Uşaqlıq yolunun xərçəngi

Uşaqlıq yolunun xərçəngi – uşaqlıq yolunun selikli qişasının və divarlarının birincili və ya metastatik bədxassəli şiş xəstəliyidir. Patologiyanın erkən mərhələləri simptomsuz gedir; anomal qanlı ifrazatlar və ağrılar şişin gec mərhələlərində yaranır. Uşaqlıq yolunun xərçənginin diaqnostikasında ginekoloji müayinə, kolposkopiya, yaxma və bioptatın sito-morfoloji müayinəsindən istifadə olunur. Müalicə prosesində cərrahi müdaxilə (uşaqlıq yolu və uşaqlığın xaric edilməsi), şüa və kimyaterapiya tətbiq edilir.

Uşaqlıq yolunun xərçəngi barədə ümumi məlumat

Uşaqlqı yolunun xərçəngi adətən orqanın yuxarı hissəsinin arxa divarında lokalizasiya olunur, proses ətraf toxuma və orqanlara (paravaginal toxuma, düz bağırsaq, rektovaginal arakəsmə, sidik kisəsi) yayıla, eləcə də uzaq metastazlar verə bilər. Matestazlaşma əsasən limfogen yolla baş verir; əksər hallarda metastazlar qalça-obturator, anorektal, sakral, qasıq-bud limfa düyünlərində aşkarlanır.

Uşaqlıq yolunun birincli xərçəngi qadın cinsiyyət sisteminin bədxassəli şişlərinin 1-2%-ni təşkil edir; ikincili (metastatik) xərçəngə daha çox rast gəlinir, belə hallarda ilkin ocaq adətən uşaqlıq boynu və endometriumun xərçəngi, uşaqlığın sarkoması və xorionkarsinoma, böyrək və yumurtalıqların xərçəngi hesab olunur.

Uşaqlıq yolunun xərçənginin təsnifatı

Uşaqlıq yolunun xərçəngi epitel hüceyrələri (o cümlədən ektopik), uşaqlıq yolunun vəziləri, onun divarlarının saya və köndələn-zolaqlı əzələlərindən əmələ gələ bilər. Histoloji əlamətlərə görə uşaqlıq yolunun yastıhüceyrəli xərçəngi (95% hallarda), adenokarsinoma (endometrioid, şəffaf hüceyrəli); melanoma, sarkoma (leyomiosarkoma, rabdomiosarkoma) ayırd edilir.

Uşaqlıq yolunun xərçəngi TNM kriteriyaları (ölçüləri, limfa düyünlərinin zədələnməsi, uzaq metastazların olması) və mərhələlər (FIGO) üzrə təsnif edilir. Xarici cinsiyyət üzvlərinin cəlb olunması zamanı şişlər vulvanın xərçənginə; uşaqlıq boynunun uşaqlıq yolu hissəsinə yayıldıqda isə uşaqlıq boynunun xərçənginə aid edilir.

0 mərhələsi (Tis) – uşaqlıq yolunun preinvaziv xərçəngi (in situ)

I mərhələ (Tl) – şiş yalnız uşaqlıq yolunu əhatə edir, birincili şişin diametri 2 sm-ə qədər olur.

II mərhələ (Т2) – şiş paravaginal toxumalara yayılır, lakin çanaq divarlarını zədələnmir; birincili şişin diametri 2 sm-dən çox olur.

III mərhələ (ТЗ və ya N1) – şiş çanaq divarlarına yayılır. Regionar metastazlara rast gəlinir.

IVA mərhələsi Т4) – uşaqlıq yolunun xərçəngi sidik kanalı, sidik kisəsi, düz bağırsaq, çanaq sümükləri, aralığa yayılır; regionar metastazlar aşkar edilir.

IVB mərhələsi (Ml) — uzaq metastazlar qeyd olunur.

