Uşaqlıq borusunun xərçəngi
Uşaqlıq borusunun xərçəngi – fallop borusunun birincili, ikincili və ya metastatik xarakterli bədxassəli şişidir. Patologiya zamanı qarında ağrı, seroz və ya irinli ifrazat, assitlə əlaqədar qarnın həcminin böyüməsi, ümumi vəziyyətin pisləşməsi qeydə alınır. Uşaqlıq borusunun xərçənginin diaqnostikası ginekoloji baxış, USM, uşaqlıq boşluğundan götürülən sıyrıntı və aspiratın müayinəsinin nəticələrinə əsaslanır. Optimal taktika kombinəolunmuş müalicə sayılır: panhisterektomiya və postoperasion şüa və kimyaterapiya.
Uşaqlıq borusunun xərçəngi barədə ümumi məlumat
Uşaqlıq borusunun xərçəngi qadın reproduktiv orqanlarının bədxassəli törəmələrinin 0,11–1,18%-ni təşkil edir. Adətən xəstəlik yaşı 50-dən yuxarı olan qadınlarda aşkarlanır. Şiş prosesi əsasən birtərəfli olub, fallop borusunun ampulyar hissəsini əhatə edir. Uşaqlıq borusunun xərçəngi nadir hallarda hər 2 tərəfdə müşahidə edilir.
Uşaqlıq borusunun xərçənginin səbəbləri və inkişafı
Patologiyanın yaranma səbəbləri tam şəkildə müəyyən edilməmişdir. Uşaqlıq borusunun xərçənginin inkişafına təkan verən amillərə uşaqlıq artımlarının iltihabı (salpingit, adneksit), 45-55-dən yuxarı yaş dövrü aiddir. Çox vaxt pasiyentlərin anamnezində amenoreya və ya anovulyator sikllə bağlı sonsuzluq və yaxud doğuşların olmaması qeyd olunur. Son zamanlar uşaqlıq borusunun xərçənginin inkişafında virusların, xüsusən HSV-2 və HPV-nin rolu barədə nəzəriyyələr irəli sürülür.
Şişin ölçüləri artdıqca uşaqlıq borusu dartılır, deformasiyalaşır, retort şəkilli, oval və ya digər anomal formalar alır. Şiş adətən kiçik xovlar və qabarlardan ibarət bozumtul və ya çəhrayı-ağ rəngli gül kələmə bənzəyir. Uşaqlıq borusunun daxilində qansızma, nekroz inkişaf edir, keçiricilik pozulur; gərilmiş divarların cırılması mümkündür. İfadəli dissurkulyator pozğunluqlarla əlaqədar zədələnmiş fallop borusunun xarici səthi boz və ya tünd-qırmızı rəngdə olur.
Uşaqlıq borusunun ampulyar dəliyi tutulduqda hidro-, hemato- və ya piosalpinksin klinik şəkli inkişaf edir. Dəliyin açıq olduğu hallarda şiş kütlələri düyün və ya ziyilli törəmələr şəklində qarın boşluğuna qabara bilər. Perifokal iltihab nəticəsində piylik, uşaqlıq, bağırsaq ilgəkləri ilə bitişmələr yaranır.
Uşaqlıq borusunun xərçəngi zamanı şiş disseminasiyası limfogen, hematogen və implantasion üsullarla baş verə bilər. Metastazlaşmanın limfogen yoluna daha çox rast gəlinir, bu da fallop borusunun limfatik damarlarla sıx təhcizatı ilə izah olunur. Uşaqlıq borusunun xərçənginin metastazları ilk növbədə qasıq, bel və körpücüküstü nahiyədə yerləşən limfa düyünlərdində aşkarlanır. Daxili cinsiyyət orqanlarının vahid qan təhcizatı sistemi yumurtalıqlar, uşaqlıq və onun bağ aparatı, uşaqlıq yolunun ikincili zədələnməsinə səbəb olur. Uşaqlıq borusunun xərçəngi implantasion yolla seroz qişa ilə visseral və parietal peritona yayılır, piylik, bağırsaq, böyrəküstü vəzilər, qaraciyər, dalaq və digər orqanlar generalizəolunmuş prosesə cəlb olunur.
