Uşaqlarda adenoidlər

Uşaqlarda adenoidlər – udlaq (burun-udlaq) badamcıqlarının limfoid toxumasının müdafiə funksiyalarının zəifləməsi ilə müşayiət olunan izafi böyüməsidir. Patologiya burun tənəffüsünün pozulması, rinofoniya, eşitmənin zəifləməsi, yuxu zamanı xoruldama, təkrari otit və infeksiya tutmaları, astenik sindromla təzahür edir. Uşaqlarda rastlanan adenoidlərin diaqnostikası otolarinqoloqla konsultasiya, burun-udlağın barmaqla müayinəsi, arxa rinoskopiya, endoskopik rinoskopiya və epifarinqoskopiya, burun-udlağın rentgenoqrafiyasından ibarətdir. Müalicəsi konservativ metodlar (antibiotiklər, immunitetin stimulyatorları, fizioterapiya) və ya cərrahi üsulla (adenotomiya, endoskopik kəsilməsi, lazerlə kəsilməsi, kriodestruksiya) aparıla bilər.

Uşaqlarda adenoidlər barədə ümumi məlumat

Uşaqlarda adenoidlər – adenoid toxumanın burun-udlaq badamcıqlarında inkişaf edən izafi hipertrofiyasıdır. Uşaq otolarinqologiyasında adenoidlər yuxarı tənəffüs yollarının bütün xəstəlikləri arasında birinci yeri tutur, təxminən 30%-ini təşkil edir. Adenoidlərin 70-75%-i 3-10 yaşlı, nadir hallarda ana südü ilə qidalanan və 10 yaşdan yuxarı uşaqlarda diaqnostika olunur. Təxminən 12 yaşdan etibarən udlaq badamcıqları geriyə inkişaf etməyə başlayır və 17-18 yaşa qədər, demək olar ki, atrofiyaya uğrayır. Adenoidlər nadir hallarda (˂1%) böyüklərdə rastlanır.

Burun-udlaq və udlaq badamcıqları udlaq qövsü nahiyəsində, burnun arxa və yuxarı divarlarında yerləşir. Burun-udlaq badamcıqları udlağın digər limfoid strukturları (damaq, boru, dil badamcıqları) ilə birlikdə Valdeyer həlqəsini əmələ gətirir və infeksiyaların orqanizmə daxil olması yolunda baryer funksiyasını yerinə yetirir. Normada burun-udlaq badamcıqları kiçik ölçülüdür və udlağın selikli qişasında kiçik hündürlük şəklində görünür. Uşaqlarda adenoidlərdə udlaq badamcıqları kəskin böyüyür, burun-udlaq və Yevstax borusunun udlaq yarığını bağlayır. Beləliklə, sərbəst burun tənəffüsünün və eşitmənin pozulması ilə müşayiət olunur.

Uşaqlarda adenoidlərin səbəbləri

Uşaqlarda adenoidlər uşaq orqanizminin anadangəlmə xüsusiyyətləri (limfatiko-hipoplastik diatez – immunitetin zəifləməsi ilə müşayiət olunan konstitusional anomaliyalar, endokrin pozulmalar) ilə əlaqəlidir. Limfatiko-hipoplastik diatezli uşaqlar tez-tez limfoid toxumanın böyüməsi – adenoidlər, limfadenopatiyalardan əziyyət çəkir.   Bir çox hallarda uşaqlarda adenoidlər qalxanabənzər vəzinin hipofunksiyası olan uşaqlarda süstlük, pastozluq, apatiklik, azhərəkətlilik kimi əlamətlərlə özünü göstərir; həmçinin hiperstenik bədən formalı uşaqlarda təzahür edir.

Uşağın immun sisteminin formalaşmasına mənfi təsir göstərən amillərə bətndaxili infeksiyalar, hamilənin dərman qəbul etməsi, dölə fiziki və toksiki faktorların (ionlaşdırıcı şüalanma, kimyəvi maddələr) təsiri aiddir.

Uşaqlarda adenoidlərin inkişafında yuxarı tənəffüs yollarının tez-tez kəskin və xroniki xəstəlikləri – faringit, tonzillit, laringit ilə zədələnməsi də iştirak edir. Adenoidin böyüməsində infeksiyalar – qrip, KRVİ, qızılca, difteriya, skarlatina, göyöskürək, məxmərək və s. əsas faktordur. Adenoidlərin inkişafında sifilitik infeksiyalar (anadangəlmə sifilis), vərəm müəyyən rol oynaya bilər.  Uşaqlarda adenoidlərə limfoid toxumanın izoləolunmuş patologiyası kimi rastlanır, lakin tez-tez angina ilə kombinasiyalı gedir.

