Uşaqlarda lyamblioz

Uşaqlarda lyamblioz – təkhüceyrəli orqanizm lyambliya tərəfindən törədilən parazitar xəstəlikdir. Lyamblioz dispeptik, ağrı, asteno-nevrotik, intoksikasion, allerqo-dermatoloji sindromlarla gedə bilər. Diaqnostika prosesində nəcis və bağırsaq möhtəviyyatının mikroskopik müayinəsi və PZR analiz, qanın İFA yerinə yetirilir. Müalicə məqsədilə lyambliya əleyhinə spesifik terapiya, pəhriz rejimi, fermentativ preparatar və enterosorbentlər təyin edilir, xolekinetiklərlə tübaj aparılır.

Uşaqlarda lyamblioz barədə ümumi məlumat

Lyambliozun törədicisi mikroskopik parazit Lamblia intestinal-dır. Epidemioloji məlumatlara əsasən bu xəstəliyin ümumi populyasiyada  yayılma tezliyi 2-5% təşkil edir. Onların 50%-i uşaqların payına düşür. Uşaq kollektivlərində (bağça, məktəb) lyamblioza yoluxma 30-50%-ə çatır. Böyüklərlə müqayisədə azyaşlılar lyamblioz infeksiyasına 3 dəfə artıq meylli olur. Uşaqlarda lyamblioz çoxsaylı xəstəliklər altında gizlənə bilər. Bu səbəbdən onun aşkarlanması uşaq qastroenterologiyası və pediatriyada mürəkkəb problemlərdən sayılır.

Uşaqlarda lyambliozun yaranma səbəbləri

Böyüklər və uşaqlarda lyamblioza bağırsaqda parazitlik edən təkhüceyrəli qamçılı mikroorqanizm Lamblia intestinal (sinonimləri: Giardia lamblia, Giardia intestinales, Giardia duodenalis) səbəb olur. İnsan orqanizmində lyambliya 2 formada məskunlaşa bilər: vegetativ (nazik bağırsağın yuxarı şöbələrində – onikibarmaq bağırsaqda və acı bağırsağın başlanğıc hissəsində) və yoğun bağırsaqda spor (sist) formasında.

Sahib orqanizmdən kənarda vegetativ formalar qısa zaman ərzində məhv olur. Sistalar nəm mühitdə 60-70 gün, suda isə 3 aya qədər öz həyat qabiliyyətini qoruyub saxlayır.

Lyambliyalar it, pişik, gəmiricilərin orqanizmində də parazitlik edir. Lakin onların insan üçün patogenliyi sübuta yetirilməmişdir. Bununla əlaqədar əsas infeksiya mənbəyi xəstə insan hesab olunur. Məlumdur ki, lyambiyozlu uşaq sutkada nəcislə orta hesabla 900 milyon sista xaric edir. İnfeksiyanın digər uşaqlara keçməsi üçün 8-10 sista kifayət edir.

Uşaqlar fekal-oral yolla yoluxur. Parazitlərin sistası mədə-bağırsaq traktına su, qida, ümumi oyuncaq, qab və gigiyena vasitələri (burun və ya əl dəsmalı), natəmiz əl və s. vasitəsilə keçə bilər. Adətən ailənin 1 üzvündə lyamblioz aşkarlandıqda, digərlərində də eyni infeksiyaya rast gəlinir.

Uşaqlarda lyambliozun patogenezi

Lyambliya insan orqanizminə düşdükdə bağırsaqda məskunlaşır. Parazit selikli qişaya dəfələrlə yapışıb-qopmaqla enterositləri zədələyir. Selikli qişanın mexaniki zədələnməsi nəticəsində nazik bağırsaqda şərti-patogen və patogen mikroflora aktivləşir. Çox vaxt lyambliozlu uşaqların nəcisini analiz edərkən göbələklər, H.pylori; bifido- və laktobakteriyaların, bağırsaq çöplərinin səviyyəsinin azalması izlənilir. Disbakterioz bağırsaqda lyambliyaların çoxalması, toksinlərin orqanizmin daxili mühitinə keçməsi üçün əlverişli şərait yaradır.

Lyambliyalar toksiki mübadilə məhsullarını ifraz etməklə, nazik bağırsaqda karbohidrat, zülal, yağ, mikroelementlər, vitamin və mineralların sorulma prosesini pozurlar. Bu da öz növbəsində mikronutrientlərin defisitinə və polivitamin çatışmazlığına gətirib çıxarır. Uşaqlarda lyamblioz zamanı həzm fermentlərinin sintezi zəifləyir, laktoza çatışmazlığı və malabsorbsiya sindromu formalaşır.

