Uşaqlığın mioması

Uşaqlığın mioması – uşaqlığın xoşxassəli, hormondan asılı şişəbənzər törəməsi olub, onun saya əzələ və birləşdirici toxumalarından yaranır. Patologiya adətən müxtəlif lokalizasiyalı çoxsaylı miomatoz düyünlər şəklində inkişaf edir, bəzi hallarda isə tək sayda olur. Uşaqlığın miomasının ölçüləri kiçik düyünlərdən tutmuş qarnın palpasiyası zamanı asanlıqla müəyyən edilən çəkisi təxminən 1 kq olan şişə qədər dəyişə bilər. Miomanın ölçüləri hamiləliyin müxtəlif dövrlərində uşaqlığın ölçüləri ilə müqayisə edilir. Kiçik miomatoz düyünlər heç bir klinik əlamət olmadan inkişaf edə bilər, belə şişlər ginekoloji müayinə zamanı təsadüfən aşkarlanır.

Uşaqlığın mioması barədə ümumi məlumat

Miomatoz düyünlərin böyümə istiqamətindən asılı olaraq uşaqlığın miomasının 3 növü ayırd edilir: subseroz, submukoz və interstisial. Uşaqlığın subseroz miomasında düyün enli əsas və ya uzun ayaqcıq üzərində inkişaf edir. Subseroz mioma subperitoneal, uşaqlığın səthində seroz qişanın altında lokalizasiya olur. Submukoz (selikli qişanın altında) mioma uşaqlıq boşluğuna doğru böyüyür. İnterstisial miomada düyün uşaqlığın əzələ qatında  yerləşir.

Çox zaman mioma uşaqlıq cismində (95%), qalan hallarda isə uşaqlıq boynunda (5%) yerləşir. Uşaqlığın miomasına adətən reproduktiv yaşda olan qadınlarda rast gəlinir. Postmenopauza dövründə adətən miomanın böyüməsi dayanır və o geriyə inkişaf edir. 20% hallarda mioma qadının müəyyən şikayətlərlə ginekoloqa müraciəti zamanı və ya təsadüfən aşkarlanır.

Uşaqlığın miomasının yaranma səbəbləri

Müasir ginekologiya uşaqlığın miomasının yaranma səbəbi haqqında suallara birmənalı cavab tapa bilmir. Uşaqlığın miomasının əsas səbəbi yumurtalıqların hormonal fəaliyyətinin pozulması nəticəsində estrogenlərin həddindən artıq sintez olunmasıdır. Bu, yüksək dozalı estrogenlərdən ibarət hormonal kontraseptivlərin qəbulunun uşaqlığın miomasının sürətlə böyüməsinə, postmenopauzada isə əksinə, estrogenlərin sintezinin dayanmasının şişin reqresiyası və yox olmasına gətirib çıxarması ilə sübut olunur. Lakin normal hormonal fonu olan qadınlarda da uşaqlığın miomasının inkişaf etməsi halları qeyd olunur.

Uşaqlığın miomasının digər risk amillərinə hamiləliyin cərrahi yolla pozulması, ağırlaşmış hamiləlik və ya doğuşlar, uşaqlığın adenomiozu (endometrioz), uşaqlıq boruları və yumurtalığın iltihabi xəstəlikləri, yumurtalıqların kistası, yaşı 30-dan yuxarı olan qadınlarda anamnezdə hamiləlik və doğuşun olmaması, piylənmə, irsi amil, immun və endokrin pozğunluqlar, uzunmüddətli insolyasiya aiddir.

Uşaqlığın miomasının əlamətləri

Uşaqlığın kiçik ölçülü miomaları klinik əlamətlər olmadan inkişaf edə bilər, belə şişlər ginekoloji müayinə zamanı təsadüfən aşkarlanır. Uşaqlığın miomasının maliqnizasiyası çox nadir hallarda rast gəlinir. Uşaqlığın miomasının böyüməsi əlamətlərin inkişafı ilə təzahür edir, ən çox müşahidə olunan simptomlar aybaşı qanaxmalarının güclənməsi və davametmə müddətinin artması (menorragiya), qan laxtalarının ifrazı, asiklik uşaqlıq qanaxmalarının yaranması (metrorragiya) və onların fonunda anemiyanın inkişafıdır.