Uşaqlarda adenoidlərin inkişafına gətirib çıxaran digər səbəblər arasında uşaq orqanizminin allergizasiyasının yüksəlməsi, hipovitaminozlar, alimentar faktorlar, göbələk invaziyaları, sosial-məişət şəraitinin qeyri-qənaətbəxş olması və s. vardır.

Məktəbəqədər yaş dövründə olan uşaqlarda adenoidlərin əsas yaranma səbəbi böyük ehtimalla bu yaş dövründə (4-6 yaş) immunoloji reaktivliyin inkişaf xüsusiyyətləri ilə əlaqədardır.

Uşağın immun sisteminin sağlam olmaması, davamlı və yüksək bakterial çirklənmə  yüksək immun yüklənmənin kompensasiya mexanizmi kimi burun-udlaq badamcıqlarının limfositar-limfoblast hiperplaziyasına gətirib çıxarır. Burun-udlaq badamcıqlarının əhəmiyyətli dərəcədə böyüməsi sərbəst burun tənəffüsünün pozulması, mukosiliar tansportun pozulması və burun boşluğunda bərkimiş seliyin yaranması ilə müşayiət olunur. Bu zaman hava axını ilə burun boşluğuna daxil olan allergenlər, bakteriya, virus, yad cisimlər seliyə yapışır, burun-udlağa fiksasiya olunur və infeksion iltihab üçün trigger funksiyası yerinə yetirirlər. Beləliklə, adenoidlər özləri tədricən həm qonşu üzvlərə, həm də ayrı-ayrı orqanlara yayılan infeksion ocaqlara çevrilirlər. Adenoid toxumanın ikincili iltihabı (adenoidit) udlaq badamcıqlarının daha da böyüməsinə gətirib çıxarır.

Uşaqlarda adenoidlərin mərhələlərinin təsnifatı

Limfoid toxumanın böyüməsindən (vegetasiyasından) asılı olaraq uşaqlarda adenoidlərin 3 dərəcəsi ayırd edilir:

  • I– adenoidin vegetasiyası burun-udlağın və burun çəpərinin arxa hissəsinin yuxarı 1/3-nə yayılır. Diskomfort və yalnız gecə, yuxu zamanı burun tənəffüsünün çətinləşməsi qeyd olunur.
  • II– adenoidin vegetasiyası burun-udlağın və burun çəpərinin arxa hissəsinin yarısını əhatə edir. Gündüzlər burun tənəffüsünün nəzərə çarpan çətinləşməsi, gecələr xorultu xarakterikdir.
  • III– adenoidin vegetasiyası burun-udlağı və burun çəpərinin arxa hissəsini tamamilə əhatə edir; aşağı burun balıqqulağının arxa kənarı səviyyəsinədək çatır; bəzən uşaqlarda adenoidlər ağız-udlaq mənfəzinə də yayılır. Burun tənəffüsü mümkün olmur, uşaq ağzı ilə nəfəs alır.

Uşaqlarda adenoidlərin simptomları

Uşaqlarda adenoidlərin kliniki təzahürü 3 faktorun – burun-udlaq badamcıqlarının böyüməsi nəticəsində mexaniki maneə, reflektor əlaqələrin pozulması və adenoid toxumada infeksion xəstəliyin inkişafının kombinasiyası ilə əlaqədardır.

Burun-udlağın və xoanaların mexaniki obstruksiyası burun tənəffüsünün pozulması ilə müşayiət olunur. Burundan nəfəsalma və nəfəsvermənin çətinləşməsi mülayim (I dərəcəli adenoid zamanı) və ya nəzərə çarpan xarakterə malik ola, burun tənəffüsünün tamamilə mümkün olmamasınadək (II, III dərəcəli adenoidlər zamanı) inkişaf edə bilər. Limfoid toxumanın selikli qişanın damarlarına təzyiqi nəticəsində ödemə və güclü burun axmasının (zökəmin) inkişafına gətirib çıxarır. Bu da öz növbəsində burun tənəffüsünü çətinləşdirir. Ana südü ilə qidalanan uşaqlarda adenoidlər əmmənin çətinləşməsinə, nəticədə uşağın davamlı olaraq doymamasına və hipotrofiyaya gətirib çıxarır. Qanın oksigenləşməsinin azalması uşaqlarda anemiyanın inkişafı ilə müşayiət olunur.

