Uşaqlarda dəmir defisitli anemiya
Uşaqlarda dəmir defisitli anemiya – dəmirin orqanizmə daxil olması, mənimsənilmə və sərf olunması arasındakı balansın pozulması nəticəsində yaranan klinik-laborator sindromdur. Patologiya asteno-vegetativ, epitel, immunodefisit, ürək-damar və s. sindromlarla təzahür edir. Dəmir defisitli anemiyanın əsas laborator kriteriyalarına Hb konsentrasiyası, rəng göstəricisi, eritrositlərin morfologiyası, qan zərdabında dəmir və ferritinin miqdarı aiddir. Uşaqlarda dəmir defisitli anemiyanın müalicəsi dietoterapiya, dəmir preparatlarının qəbulu, nadir hallarda isə eritrositar kütlənin köçürülməsindən ibarətdir.
Uşaqlarda dəmir defisitli anemiya barədə ümumi məlumat
Uşaqlarda dəmir defisitli anemiya – anemiyanın bir forması olub, onun əsasını orqanizmdə mütləq və ya nisbi dəmir çatışmazlığı təşkil edir. 3 yaşa qədər uşaqlarda dəmir defisitli anemiyanın yayılma tezliyi 40%, yeniyetmələrdə – 30%, reproduktiv dövrdə olan qadınlarda isə 44% təşkil edir. Dəmir defisitli anemiya pediatriya, mamalıq və ginekologiya, terapiya, hematologiya sahəsində tez-tez rast gəlinən patologiyalardan sayılır.
Bətndaxili inkişaf dövründə dəmir ana orqanizmindən dölə cift vasitəsilə daxil olur. Dəmirin daha sürətli transplasentar ötürülməsi hamiləliyin 28-32-ci həftəsinə təsadüf edir. Vaxtında doğulan uşaqların bədənində doğuş anında 300-400 qram, yarımçıq doğulmuşlarda isə 100-200 qram dəmir olur. Yenidoğulmuşda neonatal dəmir Hb, ferment, mioqlobinin sintezi, dəri və selikli qişaların regenerasiyası, tər, sidik, nəcislə fizioloji itkinin kompensasiyasına sərf olunur. Az yaşlı uşaqların sürətli inkişafı ilə əlaqədar orqanizmin dəmirə olan tələbatı artır. Depodan dəmirin sərf olunması onun ehtiyatlarının tez bir zamanda (vaxtında doğulan uşaqlarda 5-6, yarımçıq doğulmuşlarda isə 3-cü ayda) tükənməsinə gətirib çıxarır.
Normal inkişafı təmin etmək üçün yenidoğulmuşun gündəlik rasionunda dəmirin miqdarı 1,5mq, 1-3 yaşlı uşaqlarda isə 10mq-dan az olmamalıdır. Dəmirin itirilməsi və sərf olunması onun orqanizmə daxil olma və mənimsənilməsindən üstün olduqda uşaqda dəmir defisitli anemiya yaranır. Dəmir çatışmazlığı orqan və toxumaların hipoksiyasına, immunitetin zəifləməsinə, infeksion xəstəliklərlə tez-tez yoluxmaya, uşağın neyro-psixi inkişafının pozulmasına səbəb olur.
Uşaqlarda dəmir defisitli anemiyanın yaranma səbəbləri
Uşaqlarda dəmir defisitli anemiyaya antenatal və postnatal amillər səbəb olur. Antenatal amillərə bətndaxili dəmir deposunun formalaşmaması aiddir. Belə hallarda dəmir defisitli anemiya adətən 1,5 yaşa qədər inkişaf edir. Erkən anemiyanın inkişafına toksikozlar, hamilə qadının anemiyası, hestasiya dövründə qadının keçirdiyi infeksion xəstəliklər, düşük təhlükəsi, fetoplasentar çatışmazlıq, ciftin ayrılması, çoxdöllü hamiləlik, göbək ciyəsinin vaxtından əvvəl və ya gec bağlanılması təsir edə bilər.
İri çəkili və ya yarımçıq doğulmuş, limfatik-hipolastik diatezli uşaqlar dəmirdefisitli anemiyaya daha çox məruz qalır.
