Uşaqlıq boynunun displaziyası
Uşaqlıq boynunun displaziyası – xərçəngönü xəstəliklərə aid olub, epitel toxumasının uşaqlıq yolu hissəsinin atipik dəyişiklikləri ilə xarakterizə edilir. İlkin mərhələlərdə uşaqlıq boynunun displaziyası geridönən xəstəlik hesab olunur, bu səbəbdən onun vaxtında aşkar olunması və aradan qaldırılması onkoloji riskin profilaktikasının etibarlı üsulu sayılır. Toxumaların mexaniki zədələnməsi nəticəsində yaranan eroziyadan fərqli olaraq, displaziya zamanı zədələnmələr uşaqlıq boynunu örtən toxumaların hüceyrə strukturlarını əhatə edir. Uşaqlıq boynunun displaziyası adətən 25-35 yaşlı qadınlarda aşkarlanır. Hər 1000 qadından 1,5 –də bu xəstəliyə rast gəlinir. Nəzərə çarpan klinik əlamətlər müşahidə olunmadıqda diaqnostika zamanı instrumental, klinik və laborator üsullar ön plana çəkilir.
Uşaqlıq boynunun displaziyası barədə ümumi məlumat
Toxumaların mexaniki zədələnməsi nəticəsində yaranan eroziyadan fərqli olaraq, displaziya zamanı zədələnmələr uşaqlıq boynunu örtən toxumaların hüceyrə strukturlarını əhatə edir. Uşaqlıq boynunun displaziyası adətən 25-35 yaşlı qadınlarda aşkarlanır. Hər 1000 qadından 1,5 –də bu xəstəliyə rast gəlinir. Uşaqlıq yolunun displaziyası zamanı baş verən patoloji prosesləri analiz etmək üçün onun anatomo-fizioloji quruluşunu bilmək lazımdır.
Uşaqlıq boynunun displaziyasının növləri
Uşaqlıq boynu uşaqlığın qısa, dar, silindrik şöbəsi olub, bir hissəsi qarın boşluğunda yerləşir, digər hissəsi isə uşaqlıq yolu ilə (müvafiq olaraq uşaqlıqyolu və uşaqlıq hissələri) birləşir. Uşaqlıq boynunun uşaqlıq yolu hissəsi ginekoloji baxış zamanı vaginal güzgülər vasitəsilə müayinə olunur. Daxildə uşaqlıq boynu boyunca 1-1,5 sm uzunluqda, bir ucu (xarici əsnək) uşaqlıq yoluna, digəri isə (daxili əsnək) uşaqlıq boşluğuna açılaraq, onları birləşdirən dar servikal kanal (boyun kanalı) yerləşir.
Servikal kanal daxildən silindrik epitel hüceyrələri ilə örtülü olub, selik hasil edən uşaqlıq boynu vəzilərindən ibarətdir. Uşaqlıq boynu kanalının selikli sekreti mikrofloranın uşaqlıq yolundan uşaqlığa yayılmasının qarşısını alır. Silindrik epitel hüceyrələri al qırmızı rəngə malik olur.
Xarici əsnək nahiyəsində boyun kanalının silindrik epitel hüceyrələri uşaqlıq yolunun divarlarını örtən və tərkibində vəzi olmayan çoxqatlı yastı epitel toxuması ilə əvəz olunur. Yastı epitel açıq-çəhrayı rəngdə olub, çox saylı qatlardan ibarətdir:
- Bazal-parabazal qat – epitel toxumasının ən aşağı və dərin qatıdır. Bazal və parabazal hüceyrələrdən əmələ gəlir. Yastı epitelin bazal qatı aşağıda yerləşən toxumalarla (əzələ, damar, sinir ucları) sərhədlənir. Bölünmə üsulu ilə çoxalan cavan hüceyrələrdən ibarətdir;
- Aralıq qat;
- Funksional (səthi) qat.
Normada bazal qat hüceyrələri girdə formada olub, tək sayda yumru nüvəyə malikdir. Tədricən yetişib aralıq və səthi qatlara yerdəyişməsi zamanı bazal hüceyrələr yastılaşır, nüvənin ölçüləri kiçilir. Səthi qata çatdıqda hüceyrələr kiçik nüvəli yastılaşmış forma alır.