Burun tənəffüsünün pozulması nəticəsində adenoidli uşaqlar ağzı açıq yatır, yuxu zamanı xoruldayır, tez-tez oyanırlar. Gecə yuxusunun tam olmaması nəticəsində gündüzlər apatik və süst olur, tez yorulur, yaddaşları zəifləyir, məktəblilər dərslərində yaşıdlarından geri qalırlar.

Adenoidli uşaqlarda spesifik üz formalaşır. Uşağın ağzı daim yarımaçıq olur, ağız-burun qırışının hamarlaşması, alt çənənin sallanması, zəif ekzoftalmla xarakterizə olunur. Bu xəstəlik uşaqlarda üz skletenin və diş-çənə sisteminin formalaşmasının pozulmasına gətirib çıxara bilər. Belə olan halda alveolyar çıxıntıların uzanması və daralması, hündür damaq (hipsistafiliya- qotik damaq), yuxarı kəsici dişlərin qeyri-düzgün inkişafı, dişləmin anomaliyası, burun arakəsməsinin  əyriliyi (çəpər əyriliyi) qeyd olunur.

Adenoidli uşaqların səsi sakit, monoton, burun səsidir (“burunda danışırlar”).   Rinofoniya burun-udlaq badamcıqlarının hipertrofiyası nəticəsində fonasiyada iştirak edən və rezonator olan burun boşluğu və burunətrafı ciblərdə hava axınının əngəllənməsilə  bağlıdır. Loqopediyada bu vəziyyət arxa, bağlı, üzvi rinolaliya kimi qiymətləndirilir. Eşitmə borusunun udlaq yarığının adenoidlərlə bağlanması nəticəsində orta qulaqda təbii ventilyasiya çətinləşir və eşitmənin konduktiv tipli itirilməsinə (konduktiv karlığa) gətirib çıxarır. Uşaqlarda adenoidlərin böyüməsi qoxubilmənin və udmanın pozulması ilə müşayiət olunur. Adenoidli uşaqlarda səthi burun tənəffüsü tez-tez döş qəfəsi hüceyrələrinin deformasiyasına (“toyuq döş qəfəsi”) səbəb olur.

Uşaqlarda adenoidlərin təzahürləri neyro-reflektor mexanizmlərin inkişafı ilə əlaqəlidir. Adenoidli uşaqlar baş ağrıları, nevrozlar, epileptik tutmalar, enurez, kompulsif tutmaşəkilli öskürək, üz əzələlərinin xoreyaya bənzər hərəkətləri, larinqospazm və s.dən əziyyət çəkirlər.

Burun-udlaq badamcıqlarının davamlı xroniki iltihabı allergik və infeksion xəstəliklərin (xroniki rinit, sinusit, orta otit, tonzillit) inkişafına fondur. Soyuq və çirkli hava ilə nəfəsalma tez-tez respirator xəstəliklərə – laringit, traxeit, bronxitə səbəb olur.

Uşaqlarda adenoidlərin diaqnostikası

Adenoidə şübhənin olması pediatrdan və dar ixtisas mütəxəssisindən uşağın ətraflı müayinəsini tələb edir. Uşaqlarda adenoidlər zamanı uşaq allerqoloq-immunoloqu ilə konsultasiya aparılır, dəri allerqoprobları qoyulur və qiymətləndirilir. Xəstəlik epileptik qıcolmalar və baş ağrıları ilə keçirsə, uşaq nevroloqu; qalxanabənzər vəzinin hipofunksiyası və timomeqaliya əlamətləri olduqda isə uşaq endokrinoloqunun konsultasiyası tələb olunur.

Uşaq adenoidlərinin laborator diaqnostikası qanın və sidiyin ümumi analizi, immunoqlobulin E-nin təyini, burun-udlaq mikroflorasının bakterioloji müayinəsi və antibiotik həssaslığının təyini, adenoid toxumanın səthindən götürülmüş materialın sitologiyası, infeksion xəstəlik olarsa, İFA və ZPR vasitəsilə aparılır.

