Vegetativ-damar distoniyası
Vegetativ-damar distoniyası – vegetativ sinir sistemi tərəfindən damar tonusunun tənziminin pozulması nəticəsində yaranan funksional pozğunluqlar kompleksidir. Tutmaşəkilli və ya daimi ürəkdöyünmə, güclü tərləmə, baş ağrıları, ürək nahiyəsində sancılar, üzün qızarması və ya avazıması, ətrafların soyuması, bayılma halları ilə təzahür edir. Nevrozlar, dayanıqlı arterial hipertenziyaya gətirib çıxara, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə poza bilər.
Vegetativ-damar distoniyası barədə ümumi məlumat
Vegetativ-damar distoniyası hər hansı bir üzvi patologiya fonunda inkişaf edən əlamətlər toplusundan ibarətdir, bu səbəbdən o, müasir təbabətdə müstəqil xəstəlik kimi qəbul edilmir. Tibbi ədəbiyyatda vegetativ-damar distoniyasının vegetativ disfunksiya, angionevroz, psixovegetativ nevroz, vazomotor distoniya, vegetativ distoniya sindromu kimi sinonimlərinə rast gəlmək mümkündür.
«Vegetativ-damar distoniyası» anlayışına orqanizmin daxili homeostazının (AT, ÜYT, istilik mübadiləsi, bəbəklər, bronxların eni, həzm və ifrazat funksiyası, insulin və adrenalin sintezi) vegetativ tənziminin pozulması ilə əlaqədar damar tonusunun, toxuma və orqanlarda qan dövranının pozulması daxildir.
Vegetativ-damar distoniyası geniş yayılmış pozğunluqdur, əhalinin 80%-də müşahidə edilir, bu halların 1/3 hissəsi terapevtik və nevroloji yardımın aparılmasını tələb edir. Vegetativ-damar distoniyasının ilkin təzahürləri uşaqlıq və ya pubertat dövrünə təsadüf edir; ifadəli dəyişikliklər 20-40 yaşlarda özünü büruzə verir. Kişilərlə müqayisədə qadınlar vegetativ disfunksiyanın inkişafına daha çox (3 dəfə artıq) məruz qalır.
Vegetativ sinir sisteminin morfo-funksional xarakteristikası
Vegetativ sinir sistemi (VSS) orqanizmdə vacib funksiyaları yerinə yetirir: daxili orqanların fəaliyyətinə nəzarət etmək və tənzimləməklə, homeostazın – daxili mühitin daimi balansının stabilliyini təmin edir. VSS fəaliyyətinə görə avtonomdur – şüurlu, iradi nəzarət və sinir siteminin digər şöbələrinə tabe olmur. Vegetativ sinir sistemi çox saylı fizioloji və biokimyəvi prosesləri: termorequlyasiya, AT-nin optimal səviyyəsi, metabolizm, sidik yaranma, həzm, endokrin, ürək-damar prosesləri, immun reaksiyaları və s. tənzimləyir.
VSS müxtəlif funksiyaların tənziminə əks təsirlər göstərən simpatik və parasimpatik şöbələrdən ibarətdir. Vegetativ sinir sisteminin simpatik təsirlərinə bəbəklərin genişlənməsi, mübadilə proseslərinin güclənməsi, AT-nin artması, saya əzələlərin tonusunun azalması, ÜYT-nin yüksəlməsi, tənəffüsün tezləşməsi, paarsimpatik effektlərə isə bəbəyin daralması, AT-nin enməsi, saya əzələləlrin tonusunun artması, ÜYT-nin azalması, tənəffüsün zəifləməsi, həzm vəzilərinin sekretor funksiyalarının güclənməsi aiddir.
VSS-nin normal fəaliyyəti simpatik və parasimpatik şöbələrin fəaliyyətinin uzlaşması və onların daxili, xarici amillərin dəyişikliklərinə adekvat reaksiyası hesabına təmin edilir. VSS-nin simpatik və parasimpatik effektləri arasındakı balansın pozulması vegetativ-damar distoniyasının inkişafına səbəb olur.