Uşaqlığın mioması şişin lokalizasiyası və ölçülərindən asılı olan ağrı sindromu ilə xarakterizə olunur. Ağrı adətən qarnın aşağı hissəsi və ya bel nahiyəsində baş verir. Uşaqlığın miomasının ləng böyüməsi zamanı ağrı küt olub, sızıltılı xarakter daşıyır. Uşaqlığın submukoz mioması qəfil tutmaşəkilli ağrılarla müşayiət olunur. Ağrı sindromu miomanın böyüməsinə mütənasib olaraq artır, ilkin mərhələlərdə xəstəliyin gedişi həmişə ağrısız olur.

Uşaqlığın miomasının inkişaf prosesində qonşu orqanların – sidik kisəsi və düz bağırsağın sıxılması baş verir, bu da onların funksional pozğunluqları: sidik ifrazının tezləşməsi və çətinləşməsi, xroniki qəbizliklə təzahür edir. İri miomatoz düyünlər (20 həftədən çox olan hamiləliyə uyğun) aşağı boş venanın sıxılması sindromuna – ürəkdöyünmə və ifadəli təngnəfəsliyə səbəb ola bilər.

Uşaqlığın miomasının ağırlaşmaları

Uşaqlığın mioması çoxsaylı ağırlaşmalar baxımından təhlükəli xəstəlik hesab olunur. Əksər hallarda miomatoz düyünün qan təchizatının pozulması nəticəsində nekrozun inkişafı, şişin ayaqcığının burulması, qanaxmalar, anemiya halları izlənilir. Uşaqlığın submukoz mioması uşaqlığın yığılması və açıq uşaqlıq boynundan miomatoz düyünün doğulması ilə nəticələnə bilər, bu hal ağrı və qanaxma ilə müşayiət olunur. Bundan əlavə uşaqlığın mioması hamiləliyin pozulması və sonsuzluğa gətirib çıxara bilər. 2% hallarda uşaqlığın miomasının bədxassəli şişə çevrilməsi mümkündür.

Uşaqlığın miomasının diaqnostikası

«Uşaqlığın mioması» diaqnozu birincili ginekoloji müayinədə qoyula bilər. Bimanual müayinə prosesində sərt konsistensiyalı, ölçüləri böyümüş, qabarıq, düyünlü səthli uşaqlıq palpasiya olunur. Uşaqlığın miomasının ölçülərinin, lokalizasiya və təsnifatının daha dəqiq təyin edilməsi üçün kiçik çanaq orqanlarının USM aparılır.

Uşaqlığın miomasının ən informativ diaqnostik üsulu histeroskopiya – optik aparat-histeroskopun köməyilə uşaqlıq boşluğu və onun divarlarının müayinəsi hesab olunur. Histeroskopiya həm diaqnostik, həm də müalicəvi: bəzi lokalizasiyalı miomatoz düyünlərin aşkarlanması və xaric edilməsi məqsədilə icra olunur. Əlavə olaraq histerosalpinqoskopiya (uşaqlıq və fallopiya borularının USM), uşaqlıq boşluğunun zondlanması, cinsi infeksiyalar və onkopatologiyanın diaqnostikası təyin oluna bilər.

Uşaqlığın miomasının müalicəsi

Uşaqlığın miomasının müalicə taktikası şişin ölçüləri, onun klinik təzahürləri və xəstənin yaşına uyğun təyin olunur. Bu kriteriyalardan asılı olaraq müalicə konservativ (terapevtik) və ya cərrahi ola bilər.

Miomalı bütün xəstələr ginekoloqun dinamik müşahidəsi (hər 3 aydan bir) altına alınmalıdır. Kiçik ölçülü, simptomsuz gedişli uşaqlıq miomaları adətən konservativ yolla müalicə olunur. Terapiyanın əsasını yumurtalıqların funksiyasını bərpa edən və şişin inkişafının qarşısını alan hormonal preparatların – progesteron törəmələrinin qəbulu təşkil edir. Uşaqlığın mioması zamanı müalicəvi məqsədlə qonadotropinlərin sekresiyasını ləngidən və psevdomenopauza yaradan uzunmüddətli təsirli qonadoliberin aqonistləri inyeksiya şəklində təyin olunur. İnyeksiya ayda 1 dəfə olmaqla 6 ay ərzində vurulur və miomanın ölçülərinin 55% azalmasına səbəb olur. Lakin cavan qadınlarda bu preparatların uzun müddətli istifadəsi osteoporozun inkişafına gətirib çıxarda bilər.