Bağırsaq divarının sinir uclarının qıcıqlanması nəticəsində patoloji vissero-visseral reflekslər yaranır – abdominal sindrom meydana çıxır. Mübadilə məhsulları ilə orqanizmin sensibilizasiyası və lyambliyaların ölümü allergik formaların inkişafına səbəb olur.

Lyambliyaların uzunmüddətli persistensiyası, onların toksinlərinin və mübadilə məhsullarının müxtəlif sistemlərə təsiri uşaqda xroniki endogen intoksikasiya sindromu, nevrotik reaksiyalar və ikincili immun çatışmazlıq törədir.

Uşaqlarda lyambliozun təsnifatı

ÜST təsnifatına əsasən uşaqlarda simptomsuz lyambliya daşıyıcılıq və kliniki ifadəli lyamblioz ayırd edilir. Klinik təzahürlərin xüsusiyyətlərinə əsasən birincili invaziya (kəskin lyamblioz əsasən az yaşlı uşaqlarda aşkarlanır) və lənggedişli residivləşən infeksiya (xroniki lyamblioza adətən yuxarı yaş qrupuna daxil olan uşaqlarda və böyüklərdə rast gəlinir) qeydə alınır.

Klinik formadan asılı olaraq, lyamblioz bağırsaq (duodenit, onikibarmaq bağırsağın diskineziyası, enterit, enterokolit) və ya hepatobiliar formada (öd yollarının diskineziyası, xolangit, xolesistit) gedə bilər.

Xəstəliyin müxtəlif formalarında ağrı, dispeptik, allerqo-dermatoloji, asteno-nevrotik, intoksikasion sindrom üstünlük təşkil edə, bəzən isə müştərək formada rast gəlinə bilər.

Uşaqlarda lyambliozun əlamətləri 

Lyambliozlu uşaqların demək olar ki, hamısında qida qəbulundan asılı olmayan sancışəkilli qarın ağrısı (epiqastral və ya sağ qabırğaaltı nahiyədə, göbək ətrafında) ilə xarakterizə olunan abdominal sindrom müşahidə edilir. Bəzən ağrı sindromunun ifadəliliyi «kəskin qarın» klinikasını xatırladır.

Dispeptik sindrom iştahın azalması, gəyirmə, qıcqırma, ürəkbulanma, ağızda acılıq, qarında köplə təzahür edir. Bağırsaq disbiozu fonunda nəcis duru, köpüklü və üfunətli xarakter alır. Defekasiya aktının tezliyi sutkada 3-5 dəfəyə qədər artır. Koproqrammada steatoreya aşkar edilir.  Bəzən qəbizlik ishalla növbələşir. Bağırsaqda qida maddələrinin sorulma prosesinin və nəcis ifrazının pozulması bədən kütləsinin azalmasına, hipotrofiyaya gətirib çıxarır.

Uşaqlarda lyambliozun allerqo-dermatoloji təzahürləri azspesifikdir. Bir sıra hallarda dəridə övrəyə bənzəyən çəhrayı rəngli nöqtəvi səpkilər, davamlı qaşınma yaranır. Yeniyetmələrdə civzələr (akne) əmələ gəlir və ya güclənir. Allergik rinit, konyunktivit, atopik dermatit, Kvinke ödemi, bronxial astma inkişaf edə bilər. Bəzi uşaqlarda lyamblioz artralgiya və artritlə özünü büruzə verir.

Asteno-nevrotik sindrom lyambliyaların həyat fəaliyyəti məhsullarının mərkəzi sinir sisteminə tormozlayıcı təsirinin nəticəsində formalaşır. Bu sindrom üçün tez yorulma, əmək qabiliyyətinin və emosional tonusun azalması, əsəbilik, ağlağanlıq, baş ağrıları, başgicəllənmə, bruksizm (dişləri qıcamaq), tiklər xarakterikdir.

Lyambliozlu uşaqlarda intoksikasiya hepatolineal sindrom, limfadenopatiya, badamcıq və adenoidlərin böyüməsi, bədən temperaturunun səbəbsiz yerə 37,5-38°С-yə qədər yüksəlməsi ilə müşayiət edilir.

Xroniki lyamblioz ifadəli əlamətlərə malik olmur. Onun gedişi dərinin quruması və qabıqlanması, follikulyar keratoz, allergik xəstəliklərin kəskinləşməsi və manifestasiyası, somatik patologiyanın ağırlaşması, nəcis ifrazının pozulması, periodik subfebrilitet, vegetativ-damar distoniyasının əlamətləri və s. ilə səciyyələnir.