Vegetativ-damar distoniyasının yaranma səbəbləri və inkişafı
Az yaşlı uşaqlarda vegetativ-damar distoniyası perinatal dövrün patologiyaları (dölün hipoksiyası), doğuş travmaları, yenidoğulma dövrünün xəstəlikləri nəticəsində yarana bilər. Bu amillər somatik və vegetativ sinir sisteminin formalaşmasına, onların yerinə yetirdiyi funksiyaların mütəşəkilliyinə neqativ təsir göstərir. Bu tip uşaqlarda vegetativ disfunksiya həzm pozğunluqları (tez-tez təkrarlanan qaytarma, meteorizm, nəcisin xarakterinin qeyri-stabilliyi, iştahın azalması), emosional labillik (dalaşqanlıq, şıltaqlıq), KRVİ-yə meyllik yaranır.
Cinsi yetişkənlik dövründə daxili orqanların inkişafı və orqanizmin böyüməsi ümumilikdə neyroendokrin tənzimin formalaşmasından öndə olur, bu da vegetativ disfunksiyanın dərinləşməsinə gətirib çıxarır. Belə yaşlarda vegetativ-damar distoniyası ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, arterial təzyiqin labilliyi, psixonevroloji pozğunluqlarla (yüksək yorulma, yaddaş və diqqətin azalması, həyəcanlılıq, əsəbilik) təzahür edir. Vegetativ-damar distoniyasına uşaqlar və yeniyetmələrin 12-29%-də rast gəlinir.
Yetkin şəxslərdə vegetativ-damar distoniyası xroniki xəstəliklər, depressiya, stress, nevroz, kəllə-beyin travmaları və onurğa sütununun beyin şöbəsinin travmaları, endokrin xəstəliklər, MBT patologiyaları, hormonal dəyişikliklərin (hamilılik, klimaks dövrü) təsirindən yarana və dərinləşə bilir. Hər bir yaş dövrü üçün vegetativ-damar distoniyasının risk amili konstitutsional irsiyyət hesab olunur.
Vegetativ-damar distoniyasının təsnifatı
Vegetativ-damar distoniyasının vahid təsnifatı indiyə qədər işlənilib hazırlanmamışdır. Müxtəlif müəlliflərin fikrincə vegetativ disfunksiya aşağıdakı kriteriyalar üzrə fərqləndirilir:
- Simpatik və ya parasimpatik təsirlərin üstünlüyünə əsasən: vegeto-damar simpatikotonik, parasimpatikotonik (vaqotonik) və qarışıq tipli;
- Vegetativ pozğunluqların yayılmasına görə: generalizə olunmuş (eyni zamanda bir neçə sistemlərin orqanlarını əhatə edən), sistemli (bir sistemin orqanlarını əhatə edən) və lokal (yerli) formalar;
- Gediş xüsusiyyətlərinə əsasən: latent (gizli), paroksizmal (tutmaşəkilli) və permanent (daimi) gedişli;
- Əlamətlərin ağırlıq dərəcəsinə görə: yüngül, orta ağır və ağır gediş;
- Etiologiyaya əsasən: birincili (konstitutsional səbəblərlə assosiasiyalı) və ikincili (müxtəlif patoloji vəziyyətlər fonunda yaranan) vegetativ-damar distoniyası.
Vegetativ-damar distoniyasının gedişini ağırlaşdıran tutmaların xarakterinə görə simpatoadrenal, vaqoinsulyar və qarışıq krizlər ayırd edilir. Yüngül krizlər monosimptom təzahürlər xarakterizə olunur, ifadəli vegetativ dəyişikliklərlə 10-15 dəqiqə davam edir. Orta ağırlıqlı krizlər polisimptom təzahürlər, ifadəli vegetativ dəyişikliklərə malikdir, davametmə müddəti 15-20 dəqiqədir. Krizlərin ağır gedişi bir neçə gün ərzində müşahidə olunan polisimptomatika, ağır vegetativ pozğunluqlar, hiperkinezlər, 1 saatdan çox çəkən qıcolma tutmaları və krizdən sonra yaranan asteniya ilə səciyyələnir.
