitalizasiya, mezoterapiya, ultrafonofarez, masaj və s. üsullar tətbiq oluna bilər.
Tutqun üz dərisi barədə ümumi məlumat
Tutqun dəri – meqapolis sakinlərinin ən geniş yayılmış kosmetik problemidir. Bu yolla dəri hüceyrələri qida maddələri, nəmlik və oksigenin çatışmazlığı barədə «həyəcan siqnalı» verir. Əksər qadınlar üzün solğun rəngini makiyajla gizlətməyə çalışır, lakin bu, xarici görünüşü daha da korlayır. Müasir kosmetologiya tutqun dərinin parlaqlığını qaytaran müxtəlif üsullar təklif edir.
Tutqun üz dərisinin səbəbləri
Dərinin sağlamlığı və xarici görünüşü onun nəmlik səviyyəsi və yerli qan dövranının vəziyyətindən asılıdır. Tutqun üz dərisi qeyri-düzgün həyat tərzinin nəticəsi hesab olunur. Yuxu azlığı, ağır pəhriz, hipodinamiya, zərərli vərdişlər, həddindən artıq qaralma üz dərisinin vəziyyətinə mənfi təsir göstərir. Xroniki yuxusuzluq zamanı dəri gecə saatlarında bərpa olunmağa vaxt tapmır, nəticədə dəri solğunlaşır, hüceyrələrin erkən yaşlanma prosesi işə düşür. Qidalanmada məhdudiyyətlər yeni hüceyrələr üçün «tikinti materialı» sayılan qidalı maddələr, vitamin və mineralların çatışmazlığına gətirib çıxarır. Uzun müddət bir pozada oturmaq (məsələn, kompüter arxasında) boyun-yaxalıq nahiyəsinin əzələlərinin gərginlik və spazmına səbəb olur, bununla əlaqədar boyun və baş hissədə qan dövranı pozulur. Bütün bu proseslər dərinin xarici görünüşündə öz əksini tapır – üz dərisi cansız və tutqun olur.
Uzun müddətli qaralma (günəş vannaları və ya solyari) su ehtiyatının pozulmasına, dərinin elastikliyinin itirilməsinə və fotoyaşlanmasına, hiperpiqmentasiyaya gətirib çıxarır. Bu səbəbdən ultrabənövşəyi şüalanmaya məruz qalan dəri solğun və yorğun görünür. Dəriyə qeyri-düzgün qulluq və ya ətraf mühitin qeyri-qənaətbəxş vəziyyəti də dərinin rənginin tutqunlaşmasına təsir edir. Əbəs yerə deyil ki, bu kosmetik problem tüstü və zərərli qaz qarışıqlarının bol olduğu şəhərlərdə daha aktualdır.
Qışda aşağı temperatur, soyuq külək, ev və ofislərdə havanın quruluğu, günəş şüalarının azlığı və avitaminoz dəriyə neqativ təsir edir. Bununla əlaqədar yazın başlanğıcında dərinin rənginin tutqunlaşmasını müşahidə edirlər. Üzun qeyri-sağlam dərisi ölü hüceyrələr və toz yığını ilə də bağlı ola bilər. Yağlı dəri tipi çirklənməyə daha çox məruz qalır. Bununla yanaşı yaş artdıqca epidermisin regenerasiyası zəifləyir, buynuzlaşmış hüceyrələrın ayrılması ləngiyir, nəticədə üz dərisi tutqunlaşır.
Siqaret çəkən insanlar üçün erkən qırışlar, dərinin quruluğu və boz rəngi, yanaqların sallanması, dərin burun-dodaq büküşləri xarakterikdir. Siqaret tüstüsünün tərkibinə daxil olan toksiki maddələr kapilyarların spazmına səbəb olur. Siqaretdən istifadə zamanı qanda karbon oksidin miqdarı kəskin yüksəlir. Bu proseslərlə bağlı üz dərisinin qan təhcizatı pozulur, oksigen və qida maddələrinin çatışmazlığı yaranır. Beləliklə, siqaret çəkmə dərinin quruluşunun dəyişilməsinə gətirib çıxarır: dəri quruluyur, boşalır, tutqun rəng alır, erkən yaşlanır.
