Üz maskaları

Üz maskaları – üz dərisinə əlavə qulluq vasitəsidir. Hər bir dəri tipinə (quru, yağlı, normal, kombinəolunmuş) müəyyən tərkibli kosmetik maskalar uyğun gəlir. Təsirindən asılı olaraq, üz maskaları qidalandırıcı, təmizləyici, tonuslandırıcı, ağardıcı, müalicəvi və s. kimi qruplara bölünür. Onlar ev şəraitində hazırlana və ya estetik mərkəzlərdə kosmetoloqlar tərəfindən üzə yaxıla bilər.   

Maskanın effektivliyi onun epidermis hüceyrələrinə intensiv təsiri ilə izah olunur. Bu təsir nəticəsində toxuma tənəffüsü və qan dövrünı stimulə olunur, hüceyrə metabolizmi sürətlənir, maddələrin dəri hüceyrələrinə keçməsi aktivləşir.  

Üz maskaları nəinki yerli, həm də orqanizmə reflektor biostimuləedici təsirə malikdir. Maskalar sərbəst kosmetoloji prosedur və yaxud üzə kompleks qulluq vasitəsi kimi tətbiq olunur. Onların kompress, masaj və aparat prosedurları ilə birgə istifadə etdikdə, nəticələr daha da mükəmməl olur. Üz maskalarını seçərkən dərinin vəziyyəti, tipi və yaş amili nəzərə alınmalıdır. Üzdə genişlənmiş damarlar, hipertrixoz, ekzema, herpes olduqda maska qoymaq məsləhət görülmür.  

Üz maskalarının düzgün istifadə qaydası

Üzə maska qoymazdan əvvəl saçlar arxaya yığılmalı və dəri losyonla silinməlidir. Əvvəlcədən buxara verilmiş və təmizlənmiş dəriyə yaxılan maskanın effektivliyi xeyli yüksək olur. Maksa qoyarkən üz sakit və hərəkətsiz vəziyyətdə qalmalıdır. Həmçinin gözaltı nahiyə pambıq tamponlarla maskadan qorunmalıdır.  

Qatı üz maskaları xüsusi şpatellə, duru vasitələr isə enli fırça ilə çəkilir. Maska dodaq və göz sərhədlərindən 1-2 sm aralı qalmaqla dəriyə bərabər səviyyədə çəkilməlidir.  Kosmetik maska dərini dartmadan müəyyən istiqamətlərdə sürtülür: çənə xəttindən gicgaha; yuxarı dodaqdan qulaqlara; burundan gicgah nahiyəsinə doğru. 

Üz maskaları dəridə 15-20 dəqiqə saxlanılır. Bu müddət başa çatdıqda losyon və yaxud termal suya batırılmış pambıqla ehmalca silinir. Sonda üzə dəri tipinə uyöun krem çəkilir.  

Maskanın növü, prosedurların sayı fərdi qaydada müəyyən edilir. Prosedurdan sonra 1 saat ərzində aktiv mimik hərəkətlər, kosmetik vasitələr (ənlik, kirşan və s.), həmçinin küçəyə çıxmaq icazəli deyil.  

Üz maskalarının növləri

Quru, yağlı, normal, kombinəolunmuş, həssas və problemli dəri üçün müxtəlif üz maskaları mövcuddur. Tərkibindən asılı olaraq, onlar dərini yumşaldır, qidalandırır, ağardır və təmizləyir. Müalicəvi maskalar dəridəki qıcıqlanma və iltihabı aradan qaldırır, regenerasiyanı stimulə edir. Bitki (fitomaski), meyvə, maya, mineral komponentlər, kollagen tərkibli maskalar daha çox tətbiq olunur.  

Kosmetik maskaların əsasən 7 növü vardır: pastaşəkilli, duru, toz şəkilli, mum tərkibli, gel şəkilli, kreməbənzər, termoplastik.  

Pastaşəkilli maskaların tərkibinə sərt maddələr (gil, koalin, bentonit) daxildir. Onlar üz çəkildikdə 10-15 dəqiqə ərzində quruyur.  

Duru üz maskaları gel, köpük və essensiya formasında olur. Onların əsasını hidrofil  kolloidlər (jelatin, yumurtanın ağı, sellüloza və s.) və su təşkil edir. Duru maskanı dəriyə çəkdikdə tez quruyur, bəzən isə elastik qat əmələ gətirir.  

Gelşəkilli maskalar duru maskalar kimi təbii və sintetik hidrokolloidlərdən hazırlanır, lakin onların konsistensiyası daha qatı olur.  

Mum maskalar istifadədən əvvəl əridilir. Üzdə bərkiyənə qədər saxlanılır, sonra bütövlükdə çıxarılır. Bu cür kosmetik maskalar parafin, mum, lanolin və digər vasitələrdən hazırlanır.  

Tozşəkilli üz maskaları maye ilə qarışdırıldıqdan sonra üzə çəkilir. Onlar vitamin, ekstraktlar və dəri üçün xeyirli olan digər vasitələrdən ibarətdir.  

Kremşəkilli maskalar yağ, mineral, bitki və heyvan mənşəli bioloji əlavələrdən düzəldilir.   

Termoplastik üz maskaların tərkibində sintetik və təbii plastifikatorlar (qətran, parafin, pektin və s.) vardır. Onlar əvvəlcədən qızdırılır, sonra dəriyə çəkilir.  Termoplastik maska bərkidikdə yığılaraq, dərini dartır.  

error: Content is protected !!