Vücudumuzun gizli “siqnal”ları
İnsan orqanizmini sözün əsl mənasında ağıllı sistem hesab etmək olar.
Çünki orqanizm- baş verən dəyişiklikləri müxtəlif əlamətlərlə bildirməyə çalışır. Bəzən ilk baxışda zərərsiz hesab etdiyimiz əlamət, daxili orqanların çox ciddi problemlərindən xəbər verə bilər.
Dilin üzərində ağımtıl ərp
Bu əlamət sizin ac olduğunuzu və ya iltihabi xəstəliyi göstərir. Əgər ağ ərplə yanaşı, dilin kənarlarında qırmızı haşiyə görünürsə, bu qastritin əlamətidir.
Dilin üzərində solğun bozumtul ərp
Bu mədə-bağırsaq traktının xəstəliklərindən xəbər verir. Əgər ərplə yanaşı, dodaqların şişkinliyi və dərinin quruluğu da varsa, bu orqanizmdə dəmir çatışmazlığının əlamətidir. Qara çay və kofe qəbulunu azaldın (kofein dəmirin sorulmasını blokada edir) və rasionunuzda cəfəri, qaraciyər, balıq, ağ göbələk və alma, sitrus meyvələrini bol edin.
Ağızdan pis qoxu
Diabet, böyrək və ya qaraciyər xəstəliklərindən, bronxitdən xəbər verə bilər.
Dodaqların çatlaması
Eyni vaxtda ağız bucaqlarında yara, saçların tökülməsi, konsentrasiya pozuqluğu da varsa, orqanizmdə B2 vitamini (riboflavin) çatışmır deməkdir. Qidanıza süd məhsulları, yumurta, araxis, ərik, soya, armud və gül kələmi əlavə edin.
Ödem (şişkinlik)
Bəzən orqanizmdə suyu saxlayan qidalar (duzlu qida, alkoqol, karbohidratlarla zəngin, konservləşdirilmiş və qurudulmuş qidalar) çox qəbul edildikdə ola bilər.
Böyrək problemləri ilə bağlı ödemlər- əsasən səhərlər və üzdə olur və axşama doğru azalaraq itir.. Adətən dəri solğun, “boş” olur, basdıqda izi gec itir.
Ürək problemləri ilə bağlı ödemlər axşama doğru qarın, bel nahiyəsi və cinsi orqanlardan başlayır. Ürək ödemləri adətən təngnəfəslik, göyərmiş dodaqlar, əl və ayaq barmaqlarının göyərməsi və boyun venalarını qabarması ilə müşayiət olunur.
Qaraciyərlə bağlı ödemlər isə qarın nahiyyəsində damar ulduzları, ödem nahiyyəsində qaşınma və sarılıq əlamətləri ilə müşayiət olunur.
Əgər ödem nahiyyəsi qızarmış və qaşınırsa allergiyanın əlamətidir.
Göz qapaqlarının şişməsi
Eyni vaxtda ümumi halsızlıq, dərinin soyuq və solğun olması, böyrək problemlərindən xəbər verir.
Dərinin qabıqlanması
Çox vaxt A və B2 vitaminin çatışmazlığı səbəbindən olur. Normal qidalanma çox vaxt bu simptomları tam yox edir. Əgər qabıqlanma qaşınma ilə yanaşı rast gəlinirsə, mütləq həkimə müraciət edilməlidir. Belə ki, bu göbələk xəstəliyinin əlaməti ola bilər.
Göz almasının rənginin dəyişməsi, göz altında göyərmə və qara kölgələr
Göz almasının qızarması yüksək arterial təzyiqi göstərir.
Əgər saralıbsa, qaraciyər problemindən xəbər verir.
Gözaltı kölgə və göyərmə əgər səbəbsiz yaranırsa mütləq kardioloqa müraciət olunmalıdır, çünki ürək problemlərinin əlamətidir.
Dəri səpgiləri və civzələr
Ağ rəngli xüsusilə yanaqdakı “irinciklər” mədə-bağırsaq problemindən xəbər verir.
Gicgah nahiyyəsindəki civzələr qaraciyər və öd kisəsi ilə bağlı problemlərdən xəbər verir.
Çənə altında və alt çənədə qırmızı civzələr cinsi hormonların disbalansından və ya sidik-cinsiyyət sisteminin iltihabi xəstəliyindən xəbər verə bilər.
Alında və ya başın tüklə örtülü hissələrindəki səpgilər – mədə problemini göstərir.
Orqanizmin siqnallarına diqqət edin və sağlam qalın!