Valsalva sinusunun anevrizması

Valsalva sinusunun anevrizması – aorta kökü nahiyəsində, aypara qapaqlarının yerləşdiyi sahədə damar divarının anevrizmatik qabarması ilə xarakterizə olunan aortal qüsurdur. Klinik simptomatika Valsalva sinusunun anevrizmasının cırılması zamanı inkişaf edir, bu zaman döş nahiyəsində ağrı, təngnəfəslik, ürək çatışmazlığının proqressivləşməsi müşahidə olunur. Valsalva sinusunun anevrizmasının diaqnozu ExoKQ, aortoqrafiya, ürəyin MSKT, MRT-nin nəticələrinə əsasən qoyulur. Müalicə süni qan dövranı şəraitində aorta divarının plastikasından ibarətdir.

Valsalva sinusunun anevrizması barədə ümumi məlumat

Valsalva sinusunun anevrizması – nadir rast gəlinən anadangəlmə və ya qazanılmış patologiya olub, aorta sinuslarının kisəşəkilli və ya barmağabənzər qabarması ilə səciyyələnir. Kardiologiyada patologiyanın anadangəlmə formalarına daha çox rast gəlinir, onlar bütün anadangəlmə ürək qüsurlarının 0,1—3,5%-ni təşkil edir. Valsalva sinusunun anadangəlmə anevrizmalarının qeydə alındığı pasiyentlərin əksəriyyəti (70-80%) kişi cinsinə mənsubdur.

Valsalva sinusunun anevrizmasının 70%-i sağ koronar sinus, 25%-i arxa sinus, 5%-i isə sol koronar sinus nahiyəsində  lokalizasiya olunur. Tibb ədəbiyyatında hər 3 sinusun anevrizmasının müştərək şəkildə inkişaf etməsi barədə məlumatlar vardır. Anevrizma kisəsinin ölçüləri 0,8-3 sm arasında variasiya edir.

Qüsurun hər 3 variantı cırılmalarla gedə bilər. Valsalva sinusunun anadangəlmə anevrizması əksər hallarda mədəciklərarası çəpərin qüsuru (40-50%), qulaqcıqlararası çəpərin qüsuru, aortal çatışmazlıq, aortanın koarktasiyası, açıq arterial axacaq, ağciyər arteriyasının stenozu ilə müşayiət olunur.

Valsalva sinusunun anevrizmasının yaranma səbəbləri

Ehtimal olunur ki, Valsalva sinusunun anadangəlmə anevrizmasının əsasında aorta divarının fibroz həlqə ilə zəif birləşməsi dayanır, bu da aortanın orta qişasının ayrılmasına və anevrizmanın yaranmasına səbəb olur. Beləliklə, Valsalva sinusunun anevrizmasının formalaşmasının əsası hələ embironal dövrdə qoyulur, lakin doğulma anında anevrizmalar aşkar olunmur. İnsan yaşa dolduqca anevrizma nazilir, son nəticədə perforasiyaya gətirib çıxarır. Valsalva sinusunun anevrizmasının cırılması əsasən 20-40 yaşlarda baş verir, lakin kiçik yaşlı uşaqlar da bu təhlükə ilə qarşılaşa bilər.

Valsalva sinusunun qazanılmış anevrizmasına iltihabi (vərəm, sifilis, infeksion endokardit) və degenerativ xəstəliklər (birləşdirici toxumasının displaziyası, ateroskleroz, kistoz medionekroz), döş qəfəsinin travmaları səbəb olur. Belə hallarda Valsalva sinusunun anevrizması onun daxili  səthini örtən birləşdirici toxumanın distrofiyası nəticədində yaranır.

Valsalva sinusunun anevrizmasının əlamətləri

Əksər hallarda Valsalva sinusunun anevrizmasının cırılmasına qədər patologiya heç bir hemodinamik dəyişikliklər törətmir və simptomsuz gedir. Bəzən anevrizma sağ mədəciyə qabararaq, qanın ağciyər arteriyasının kötüyünə hərəkətinə mane olur. Anevrizma tərəfindən ürəyin aparıcı yollarının kompressiyası mümkündür, belə hallar müxtəlif xarakterli ritm pozğunluğu ilə müşayiət olunur.

İfadəli klinik simptomatika Valsalva sinusunun anevrizmasının cırılması zamanı qanın aortadan bu və ya digər ürək kamerasına axması nəticəsində inkişaf edir. Sağ koronar sinusda yerləşən anevrizmalar sağ qulaqcıq və ya sağ mədəciyə; arxa sinusun anevrizmaları adətən sağ qulaqcığa; sol koronar sinusda lokalizasiyalaşan anevrizmalar isə ağciyər arteriyası və sol mədəciyə açılır.

