Uşaqlarda angina
Uşaqlarda angina – uşağın udlaq (adətən, damaq) badamcıqlarının limfoid toxumasının infeksion-allergik xarakterli kəskin iltihabi xəstəliyidir. Xəstəlik hərarət, nəzərə çarpan intoksikasiya əlamətləri, udma zamanı ağrılar, çənəaltı və boyun limfa düyünlərinin böyüməsi, badamcıqlar üzərində irinli ərplə təzahür edir. Diaqnoz uşaq otolarinqoloqu tərəfindən fiziki inspeksiya (baxış), farinqoskopiya, udlaq yaxmasının mikroflorasının təyini, qanın İFA-ya (immunoferment analiz) əsasən qoyulur. Uşaqlarda anginanın müalicəsi patogenetik terapiya (antibiotiklər, iltihabəleyhinə preparatlar), simptomatik terapiya (qızdırma əleyhinə, desensiblizəedici preparatlar) və yerli terapiyadan (antiseptiklərlə və ot dəmləmələri ilə qarqara) ibarətdir.
Uşaqlarda angina barədə ümumi məlumat
Uşaqlarda angina (kəskin tonzillit) – damaq badamcıqlarının infeksion-allergik xəstəliyidir. Uşaq populyasiyasında angina ilə xəstələnmə yalnız KRVİ-dən (kəskin respirator virus infeksiyaları) geri qalaraq 4,2-6,7% arasında tərəddüd edir. Uşaqlarda anginanın yayılması və yoluxması yüksək olduğundan xəstəlik pediatrların və uşaq otolarinqoloqlarının diqqət mərkəzindədir. Bu patologiya erkən (otit, paratonzilyar, lateral-faringial və retrofaringial abseslər) və uzaq ağırlaşmalarına (revmatizm, revmatoid artrit, qlomerulonefrit və s.) görə təhlükəlidir.
Uşaqlarda anginanın səbəbləri və patogenezi
Bir çox hallarda uşaqlarda angina bakteriyalar və ya viruslar tərəfindən törədilir. 80-85% hallarda infeksiyanın törədiciləri A qrup β-hemolitik streptokoklar; 10% – qızılı stafilokoklar; nadir hallarda pnevmokok, hemofiliya çöpləri, viruslar (enterovirus, adenovirus, herpes virusu, EBV – Epşteyn-Bar virusu və s.), mikoplazmalar, xlamidiyalar, göbələklər, miks-infeksiyalardır. Bir qayda olaraq, 3 yaşına qədər uşaqlarda angina virus, 5 yaşından yuxarı uşaqlarda isə bakterial mənşəllidir. Uşaqlarda streptokok anginası ilə xəstələnmə 5-10 yaşlarda daha çox rastlanır. Hüceyrədaxili törədicilər məktəbəqədər yaş dövründə olan uşaqlarda 10% hallarda tonzillit və faringitə səbəb olurlar. Bəzi kliniki hallarda patologiya ağız boşluğunda yaşayan şərti-patogen (opportunistik) bakteriyaların massiv inkişafı və sıxlığının artması nəticəsində yaranır.
İnfeksiya badamcıqlara əsasən ekzogen (hava-damcı, kontakt-məişət, enteral) yolla yoluxur. Travmatik angina bir çox hallarda burun-udlaq və burun boşluğunun arxa nahiyələrinin cərrahi əməliyyatlarından (məs., adenotomiyadan) sonra inkişaf edir. Endogen autoinfeksiya xroniki tonzillit, dişlərdə karies, sinusit, qastroenteritin fəsadlaşması zamanı ola bilər.
Uşaqlarda anginanın inkişafına konstitusional anomaliyalar (limfatiko-hiperplastik konstitusiya), soyuqdəymə zamanı regionar və ümumi immunitetin zəifləməsi, hava şəraitinin qəfləti dəyişilməsi, avitaminozlar və s. səbəb ola bilər.