Uşaqlıq yolunun xərçənginin səbəbləri

Uşaqlıq yolunun xərçənginin etiologiyası indiyə qədər müəyyən edilməmişdir, lakin şiş prosesinin inkişafına təkan verən bir sıra endogen və ekzogen amillər mövcuddur. Xroniki infeksiyalar (ilk növbədə İPV 16 və 18-ci tiplər), vaginit, genetik meyllik, uşaqlıq yolunun adenozu, endokrin pozğunluqlar (o cümlədən postmenopauzal hipoestrogeniya), immun statusun zəifləməsi, stress, uşaqlıq yolu divarının xroniki zədələnmələri (uşaqlığın sallanması zamanı pessariumdan istifadə), siqaret çəkmə, radiasiya və rekonstruktiv – plastik əməliyyatlar uşaqlıq yolunun xərçəngi üçün fon rolunu oynaya bilər.

Uşaqlıq yolunun xərçəngi əsasən 45-65 yaşlarda aşkarlanır. Şəffaf hüceyrəli adenokarsinoma adətən cavan (19-20 yaş), yastı hüceyrəli xərçəng isə yaşlı qadınlarda qeydə alınır. Xərçəngönü dəyişikliklər, eləcə də uşaqlıq boynunun və vulvanın xərçəngi uşaqlıq yolunun yastı hüceyrəli xərçənginin inkişaf riskini yüksəldir. Uşaqlıq yolunun yastı hüceyrəli xərçəngi xərçəngönü vəziyyət- uşaqlıq yolunun intraepitelial neoplaziyası (displaziyası) fonunda inkişaf edə bilər. Sübut olunmuşdur ki, uşaqlıq yolunun və uşaqlığın şəffaf hüceyrəli adenokarsinomasının inkişafı onların analarının hamiləlik dövründə – hestasiyanın ilk 16-18 həftələrində dietilstilbestrol qəbul etmələri ilə əlaqədardır.

Uşaqlıq yolunun xərçənginin əlamətləri

Erkən mərhələlərdə uşaqlıq yolunun xərçəngi simptomsuz az nəzərə çarpan əlamətlərlə gedir. Xəstələri cinsiyyət orqanları nahiyəsində diskomfort və ya qaşınma narahat edə bilər. Klinik təzahürlər uşaqlıq yolunun xərçənginin gec mərhələlərində yaranır. Bu zaman mayeşəkilli və ya irinli leykorreya, qanlı ifrazatlar, anomal qanaxmalar: spontan (aybaşı siklinin ortasında, menopauza vaxtı) və ya kontakt (cinsi aktdan sonra) meydana çıxır. Dispareuniya, qasıq, aralıq nahiyələrində ağrı müşahidə olunur. Ağrı belə irradiasiya edir.

Regionar limfa düyünlərinə metastaz və qonşu orqanlara invaziya nəticəsində uşaqlıq yolunun xərçənginin proqressivləşməsi bağırsaq və sidik-ifrazat sisteminin funksiyalarını poza bilər – sidik ifrazı tezləşir və ağrılı olur, qəbizlik, çanaq nahiyəsində xroniki ağrılar yaranır. Ümumi vəziyyət pozulur: halsızlıq, yorğunluq, anemiya, hərarətin yüksəlməsi, aşağı ətrafların ödemi qeyd olunur.

Uşaqlıq yolunun xərçənginin diaqnostikası

Uşaqlıq yolunun xərçənginin diaqnozu xəstənin şikayətləri, ginekoloji baxışın və instrumental-laborator müayinələrin (kolposkopiya, zədələnmiş sahələrdən yaxmanın sitoloji müayinəsi, şişin biopsiyası və materialın histoloji analizi) nəticələrinə əsasən qoyulur.

Şişin erkən mərhələlərində selikaltı infiltrat, xoralaşma, papillyar törəmələr aşkar edilir. Ekzofit şiş qabarıq səthə malik olub, asanlıqla zədələnə və qanaya bilər; xoralı şiş sərt qalınlaşma ilə əhatə olunur; uşaqlıq yolunun ətraf toxumalara invaziya edən endofit xərçəngi isə hərəkətsizliyi və yüksək sərtliyi ilə fərqlənir.

Uşaqlıq yolunun birincili xərçənginin metastazlarının istisna edilməsi məqsədilə uşaqlıq boynunun və uşaqlıq divarlarının diaqnostik qaşınması, kiçik çanaq orqanlarının USM, rektoromanoskopiya, ekskretor uroqrafiya, sistoskopiya, qarın boşluğunun USM, döş qəfəsinin rentgenoqrafiyası, mammoqrafiya, MRT və KT tətbiq edilir.