Uşaqlarda postnatal dəmirdefisitli anemiyaya əsasən orqanizmə dəmirin kifayət miqdarda daxil olmaması nəticəsində formalaşır. Adaptasiya olunmamış süni süd qarışıqları, keçi və ya inək südü ilə qidalanan uşaqlar dəmir defisitli anemiyanın risk qrupuna daxildir. Patologiyanın alimentar səbəblərinə əlavə qidaların rasiona gec daxil edilməsi, heyvan mənşəli zülalların istifadə edilməməsi, balanslaşdırılmamış və qeyri-rasional qidalanma aiddir.
Xarici və daxili qanaxmalar (mədə-bağırsaq, ağciyər, burun, travmatik), qızlarda gur aybaşı dəmir defisitli anemiyaya gətirib çıxara bilər. Dəmir çatışmazlığı bağırsaqda mikroelementlərin sorulma prosesinin pozulması ilə gedən xəstəlikləri: xoralı kolit, Kron xəstəliyi, enterit, Hirşpurinq xəstəliyi, bağırsağın disbakteriozu, mukovissidoz, laktaza çatışmazlığı, seliakiya, bağırsaq infeksiyaları, lyamblioz və s. müşayiət edir.
İzafi dəmir itkisinə allergik mənşəli dəri xəstəliklərdən əziyyət çəkən, infeksiyalara tez-tez yoluxan uşaqlarda qeydə alınır. Bundan əlavə dəmir defisitli anemiya orqanizmdə transferrinin səviyyəsinin və aktivliyinin azalması nəticəsində dəmirin ötürülməsinin pozulması ilə əlaqədar yarana bilər.
Uşaqlarda dəmir defisitli anemiyanın əlamətləri
Uşaqlarda dəmir defisitli anemiyanın klinikası qeyri-spesifik olub, asteno-vegetativ, epitel, dispepsik, ürək-damar, immunodefisit, hepatolienal sindromların üstünlüyü ilə gedə bilər. Dəmir defisitli anemiyanın asteno-vegetativ təzahürləri orqan və toxumaların, o cümlədən baş beynin hipoksiyası zamanı meydana çıxır. Belə uşaqlarda əzələ hipotoniyası, fiziki və psixomotor inkişafın ləngiməsi (ağır hallarda – intellektual çatışmazlıq), ağlağanlıq, əsəbilik, vegeto-damar distoniyası, başgicəllənmə, ortostatik kollaps, bayılma, enurez müşahidə edilir.
Epitel sindromu dəri və dəri artımlarında gedən dəyişikliklər: dəri örtüklərinin quruluğu, dirsək və diz nahiyəsinin dərisinin hiperkeratozu, ağız boşluğunun selikli qişasında çatların yaranması (anqulyar stomatit), qlossit, xeylit, saçların solğunluğu və aktiv şəkildə tökülməsi, dırnaqların kələ-kötürlüyü və kövrəkliyi ilə müşayiət olunur.
Dəmir defisitli anemiyada dispepsik hallar iştahın azalması, anoreksiya, disfagiya, qəbizlik, meteorizm, ishalla ifadə olunur. İybilmə (benzin, lak, boya iyini xoşlamaq) və dad hissiyyatının (tabaşir, torpaq və s. yemək istəyi) dəyişməsi xarakterik əlamət sayılır. MBT-nın zədələnməsi dəmirin sorulma prosesini pozur, bu da öz növbəsində anemiyanın gedişini daha da ağırlaşdırır.
Ürək-damar sistemində dəyişikliklər dəmir defisitli anemiyanın ağır dərəcəsində yaranaraq, taxikardiya, təngnəfəslik, arterial hipotoniya, ürək küyləri, miokardın distrofiyası ilə xarakterizə olunur. İmmunodefisit sindromu uzunmüddətli səbəbsiz qızdırma, tez-tez təkrarlanan kəskin bağırsaq infeksiyaları və KRVİ, infeksiyaların ağır və ləng gedişi ilə səciyyələnir.
Hepatolienal sindrom (hepatosplenomeqaliya) adətən ağır formalı dəmir defisitli anemiya və raxitdən əziyyət çəkən uşaqlarda qeydə alınır.
