Varikosele

Varikosele — toxum ciyəsi venalarının varikoz genişlənməsi olub, xayadan venoz qan axının pozulması ilə müşayiət edilir. Onun klinik əlamətlərinə xayalıqda diskomfort, ağırlıq hissi, dartıcı ağrılar, venaların gözlə görünən genişlənmələri aiddir. Varikoz damarlar  iltihablaşa və ya partlaya bilər. Axırıncı halda xayalığa qansızma baş verir. Proqressivləşən varikosele zədələnmiş xayanın ölçüsünün kiçilməsinə, spermatogenezin pozulmasına, kişi klimaksının erkən başlamasına və sonsuzluğa səbəb olur. Diaqnozun qoyulması üçün xayalığın USM və doppleroqrafiyadan istifadə edilir. Müalicə az invaziv (damarların embolizasiyası) və ya cərrahi üsulla yerinə yetirilir.

Varikosele barədə ümumi məlumat

Varikosele xəstənin həyatına heç bir təhlükə törətmir. Toxum ciyəsi venalarının varikoz genişlənməsinin ən ciddi fəsadı kişi sonsuzluğudur. Varikoseleli pasiyentlərin eyakulyatının analizində 20-70% hallarda spermatogenezin pozulmasına rast gəlinir. Xəstəliyin davametmə müddəti ilə spermatozoidlərin yetişmə prosesinin pozulma dərəcəsi arasında əlaqənin olması sübuta yetirilmişdir. Bəzən varikosele müxtəlif intensivlikli ağrı sindromu ilə müşayiət edilir.

ÜST-nin məlumatlarına əsasən kişilərin 15-17%-i varikoseledən əziyyət çəkir. Xəstəliyin yayılma tezliyi yaş faktoru və yaşayış yerindən asılı olaraq dəyişir. 14-15 yaşlı yeniyetmələrin 19,3%-də, hərbi xidmətə çağırılan gənclərin isə 5-7%-də varikosele aşkarlanır. Bir sıra hallarda varikosele simptomsuz getdiyindən kişilər həkimə müraciət etmir. Ultrasəs müayinədə yetkin kişilərin 35%-də varikosele müəyyən edilir. Əksər xəstələrdə patologiya sol tərəfdə lokalizasiya olunur. Bu da xayaların venoz sisteminin anatomik fərqliliyi ilə izah edilir. Pasiyentlərin 3-8%-də toxum ciyəsi venalarının varikoz genişlənməsi sağda, 2-12%-də isə hər 2 tərəfdə inkişaf edir.

Varikoselenin yaranma səbəbləri

Varikosele toxum ciyəsi venalarının qapaq çatışmazlığı ilə əlaqədar yarana bilər. Normada qanın geriyə axınına mane olan venoz qapaqlar yüklənmə (fiziki gərginlik, bədənin vertikal vəziyyəti) zamanı yüksək təzyiqin öhdəsindən gələ bilmir. Nəticədə damarlar tədricən genişlənir, venoz düyünlər əmələ gəlir.

Tədqiqatçıların fikrincə birincili (idiopatik) varikoselenin yaranmasında iştirak edən amillər aşağıdakılarıdır: venoz divarın təşkil olunduğu birləşdirici toxumanın çatışmazlığı, regional (xaya və toxum ciyəsi venaları) və magistral venaların qapaq aparatının natamam inkişafı və ya dəyişməsi, bətndaxili dövrdə aşağı boş venanın formalaşma prosesinin pozulması.

Müvafiq anatomik xüsusiyyətlər böyrək venasında təzyiqin yüksəlməsinə səbəb ola bilər. Venoz hipertenziya xayanın venoz sisteminin qapaq çatışmazlığına gətirib çıxarır. Tədricən dolayı yol formalaşır, qan əks istiqamətdə – böyrək venasından xaya venasına, oradan isə salxımabənzər kələfə axır.

Qarnın ön divarının uzunmüddətli gərginliyi (intensiv iziki yüklənmələr, davamlı vertikal vəziyyət, qəbizlik) zamanı qarındaxili təzyiqin yüksəlməsi varikoselenin inkişafına təkan verir.

İkincili (simptomatik) varikosele boyrəklər, çanaq və peritonarxası sahədə həcmli proseslərin ağırlaşması kimi inkişaf edir. Belə hallarda xəstəlik toxum ciyəsi venasından qanın normal axınına maneənin yaranması nəticəsində formalaşır.

Varikoselenin təsnifatı

Varikoselenin aşağıdakı dərəcələri ayırd edilir:

  • dərəcə. Palpasiyada varikoselenin əlamətləri müəyyən edilmir. Venaların varikoz genişlənməsi yalnız instrumental müayinələrdə (USM, doppleroqrafiya) aşkarlanır.
  • I dərəcə. Horizontal vəziyyətdə (uzandıqda) venalar əllənmir. Ayaq üstə dayandıqda palpator olaraq, genişlənmiş venalar təyin edilir.
  • II dərəcə. Genişlənmiş venalar həm horizontal, həm də vertikal vəziyyətlərdə əllənir.
  • III dərəcə. Toxum ciyəsi və xaya venalarının genişlənməsi adi gözlə nəzərə çarpır.

Varikoselenin əlamətləri

Varikoselenin klinik təzahürlərinin ifadəliliyi venaların genişlənmə dərəcəsindən asılıdır. 0 və I dərəcələrdə heç bir əlamətə rast gəlinmir. Venaların varikoz genişlənməsi profilaktik müayinə zamanı təsadüfən aşkarlanır. II dərəcəli varikoseledə pasiyentlər xayalıqda ağrıdan şikayətlənirlər. Ağrının intensivliyi müxtəlif olur. Bir sıra xəstələr yalnız yeridikdə diskomfort hissinin, narahatlığın yarandığını qeyd edirlər.

