Vulvanın displaziyası
Vulvanın displaziyası (atipik hiperplaziya) – epitel hüceyrələrin böyümə və inkişafının pozulması ilə əlaqədar vulvanın çoxqatlı yastı epitel qatının morfoloji quruluşunun dəyişməsidir. Vulvanın displaziyasının diaqnozu vulvoskopiya, izlərin sitoloji analizi, vulva toxumasının biopsiyası və histoloji analizinin nəticələrinə əsasən qoyulur. Müalicə vulvanın ablasiyası, displastik sahələrin kəsilməsi və ya vulvektomiyadan ibarətdir.
Vulvanın displaziyası barədə ümumi məlumat
Vulvanın displaziyası – yastı hüceyrəli vulvar intraepitelial neoplaziya (VİN) –epitel toxumasının bazal və parabazal hüceyrələrinin intensiv proliferasiyası və struktur dəyişiklikləri ilə xarakterizə olunur. Vulvanın displaziyası zamanı transformasiyaya uğramış nüvəsi olan atipik epitel hüceyrələri (ölcü və formaca fərqli) yaranır, yastı epitelin qatları pozulur.
Vulvanın displaziyasının müəyyən müddətdən sonra spontan reqressi müşahidə oluna bilər. Bəzi hallarda isə patologiya stabil davam edir və ya proqressivləşərək vulvanın xərçəngi ilə nəticələnir. Vulvanın vaxtında müalicə olunması onkoloji xəstəliklərin inkişafının qarşısını almağa və xəstənin həyatını xilas etməyə kömək edir. Əvvəllər vulvanın displaziyası əsasən 40 yaşdan yuxarı qadınlarda rast gəlinirdi, lakin son vaxtlar patologiyanın cavan xəstələr arasında yayılması halları artmışdır.
Yayılma dərəcəsinə görə displaziyanın lokal və diffuz, hüceyrələrin patomorfoloji dəyişikliklərinin ifadəliyinə əsasən isə yüngül, mülayim və ağır dərəcəli formaları ayırd edilir. Yüngül dərəcəli displaziya zamanı (VIN 1) dəyişikliklər az nəzərəçarpan olur, epitel toxumasının ancaq aşağı 1/3 hissəsində aşkarlanır. Mülayim dərəcəli formada (VIN 2) pozğunluqlar çoxqatlı yastı epitelin 2/3 hissəsinini əhatə edir. Ağır dərəcəli displaziyada (VIN 3) isə epitel qatın bütün sahələri zədələnir, ifadəli nüvə-hüceyrə atipiyası müşahidə olunur. Vulvanın ağır displaziyası onun qeyri-invaziv xərçəngi sayılır, bu zaman hüceyrələrin intensiv proliferasiyası, nüvə-hüceyrə atipiyası bazal membran və stromaya yayılmır.
Vulvanın displaziyasının yaranma səbəbləri
Vulvanın displaziyasının əsas səbəbi lokal, uzunmüddətli persistə edən İPV infeksiyası (xüsusən onkogen 16 və 18-ci tiplər) hesab edilir. Vulvanın displaziyasının inkişafına xarici cinsiyyət orqanlarının xroniki iltihabları (vulvit, bartolinit, kolpit), immun çatışmazlıq, eləcə də yaşla əlaqədar reseptor reaksiyalarının dəyişilməsi ilə müşayiət olunan mübadilə və neyroendokrin pozğunluqlar səbəb olur.
Vulvanın displaziyası əksər hallarda vulvanın distrofik prosesləri, çoxqatlı yastı epitelın metaplaziyası fonunda yaranır. 35-60% hallarda vulvanın displaziyası uşaqlıq boynunun displaziyası (servikal intraepitelial neoplaziya–CİN) ilə müştərək şəkildə inkişaf edir. Vulvanın displaziyasının risk amillərinə siqaret çəkmə, erkən cinsi həyat, cinsi partnyorların tez-tez dəyişdirilməsi və cinsi yolla ötürülən infeksiyalar aiddir.
Vulvanın displaziyasının əlamətləri
Xəstələrin 50%-dən çoxunda vulvanın displaziyası simptomsuz gedişə malik olur, qalan hallarda isə patologiya fərqli əlamətlərlə təzahür edir. Vulvanın displaziyası və İPV ilə infeksiyalaşma hallarında xarici cinsiyyət orqanları və anus nahiyəsində iti uclu kondilomalar müşahidə olunur.
Yanaşı gedən mikrob infeksiyaları və fon prosesləri zamanı vulvanın displaziyası vulvovaginit, kolpit əlamətləri (ödem, qaşınma, ifrazat), vulvanın leykoplakiyası və kraurozu (quruluq, qaşınma, xoralaşma, ağ ləkələr) ilə müşayiət oluna bilir. Xarici cinsiyyət orqanları, uşaqlıq yolu və anus nahiyəsində qaşınma və ağrıdan şikayət edən xəstələrin müayinəsi zamanı vulvanın mülayim və ya ağır dərəcəli displaziyası aşkarlanır. Vulvanın displaziyası bir və ya bir neçə zədələnmə ocağına malik olur.