Klinik gedişinə görə Valsalva sinusunun anevrizmaları vəziyyətin tədricən (digər ürək qüsuru ilə müştərəkliyi) və kəskin pisləşməsi (aortal sinusun izoləolunmuş anevrizması zamanı) ilə gedən formalara bölünür. Hemodinamikanın pozulma dərəcəsi qan axımının həcminə əsasən müəyyən edilir, bu da öz növbəsində aortada təzyiqdən və perforasiya dəliyinin diametrindən asılıdır.

Valsalva sinusunun anevrizmasının cırılmasına fiziki yüklənmə, arterial hipertenziya, bakterial endokardit, travmalar səbəb ola bilər. Cırılma anı döş sümüyü arxasında ağrılar, təngnəfəslik, taxikardiya, arterial hipotoniya, ürək çatışmazlığının inkişafı ilə müşayiət olunur. Kəskin dövrdə ağciyərlərin ödemi inkişaf edə bilər.

Xarakterik obyektiv əlamətlərə ürək nahiyəsi üzərində sistolo-diastolik küy, diastolik hipotenziya, sistolik titrəmə aiddir. Ürəyin sağ şöbələrinə qanın böyük həcmdə axması sağ mədəciyin kəskin dolmasına səbəb olur, bu da xəstənin ölümü ilə nəticələnir.

Valsalva sinusunun anevrizmasının diaqnostikası

Elektrokardioqrafiyanın nəticələrinə əsasən Valsalva sinusunun anevrizmasının spesifik əlamətləri aşkar edilmir; anevrizmanın cırıldığı hallarında ürəyin sağ və ya sol şöbələrinin kəskin yüklənməsi qeyd olunur. Klinikaönü mərhələdə auskultasiyada döş sümüyünün sol kənarı boyunca sistolik və ya diastolik küy eşidilir. Fonokardioqrafiya zamanı adətən bütün sistola və diastolanı əhatə edən yüksək amplitudlu küy müəyyən edilir.

Döş qəfəsinin rentgenoqramında ürəyin ölçülərinin (xüsusən sağ şöbələrinin) böyüməsi, ağciyər şəklinin güclənməsi aşkarlanır. Valsalva sinusunun anevrizmasının diaqnostikasının yüksək informativ üsulu transtorakal və ya transezofageal ExoKQ sayılır. Exokardioqrafiyanın köməyilə Valsalva sinusunun ürəyin müvafiq boşluğuna qabarması təyin edilir. Dopplerokardioqrafiya anevrizmanın cırılması zamanı qanın diastolik həcmini, aorta qapağında requrgitasiyanı müəyyən etməyə imkan verir.

Valsalva sinusunun anevrizmasının diaqnostikasında əlavə olaraq aortoqrafiya, ürəyin MRT, MSKT-aortoqrafiya aparıla bilər. Mədəciklərarası çəpərin qüsuruna şübhə yarandıqda ventrikuloqrafiyadan istifadə olunur.

Valsalva sinusunun anevrizmasının müalicəsi

Valsalva sinusunun qüsurlarının müalicəsi yalnız cərrahi yolladır. Belə hallarda süni qan dövranı şəraitində Valsalva sinusunun anevrizmasının plastikası həyata keçirilir. Əməliyyat prosesində anevrizma kisəsi kəsilir; qüsur sintetik maddə ilə örtülür.

Ehtiyac olduqda əməliyyat tayların plastikası və ya aorta qapağının protezlənməsi ilə tamamlanır. Yaxın və uzaq postoperasion nəticələr qənaətbəxşdir.

Valsalva sinusunun anevrizmasının proqnozu

Valsalva sinusunun anevrizmasının əksər hallarda cırılma anına qədər gizli qalması faktı xəstəliyin proqnozunu ağırlaşdırır.

Aorta və ürəyin sağ şöbələri arasında arteriovenoz fistulanın formalaşması qısa müddət ərzində kəskin ürək çatışmazlığı və xəstənin ölümü ilə nəticələnir. Fistulanın ölçüləri kiçik olduqda xəstə orta hesabla 1-2 il yaşayaraq, durğun ürək çatışmazlığı və ya bakterial endokardit səbəbindən dünyasını dəyişir.

error: Content is protected !!