Uretranın selikli qişasının prolapsı

Uretranın selikli qişasının prolapsı – selikli qişa qırışlarının sidik kanalının dəliyindən xaricə çıxması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Patologiyanın simptomları sidik ifrazının pozulması (çətinləşməsi və ya əksinə saxlanmaması), uretrada görünən törəmələrin olması, nadir hallarda hematuriyadır. Diaqnostika obyektiv müayinə, uretrositoskopiya, həyat anamnezinin öyrənilməsinə əsasən aparılır. Müalicədə kateterizasiya, cərrahi metodlardan istifadə olunur; köməkçi terapiya hormonal və antimikrob preparatlardan ibarətdir.

Uretranın selikli qişasının prolapsı barədə ümumi məlumat

Uretranın selikli qişasının düşməsi və ya sidikçıxarıcı kanalın selikli qişasının prolapsı, demək olar ki, qadın xəstəliyidir; cinsiyyət sisteminin anatomik xüsusiyyətləri ilə əlaqəli olaraq inkişaf edir. Bu patoloji vəziyyətin iki yaş zirvəsi var – prepubertat (14-15 yaş) və klimakterik (45-55 yaş) dövr. Patologiyanın bütün klinik hallarının 80%-ində bu yaş qruplarına mənsub qadınlar və qızlar qeyd olunur. Bu, həmin yaş dövrlərində qadın orqanizminin hormonal xüsusiyyətlərindən və endokrin göstəricilərin sidik-cinsiyyət sisteminin funksiyalarına təsirindən asılıdır. Selikli qişanın prolapsına dair dəqiq statistik məlumatlar məlum deyil.

Uretranın selikli qişasının prolapsının səbəbləri

Selikli qişanın düşməsinin birbaşa səbəbi kisəətrafı piy toxumasının və uretranın selikaltı qatının kövşəkliyi fonunda sidik kisəsinin sallanmasıdır (ptozu). Belə pozulmalar cinsi yetişkəlik, hamiləlik və ya klimaksın səbəb olduğu hormonal fonun dəyişiklikləri zamanı yaranır. Qadınlarda sidik cinsiyyət sisteminin anatomik xüsusiyyətləri – sidik kanalının kişilərin uretrası ilə müqayisədə enli və uzunluğunun qısa olması da prolapsın inkişafına səbəb olur. Patologiya riskini əhəmiyyətli dərəcədə artıran faktorlara aşağıdakılar aiddir:

  • Sidikçıxarıcı kanalın travmalarıSelikli qatın travmaları onun altda yerləşən qatlarla bağlılığını zəiflədə və qırışlar şəklində xaric olmasını asanlaşdıra bilər. Travmalar tibbi manipulyasiyalar (sitoskopiya, kateterizasiya), konkrementin keçməsi (sidik daşı xəstəliyində) nəticəsində, nadir hallarda cinsi əlaqə zamanı baş verə bilər.
  • Çoxsaylı doğuşlar. Çoxsaylı doğuşlar bir neçə mexanizmlər vasitəsilə patologiyanın inkişafına səbəb olur. Hamiləlik sidik-cinsiyyət sisteminə təsir göstərən hormonal fonu dəyişir, uşağın doğulması uretranı zədələyə bilər və peritondaxili təzyiqi xeyli artırır, bu da öz növbəsində prolapsa gətirib çıxarır.
  • Xroniki qəbizlikStatistikaya əsasən belə patoloji vəziyyəti olan qadınların təxm. 40%-inin anamnezində uzunmüddətli qəbizlik epizodları var. Selikli qişanın prolapsının yaranması yoğun bağırsağın dolması və defekasiya cəhdləri zamanı peritondaxili təzyiqin sıçrayışlı dəyişikliklərilə əlaqəlidir.
  • Ağır fiziki yüklənmələr. Müəyyən  zəmin yaradıcı faktorların (selikaltı qatın kövşəkliyi) olması zamanı fiziki yüklənmə nəticəsində sidikçıxarıcı kanalın selikli qişasının düşməsi mümkündür. Onlar peritondaxili təzyiqi artırır, toxumaların zəifləmiş hissələrini “xaricə itələməyir”.
  • Xroniki iltihabi proseslər. Uretrit və sistitlər toxumaların ödemi, onların immunokompetent hüceyrə infiltrasiyası ilə müşayiət olunur və buna görə də selikli qatın altda yerləşən qatlarla əlaqəsini zəiflədir. Toxumalar patoloji hərəkilik qazanır, beləliklə, müəyyən şəraitlərdə prolapsa gətirib çıxara bilər.