Uşaqlıq boynunun displaziyası yastı epitel toxumasının hüceyrə və qatlarının struktur dəyişiklikləri ilə xarakterizə olunur. Dəyişilmiş epitel hüceyrələri atipik- yumru, formasız, çoxsaylı nüvəli olur və epitel toxumasının qatlara ayrılması pozulur.
Uşaqlıq boynunun displaziyası yastı epitel toxumasının müxtəlif qatlarını əhatə edə bilir. Patoloji prosesin dərinliyindən asılı olaraq uşaqlıq boynu displaziyasının 3 dərəcəsi ayırd edilir. Zədələnmiş qatların sayı artdıqca uşaqlıq boynu displaziyasının dərəcəsi də ağırlaşır. Beynəlxalq təsnifata əsasən patologiya aşağıdakı dərəcələrə bölünür:
- Uşaqlıq boynunun yüngül dərəcəli displaziyası (CIN I, І dərəcəli displaziya) – hüceyrələrin struktur dəyişiklikləri zəif ifadə olunub, çoxqatlı yastı epitel toxumasının aşağı 1/3 hissəsini əhatə edir.
- Uşaqlıq boynunun orta dərəcəli displaziyası (CIN II, ІІ dərəcəli displaziya) – hüceyrələrin quruluşunda dəyişikliklər yastı epitel qatın aşağı və orta hissələrində müşahidə olunur.
- Uşaqlıq boynunun ağır dərəcəli displaziyası və ya qeyri-invaziv xərçəng (CIN III, ІІІ dərəcəli displaziya) – patoloji dəyişikliklər epitel toxumanın bütün hüceyrələrində rast gəlinir, lakin invaziv xərçəngdən fərqli olaraq damar, əzələ, sinir uclarına yayılmır.
Uşaqlıq boynunun displaziyasının yaranma səbəbləri
Əksər hallarda uşaqlıq boynu displaziyasının yaranmasına insan papilloma virusunun onkogen tipləri (İPV-16 və İPV-18) səbəb olur. Bu tiplər uşaqlıq boynunun displaziyası olan qadınların 95-98%-də aşkarlanır. Orqanizmdə və yastı epitel hüceyrələrində uzunmüddət (1-1,5 il) qaldıqdan sonra papillomavirus infeksiya hüceyrələrin quruluşunda dəyişiklik yaradır, displaziya inkişaf edir. Bu prosesə bir sıra fon amilləri səbəb olur:
- İmmunçatışmazlıq halı – xronik xəstəliklər, stress, dərman preparatları, pis qidalanmanın və s. amillərin təsirindən immun reaktivliyin zəifləməsi;
- Aktiv və passiv siqaret çəkmə – uşaqlıq boynunun displaziyasının yaranma ehtimalını 4 dəfə artırır;
- Cinsiyyət orqanalrının uzunmüddət davam edən xroniki iltihabi xəstəlikləri;
- Menopauza, hamiləlik, hormonal preparatlarin qəbulu ilə əlaqədar hormonal fonun dəyişməsi;
- Erkən cinsi həyat və doğuşlar;
- Uşaqlıq boynunun travmatik zədələnmələri.
Uşaqlıq boynunun displaziyasının əlamətləri
Uşaqlıq boynunun displaziyası müstəqil halda klinik simptomatikaya malik olmur. 10% qadınlarda displaziyanın gizli gedişi müşahidə olunur. Əksər hallarda uşaqlıq boynunun displaziyasına kolpit və ya servisitin patoloji əlamətlərinə: qaşınma və ya göynəmə, cinsi yollardan spesifik rəng, konsistensiya və ya qoxuya malik, bəzən qan qarışıqlı (tamponların istifadəsindən, cinsi aktdan sonra) ifrazata səbəb olan mikrob infeksiyası qoşulur. Uşaqlıq boynu displaziyasında ağrı hissi qeyd olunmur. Xəstəlik uzunmüddətli gedişə malik olub, iltihabi proseslərin müvafiq müalicəsindən sonra öz-özünə geriyə inkişaf edə bilir. Lakin adətən proses proqressivləşən xarakter daşıyır.