Uşaqlıq borusunun xərçənginin təsnifatı
Uşaqlıq borusunun xərçəngi birincili, ikincili (uşaqlığın cisminin və ya yumurtalıqların xərçənginin yayılması nəticəsində) və metastatik xarakterli (süd vəzisi, mədə, bağırsağın xərçənginin uşaqlıq borusuna metastazı) olur. Histoloji tipinə görə seroz, endometroid, musinoz, şəffaf hüceyrəli, keçid hüceyrəli, differensə olunmamış adenokarsinomalar qeyd olunur.
Uşaqlıq borusunun xərçənginin mərhələlərini müəyyən etmək üçün TNM və FIGO təsnifatlarından istifadə olunur. TNM təsnifatı birincili şişin (T) yayılması, regionar limfa düyünlərinin prosesə cəlb olunması (N) və uzaq metastazların (M) təyininə əsaslanır.
0 mərhələsi (Тis) – uşaqlıq borusunun preinvaziv xərçəngi (in situ)
I mərhələ (Т1) – xərçəng uşaqlıq borusunun hüdudlarından kənara çıxmır
- IA (T1а) – xərçəng bir uşaqlıq borusunda lokalizasiya olunur; seroz qişaya sirayət etmir; assit müşahidə edilmir;
- IB (T1в) – xərçəng hər 2 uşaqlıq borusunu əhatə edir; seroz qişaya sirayət etmir; assit qeyd olunmur;
- IC (T1с) – xərçəng bir və ya hər 2 uşaqlıq borusunda lokalizasiya olunur; seroz qişaya infiltrasiya edir; ekssudatda atipik hüceyrələrə müəyyən olunur.
II mərhələ (Т2) – xərçəng bir və ya hər 2 uşaqlıq borusuna, eləcə də çanaq orqanlarına yayılır
- IIA (T2а) – şişin uşaqlıq və ya yumurtalıqlara yayılması
- IIB (T2b) –şişin digər çanaq strukturlarına yayılması
- IIС (T2с) – çanaq orqanlarının prosesə qoşulması, ekssudatda atipik hüceyrələrin olması
III mərhələ (Т3) – xərçəng uşaqlıq uşaqlıq borusunu (borularını) zədələyərək, peritonla çanaq hüdudlarından xaricə disseminasiya edir, regionar limfa düyünlərinə metastazlar verir
- IIIA (T3a) – mikroskopik metastazlar aşkar edilir
- IIIB (T3b) – metastazlaşma ocaqlarının maksimal ölçüləri 2sm-dən az olur
- IIIС (T3с/N1) – metastazlaşma ocaqları 2 sm-dən böyük olur, regionar limfa düyünlər (qasıq, paraaortal) qeydə alınır
IVB mərhələsi (M1) – uşaqlıq borusunun xərçənginin uzaq metastazları müşahidə edilir.
Uşaqlıq borusunun xərçənginin əlamətləri
Uşaqlıq borusunun xərçəngi əksər hallarda erkən mərhələlərdə özünü büruzə verir. Fallop borusu ilə uşaqlıq arasında anatomik əlaqə olduğundan şişin parçalanma məhsulları və qan boşluq və uşaqlıq boynundan uşaqlıq yoluna daxil olaraq, patoloji axıntılarla təzahür edir.
Cinsi yollardan ifrazatlar seroz, seroz-irinli və ya seroz-qanlı xarakter daşıyır. Çox zaman reproduktiv yaşda olan qadınlarda asiklik qanaxmalar və ya menopauza fonunda müxtəlif intensivlikli qanlı ifarzatlar baş verir. Belə hallarda aparılan diaqnostik qaşınmalar hər dəfə sıyrıntılarda şiş hüceyrələrini aşkar etməyə imkan vermir, bu da diaqnozun qoyulmasını ləngidir.
Uşaqlıq borusunun patoqnomik əlaməti uşaqlıq artımlarının kisəyəbənzər törəmələrinin ölçülərinin azalması ilə müşayiət olunan gur axıntıların vaxtaşırı ifraz edilməsidir. Uşaqlıq borusunun xərçəngi zamanı zədələnmiş tərəfdə ağrı baş verir: əvvəlcə tutmaşəkilli olub, sonra daimi xarakter daşıyır. İntoksikasiya, temperatur reaksiyaları, zəiflik, assit, boyun və körpücüküstü nahiyənin limfa düyünlərinin metastatik böyümısi, kaxeksiya uşaqlıq borusunun yayılmış xərçənginin əlamətlərindəndir.