Uretranın selikli qişasının prolapsının patogenezi

Patoloji vəziyyətin əsasında selikli qatla selikaltı qatın əlaqələrinin zəifləməsinə gətirib çıxaran bir sıra faktorlar durur. Əksər hallarda səbəb hormonal fonun dəyişilməsidir – yeniyetmələrdə və klimaks dövründə müşahidə olunan estrogen səviyyəsinin kəskin dəyişilməsi və ya çatışmazlığıdır. Hormonlar qan dövranı proseslərinə və qadın cinsiyyət sisteminin fəaliyyətinə təsir göstərir; onların miqdarının dəyişilməsi uretranın selikli qişasının hərəkiliyinin artmasına gətirib çıxarır. Peritondaxili təzyiqin artması (fiziki yüklənmə nəticəsində), kiçik çanaq travmaları, bağ aparatının anadangəlmə zəifliyi də selikli qişa hissəsinin sidikçıxarıcı kanallın mənfəzindən xaric olmasına səbəb olur.

Prolaps prosesində selikli qişanın sonluğu qırışlar əmələ gətiriir və məhz onlar xaricə çıxır. Kanalın atipik yerləşməsi onun kənar dəliyinə təzyiqlə müşayiət olunduqda toxumaların qan təchizatı pozulur. Venoz durğunluq formalaşır; nəticədə qırışlar göyümtül rəng alır və ödemləşir; beləliklə, qan dövranı daha da pisləşir. Bu, ağrı, uretranın sinir ucluqlarının qıcıqlanması ilə müşayiət olunur; tez-tez sidik ifrazı çağırışlarınz səbəb olur. Bir sıra hallarda sidikçıxarıcı kanalın müəyyən bir hissəsinin ödemi sidik axınını çətinləşdirir və sidiyin sidik kisəsinə geri reflüksünə gətirib çıxarır. Uretranın, sidik kisəsinin və böyrək ləyənlərinin infeksiyaları riski yüksəlir.

Uretranın selikli qişasının prolapsının təsnifatı

Uretranın selikli qişasının düşməsinin öz aralarında patanatomik mənzərəsinə və patologiyanın yaranma yaşına görə fərqlənən bir neçə klinik növü var. Xəstəliyin ayrı-ayrı tiplərinin fərqləndirilməsinin mühümlüyü müalicəyə müxtəlif yanaşmalar, müxtəlif proqnostik perspektivlər və başqa amillərlə bağlıdır. Bununla əlaqədar olaraq patologiyanın bütün klinik hallarını bir neçə formaya ayıran iki paralel təsnifat sistemi işlənib hazırlanmışdır. Klinik mənzərəsinə görə patologiyanın iki əsas tipi ayırd edilir:

  • Seqmentar prolapsSelikli qişanın qırışları yalnız seqmentlə və ya uretranın bir tərəfilə təmsil olunur. Zəif təzahürlərlə – mülayim ağrı və ya ağrısızlıqla gedir; sidik şırnağının pozulmasının dəyişilməsi müşahidə olunmur. Bir sıra hallarda patoloji vəziyyətin belə forması öz-özünə sağalır.
  • Sirkulyar prolaps. Uretral selikli qişa bütünlüklə prolapsa məruz qalır. Patologiyanın daha ciddi gedişli forması hesab olunur. Güclü ağrılar və sidik şırnağının pozulması ilə müşayiət olunan güclü ödemlərlə müşayiət oluna bilər. Tez-tez sidik kisəsinin sallanması kimi patologiyaların əlamətləri ilə yanaşı gedir.