Uşaqlarda anginanın inkişafının əsasında allergik-hiperergik tip reaksiyalar durur. Badamcıqların lakunalarında külli miqdarda qeyri-patogen flora vardır. Bu flora orqanizmin sensibilizasiyasına səbəb ola biləcək patogen mikroorqanizmləri və zülal katabolizminin (parçalanmasının) məhsullarını zərəsizləşdirir. Müxtəlif endogen və ya ekzogen infeksion törədicilər ilkin sensibizasiya fonunda uşaqlarda anginanın inkişafına gətirib çıxara bilərlər. Törədicilərin xaric etdiyi çoxsaylı ekzotoksinlər sirkulyator immun kompleslər yaratmaqla immun reaksiyaya səbəb olur. Nəticədə ürək əzələsi, böyrəklər və başqa daxili orqanlar zədələnir.
Törədicilərin daxil olması və çoxalmasına badamcıqların yerli reaksiyası limfoid toxumanın şişkinləşməsi, follikulların irinləməsi, lakunalara irinli kütlənin toplanması, epitelin, bəzən badamcıq toxumasının nekrozu ilə xarakterizə olunur.
Uşaqlarda anginanın təsnifatı
Badamcıqların iltihabının səbəbindən asılı olaraq uşaqlarda birincili, ikincili və spesifik anginalar ayırd edilir. Birincili anginada infeksiya başlanğıcdan badamcıqlarda inkişaf edir. Uşaqlarda ikincili və ya simptomatik angina tez-tez başqa infeksion xəstəliklər – skarlatina, qızılca, difteriya, mononukleoz və s. zamanı müşahidə olunur. Spesifik anginada isə badamcıqlar spesifik flora ilə zədələnir, törədici qismində qonoreya, mikoplazma, xlamidiya, kandida və s. çıxış edir. Uşaqlarda anginalar kəskin, tez-tez residivləşən və xroniki gedişə malik olur.
Badamcıqların zədələnməsinin xarakterindən asılı olaraq anginanın kliniki formalarından uşaqlarda kataral, follikulyar, lakunar, fibrinoz, fleqmanoz və qanqrenoz formalarına rast gəlinir.
Kataral anginada boğaza baxdıqda badamcıqların, həmçinin damaq qövslərinin böyüməsi və hiperemiyası aşkar olunur. İrinli ərp müşahidə olunmur; kövşək və deskvamasiya olunmuş epiteli fonunda nazik, seroz, ağımtıl ərp görünür. Mikroskopiyada badamcıqların epitelinin limfosit və neytrofilli qalın infiltrasiyası təyin olunur.
Uşaqlarda follikulyar anginanın əlamətləri badamcıqların epiteli üzərində yarımşəffaf, irinli, 3 mm-ə qədər böyüklüyü olan follikullardır (“ulduzlu səma şəkli”). Badamcıqların parenximasının morfoloji dəyişiklikləri (doluqanlılıq, hiperemiya) daha nəzərə çarpandır; irinli follikullar nekrozlu, leykositar infiltrasiyalıdır.
Uşaqlarda lakunar angina badamcıqlar arasında, lakunalarda yerləşən sarımtıl, xətti irinli ərplə gedir. Badamcıqların səthinin hiperemiyası və ödemi aydın şəkildə görünür; lakunaların başlanğıcında ərp adacıqları birləşməyə və geniş, irinli ocaqların yaranmasına meyillidir. Mikroskopiyada epitelinin çoxsaylı xoraları, selikli qişanın leykositar infiltrasiyaları, folikulların irinləməsi, kiçik kalibrli damarların trombozu aşkar olunur.
Uşaqlarda fibroz angina zamanı badamcıqların üzəri örtükşəkilli, ağımtıl, yarımşəffaf ərplə örtülür. Fleqmanoz angina uşaqlarda nadir hallarda rastlanır; badamcığın hissəvi irinləməsi və intratonzilyar absesin formalaşması (adətən birtərəfli) ilə müşayiət olunur.