Uşaqlıq borusunun xərçənginin diaqnostikası
Uşaqlıq borusunun xərçənginin əməliyyatönü informativ diaqnostikası çətinliklər törədir. Patologiyanı piosalpinks, salpingit, uşaqlıq borusunun vərəmi, uşaqlıqdan kənar hamiləlik, uşaqlığın cismi və yunurtalıqların xərçəngi ilə differensiasiya etmək lazımdır. Qan qarışıqlı inadlı limforeya, tubar sancılar, qanaxmalar uşaqlıq borusunun xərçəngindən şübhələnməyə əsas verir.
Ginekoloji müayinə zamanı uşaqlığın cismi boyunca və ya duqlas boşluğunda yerləşən bir və ya iki tərəfli kisəşəkilli şiş aşkarlanır. Palpasiyada adətən retortabənzər və ya oval formalı, qeyri-bərabər konsistensiyalı sahələrdən ibarət boru müəyyən edilir.
Servilkal kanal və endometriumun ifrazat və sıyrıntılarının, eləcə də uşaqlıq boşluğundan aspiratların müayinəsi bir sıra hallarda atipik hüceyrələri təyin etməyə kömək edir. Uşaqlıq borusunun xərçənginə şübhə yarandıqda qanda CA-125 onkomarkerin miqdarı müəyyən olunur, lakin nəzərə almaq lazımdır ki, onun yüksək konsentrasiyası həmçinin endometrioz və yumurtalıqların xoşxassəli şişlərində də müşahidə edilir.
Uşaqlıq borusunun xərçənginin diaqnostikasında instrumental üsullar arasında transvaginal və ya transabdominal sonoqrafiya (USM) daha çox tətbiq olunur, onların vasitəsilə uşaqlıq borusunun deformasiyalaşmış divarları, papillyar törəmələr, kistoz-solid və ya solid quruluşlu şişlər aşkar edilir. Əlavə məlumatlar almaq üçün qarın boşluğunun USM və icmal rentgenoqrafiyası, kiçik çanağın KT, diaqnostika laparoskopiya, laporoskopik exoqrafiya icra olunur.
Uşaqlıq borusunun xərçənginin müalicəsi
Uşaqlıq borusunun xərçəngi zamanı müalicə adətən tubektomiya ilə məhdudlaşmır. Müalicənin birinci mərhələsi panhisterektomiya, böyük piyliyin xaric edilməsi (omenektomiya), qalça, paraortal limfa düyünlərinin biopsiyasından ibarət olur. Histerektomiya zamanı çıxarılmış toxumaların təcili histoloji müayinəsi aparılır.
Əməliyyatdan sonra demək olar ki, bütün hallarda platinin törəmələri ilə polikimyaterapiya, kiçik çanaq nahiyəsinə və paraaortal sahəyə şüa terapiyası təyin edilir. Uşaqlıq borusunun kombinəolunmuş müaliəsi 5 illik sağqalma ehtimalını və residivsiz dövrün müddətini uzatmağa kömək edir.
Uşaqlıq borusunun xərçənginin profilaktika və proqnozu
Uşaqlıq borusunun xərçənginin profilaktikası uşaqlıq artımlarının iltihabi xəstəliklərinin vaxtında müalicəsinə müntəzəm onkoginekoloji skrininqə, ginekoloq və onkoginekoloqun müşahidələrinə əsaslanır. Uşaqlıq borusunun xərçənginin müalicəsindən sonra sağqalma göstəriciləri onkoxəstəliyin mərhələlərindən asılı olur. Uşaqlıq borusunun xəçənginin I mərhələsində sağqalma ehtimalı 65-75%, II — 30-50%, III— 14%, IV mərhələdə isə — 0% təşkil edir.
Vaxtında aparılan kombinəolunmuş terapiya zamanı proqnoz yaxşılaşır. Aşağı differensiasiyalı adenokarsinoma, eləcə də xərçəngin uşaqlıq borusunun hüdudlarından kənara yayılması zamanı sağqalma perspektivləri pisləşir.