Ürək anevrizması

Ürək anevrizması – ürək kamerasının miokardının bir hissəsinin nazilməsi və qabarmasıdır. Təngnəfəslik, ürəkdöyünmə, ortopnoe, ürək astması tutmaları, ürək ritminin ağır pozğunluqları, tromboembolik ağırlaşmalarla təzahür edə bilər. Xəstəliyin diaqnostikasında EKQ, ExoKQ, döş qəfəsinin rentgenoqrafiyası, ventrikuloqrafiya, KT, MRT-dən istifadə olunur. Ürək anevrizmasının müalicəsi cərrahi yolla aparılır: anevrizma kisəsi kəsilir, ürək əzələsinin qüsuru tikilir.

Ürək anevrizması barədə ümumi məlumat

Ürək anevrizması – miokardın nazilmiş divarının lokal qabarması olub, onun patoloji dəyişilmiş hissəsinin yığılma qabiliyyətinin kəskin azalması və ya tamamilə itməsi ilə müşayiət edilir. Kardiologiyada ürək anevrizması miokard infarktı keçirmiş pasiyentlərin 10-35%-də aşkarlanır; kəskin və ya xroniki ürək anevrizmalarının 68%-i 40-70 yaşlı kişilərdə qeydə alınır. Ürək anevrizması əsasən sol mədəciyin divarında, az hallarda isə mədəciklərarası çəpərdə və ya sağ mədəcikdə formalaşır. Ürək anevrizmasının diametri 1-20sm arasında dəyişir. Anevrizma nahiyəsində miokardın yığılma qabiliyyətinin pozulması akineziya (yığılma qabilliyyətinin olmaması) və diskineziya (anevrizma divarının sistolada qabarması, diastolada isə enməsi) şəklində gedir.

Ürək anevrizmasının yaranma səbəbləri

95-97% hallarda ürək anevrizmasının yaranmasına geniş sahəli transmural miokard infarktı (əsasən sol mədəciyin) səbəb olur. Anevrizmaların böyük əksəriyyəti ürəyin sol mədəciyinin ön-yan divarı və zirvə nahiyəsində; təxminən 1%-i sağ qulaqcıq və mədəcik, mədəciklərarası çəpər və sol mədəciyin arxa divarında lokalizasiyalaşır. Geniş sahəli miokard infarktı ürəyin əzələ divarının quruluşunu pozur. Ürəkdaxili təzyiqlə əlaqədar nekrozlaşmış divar gərilir və nazilir.

Ürəyin yüklənməsini və mədəcikdaxili təzyiqi artıran amillər – erkən oyanma, arterial hipertenziya, taxikardiya, təkrari infarkt, proqressivləşən ürək çatışmazlığı anevrizmanın formalaşmasında böyük rol oynayır. Ürəyin xroniki anevrizmasının inkişafı etiopatogenetik cəhətdən postinfarkt kardiosklerozla bağlıdır. Belə hallarda qanın təzyiqindən birləşdirici toxuma mənşəli çapıq nahiyəsində ürək divarının qabarması baş verir.

Ürəyin postinfarkt anevrizmaları ilə müqayisədə anadangəlmə, travmatik və infeksion anevrizmalara daha az rast gəlinir. Travmatik anevrizmalar ürəyin qapalı və ya açıq travmaları nəticəsində yaranır. Bu qrupa həmçinin anadangəlmə ürək qüsurlarının (Fallo tetradası, ağciyər arteriyası dəliyinin stenozu və s.) korreksiyası üzrə əməliyyatlardan sonra yaranan postoperasion anevrizmaları da aid etmək olar.

İnfeksion proseslər (sifilis, bakterial endokardit, vərəm, revmatizm) fonunda yaranan ürək anevrizmaları nadir hallarda müşahidə edilir.

Ürək anevrizmasının təsnifatı

Yaranma müddətinə görə ürək anevrizmaları kəskin, yarımkəskin və xroniki formalara bölünür. Ürəyin kəskin anevrizması miokard infarktından sonra 1-2, yarımkəskin 3-8 həftə ərzində, xroniki forma isə 8 həftədən sonra formalaşır. Kəskin dövrdə anevrizmanın divarını miokardın mədəcikdaxili təzyiq altında xaricə və ya mədəcik boşluğuna (anevrizmanın mədəciklərarası çəpər nahiyəsində lokalizasiyası zamanı) qabaran nekrozlaşmış sahəsı təşkil edir.

Ürəyin yarımkəskin anevrizmasının divarı fibroblast və histiositlər, yenidən yaranan retikulyar, kollagen və elastik liflərdən ibarət qalınlaşmış endokarddan əmələ gəlir; dağılmış miokard liflərinin yerində müxtəlif yetişmə dərəcəsinə malik birləşdirici toxuma elementləri aşkarlanır.