Uşaqlıq boynunun displaziyası çox zaman uşaqlıq yolu, vulva, anusun itiuclu kondilomaları, xlamidioz, qonoreya ilə müştərək şəkildə inkişaf edir.
Uşaqlıq boynunun displaziyasında nəzərə çarpan klinik əlamətlər müşahidə olunmadıqda diaqnostika zamanı instrumental, klinik və laborator üsullar ön plana çəkilir.
Uşaqlıq boynunun displaziyasının diaqnostikası
Uşaqlıq boynunun displaziyasının diaqnostik sxemi:
- Vaginal güzgülər vasitəsilə uşaqlıq boynunun müayinəsi – displaziyanın klinik nəzərəçarpan formalarının aşkarlanması (selikli qişanın rənginin dəyişməsi, xarici əsnəyin ətrafında parıltı, ləkələr, epitel qatın çoxalması və s) məqsədilə;
- Kolposkopiya– təsviri 10 dəfədən artıq böyüdən optik aparat kolposkop vasitəsilə uşaqlıq boynunun müayinəsi və eyni zamanda diaqnostik sınağın aparılması- uşaqlıq boynunun Lüqol məhlulu və sirkə turşusu ilə işlənməsi;
- PAP-yaxmanın sitoloji müayinəsi – uşaqlıq boynunun displaziyası zamanı müxtəlif sahələrdən götürülmüş sıyrıntının mikroskop altında müayinəsi atipik hüceyrələri aşkar etməyə imkan verir. Eləcə də PAP-yaxma vasitəsilə papillomavirus infeksiyanın büzüşmüş nüvə və virusun lokalizasiya hissəsini əks etdirən halqadan ibarət marker-hüceyrələri izlənilir;
- Uşaqlıq boynunun biopsiyası zamanı displaziyaya şübhə olan sahədən götürülmüş bioptatın-toxuma fraqmentinin histoloji müayinəsi. Uşaqlıq boynunun displaziyasının diaqnostikasının ən informativ üsulu sayılır;
- İmmunoloji PZR-üsulu – İPV- infeksiyasının aşkarlanması, virus ştammları və virus yüklənmələrinin (orqanizmdə papilloma virusun konsentrasiyası) təyini məqsədilə aparılır. İPV-un onkogen tiplərinin təqdiq və ya istisna olunması müalicə üsulunun seçilməsinə və uşaqlıq boynunun displaziyası olan qadınların aparılma taktikasının müəyyənləşdirilməsinə imkan verir.
Uşaqlıq boynunun displaziyasının müalicəsi
Uşaqlıq boynunun displaziyasının müalicə üsulu displaziyanın dərəcəsi, qadının yaşı, zədələnmə sahəsinin ölçüsü, yanaşı gedən xəstəliklər, xəstənin reproduktiv funksiyasını saxlamaq niyyətinə əsasən təyin olunur. Uşaqlıq boynunun displaziyasının aparıcı müalicə üsulları aşağıdakılardır:
- İmmunostimuləedici terapiya (immunomodulyatorlar, interferonlar və onların induktorları) – uşaqlıq boynunun displaziyasının geniş sahəli zədələnmələri və residivləşməyə meylli gedişi zamanı göstəriş hesab olunur.
- Cərrahi müdaxilə üsullari:
- Krioterapiya (maye azotla təsir), elektrokoaqulyasiya, radiodalğalı terapiya, arqon və ya karbonlu lazer terapiyasının köməyilə atipik sahənin destruksiyası (xaric edilməsi);
- Uşaqlıq boynunun displaziya sahəsinin (konizasiya) və ya uşaqlıq boynunun tam şəkildə xaric edilməsi (amputasiya).
І və ІІ ikinci dərəcəli displaziyalarda, dəyişilmiş nahiyələrin kiçik ölçülü, xəstənin yaşının az olduğu hallarda uşaqlıq boynunun displaziyasının öz-özünə geriyə inkişafı ehtimalının yüksək olmasını nəzərə alaraq gözləmə taktikası seçilir. Təkrar sitoloji müayinələrin aparılması (hər 3-4 aydan bir) və uşaqlıq boynunun displaziyasını təsdiq edən iki müsbət nəticənin olması cərrahi müalicəyə göstərişdir. ІІІ dərəcəli displaziyanın müalicəsi onkoginekoloqlar tərəfindən müxtəlif cərrahi üsullarla (uşaqlıq boynunun konusvari amputasiyası daxil olmaqla) aparılır.