Təəssüf ki, konservativ terapiya uşaqlığın miomasını tam şəkildə müalicə etməyib, yalnız müəyyən bir müddət ərzində onun inkişafını ləngidə bilər. Bu səbəbdən terapevtik üsullar gecikmiş reproduktiv yaş dövründə olan qadınlarda daha səmərəli olur, konservativ müalicə uşaqlığın miomasının inkişafını menopauzanın başlanmasına kimi ləngidərək, həmin dövrdə onun özbaşına sorulmasına şərait yaradır.

Göstərişlər

Uşaqlığın miomasının cərrahi müalicəsinə olan göstərişlər:

  • İri ölçülü miomatoz düyünlər (12- həftəlik hamiləlikdən böyük);
  • Uşaqlığın miomasının proqressiv inkişafı (il ərzində 4 həftədən artıq);
  • İfadəli ağrı sindromu;
  • Uşaqlığın miomasının yumurtalıq şişləri və ya endometriozla müştərək inkişafı;
  • Miomatoz düyünün ayaqcığının burulması və ya onun nekrozu;
  • Qonşu orqanların – sidik kisəsi və ya düz bağırsağın funksiyasının pozulması;
  • Sonsuzluq (əgər digər səbəblər müəyyən olunmayıbsa);
  • Uşaqlığın miomasının submukoz böyüməsi;
  • Uşaqlığın miomasının maliqnizasiyasına şübhə yarandıqda.

Cərrahi müdaxilənin xarakteri və onun həcmi xəstənin yaşı, ümumi və reproduktiv sağlamlığın vəziyyəti, ehtimal olunan riksin dərəcəsinə əsasən təyin olunur. Diaqnostik müayinələrin nəticələrindən asılı olaraq cərrahi müdaxilə konservativ (uşaqlığın saxlanılması) və ya radikal (uşaqlığın xaric edilməsi) ola bilər. Cavan və doğmayan qadınlarda reproduktiv funksiyanın qorunması məqsədilə konservativ taktikaya üstünlük verilir.

Bu tip orqanqoruyucu əməliyyatlara miomektomiya – miomatoz düyünlərin xaric edilməsi aiddir. Gələcəkdə belə qadınlarda hamiləlik baş tuta bilər, lakin xəstəliyin residiv riski də mövcuddur. Postoperasion dövrdə hormonal müalicə və miomanın erkən residivlərinin inkişafının vaxtında qarşısını almaq məqsədilə daimi ginekoloji müşahidə tələb olunur. Miomektomiyanın histeroskopiyanın köməyilə aparılması daha az travmatik hesab olunur. Bu zaman uşaqlığın mioması həkimin vizual nəzarəti altında lazerin köməyilə kəsilir, cərrahi müdaxilə zamanı adətən yerli anesteziya icra olunur. Uşaqlığın mioması zamanı orqanqoruyucu əməliyyatların daha bir növü uşaqlığın rekonstruktiv bərpası ilə aparılan miometroektomiyadır. Əməliyyatın məqsədi uşaqlığın sağlam selikaltı-əzələ-seroz toxumaları saxlanmaqla miomatoz düyünlərin kəsilməsindən ibarətdir. Bu metod aybaşı və reproduktiv funksiyaların qorunmasına şərait yaradır.

Radikal əməliyyatlar

Radikal əməliyyatlar zamanı miomatoz düyünlər uşaqlıqla birgə xaric olunur, bu halda qadının gələcəkdə ana olmaq qabiliyyəti istisna olunur. Belə əməliyyatlara histerektomiya (uşaqlığın tam çıxarılması), uşaqlığın supravaginal amputasiyası (uşaqlığın cisminin xaric edilməsi), uşaqlığın selikli qişasının kəsilməsi ilə müşayiət olunan supravaginal amputasiya aiddir. Miomatoz düyünlərin yumurtalığın şişi ilə müştərək inkişafı zamanı və ya miomanın maliznizasiyası təqdiq olunduqda panhisterektomiya – uşaqlığın artımlarla birgə çıxarılması icra olunur.