Ürəyin xroniki anevrizması 3 qatdan: endokard, intramural və epikarddan təşkil olunan fibroz kisə şəklində olur. Onun divarının endokardında fibroz və hialinləşmiş toxuma inkişaf edir. Anevrizmanın divarı nazikdir, bəzən qalınlığı 2 mm-dən az olur. Ürəyin xroniki anevrizmasının boşluğunda çox vaxt anevrizma kisəsinin yalnız daxili səthini örtən və ya onun bütünlüklə əhatə edən müxtəlif ölçülü divaryanı tromb müşahidə edilir. Kövşək divaryanı tromblar asanlıqla fraqmentasiyaya uğrayır və tromboembolik ağırlaşmaların potensial risk mənbəyi sayılır.

Ürək anevrizmalarının 3 formasına rast gəlinir: əzələ, fibroz, fibroz-əzələr. Adətən ürək anevrizması təksayda olur, lakin bəzən eyni zamanda 2-3 anevrizma aşkarlana bilər. Ürək anevrizması həqiqi (3 qatdan ibarət), yalançı (miokard divarının cırılması nəticəsində formalaşan və perikardial bitişmələrlə məhdudlaşan) və funksional (yığılma qabiliyyəti zəif olan, miokardın həyat qabiliyyətinə malik, mədəciklərin sistolasında qabaran sahələrdən əmələ gələn) olur.

Zədələnmənin dərinliyi və sahəsindən asılı olaraq, həqiqi ürək anevrizmaları yastı (diffuz), kisəşəkilli, göbələyəbənzər və «anevrizma daxilində anevrizma» şəklində olur. Diffuz anevrizmalarda qabarmanın konturları yastı və mailidir, ürək boşluğu tərəfdən kasa formasında çuxur müəyyən edilir. ürəyin kisəşəkilli anevrizması yumru qabarıq divara və enli əsasa malikdir. Göbələyəbənzər anevrizma üçün dar boyun hissəli iri qabarma xarakterikdir. «Anevrizma daxilində anevrizma» anlayışına bir-birinin  içərisində yerləşən 2 və daha artıq anevrizmalardan ibarət qüsurlar aiddir, belə anevrizmaların divarları çox nazik və cırılmalara meylli olur. Müayinə zamanı adətən ürək anevrizmalarının diffuz, az hallarda kisəşəkilli, bəzən isə göbələyəbənzər və «anevrizma daxilində anevrizma» formalar aşkarlanır.

Ürək anevrizmasının əlamətləri

Ürəyin kəskin anevrizmasının klinik əlamətləri halsızlıq, ürək astması və ağciyər ödemi epizodları ilə təngnəfəslik, uzunmüddətli qızdırma, taxikardiya, ürək ritminin pozulması (bradikardiya və taxikardiya,  ekstrasistoliya, qulaqcıq və mədəciklərin fibrillyasiyası, blokadalar) ilə xarakterizə olunur. Ürəyin yarımkəskin anevrizmasında qan dövranı çatışmazlığı əlamətləri sürətlə proqressivləşir.

Ürəyin xroniki anevrizması ürək çatışmazlığının aydın nəzərə çarpan əlamətləri: təngnəfəslik, sinkopal vəziyyətlər, sakitlik və gərginlik stenokardiyası, ürək fəaliyyətində fasilələr; gecikmiş mərhələlərdə boyun venalarının qabarması, ödemlər, hidrotoraks, hepatomeqaliya, assitlə təzahür edir. Ürəyin xroniki anevrizması zamanı döş boşluğunda bitişmə proseslərinə səbəb olan fibroz perikardit inkişaf edə bilər.

Ürəyin xroniki anevrizmalarında tromboembolik sindrom ətraf (əsasən qalça və bud-dizaltı seqmentlərin) damarları, bazu-baş kötüyü, beyin, böyrək, ağciyərlər, bağırsaq arteriyalarının  kəskin okklüziyası ilə səciyyələnir. Ürəyin xroniki anevrizmasının potensial təhlükəli ağırlaşmalarına ətrafların qanqrenası, işemik insult, böyrəklərin infarktı, ağciyər arteriyasının tromboemboliyası, mezenterial damarların okklüziyası, təkrar miokard infarktı aiddir.

Ürəyin xroniki anevrizmasının cırılmasına çox nadir hallarda rast gəlinir. Kəskin anevrizmanın cırılması adətən miokard infarktından sonra 2-9 gün ərzində baş verir və fatal olur. Ürək anevrizmasının cırılması qəfil başlanğıcla: tez bir zamanda dəri örtüklərinin sianozu ilə əvəzlənən kəskin avazıma, soyuq tər, boyun venalarının qanla dolması (ürəyin tamponadasına dəlalət edən əlamət), huşun itməsi, ətrafların soyuması ilə təzahür edir. Tənəffüs küylü, xışıltılı, sətki və nadir olur. Adətn ölüm ani baş verir.