Uşaqlıq yolunun xərçəngini xorionepitelioma və uşaqlıq boynunun xərçənginin metastazlarından; uşaqlıq yolunun xoşxassəli törəmələrindən (papilloma, iti uclu kondiloma, hemangiomadan); hiperplastik proseslər və endometriozdan; limfomadan; toxumaların nekrozundan; kolpitdən; sifilitik və vərəm xoralarından  differensiasiya etmək lazımdır.

Uşaqlıq yolunun xərçənginin müalicəsi

Uşaqlıq yolunun xərçənginin müalicə planının təyini zamanı bir sıra amillər: şişin lokalizasiyası, onun ətraf toxuma və orqanlara invaziya dərəcəsi, xəstəliyin mərhələsi və davametmə müddəti, pasiyentin ümumi halı, yaşı, reproduktiv planı, terapiyanın müxtəlif növlərinin yan təsirləri nəzərə alınır. Müasir ginekologiyada uşaqlıq yolunun xərçənginin müalicəsində cərrahi əməliyyatlardan, şüa və kimyaterapiyadan istifadə olunur.

Uşaqlıq yolunun qeyri-invaziv xərçəngi (monosentrik böyüyən lokal forma) zamanı elektroekssiziya; şişin multisentrik böyüdüyü hallarda isə vaginektomiya və histerektomiya icra edilir. Turşulu lazer terapiya və ya şiş ocağının kriodestruksiyası kifayət qədər effektiv sayılır. Uşaqlıq yolunun müalicəsində flüorurasillə yerli applikasiyalar şəklində kimyaterapiya çox az tətbiq olunur. Müasir dövrdə fotodinamikaya üstünlük verilir, yerli təsirlər gözlənilən nəticəni vermədikdə şüa terapiyası həyata keçirilir.

Uşaqlıq yolunun invaziv xərçənginin əsas müalicə üsulu distansion, boşluqdaxili (endovaginal) və toxumadaxili şüalanmaya əsaslanan radioterapiyadır (şüa terapiyası). Uşaqlıq yolunun xərçənginin mərhələlərindən asılı olaraq, rentgenoterapiya, qamma-terapiya və radioaktiv preparatların boşluqdaxilinə yeridilməsi mono və ya kombinəolunmuş şəkildə icra edilir. Şişlərin gecikmiş mərhələlərində zədələnmə ocağının, parametriumun və çanaq limfa düyünlərinin şüalanmasından istifadə olunur.

Uşaqlıq yolunun invaziv xərçəngi zamanı cərrahi müalicəyə göstərişlər məhduddur. Uşaqlıq yolunun yuxarı 1/3 hissəsinin şişi cavan və orta yaşlı qadınlarda aşkarlandıqda uşaqlıq yolunun yuxarı hissəsi uşaqlıq və artımlarla birgə xaric edilir; uşaqlıq boynunun xərçəngi ilə müştərək inkişafı zamanı panhisterektomiya aparılır və çanaq limfa düyünləri çıxarılır. Uşaqlıq yolunun xərçənginin rektovaginal və ya vezikovaginal fistulalarla ağırlaşmış IV mərhələsındə kiçik çanağın ekzenterasiyası və çanaq limfadenektomiya tətbiq edilir.

Uşaqlıq yolunun xərçənginin proqnozu

Uşaqlıq yolunun xərçənginin rast gəlindiyi pasiyentlər onkoginekoloqun dispanser müşahidəsi altında olmalı və müntəzəm şəkildə müayinələrdən (baxış, USM, sitoloji müayinələr) keçməlidir.

Erkən diaqnostika və müalicə zamanı uşaqlıq yolunun xərçənginin proqnozu qənaətbəxşdir; xəstəlik gec aşkar edildikdə nəticə şişin inkişaf mərhələsi və onun morfoloji strukturundan asılıdır. Uşaqlıq yolunun xərçənginin müalicəsindən sonra 5 illik yaşama göstəricisi I mərhələdə -65-70%; II -45-60%; III– 30-35%; IV mərhələdə isə  15-20% təşkil edir.

error: Content is protected !!