Vegetativ-damar distoniyasının əlamətləri
Vegetativ-damar distoniyasının təzahürləri müxtəlifliyi ilə seçilir, bu da VSS-nin orqanizmə çoxşaxəli təsiri – əsas vegetativ funksiyaları (tənəffüs, qan təhcizatı, tərləmə, sidik ifrazı, həzm və s.) tənzimləməsi ilə izah olunur. Vegetativ disfunksiyanın əlamətləri daimi xarakter daşıya və ya tutmalar, krizlərlə (panik hücumlar, bayılma, digər tutmayabənzər vəziyyətlər) ifadə oluna bilər.
Orqanizmin müxtəlif sistemlərinin funksional pozğunluqlarının üstünlüyünə əsasən vegetativ-damar distoniyasının əlamətləri bir neçə qruplara bölünür. Bu pozğunluqlar izoləolunmuş və ya müştərək şəkildə təzahür edə bilər. Vegetativ-damar distoniyasının kardial əlamətlərinə ürək nahiyəsində ağrılar, taxikardiya, ürək fəaliyyətində fasilələr və ya onun dayanması hissi aiddir.
Tənəffüs sisteminin tənziminin pozulması zamanı vegetativ-damar distoniyası respirator simptomlarla: tezləşmiş tənəffüs (taxipnoe), dərin nəfəsalma və tam nəfəsvermənin mümkünsüzlüyü, boğulma hissi, sinə nahiyəsində ağırlıq, astma tutmalarını xatırladan kəskin təngnəfəsliklə özünü büruzə verir. Vegetativ-damar distoniyası müxtəlif disdinamik dəyişikliklərlə: arterial və venoz təzyiqin qeyri-stabilliyi, toxumalarda qan və limfanın sirkulyasiyasının pozulması ilə təzahür edə bilər.
İstilik tənziminin vegetativ pozğunluqlarına bədən hərarətinin labilliyi (37-38°С-yə qədər yüksəlməsi və ya 35°С-yə kimi enməsi), istilik hissi və ya üşütmələr, tərləmə aiddir. Termorequlyator pozulmalar qısa, uzunmüddətli və ya daimi ola bilər. Həzm funskiyasının vegetativ tənziminin pozulması dispeptik dəyişikliklərlə: qarında ağrı və spazm, ürəkbulanma, gəyirmə, qusma, qəbizlik və ishalla ifadə olunur.
Vegetativ-damar distoniyası sidik-cinsiyyət sisteminin müxtəlif formalı pozğunluqlarına: cinsi həvəs saxlanılmaqla anorqazmiya; sidik yollarının üzvi patologiyalarına rast gəlinmədən tezləşmiş sidik ifrazı və s. səbəb ola bilər. Vegetativ-damar distoniyasının psixonevroloji əlamətlərinə cüzi yüklənmələr zamanı yorğunluq, halsızlıq, süstlük, əmək qabiliyyətinin azalması, əsəbilik, ağlağanlıq daxildir. Pasiyentlər baş ağrıları, meteoasılılıq, yuxu pozğunluğundan (insomniya, səthi və narahat yuxu) əziyyət çəkir.
Vegetativ-damar distoniyasının ağırlaşmaları
Vegetativ-damar distoniyasının gedişi pasiyentlərin 50%-dən çox hissəsində izlənilən vegetativ krizlərlə ağırlaşa bilər. Vegetativ sinir sisteminin bu və ya digər şöbəsində pozğunluqların dominantlığından asılı olaraq, simpatoadrenal, vaqoinsulyar və qarışıq krizlər ayırd edilir.