Qanqrenoz anginda badamcıqların epiteli və parenximasında xoralı-nekrotik dəyişikliklər müşahidə olunur. Boğaza baxdıqda badamcıqların üzərində tərkibində çoxlu miqdarda bakteriyalar, leykositlər, nekrozlaşmış toxuma və fibrin olan, ağımtıl-boz rəngli ərp aşkarlanır. Ərp yumşalıb kənarlaşdıqdan sonra yerində qeyri-düzgün kənarlı xoralar aşkarlanır. Yayılmış nekrotik proses pozulmalarla ağırlaşa, sonra isə yumşaq damağın və udlağın çapıqlaşması ilə sonlana bilər. Uşaqlarda nekrotik angina kəskin leykoz, difteriya, skarlatina zamanı müşahidə oluna bilər.
Uşaqlarda anginanın simptomları
Angina böyüklərə nisbətən uşaqlarda daha ağır gedişli olur; yüksək temperatur, nəzərə çarpan intoksikasiya, tez-tez ağırlaşmalarla təzahür edir. Uşaqlarda angina bir formadan başqasına (kataraldan follikulyara, sonra isə lakunara) keçə və ya proqressivləşməmiş gedişata malik ola bilər.
Kataral angina üçün boğazda udqunma zamanı artan qıcıqlanma, yanğı, quruluq hissi və ağrı ilə kəskin başlanğıc xarakterikdir. Bədən temperaturu 38-39 °С-yə qədər yüksəlir, uşaq süst olur, nasazlıq və baş ağrılarından şikayətlənirlər. Dili quru, üzəri ağımtıl ərplə örtülü, regionar limfa düyünləri bir qədər böyümüş və zəif ağrılı olur; adətən, 5-7 gün davam edir.
Uşaqlarda follikulyar angina aydın intoksikasiya əlamətləri – zəiflik, apatiya, iştahasızlıq, artralgiya, baş ağrıları ilə özünü göstərir. Hərarət, titrəmə, qusma, huşun alaqaranlıqlaşması, qıcolmalar baş verir. Boğazda bir çox hallarda qulaqlara irradiasiya edən (yayılan) tipik güclü ağrılar uşağı qidadan və maye qəbulundan imtina etməyə vadar edir. Follikulyar anginanın simptomatikası 2 gün ərzində inkişaf edir; badamcıqların səthinin təmizlənməsi nəticəsində 3-4 günə yaxşılaşma başlayır. Lakin udma zamanı ağrıların meydan çıxması 2-3 gün davam edir. Uşağın kliniki sağalması 7-10 gün sonra başlayır.
Uşaqlarda lakunar angina da ağır intoksikasiya sindromu ilə gedir. Badamcıqların və yumşaq damağın ödemi və infiltrasiyasına görə uşaq ağzını çətinliklə açır, danışığı aydın səslənmir, səsi isə burun səsi olur. Uşaqlar güclü boğaz ağrısından və ağızda xoşagəlməz daddan şikayətlənirlər. Lakunar angina uşaqlarda 10-14 gün davam edir.
Uşaqlarda virus anginası respirator simptomlar (rinit, öskürək), stomatit, konyunktivit, diareya ilə müşayiət olunur.
Uşaqlarda streptokok anginasının daha çox rastlanan ağırlaşmaları revmatik endokardit, qeyri-spesifik poliartrit, qlomerulonefrit, udlaqətrafı absesdir. Herpetik angina uşaqlarda seroz meningitlə ağırlaşa bilər.
Uşaqlarda anginanın diaqnostikası
Uşaqda bədən temperaturunun yüksəlməsi və boğazda ağrı meydana çıxdıqda pediatra və ya uşaq otolarinqoloquna müraciət olunmalıdır. Angina üçün xarakterik əlamətləri uşaq həkimi boğazın selikli qişasına baxdıqda, çənəaltı və boyun limfa düyünlərini palpasiya etdikdə aşkarlayır.