Selikli qişanın prolapsının başqa təsnifatı xəstələrin yaşlarına, daha dəqiq – onların sidik-cinsiyyət sisteminin yaşla bağlı xüsusiyyətlərinə əsasən hazırlanıb. Patologiyanın növündən kompleks müalicə tədbirlərinin növü, patoloji vəziyyətin dəf edilməsi üçün konservativ və ya cərrahi metodların seçilməsi, residivlərin qarşısının alınmasına dair tövsiyələr asılıdır. Bu təsnifat sisteminə əsasən patoogiyanın müxtəlif tiplərinin etiologiyası fərqlidir və bunlar xəstəliyin proqnozuna öz təsirini göstərir. Bu sxemə əsasən prolapsın aşağıdakı növləri var:

  • Prepubertat forma. 15 yaşdan kiçik qızlarda yaranır; əsas inkişaf səbəbi sidik-cinsiyyət sisteminin anadangəlmə xüsusiyyətləri, cinsi yetişkənlik dövründə hormonal fonun qeyri-stabilliyidir. Konservativ müalicəyə asanlıqla tabe olur, hamiləlik zamanı residiv riski var.
  • Postmenopauzal forma.Əsasən 40-50 yaşlı qadınlarda qeyd olunur; yumurtalıqların funksiyalarının kəskin zəifləməsi və estrogen səviyyəsinin azalması ilə əlaqəlidir. Dəyişkən uğurla nəticələnən konservativ müalicə ilə dəf olunur; tez-tez cərrahi korreksiya tələb edir.
  • Paradoksal forma.Müxtəlif faktorların – hamiləlik, fiziki yüklənmə, travma, sidik-cinsiyyət sistemi orqanlarının cərrahi əməliyyatlarının təsiri altında istənilən yaşda inkişaf edə bilər. Müalicə metodunu patologiyanın ifadəliliyi və yanaşı gedən xəstəliklər müəyyənləşdirilir.

Uretranın selikli qişasının prolapsının simptomları

Selikli qişanın prolapsı zamanı təzahürlərin ifadəliliyi müxtəlif ola bilər; bu, patologiyanın formasından (seqmentar və ya sirkulyar prolaps), xarici mühitə çıxmış toxumanın həcmindən və bir sıra başqa faktorlardan asılıdır. Qadınların əksəriyyətində sidikçıxarıcı kanalın xarici dəliyi nahiyəsində ağrı və yanğı ilə əvəz olunan yad cisim hissi qeyd olunur.  Cinsiyyət orqanlarının inspeksiyası və palpasiyasında uretranın dəliyi nahiyəsində bərk, çəhrayı və ya göyümtül rəngli, toxunduqda ağrı əmələ gələn törəmə aşkar olunur. Ödemli törəmə cinsiyyət orqanları nahiyəsinə yayıla bilər. Kiçik cinsiyyət dodaqları, klitorun yüyəni böyüyür, onların qızarması müşahidə olunur; yeriyəndə xoşagəlməz ağrılar meydana çıxır.

Uretranın selikli qişasının prolapsı zamanı sidik ifrazının pozulması kifayət qədər müxtəlifdir. Pasientlər bir sıra hallarda tez-tez və ağrılı sidik kisəsinin boşaldılması çağırışlarından (imperativ çağırışlar) şikayətlənirlər. Bir sıra qadınlarda sidik ifrazına çağırış olduqda və ya yuxu zamanı kiçik maye ifrazı ilə özünü göstərən sidik saxlamama yarana bilər. Ağır hallarda selikli qişanın ödemi sidik axınının pozulmasına və onun kəskin saxlanmasına (işuriya) gətirib çıxara bilər; sidikdə qan aşkar olunur. Bəzən sidik ifrazı olmadan uretradan qanlı ifrazatın xaric olması (uretroragiya) qeyd oluna bilər; belə ifrazat ləkə şəklində cinsiyyət orqanlarının palpasiyası və ya gigiyena məhsullarında təyin olunur.