Simpatoadrenal kriz və ya «panik hücumlar» vegetativ sistemin təsirindən qana adrenalinin yüksək miqdarda ifraz olunması nəticəsində inkişaf edir. Kriz qəfil yaranan baş ağrıları, taxikardiya, kardialgiya, üzun avazıması və ya qızarması ilə başlanır. Arterial hipertenziya qeydə alınır, nəbz tezləşir, subfebrilitet, titrətməşəkilli tremor, ətrafların keyiməsi, həyəcan və qorxu hissi yaranır. Krizin başlanğıcı kimi sonluğu da qəfil olur – asteniya, aşağı nisbi sıxlıqlı sidiyin ifrazı ilə poliuriya müşahidə edilir.
Vaqoinsulyar kriz bir çox simpatik təsirlərə əks əlamətlərlə təzahür edir. Onun inkişafı qana insulin ifrazı, qlükozanın səviyyəsinin kəskin azalması, həzm sisteminin aktivliyinin artması ilə müşayiət olunur. Vaqoinsulyar kriz üçün ürək fəaliyyətinin dayanması hissi, başgicəllənmə, aritmiya, tənəffüsün çətinləşməsi, boğulmalar xarakterikdir. Nəbzin seyrəkləşməsi, AT-nin azalması, tərləmə, dərinin hiperemiyası, zəiflik, göz önündə qaralmalar izlənilir.
Kriz zamanı bağırsaqların peristaltikası güclənir, meteorizm, qarında qurultu, defekasiya aktına çağırışlar yaranır, ishal mümkündür. Tutma başa çatdıqdan sonra ifadəli asteniya vəziyyəti qeydə alınır. Vegetativ sinir sisteminin hər iki şöbəsinin aktivləşməsi ilə xarakterizə olunan qarışıq simpato-parasimpatik krizlərə daha çox rast gəlinir.
Vegetativ-damar distoniyasının diaqnostikası
Vegetativ–damar distoniyasının simptomlarının müxtəlifliyi və dəqiq obyektiv parametrlərin olmaması ilə əlaqədar onun diaqnostikası çətinlik törədir. Differensial diaqnostikanın aparılması, bu və ya digər sistemin üzvi patologiyalarının inkar edilməsi üçün nevroloq, endokrinoloqun konsultasiyası, kardioloqun baxışı mütləqdir.
Anamnezin toplanması zamanı vegetativ disfunksiya üzrə ailəvi ağırlaşmaları müəyyən etmək lazımdır. Ailə üzvlərində vaqotoniya olan pasiyentlərdə mədənin xora xəstəliyi, bronxial astma, neyrodermit; yaxın qohumlarında simpatikotoniya olan şəxslərdə – hipertoniya xəstəliyi, ÜİX, hipertireoz, şəkərli diabet daha çox müşahidə edilir. Vegetativ-damar distoniyalı uşaqlarda bir sıra hallarda anamnez kəskin və xroniki ocaqlı infeksiyalarla residivləşən perinatal dövrün qeyri-qənaətbəxş gedişi ilə ağırlaşır.
Vegetativ-damar distoniyasının diaqnostika prosesində ilkin vegetativ tonus və vegetativ reaktivliyin göstəriciləri qiymətləndirilməlidir. VSS-nin ilkin vəziyyəti sakitlik halında şikayətlərə, baş beynin EEQ və EKQ nəticələrinə əsasən təyin edilir. Sinir sisteminin vegetativ reaksiyaları müxtəlif funksional sınaqların (ortostatik, farmakoloji) köməyilə müəyyən olunur.