Uşaqlıq boynunun displaziyasının cərrahi müalicəsindən əvvəl infeksiya ocağının sanasiyasına yönəldilmiş iltihabəleyhinə terapiya kursu təyin olunur. Bəzi hallarda medikamentoz müalicə uşaqlıq boynunun displaziyasının dərcəsinin azalması və ya onun tamamilə aradan qalxması ilə nəticələnir.
Uşaqlıq boynunun displaziyasının cərrahi müalicəsi
Uşaqlıq boynunun displaziyasının cərrahi müalicısindən sonra reabilitasiya dövrü orta hesabla 4 həftə davam edir. Bu zaman aşağıdakı hallar müşahidə oluna bilər:
- Qarnın aşağı hissəsində 3-5 gün ərzində davam edən sızıltılı ağrı (ən uzun müddətli ağrı lazerlə destruksiyadan sonra qeyd olunur);
- Cinsi yollardan 3-4 həftə müddətində axan gur, bəzən iyli ifrazatlar ( ən uzunmüddətli ifrazat kriodestruksiyadan sonra müşahidə olunur);
- Cinsi orqanlardan axan gur, uzunmüddətli qanaxmalar, qarnın aşağı hissəsində intensiv ağrı, bəədn hərarətinin 38 °С və daha yuxarı qalxması zamanı təcili sürətdə həkimə müraciət etmək lazımdır.
Sağalmanın tezləşməsi və residivlərin qarşısının alınması məqsədilə cinsi əlaqə, şırınqalama, ağır yüklər, gigiyenik tamponlardan imtina etmək, həkimin təyinatları və məsləhətlərinə dəqiqi əməl etmək lazımdır.
Uşaqlıq boynunun displaziyasının müşahidə və profilaktikası
Uşaqlıq boynunun displaziyasının sağalmasını yoxlamaq üçün ilkin nəzarət cərrahi əməliyyatdan 3-4 ay sonra aparılır. İl ərzində hər 3 aydan bir sitoloji müayinə məqsədilə yaxma götürülür. Uşaqlıq boynunun displaziyasının olmamasını sübut edən mənfi nəticələr gələcəkdə illik dispanser baxış zamanı planlı müayinələrin aparılmasına şərait yaradır.
Uşaqlıq boynunun displaziyası və onun residivlərinin profilaktik tədbirləri aşağıdakılardır :
- Qida rasionuna bütün mikroelemnetlər və vitaminlərin, xüsusən A və B qrupu, selenin daxil edilməsi;
- Bütün infeksiya ocaqlarının vaxtında sanasiyası;
- Siqaretdən imtina;
- Baryer kontrasepsiyadan istifadə (təsadüfi cinsi əlaqələr zamanı);
- Müntəzəm olaraq ginekoloq müayinəsində olmaq (ildə 1-2 dəfə) və uşaqlıq boynundan götürülmüş sıyrıntının sitoloji müayinəsi məsləhət görülür.
Uşaqlıq boynunun displaziyasının müalicəsinin perspektivləri
Müasir ginekologiyada uşaqlıq boynunun displaziyasının xərçəngə çevrilmə riskini aradan qaldıran effektiv diaqnostika və müalicə üsulları mövcuddur. Uşaqlıq boynunun displaziyasının erkən diaqnostikası və müalicəsi, gələcəkdə mütəmadi həkim nəzarəti xəstəliyin demək olar ki, hər bir mərhələsini sağaltmağa imkan verir. Cərrahi müalicədən sonra uşaqlıq boynun displaziyasının sağalma tezliyi 86-95% təşkil edir. Cərrahi müdaxilə aparılan xəstələrin 5-10%-də İPV daşıyıcılığı və ya patoloji sahənin tam kəsilməməsi nəticəsində residivlər müşahidə olunur. Müalicə aparılmadıqda uşaqlıq boynunun displaziyasının 30-50% halları invaziv xərçəngə çevrilir.