Uşaqlarda adenoidlərin və yanaşı gedən xəstəliklərin təyinində əsas rol uşaq otolarinqoloquna məxsusdur. Adenoidlərin ölçüsünü və konsistensiyasını, adenoidin böyümə dərəcəsini müəyyənləşdirmək üçün burun-udlağın barmaqla müayinəsi, arxa rinoskopiya, endoskopik rinoskopiya və epifarinqoskopiyadan istifadə olunur. Uşaqlarda adenoidlərin inspeksiyası (baxış) zamanı adenoid burun-udlaq qövsündə yerləşən, qeyri-düzgün formalı, geniş əsaslı, yumşaq konsistensiyalı və çəhrayı rəngli törəmə kimi görünür.

Burun-udlağın yan rentgenoqrafiyası və KT ilə diaqnoz dəqiqləşdirilir.

Uşaqlarda adenoidlərin müalicəsi

Udlaq badamcıqlarının hipertrofiya dərəcəsindən və kliniki əlamətlərin təzahüründən asılı olaraq uşaq adenoidləri konservativ və ya cərrahi yolla müalicə oluna bilər.

Uşaqlarda adenoidlərin konservativ müalicəsi hipertrofiyanın I – II mərhələsində və ya operativ müdaxilə mümkün olmadıqda aparılır. Təkrari infeksiyalar zamanı antibiotikoterapiya, immun stimulyatorlar, vitaminlər təyin olunur. Simptomatik terapiyada  vazokonstriktorlar tətbiq edilir, burun boşluğunun duz məhlulu, ot dəmləmələri, antiseptiklər, ozonlu məhlullarla yuyulmasından ibarətdir. Pediatriyada adenoidlər zamanı fizioterapevtik metodlar – burun nahiyəsinə lazeroterapiya, UBŞ, QUBŞ (qısa dalğalı ultrabənövşəyi şüalanma), UYT (ultrayüksək tezlikli) terapiya; maqnitoterapiya, elektroforez, çox yüksək tezlikli terapiya, klimatoterapiya geniş tətbiq olunur. Valideynlər istəyərsə, uşaq homeopatının xidmətlərindən istifadə edərək homeopatik müalicə kursundan da yararlana bilərlər.

Uşaq adeoidlərində badamcıqların kəsilməsinə göstərişlər: II dərəcəli hipertrofiya zamanı konservativ müalicənin effektsizliyi, III dərəcəli adenoidlər; burun tənəffüsünün aydın nəzərə çarpan pozulması; yuxu apnoesi sindromu; xroniki (residivləşmiş) adenoidit, sinusit, otit, faringit, laringit, pnevmoniyalar və s.; adenoidlərin böyüməsinə gətirib çıxaran üz-çənə anomaliyaları.

Adenoidin kənarlaşdırılması əməliyyatı (ağızdan adenotomiya/ adenoidektomiya) həm yerli, həm də ümumi anesteziya altında aparıla bilər. Uşaqlarda adenoidlər vizual kontrol altında endoskopik üsulla da kəsilə bilər.

Uşaqlarda adenoidlər zamanı alternativ cərrahi müdaxilələr aşağıdakılardır: adenoidlərin lazerlə kəsilməsi (lazer adenoidektomiya, toxumadaxili destruksiya, adenoid toxumanın yandırılması), adenoidlərin kriodestruksiyası.

Uşaqlarda adenoidlərin proqnozu və profilaktikası

Uşaqlarda adenoidlərin vaxtında diaqnostikası və adekvat müalicəsi burun tənəffüsünün davamlı bərpasına və yanaşı gedən infeksiyaların likvidasiyası, fiziki və əqli aktivliyin yüksəlməsi, uşağın fiziki və intellektual inkişafının normallaşmasına gətirib çıxarır.

Operativ müalicənin ağırlaşmaları və adenoidlərin residivləri, adətən, allergiyadan (bronxial astma, övrə, Kvinke ödemi, bronxitlər və s.) əziyyət çəkən uşaqlarda yaranır.  Yanaşı gedən pozulmalar (dişləm anomaliyaları, danışığın pozulması) inkişaf etmiş uşaqlara sonralar uşaq ortodontu və loqopedinin köməyi lazım gəlir.

Uşaqlarda adenoidlərin profilaktikası vaksinoprofilaktikanın aparılmasını, möhkəmləndirici prosedurlar, yuxarı tənəffüs yollarının infeksiyalarının erkən diaqnostikası və rasional müalicəsi, orqanizmin immunoloji xüsusiyyətlərinin yüksəldilməsini tələb edir.

error: Content is protected !!