Uşaqlarda dəmir defisitli anemiyanın diaqnostikası
Dəmir defisitli anemiya və onun səbəblərinin diaqnostikası müxtəlif mütəxəssislər: neonatoloq, pediatr, hematoloq, uşaq qastroenteroloqu, uşaq ginekoloqu və s. tərəfindən aparılır. Baxiş zamanı dəri və gözlə görünən selikli qişaların (ağız boşluğu, konyunktiva) solğunluğu, akrosianoz və ya peroral sianoz, gözaltı torbacıqlar nəzərə çarpır.
Uşaqlarda dəmir defisitli anemiyanın olması və onun dərəcəsi barədə mühakimə yürütməyə imkan verən əsas laborator kriteriyalar aşağıdakılardır: Hb (<110 q/l), rəng göstəricisi (<0,86), zərdab ferritini (<12mkq/l), zərdab dəmiri (<14mkmol/l).
Dəmir defisitli anemiyanın səbəblərini aşkar etmək üçün sümük iliyinin punksiyası; qastroskopiya; kolonoskopiya; qarın boşluğunun USM; kiçik çanaq orqanlarının USM; mədənin rentgenoqrafiyası, irriqoskopiya, nəcisin disbakterioz, gizli qan, helmint yumurtaları və ibtidailərə görə analizi tələb oluna bilər.
Uşaqlarda dəmir defisitli anemiyanın müalicəsi
Dəmir defisitli anemiyanın müalicəsinin əsas prinsipləri dəmir çatışmazlığının səbəbinin aradan qaldırılması, rejim və pəhrizin korreksiyası, dəmir preparatlarının təyinindən ibarətdir. Dəmir defisitli anemiyadan əziyyət çəkən uşaqların rasionunda dəmirlə zəngin qidalar: qaraciyər, mal əti, balıq, yumurta sarısı, paxlalı bitkilər, qarabaşaq, yulaf yarması, ispanaq, şaftalı, alma və s. üstünlük təşkil etməlidir.
Uşaq orqanizmində dəmir defisitini aradan qaldırmaq üçün dəmir preparatlarından istifadə olunur. Az yaşlı uşaqlara əsasən maye şəklində olan dərman formaları (damcı, sirop, suspenziya) təyin edilir. Dəmir preparatları yeməkdən 1-2 saat su və ya meyvə şirəsi ilə qəbul edilməlidir. Dəmir defisitli anemiyanın kompleks terapiyasına vitamin-mineral kompleksləri və adaptogenlər daxil edilməlidir.
Dəmir defisitli anemiyanın ağır dərəcəsində dəmirin parenteral yeridilməsi, eritrositar kütlənin köçürülməsi göstəriş sayılır.
Əsas müalicə kursu adətən 4-6 həftə, dəstəkləyici terapiya 2-3 ay davam edir. Dəmir çatışmazlığını aradan qaldırmaqla yanaşı əsas xəstəliyin müalicəsi aparılmalıdır.
Uşaqlarda dəmir defisitli anemiyanın proqnoz və profilaktikası
Patologiyanın adekvat müalicəsi və yaranma səbəblərinin likvidasiyası periferik qanın göstəricilərinin normallaşması və uşağın tam sağalması ilə nəticələnir. Dəmirin xroniki çatışmazlığının rast gəlindiyi uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi, infeksion və somatik xəstəliklər müşahidə edilir.
Dəmir defisitli anemiyanın antenatal profilaktikası hamilə qadının ferropreparat və ya polivitamin qəbul etməsindən, hamiləlik patologiyalarının qarşısının alınması və müalicəsindən, gələcək ananın rasional qidalanma və rejimindən ibarətdir. Postnatal profilaktikaya ana südü ilə qidalanma, əlavə qidaların körpənin qida rasionuna vaxtında daxil edilməsi, uşağa düzgün şəkildə qulluq edilməsi aiddir. Vaxtından əvvəl doğulmuşlar, əkizlər, konstitutsional anomaliyalı, aktiv böyümə və cinsi yetişkənlik dövründə olan uşaqlar, gur aybaşının müşahidə edildiyi yeniyetmə qızlarda dəmir preparatlarının profilaktik qəbulu göstəriş sayılır.