Uşaqlarda lyambliozun diaqnostikası

İnfeksiyanın əlamətləri spesifik olmadığından lyambliozlu uşaqlar əksər hallarda allerqoloq-immunoloq, dermatoloq, pulmonoloq, nevroloq, qastroenteroloq tərəfindən uzun müddət yanlış istiqamətdə müalicə alırlar. MBT patologiyaları, vegetativ və nevrotik pozğunluqlar, allergik reaksiyalar, hemoqrammada dayanıqlı eozinofiliyanın aşkarlandığı uşaqlar lyamblioza görə müayinə olunmalıdırlar.

Nəcisdə lyambliya sistalarını aşkar etmək üçün ən azı 3 dəfə analiz verilir. Lakin sistanın ifrazı siklik olduğundan fekal kütlələrdə lyambliyalara hər zaman təsadüf edilmir. Bəzən zondlama üsulu ilə götürülmüş bağırsaq möhtəviyyatının müayinəsi daha informativ olur.

Hazirda lyambliozun diaqnostikasında seroloji metoda – qanda lyambliya antigenlərinə qarşı spesifik anticisimləri aşkarlayan İFA, eləcə də nəcis və bağırsaq möhtəviyyatının PZR analizinə üstünlük verilir.

Müayinə prosesində əlavə diaqnostik prosedurlar: qarın boşluğu orqanlarının USM, nəcisin disbakterioza görə analizi, koproqramma, qanın biokimyəvi analizi məsləhət görülə bilər.

Uşaqlarda lyambliozun müalicəsi

Müalicədə əsas məqsəd parazitin orqanizmdən çıxarılmasından və klinik əlamətlərin aradan qaldırılmasından ibarətdir. Uşaqda lyambliozun diaqnozu təsdiqləndikdə ailənin bütün üzvləri, həmçinin ev heyvanları da müalicə olunmalıdır.

Lyambliya əleyhinə terapiyaya hazırlıq mərhələsindən (qidalanma rejiminə və pəhrizə riayət, xolestazın ləğvi) sonra başlanılır. Müalicənin effektivliyini gücləndirmək üçün xüsusi pəhriz: sıyıqlar, meyvə qurusu, bişmiş meyvə və tərəvəzlərin qəbulunu artırmaq, asan həzm olunan karbohidratların istifadəsini azaltmaq tövsiyə olunur. Endogen intoksikasiyanı aradan qaldırmaq məqsədilə enterosorbentlər, maldigestiya və malabsorbsiya sindromunda isə pankreatin əsaslı fermentlər təyin edilir. Lyamblioz zamanı xolekinetiklər, Demyanov üsulu ilə kor tübaj göstəriş sayılır. Disbakterioz hallarında bağırsaq mikroflorası korreksiya olunur.

Etiotrop terapiya nitorimidazol qrupundan olan lyambliya əleyhinə preparatların (metronidazol, tinidazol, niridazol, ornidazol) və nitrofuranın törəmələrinin (furazolidon, nifuratel) tətbiqinə əsaslanır. Preparatın növü, müalicənin davametmə müddəti və sxemi həkim tərəfindən təyin edilir. Antiparazitar preparatların qəbulundan 1-2 gün sonra uşaqlarda allergik təzahürlər kəskinləşə, qarında ağrılar güclənə bilər. Lakin bu, müalicənin dayandırılmasına əsas vermir. Müalicə kursu başa çatdıqdan sonra uşaq yenidən müayinə olunmalıdır.

Uşaqlarda lyambliozun proqnoz və profilaktikası

Uşaqların 92-95%-də tam müalicə kursundan sonra klinik-laborator remissiya əldə edilir. Buna baxmayaraq, reinfeksiya və residiv hallarına da tez-tez rast gəlinir. Müalicədən sonra uşaqlar 2-3 dəfə nəcis analizi verməlidir. Laborator nəticələr mənfi olduqda, lakin tipik əlamətlər yenidən baş qaldırdıqda residiv əleyhinə müalicə aparılmalıdır.

Lyambliozun profilaktikası simptomsuz daşıyıcıların və sista ifraz edənlərin diaqnostika və müalicəsindən; uşaqlara gigiyena qaydalarının öyrədilməsindən; meyvələrin qaynadılmış su ilə yuyulmasından; içməli suyun qaynadılmasından; uşaq kollektivlərində epidemiya əleyhinə tədbirlərin aparılmasından ibarətdir.

error: Content is protected !!