Digərlərində isə nevralgik ağrını xatırladan əlamət müşahidə edilir. Xayalıq nahiyəsində yanğı hissi, güclü tərləmə mümkündür. Əksər hallarda cinsi funksiya pozulur. Fizikal baxış zamanı xayanın aşağı qütbünə çataraq, bu hissədən də irəliyə doğru keçən genişlənmiş venalar müəyyən edilir. Zədələnmiş tərəfdə xaya aşağı endiyindən xayalıq asimmetriyaya uğrayr və sallanır.

Varikoselenin III dərəcəsində ağrı ilə fiziki yüklənmə arasında əlaqə itir. Ağrılar hətta sakitlik halında da meydana çıxaraq, daimi xarakter alır. Xarici baxış zamanı çoxsaylı venoz düyünlər izlənilir. Xayalığın ölçüsü artır, onun assimmetriyası daha ifadəli şəkil alır.

Varikoselenin diaqnostikası

Adətən varikoselenin diaqnostikası çətinlik törətmir. Sorğu prosesində xəstəliyin yaranma şəraiti və müddəti aydınlaşdırılır. Bel nahiyəsinin travmalarına diqqət yetirilir.

Bir sıra hallarda obyektiv müayinədə salxımabənzər düyünlər aşkar edilir. Palpasiyada salxımabənzər kələfin qıvrılmış, yumşaq venaları təyin olunur. Bəzi xəstələrdə zədələnmiş tərəfdə xaya kiçilir və boşalır.

Palpasiya mütləq qaydada horizontal, vertikal vəziyyətlərdə və gücənmə halında (Valsalva sınağı) aparılır. Ayaq üstə dayandıqda və gücəndikdə sağ tərəfdə genişlənmiş venaların müəyyən olunmaması birincili varikoseledən şübhələnməyə əsas verir. Sağ və ya ikitərəfli varikoseledə genişlənmiş venaların horizontal vəziyyətdə də əllənməsi simptomatik prosesə dəlalət edə bilər.

Simptomatik varikoseleyə səbəb olan həcmli törəmələri inkar etmək üçün böyrəklərin və peritonarxası sahəsinin USM aparılır. Damarların trombozu, eləcə də ikincili varikoseleyə gətirib çıxaran xəstəliklər MRT və ya KT vasitəsilə üzə çıxarılır. Cinsi yetişkənlik dövrünə çatan xəstələrə spermoqramma (eyakulyatın analizi) təyin edilir. Varikosele zamanı çox vaxt astenozoospermiya (spermatozoidlərin aktivliyinin zəifləməsi) və oliqospermiya (sayının azalması) izlənilir.

Termometriya, xayalığın USM, doppleroqrafiya, reoqrafiya, termoqrafiya fakultativ müayinə üsullarından sayılır. Müalicə taktikasını təyin etmək üçün kontrast müayinələr: retroqrad böyrək-xaya venoqrafiyası, transskrotal testikulofleboqrafiya yerinə yetirilir. Bir sıra hallarda əməliyyat prosesində və ya postoperasion dövrdə anteqrad venoqrafiya icra edilir.

Varikoselenin müalicəsi

İkincili varikosele zamanı mütləq əsas xəstəlik müalicə olunmalıdır. 0 və I dərəcəli birincili varikoseledə cərrahi əməliyyata ehtiyac yaranmır. Kiçik çanaqda durğunluğu aradan qaldıran tədbirlər (fiziki yüklənmənin məhdudlaşdırılması, xroniki qəbizliyin profilaktikası və s.) həyata keçirilir. Bəzən yaşlı pasiyentlərdə suspenzorun geyinilməsi müsbət nəticə verir. Varikoselenin intensiv ağrılarla müşayiət olunan II və III dərəcələrində cərrahi müalicə tələb olunur. Astenozoospermiya və oliqospermiya; cinsi yetişkənlik dövründə zədələnmiş tərəfdə xayanın inkişafdan qalması; kosmetik qüsur cərrahi müdaxiləyə göstəriş sayılır.

Varikosele zamanı aparılan cərrahi əməliyyatlar 3 qrupa bölünür: xayanın qaldırılması, varikoselenin embolizasiyası və venaların kəsilməsi.

Venalar subinqvinal (qasıq kanalının girəcəyində), inqvinal (qasıq kanalında) və ya retroperitoneal (qasıq kanalının çıxacağında) yolla kəsilə bilər. Son zamanlar varikoselenin müalicəsində mikrocərrahi və laparoskopik əməliyyatlara (genişlənmiş venaların bağlanılmasına) üstünlük verilir. Bu yolla ağırlaşmaların və residivlərin yaranma ehtimalı əhəmiyyətli dərəcədə azalır. Bir sıra hallarda xaya venasının rentgenoendovaskulyar okklüziyası uşaqlar və böyüklərdə effektiv olur.

Varikoselenin profilaktikası

Varikoselenin ilkin mərhələlərində kiçik çanaq orqanlarında durğunluğu aradan qaldırmaqla çox vaxt müsbət nəticə əldə edilir. Pasiyentlərə uzunmüddətli fiziki yüklənmələri məhdudlaşdırmaq, nəcis ifrazını normallaşdırmaq, spirtli içkilərdən imtina etmək, vitamin qəbul etmək, müntəzəm cinsi həyat sürmək, iş və əmək rejimini qaydaya salmaq tövsiyə olunur.

error: Content is protected !!