Konservativ miomektomiya və ya uşaqlığın supravaginal amputasiyası (adətən uşaqlığın miomasının ölçülərinin 10-15 həftəliyə qədər hamiləliyə uyğun olması hallarında) laparoskopik metodla aparılır. Bu, toxumaların cərrahi travmalarını, gələcəkdə bitişmə proseslərinin ifadə dərəcəsini və əməliyyatdan sonra bərpa dövrünü əhəmiyyətli dərəcədə azaldır.

Uşaqlığın miomasının cərrahi müalicəsinin alternativ üsulu nisbətən yaxınlarda tətbiq olunan uşaqlıq arteriyalarının embolizasiyası (UAE) hesab olunur. Üsulun mahiyyəti miomatoz düyünü qidalandıran arteriyalarla qan cərəyanının dayandırılmasından ibarətdir. UEA tamamilə ağrısız üsul olub, rentgen-operasion şəraitdə yerli anesteziya altında icra olunur. Bud arteriyasından uşaqlıq arteriyasına kateter salınaraq, embolizasiyaedici preparat miomanı qidalandıran damara yeridilir. Qan təchizatının kəsilməsi nəticəsində miomatoz düyünlər tədricən kiçilir və ya tamamilə sorulur. Bununla yanaşı xəstəni narahat edən bütün əlamətlər itir. Uşaqlıq arteriyasının embolizasiyası öz effektivliyini sübut etmişdir: bu üsuldan sonra xəstəliyin residiv riski olmur və uşaqlığın mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur.

Hamiləlik və uşaqlığın mioması

Kiçik ölçülü və ağırlaşmamış miomalar hamiləliyin baş tutması və gedişinə əngəl törətmir. Miomanın uşaqlıq boşluğuna doğru böyüməsi (submukoz mioma) dölün inkişafını çətinləşdirərək, çox hallarda (hamiləliyin 11-ci həftəsinə qədər) düşüklərə səbəb olur. Miomatoz düyünün servikal kanal nahiyəsində yerləşməsi təbii doğuş üçün maneə hesab olunur. Belə hallarda hamiləlik qeysəriyyə əməliyyatı ilə başa çatdırılır. Hamiləlik və onunla bağlı hormonal fon çox zaman uşaqlığın miomasının sürətlə böyüməsinə səbəb olur, bu səbəbdən hamilə qadın mama-ginekoloqun daimi müşahidəsi altında olmalıdır.

Uşaqlığın miomasının proqnoz və profilaktikası

Uşaqlığın miomasının vaxtında aşkar olunması və müalicəsi zamanı proqnoz qənaətbəxşdir. Reproduktiv yaş dövründə olan qadınlarda orqanqoruyucu əmliyyatdan sonra hamiləlik baş verə bilər. Lakin miomanın proqressiv inkişafı zamanı qadının yaşından asılı olmayaraq reproduktiv funksiyanın itirilməsi ilə nəticələnən radikal əməliyyat tələb oluna bilər. Bəzən hətta ən kiçik mioma sonsuzluğa səbəb ola bilər.

Uşaqlığın miomasının residivlərinin qarşısını almaq məqsədilə əməliyyatdan sonrakı dövrdə adekvat hormonoterapiya aparılmalıdır. Nadir hallarda uşaqlığın miomasının maliqnizasiyası mümkündür. Uşaqlığın miomasının əsas profilaktik tədbirlərinə xəstəliyin vaxtında aşkar edilməsi məqsədi daşıyan müntəzəm ginekoloji müayinə və USM-diaqnostika aiddir. Həmçinin hormonal kontrasepsiyanın düzgün seçilməsi, abortların profilaktikası, xroniki infeksiyalar və endokrin xəstəliklərin müalicəsi uşaqlığın miomasının qarşısını almağa kömək edir. Yaşı 40-dan yuxarı olan qadınlara günəş altında uzunmüddət qalmaq məsləhət görülmür.

error: Content is protected !!