Vegetativ-damar distoniyasının müalicəsi
Vegetativ-damar distoniyalı pasiyentlər ailə həkimləri, sindromun dominant əlamətlərindən asılı olaraq, nevroloq, endokrinoloq və ya psixiatrın müşahidəsi altında müalicə olunmalıdır. Vegetativ-damar distoniyalarının xarakteri və etiologiyası nəzərə alınmaqla kompleks, uzunmüddətli, individual terapiya aparılır.
Qeyri-medikamentoz yanaşmaya: əmək və istirahət rejiminin normalizasiyası, hipodinamiyanın aradan qaldırılması, dozalanmış fiziki yüklənmə, emosional təsirlərin (stress, kompüter oyunları, televiziya verilişləri) məhdudlaşdırılması, fərdi və ailəvi psixoloji korreksiya, rasional və müntəzəm qidalanmaya üstünlük verilir.
Müalicəvi massaj, refleksoterapiya, su prosedurları müsbət nəticələr verir. Tətbiq edilən fizioterapevtik təsirlər vegetativ disfunksiyanın tipindən asılıdır: vaqotoniya zamanı kalsium, mezaton, kofeinlə; simpatikotoniyalarda isə papaverin, eufillin, brom, maqneziumla elektrofarez göstəriş sayılır.
Ümummöhkəmləndirici və fizioterapevtik üsullar kifayət qədər təsir göstərmədikdə individual qaydada seçilmiş medikamentoz terapiya təyin edilir. Vegetativ reaksiyaların aktivliyini azaltmaq məqsədilə sedativ preparatlar (pişikotu, damotu, dazıotu, melisa), antidepressantlar, trankvilizatorlar, nootrop vasitələrdən istifadə olunur. Həmçinin qlisin, hopanten turşusu, qlutamin turşusu, vitamin-mineral kompleksləri qənaətbəxş müalicəvi təsirə malikdir.
Simpatikotoniyanın təzahürlərini zəiflətmək üçün β-аdrenoblokatorlar (propranolol, anaprilin), vagotonik təsirləri azaltmaq məqsədilə isə bitki tərkibli psixostimulyatorlar (cır limon, eleuterokokk preparatları və s.) məsləhət görülür. Vegetativ-damar distoniyalarında xroniki infeksiya ocaqları, yanaşı gedən endokrin, somatik və ya digər patologiyaların müalicəsı aparılır.
Bir sıra hallarda ağır vegetativ krizlərin inkişafı neyroleptiklər, trankvilizatorlar, β-adrenoblokatorlar, atropinin (krizin formasından asılı olaraq) parenteral yeridilməsini tələb edə bilər. Vegetativ-damar distoniyalı pasiyentlər müntəzəm (hər 3-6 aydan bir, xüsusən payız-yaz aylarında) dispanser müşahidəsi ilə təmin olunmalıdır.
Vegetativ-damar distoniyasının proqnoz və profilaktikası
Vegetativ-damar distoniyasının vaxtında aşkarlanması və müalicəsi, eləcə də onun mütəmadi profilaktikası 80-90% hallarda təzahürlərinin əksəriyyətinin əhəmiyyətli dərəcədə azalması və ya itməsi, orqanizmin adaptasiya imkanlarının bərpası ilə nəticələnir. Vegetativ-damar distoniyasının korreksiya olunmayan gedişi müxtəlif psixosomatik pozğunluqlara, pasiyentlərin psixoloji və fiziki dezadaptasiyasına səbəb olur, onların həyat keyfiyyətinə mənfi təsir göstərir.
Vegetativ-damar distoniyasının profilaktik tədbirləri sinir sisteminin özünü tənzim mexanimlərinin möhkəmləndirilməsinə, orqanizmin uyğunlaşma qabiliyyətinin artırılmasına yönəldilməlidir, bu da həyat tərzinin sağlamlaşdırılması, əmək, istirahət rejimi və fiziki aktivliyin optimizasiyasının köməyilə əldə edilir. Vegetativ-damar distoniyanın kəskinləşmələrinin profilaktikası onun rasional terapiyasna əsaslanır.