Uretranın selikli qişasının prolapsının ağırlaşmaları

Uretranın selikli qişasının prolapsının daha çox yayılmış ağırlaşmaları sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin – uretrit və sistitin inkişafıdır. Bu patologiyalar daha ciddi xəstəliklərlə (pielonefrit) ağırlaşa bilər. İnfeksiya sidik-cinsiyyət sisteminin qan dövranının və urodinamikanın pozulması zamanı xəstəlik törədici mikroorqanizmlərin yoluxması nəticəsində əmələ gəlir. Nadir hallarda selikli qişanın sıxılmış hissəsindən güclü və tez-tez qanaxma müşahidə olunur; belə vəziyyət anemiyaya səbəb ola bilər. Prolaps bəzən daha ciddi patoloji proseslərin (məs., sidik kisəsinin ptozu və ya sallanması) təzahürü olur; buna görə də belə patoloji hallarda sidik-cinsiyyət sisteminin hərtərəfli müayinəsi mütləqdir.

Uretranın selikli qişasının prolapsının diaqnostikası

Urologiya və endokrinologiyanın praktikasında uretranın selikli qişasının prolapsının müəyyənləşdirilməsi güclü simptomatikası və spesifik klinik mənzərəsinə görə xüsusi çətinlik törətmir. Patologiyanın diaqnostikası və müalicəsi ilə həkim-uroloq və ya ginekoloq məşğul olur; bəzən cərrah və endokrinoloqla da iş birliyi reallaşdırılır. Diaqnozun qoyulması bir sıra faktorlara – ginekoloji və endoskopik müayinə, pasientin anatomik və yaşla bağlı xüsusiyyətlərinin öyrənilməsi, laborator analizlərə əsaslanır. Uretranın selikli qişasının prolapsının müəyyənləşdirilməsi, adətən, aşağıdakı alqoritmlə aparılır:

  • Sorğu və ümumi obyektiv müayinə. Mütəxəssis şikayətləri (cinsiyyət orqanları nahiyəsində ağrı, sidik ifrazının pozulması) analiz edir, onların davam etmə müddətini və yaranma şəraitini aydınlaşdırır. İnspeksiya zamanı uretranın xarici dəliyi nahiyəsində tez-tez ödemli və göyümtül rəngli, elastik, bərk selikli qişa şişkinliyi müəyyən olunur; ödem kiçik cinsiyyət dodaqları nahiyəsinə də yayılır. Bəzən toxunma və ya təzyiq zamanı güclənən qanlı ifrazat xaric ola bilər.
  • Endoskopik müayinə. Uretrosistodkopiya zədələnmənin lokalizasiyasını (prolapsda– sidikçıxarıcı kanalın terminal şöbələri) və sidikçıxarıcı kanalın keçiriciliyinin saxlanmasını müəyyənləşdirməyə imkan verir. Sidiyin saxlanması zamanı alternativ metod kimi müalicəvi-diaqnostik kateterizasiya tətbiq olunur.
  • Laborator müayinələr. Sidiyin ümumi analizi dəyişilməmiş eritrositli (mikroskopiyada) makrohematuriya aşkarlaya bilər. Qanda dəyişikliklər təyin olunmur; sidikçıxarıcı yolların infeksiyaları prosesə qoşulduqda qeyri-spesifik iltihab əlamətləri, xoniki uretroragiyalarda anemiya aşkarlanır. Qadın cinsi hormonlarının qanda səviyyəsinin analizi bəzən estrogenlərin miqdarının azalmasını təsdiqləyir; bu isə dolayı yolla prolapsın inkişafının mümkünlüyünü göstərir.

Bir çox hallarda diaqnozun qoyulması üçün obyektiv müayinə, xəstənin anamnezi, xəstəliyin səbəblərinin və mümkün ağırlaşmaların aşkarlanmasına yönəlmiş digər metodlar, differensial diaqnostikanın aparılması kifayət edir. Patologiya uretranın neoplaziyaları (papillomaları, şişləri), sidik kisəsinin sallanması və sidikçıxarıcı kanalın prolapsı (SKP) ilə differensiasiya olunur. SKP uretranın bütün qatlarının kanalın xarici dəliyindən bayıra çıxmasına görə selikli qişanın prolapsından fərqlənir; bu isə qan dövranının daha ağır pozulmalarına, nəzərə çarpacaq simptomlara gətirib çıxarır və tez-tez cərrahi müalicə tələb edir.