Ürək anevrizmasının diaqnostikası

Ürək anevrizmasının patoqnomik əlaməti döş qəfəsinin ön divarında aşkarlanan və ürəyin hər yığılmasında güclənən patoloji prekardial pulsasiya aiddir.

EKQ-də mərhələlərdən asılı olaraq dəyişməyən, «donmuş» xarakterini uzun müddət saxlayan transmural miokard infarktının əlamətləri qeydə alınır.  ExoKQ anevrizma boşluğunu vizualizasiya etməyə, onun ölçülərini, konfiqurasiyanı qiymətləndirməyə, mədəcik boşluğunun trombozunu aşkarlamağa imkan verir. Stress- ExoKQ və ürəyin PET vasitəsilə xroniki anevrizma sahəsində miokardın həyat qabiliyyəti təyin edilir.

Döş qəfəsi orqanlarının rentgenoqrafiyası kardiomeqaliyanı, kiçik qan dövranında durğunluq əlamətlərini aşkar edir. Rentgenokontrast ventrikuloqrafiya, ürəyin MRT və MSKT yüksək spesifikliyi ilə seçilən üsullardandır, onların köməyilə anevrizmanın lokalizasiyası, ölçüləri, boşluğunun trombozu müəyyən edilir.

Göstərişlərə əsasən ürək  boşluğunun zondlanması, koronaroqrafiya, elektrofizioloji müayinə tətbiq olunur. Ürəyin anevrizmasını perikardın selomik kistası, ürəyin mitral qüsuru, divararalığının şişlərindən differensiasiya etmək lazımdır.

Ürək anevrizmasının müalicəsi

Ürək anevrizmasının rast gəlindiyi xəstələrə predoperasion mərhələdə ürək qlikozidləri, antikoaqulyantlar (dərialtına heparin), hipotenziv vasitələr, oksigen terapiyası, oksigenobaroterapiya təyin edilir. Ürək çatışmazlığının sürətlə proqressivləşməsi və anevrizma kisəsinin cırılma təhlükəsi ilə əlaqədar kəskin  və xroniki ürək anevrizmaları mütləq cərrahi yolla müalicə olunmalıdır. Ürəyin xroniki anevrizmalarında əməliyyat trombembolik ağırlaşma riskinin qarşısının alınması və miokardın revaskulyarizasiyası məqsədi daşıyır.

Palliativ müdaxilənin mahiyyəti polimer materialların köməyilə anevrizma divarının möhkəmləndirilməsindən ibarətdir. Radikal əməliyyatlara mədəcik və qulaqcıq anevrizmasının rezeksiyası (ehtiyac olduqda miokard divarının rekonstruksiyası ilə tamamlanır), Kuli üsulu ilə septoplastika (mədəciklərarası çəpərin anevrizması zamanı) aiddir.

Ürəyin yalançı və ya posttravmatik anevrizmalarında ürək divarı tikilir. Əlavə revaskulyarizasiyaedici müdaxiləyə zərurət yarandıqda anevrizmanın rezeksiyası ilə AKŞ eyni zamanda aparılır. Ürəyin anevrizmasının rezeksiyası və plastikasından sonra kiçik atım sindromu, təkrar miokard infarktı, aritmiya (paroksizmal taxikardiya, səyrici aritmiya), tikişlərin irinləməsi, qanaxma, tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı, baş beyin damarlarının tromboemboliyası mümkündür.

Ürək anevrizmasının proqnoz və profilaktikası

Cərrahi müalicə aparılmadıqda ürək anevrizmasının gedişi qeyri-qənaətbəxş olur: postinfarkt anevrizmalı pasiyentlərin əksəriyyəti xəstəliyin inkişafından sonra 2-3 il ərzində dünyasını dəyişir.  Ağırlaşmamış yastı xroniki ürək ağırlaşmaları nisbətən qənaətbəxş gedir; ürəkdaxili trombozla ağırlaşan göbələyəbənzər və kisəşəkilli anevrizmaların proqnozu daha ağır olur. Prosesə ürək çatışmazlığının qoşulması qeyri-qənaətbəxş proqnostik əlamət sayılır.

Ürək anevrizmasının və onun ağırlaşmalarının profilaktikası miokard infarktının erkən diaqnostikasından, xəstələrin adekvat müalicə və reabilitasiyasından, hərəki rejimin tədricən genişləndirilməsindən, ritm pozğunluğu və tromblaşmaya nəzarət edilməsindən ibarətdir.

error: Content is protected !!