Vulvanın displaziyasının diaqnostikası
Vulvanın displaziyasının diaqnostikası zəif simptomatika və spesifik əlamətlərin olmamasına görə çətinləşir. Xəstəliyin diaqnozunun təsdiqi üçün bir sıra müayinələrdən istifadə olunur: ginekoloji kresloda vizual müayinə; vulvanın yodla rənglənməyən ağ sahələrinin dəqiq sərhədlərini müəyyən etmək üçün Şiller testi; vulvanın şübhəli sahələrindən götürülən izlərin sitoloji müayinəsi. PZR üsuli ilə İPV-nin yüksək xərçəng riski təyin edilir.
Vulvanın diaqnostikasının daha informativ üsullarına xarici cinsiyyət orqanlarının biopsiyası, materialın histoloji müayinəsi aiddir. Histoloji müayinə vasitəsilə vulvanın displaziyasını onun xoş və bəd xassəli xəstəliklərindən differensiasiya etmək mümkündür. Vulvanın displaziyasının diaqnostika və müalicəsində ginekoloqla yanaşı dermatoloq, veneroloq və onkoloqun da iştirakı vacibdir.
Vulvanın displaziyasının müalicəsi
Vulvanın displaziyası xroniki xəstəlik sayılır. Müalicə sxemi kombinəolunmuş olub, yanaşı gedən xəstəliklər (somatik və genital), xəstənin yaşı, patologiyanın dərəcəsi, əks-göstərişlər nəzərə alınmaqla individual olaraq seçilir və kurs şəklində aparılır. Vulvanın displaziyası zamanı ciddi pəhriz təyin olunur, konservativ müalicə desensibilizəedici, sedativ və ümumi möhkəmləndirici vasitələr, hormonal preparatların (kortikosteriod məlhəm, estrogenlər və s.) istifadəsindən ibarətdir. Medikamentoz terapiya xəstəliyin yerli təzahürlərinin aradan qaldırılmasına, xəstənin psixoemosional vəziyyətini stabilləşməsinı, remissiya dövrünün başlanmasına yönəldilir.
İPV aşkar olunduqda virusəleyhinə preparatlar və immunokorrektorlar qəbul edilir. Cavan yaşlı (45 yaşdan kiçik) xəstələrdə vulvanın lokal formalı və kiçik ocaqlı displaziyası zamanı az invaziv cərrahi müdaxilələr: vulvanın lazer, maye azot, radiodalğa üsulu ilə ablasiyası; iri və çoxsaylı zədələnmələrdə patoloji ocaqların mərhələli cərrahi ekssiziyası (kəsilmə) aparılır. Reproduktiv yaşda və peri- və postmenopauzaya keçid dövründə yüksək xərçəng riski olduqda (vulvanın mülayim və ağır dərəcəli displaziyası, geniş sahəli zədələnmələr, xəstəliyin residivləri) səthi vulvoektomiya (vulva dərisinin səthi qatının kəsilməsi, qüsurun plastikası) icra edilir.
İPV ilə infeksiyalaşma fonunda vulvanın 1-3-cü dərəcəli displaziyasının müalicəsində müasir orqanqoruyucu əməliyyat-fotodinamik terapiya (FDT) tətbiq edilir. Metod fotosensibilizə olunmuş boyaq maddəsinin selektiv şəkildə vulvanın displastik hüceyrələrində toplanması və onların sonradan müəyyən uzunluqlu işıq dalğalarının təsirindən dağıdılmasına əsaslanır.
Vulvanın displaziyasının cərrahi müalicəsindən sonra reabilitasiya dövründə intim yaxınlıq, gigiyenik bezlər və şırınqalama, fiziki yüklənmələrdən çəkinmək, həkim təyinatlarına əməl etmək lazımdır.
Vulvanın displaziyasının proqnoz və profilaktikası
Vulvanın displaziyasının inkişaf dinamikası xəstəliyin dərəcəsi və davametmə müddətindən asılıdir: yüngül dərəcəli displaziya geriyə inkişaf edə bilər, prosesin ağırlıq dərəcəsi və müddəti artdıqca onkoloji patologiyanın yaranma riski yüksəlir.
Vulvanın ağır dərəcəli displaziyası (obliqat xərçəngönü) müalicə aparılmadıqda proqressivləşərək invaziv xərçəngə cevrilir.
Erkən diaqnostika və vaxtında aparılan müalicə xəstələrin tam sağalmasına kömək edir. Cərrahi müalicədən sonra residivlərin yaranma riski olduğundan xəstələr ginekoloq müayinəsindən keçməli, ağır dərəcəli displaziyalarda isə onkoloq yanında qeydiyyata düşməlidir.
Vulvanın displaziyalarının inkişaf və residiv risklərinin azaldılması üçün aşağıdakı üsullardan istifadə olunur: balanslaşdırılmış qidalanma, siqaretdən imtina, xroniki infeksiya ocaqlarının sanasiyası, cinsi partnyorların azaldılması, baryer kontrasepsiyanın istifadəsi, müntəzəm olaraq ginekoloq müayinəsindən keçmək.