Uretranın selikli qişasının prolapsının müalicəsi

Prolaps zamanı terapevtik yanaşmalar rəngarəngdir; belə ki, bu patologiyanın müalicəsində həm yerli və ümumi xarakterli konservativ metodlar, həm də cərrahi müdaxilə tətbiq oluna bilər. Müalicə sxeminin seçimi xəstəliyi törədən səbəbdən,  xəstəliyin ifadəliliyindən, yanaşı gedən patologiyanın olub-olmamasından və s. asılıdır. İnfeksion ağırlaşmaların qarşısının alınması, residiv riskinin azaldılmasına yönəlmiş köməkçi terapiyanın əhəmiyyəti heç də az deyil. Ümumilikdə prolapsın müalicəsində aşağıdakı metodlar tətbiq olunur:

  • Konservativ tədbirlər. Güclü ödemin azaldılması məqsədilə bəzi dərman preparatları və ot ekstraktı ilə isti, oturaq vannaların istifadəsi təklif olunur. Belə müalicə həm izoləolunmuş (prolapsın yüngül, ağırlaşmamış formalarında), həm də başqa metoda hazırlıq mərhələsi kimi tətbiq oluna bilər.
  • Sidik kisəsinin kateterizasiyası.Kateter təkcə sidik axınının yüngülləşməsi və ya urodinamik pozulmaların azaldılması məqsədilə deyil, həm də prolapsa məruz qalmış qırışların “bərpası” və selikli qişanın fiksasiyası metodu kimi tətbiq olunur. Bu patoloji vəziyyətdə 10-12 günlük kateterizasiya özünü effektiv göstərdi; alternativ cərrahi müdaxilədir.
  • Cərrahi müalicə. Prolapsın ağır və residivləşmiş formalarında, uretradan qanaxmalar zamanı operativ müdaxilə göstərişdir. Vəziyyətdən asılı olaraq sidikçıxarıcı kanalın möhkəmlənməsi (TVT, TVT-O metodları ilə uretropeksiya), selikli qişasının plikasiyası və ya uretradan xaric olmuş toxuma hissəciyinin eksiziyası (selikli qişanın rezeksiyası) həyata keçirilə bilər. Bəzən cərrahi əməliyyat kompleks– məs., sidik kisəsinin ptozunun dəf edilməsi ilə eyni zamanda icra oluna bilər.

Selikli qişanın prolapsı zamanı köməkçi terapiya anbibakterial preparatlar (infeksion ağırlaşmaların müalicəsi və profilaktikası məqsədilə), ümumi rejim tədbirləri, sidik-cinsiyyət sistemi orqanlarının əzələ fiksasiyasını gücləndirməyə yönəlmiş gimnastikadan ibarətdir. Patologiyanın səbəbi hormonal dəyişikliklər (estrogen defisiti) olduqda onların dəf edilməsi üçün endokrinoloq kontrolu altında preparatlar təyin olunur. Vaginal şamlar və məlhəmlər şəklində estrogen tərkibli preparatların yerli istifadəsi yaxşı effekt verir.

Uretranın selikli qişasının prolapsının proqnoz və profilaktikası

Uretranın selikli qişasnın prolapsının proqnozu, bir qayda olaraq, kafidir; bu xəstəlik nadir hallarda ciddi və həyati təhlükəli fəsadlara gətirib çıxarır. Müalicəyə vaxtında başladıqda prolaps kifayət qədər tez dəf edilir, sidik ifrazının çətinləşməsi və uretranın xroniki qanaması nəticəsində anemiyanın yaranmasına gətirib çıxarmır. Patologiyanın prepubertat formaları hamiləlik zamanı sidik-ifrazat sisteminin daha da əhatəli kontroluna əsas verir; belə ki, bu dövrdə residivlərin yaranma riski yüksəkdir. Prolapsın profilaktikası ümumi terapevtik tövsiyələrə əsasən həyata keçirilir. Bu məqsədlə sidik çıxarı yolların infeksiyalarının vaxtında müalicəsi, bədən çəkisinin kontrolu, həddən artıq fiziki yüklənmənin istisnası, aktiv həyat tərzinə əməl olunur.

error: Content is protected !!