Bəzi hallarda tutqun üz dərisi müəyyən patologiyalarla bağlı ola bilər. Belə ki, quru və bozumtul dəri, dırnaqların kövrəkliyi və saçların tökülməsi hipotireozun əlamətlərindəndir. Dərinin vəziyyəti və rənginin dəyişməsinə MBT xəstəlikləri (xolesistit, pankreatit, qəbizlik, disbakterioz), onurğanın boyun şöbəsinin osteoxondrozu, menopauza və s. səbəb olur.
Tutqun üz dərisinin xarakteristikası
Sağlam dəri gözəlliyin əsasını təşkil edir. Normada dəri çəhrayı rəngə, hamar səthə və elastikliyə malik olur. Onun üzərində hər hansı bir kosmetik qüsurlara: piqment ləkələri, sızanaqlar, iltihab sahələri, damar ulduzcuqlarına rast gəlinmir.
Dərinin vəziyyəti müxtəlif amillərin təsirindən dəyişə bilər. Tutqun üz dərisi bozumtul rəngli və kələ-kötür olur. Əksər hallarda bu kosmetik problem gözaltı kölgələr, genişlənmiş məsamələr, piqmentasiya, qabıqlanma, dərinin yüksək həssaslığı ilə müşayiət olunur. Tutqun dəri insana yorğun və qeyri-sağlam görünüş verir. Adətən qadınlar dərinin rəngini tonal krem, kirşan, ənliklə gizlətməyə çalışır, lakin bu, problemi həll etmir, əksinə daha da dərinləşdirir.
Tutqun üz dərisinə sahib olan insanlar mütləq dermatokosmetoloqa, ehtiyac yarandıqda isə digər mütəxəssislərə (endokrinoloq, qastroenteroloq) müraciət etməli, tibbi müayinələrdən keçməlidir (qalxanabənzər vəzi, qarın boşluğu orqanlarının USM, qanın biokimyəvi analizi və s.). Üzün tutqun rənginin yaranma səbəbinin təyini dərinin vəziyyətini yaxşılaşdıran optimal üsulların seçilməsinə kömək edir.
Tutqun üz dərisinə qulluq
Həyat tərzini dəyişmək və dəriyə düzgün qulluq etməklə üzün sağlam və parlaq görünüşünü qaytarmaq mümkündür. İlk növbədə gündəlik rejim normaya salınmalı (adekvat yuxu və istirahət rejimi, hərəki aktivliyin artırılması, təmiz havada gəzintilər və s.), qida rasionu balanslaşdırılmalı və vitaminləşdirilməli, zərərli vərdişlərdən imtina edilməlidir. Üz üçün kremlər və kosmetik vasitələr yaş və dəri tipi nəzərə alınmaqla seçilməli, isti havalarda dəri SPF kremlərlə günəş şüalarından qorunmalıdır. Ev şəraitində dəriyə qulluq onun təmizlənmə, tonuslanma və nəmləndirilməsindən ibarətdir. Tutqun üz dərisinə malik olan insanlar krem-skrabla həftədə minimim 1 dəfə epidermisin dərin eksfoliasiyasını yerinə yetirməlidir. Bu prosedur dərini ölmüş hüceyrələr, artıq piy qatı və çirklənmələrdən azad edir. Təmizlənmə prosesi üzə qidalandırıcı maskanın çəkilməsi ilə tamamlanmalıdır.
Tutqun üz dərisinin aradan qaldırılmasında kosmetoloji prosedurlar əvəzsiz rol oynayır. Belə hallarda qadınlara səthi kimyəvi pilinq (meyvə turşuları, qlikol, enzimlərlə), ultrasəs və maye-qaz pilinqi, üzün masajı, xüsusi kosmetik vasitələrdən istifadə etməklə qulluq prosedurları təklif olunur. Bu üsullarla dərinin tonu və relyefi hamarlaşır, tonus və elastikliyi artır. Boyun-yaxalıq zonasının masajı həmin nahiyələrdə əzələlərin gərginliyini azaldır.
Tutqun üz dərisi ilə mübarizədə ozonoterapiya kursu effektivdir: prosedur zamanı hüceyrələr oksigenlə zənginləşir, dərinin normal tənəffüsü bərpa olunur. Plazmoliftinq dərinin vəziyyətini onun öz ehtiyatları hesabına yaxşılaşdırır. Mezoterapiya və biorevitalizasiya dərini qidalı maddələrlə zənginləşdirir, onun nəmlik səviyyəsini normallaşdırır. Tutqun dəri problemini fotocavanlaşdırma və ya fraksion fototermolizlə həll etmək mümküdür, bu üsulların köməyilə dəri yenilənir və cavanlanır.