Qanın ümumi analizində neytrofil leykositoz, sola çubuqnüvəli sürüşmə, EÇS-nin yüksəlməsi aşkarlanır. Udlaqdan götürülmüş yaxmanın mikroflorasının müayinəsi anginanın törədicilərini aydınlaşdırmağa imkan verir. Ehtiyac olarsa, seroloji diaqnostika (İFA – immunoferment analiz) vasitəsilə mikoplazma, kandida, xlamidiya, herpes virusu və digərlərinə qarşı antitellər təyin olunur; β-hemolitik streptokokların mövcudluğu ASL-O-nun (antistreptolizin-o) təyini ilə təsdiqlənir.
Farinqoskopiyada badamcıqların və qövsün hiperemiyası, ərpli infiltrasiya anginanın kliniki forması haqda mühakimə yürütməyə imkan verir. Angina zamanı irinli ərp şpatellə asanlıqla təmizlənir, şüşə üzərində yaxılır və yerində qanama olmur (çətin ayrılan difteriya ərpindən fərqli olaraq).
Uşaqlarda anginanın müalicəsi
Uşaqlarda yüngül və orta-ağır angina ambulator müalicə olunur; lakin ağır gedişli angina zamanı infeksion şöbədə hospitalizasiya tələb oluna bilər.
Uşaqlarda rastlanan anginanın müalicəsi zamanı yataq rejimi və sakitlik, xəstə uşağın izolyasiyası, fərdi özünəqulluq vasitələrinin (qablar, dəsmal) istifadəsi, yüngül qidalanma və çoxlu maye qəbuluna riayət olunmağı vacibdir.
Uşaqlarda bakterial angina zamanı törədicinin, yəni β-hemolitik streptokokların həssas olduğu, sistemli mikrobəleyhinə (penisillin, makrolid, sefalosporin, karbapenem qrupu) preparatlar təyin olunur. Antibakterial terapiya ilə yanaşı, antihistamin preparatlar, B qrup vitaminlər və askorbin turşusu, immunomodulyatorların qəbulu da göstərişdir.
Uşaqlarda anginanın müalicəsində lokal terapiya – antiseptiklər (nitrofural, miramistin) və ot (kalendula, çobanyastığı, adaçayı) dəmləmələri ilə qarqara, boğaza aerozolların püskürdülməsi mühüm yer tutur.
Uşaqlarda viral angina zamanı virusəleyhinə preparatlar təyin olunur, udlağa interferon tökülür.
Cərrahi müalicə – abseslə fəsadlaşma zamanı paratonzilyar/ retrofaringeal (udlaqətrafı) abseslərin açılmasından ibarətdir. Uşaqlarda angina residivləşmiş gedişli olduqda tonzillektomiya göstərişdir.
Uşaqlarda anginanın proqnozu və profilaktikası
Streptokok anginası keçirmiş uşaqda EKQ (elektrokardioqrafiya), qanın və sidiyin dinamikada ümumi analizi aparılmalı, ehtiyac olarsa – uşaq revmatoloqu, nefroloqu və immunoloqu ilə konsultasiya olunmalıdır. Müalicə vaxtında başlanar və tam aparılarsa, rekonvalesensiya ilə sonlanır. Əks halda xroniki tonzillitə keçməsi, regionar və ya ümumi ağırlaşmaların inkişafı ehtimal olunur.
Uşaqlarda rastlanan anginanın profilaktikası infeksiyaya yoluxmuş xəstələrlə kontaktın məhdudlaşması, ümumi rezistentliyin yüksəlməsi, irinli ocaqların sanasiyası, qida rasionunun vitaminlərlə zənginləşdirilməsini tələb edir.