Vulvanın leykoplakiyası

Vulvanın leykoplakiyası – vulvanın selikli qişasının xroniki distrofik prosesi olub, çoxqatlı yastı epitelin proliferasiyası və güclü buynuzlaşması ilə ifadə olunur. Vulvanın leykoplakiyası selikli qişada ağımtıl lövhələr, xarici cinsiyyət orqanları nahiyəsində qaşınma, göynəmə, ağrı ilə təzahür edir. Diaqnoz ginekoloji baxış, vulvoskopiya, Şiller testi, hədəfli biopsiyanın nəticələrinə əsasən qoyulur. Vulvanın leykoplakiyasının müalicəsi onun əlamətlərinin ifadəliyinin azalmasına və immun müdafiənin təmininə yönəldilir; hormonoterapiya, fizioterapiyadan ibarətdir; göstərişlərə əsasən – tək saylı ocaqların cərrahi kəsilməsi və ya vulvanın ekstirpasiyası icra edilir.

Vulvanın leykoplakiyası barədə ümumi məlumat

Vulvanın leykoplakiyası yastı hüceyrəli hiperplaziyanın (buynuzlaşmayan çoxqatlı yastı epitelin zədələnməsi ilə gedənvulvanın distrofik xəstəliyinin) əsas təzahürüdür. Vulvanın leykoplakiyası zamanı epitel toxumasında normada rast gəlinməyən buynuz və dənəli qat, para- və hiperkeratoz, akantozun inkişafı (hüceyrə və nüvə atipiyası olmadan və ya atipiyalı) müşahidə olunur.

Əksər hallarda leykoplakiya klimaks və menopauza dövründə rast gəlinir. Vulvanın leykoplakiyası onun kraurozu ilə müştərək şəkildə və ya ondan əvvəl inkişaf edir; son zamanlar onların sayı artır, bu hallar xüsusən cavan xəstələrdə qeyd olunur. Vulvanın leykoplakiyası zamanı hüceyrə atipiyasının yaranma riski və onun vulvanın xərçənginə çevrilmə ehtimalı (5-35% hallarda) mövcuddur, kraurozla birgə inkişaf bu riski daha da artırır.

Vulvanın leykoplakiyasının formalarının təsnifatı

Hiperkeratozun ifadə dərəcəsindən asılı olaraq vulvanın leykoplakiyasının 3 forması ayırd edilir: yastı (sadə), hipertrofiyalaşmış və ziyilli. Yastı leykoplakiya vulvanın səthində iltihabın gözlə görünən əlamətləri ilə müşayiət olunmayan tamponla silindikdən sonra yenidən yaranan, yastı, hamar, ağımtıl ləkələrlə xarakterizə olunur. Yastı leykoplakiya məhdud sahələrdə, generalizə olunmuş prosesdə isə vulvanın böyük bir hissəsində izlənilir.

Hipertrofik leykoplakiya zamanı zədələnmə ocaqları bozumtul-ağ rəngli, selikli qişadan silinməsi mümkün olmayan quru qabarıq lövhə şəklində olur. Lekoplakik lövhələr bəzən öz aralarında birləşə bilir. Ziyilli leykoplakiya üçün ziyilə bənzəyən məhdud zədələnmə sahələrinin xeyli böyüməsi və buynuzlaşması xarakterikdir; çox zaman çat, eroziya və iltihabın inkişafı ilə ağırlaşır. Vulvanın ziyilli leykoplagiyası xərçəngönü vəziyyət hesab olunur.

Vulvanın leykoplakiyasının yaranma səbəbləri

Müasir məlumatlara əsasən vulvanın leykoplakiyası zamanı cinsiyyət orqanlarının selikli qişasının distrofik dəyişiklikləri çoxformalı etioloji və patogenetik amillərin təsirindən yaranır. Hesab olunur ki, vulvanın leykoplakiyası müxtəlif zədələyici amillərə qarşı epitel qatın qeyri-adekvat proliferasiyası ilə cavab verən spesifik müdafiə reaksiyasıdır. Vulvanın leykoplakiyası neyroendokrin, immun və metabolik pozğunluqlar zamanı selikli qişanın xroniki iltihabı fonunda inkişaf edir.

Vulvanın leykoplakiyasının risk amillərinə aşağıdakılar daxildir:

Yaşın 40-dan yuxarı olması; cinsiyyət orqanlarının xroniki iltihabı (o cümlədən xroniki papillomavirus infeksiyası və genital herpes HSV-2); uşaqlıq boynunun displaziyası; qısa reproduktiv dövr; metabolik pozğunluqlar (diabet, piylənmə); şəxsi gigiyena qaydalarına riayət olunmaması; vulvanın selikli qişasının xroniki travmaları və qıcıqlanması; A vitaminin çatışmazlığı.

Vulvanın leykoplakiyasına səbəb olan hormonal pozğunluqlar hipotalamus-hipofiz sistemində yaşla bağlı dəyişikliklər, qalxanabənzər vəzinin hipofunksiyası (hipotireoz), böyrəküstü vəzilərin qabıq maddəsinin hipofunksiyası (böyrəküstü vəzi çatışmazlığı), yumurtalıqların disfunksiyası, klimakterik və menopauza dövrlərində estrogenlərin çatışmazlığı ilə əlaqədardır. Eləcə də, vulvanın leykoplakiyasının yaranmasının əsasında psixoemosional pozğunluqların rolu vurğulanır.

Vulvanın leykoplakiyasının əlamətləri

Vulvanın leykoplakiyası xəstədə heç bir diskomfort törətmədən simptomsuz gedə bilər. Vulvanın leykoplakiyasının təzahürləri adətən klitor və kiçik cinsiyyət dodaqları nahiyəsində müşahidə olunur. Vulvanın leykoplakiyası zamanı selikli qişada kiçik ölçülü, bəzən çoxsaylı ağımtıl ləkələr yaranır. Sonradan buynuzlaşma nəticəsində leykoplakiya ocaqlarının səthi bozumtul-ağ və sədəf rəng alır, epitel lövhələri qalınlaşaraq, selikli qişanın üstündən azacıq qabarmağa başlayır. Lövhələr tədricən böyüyərək, birləşə və ya daha geniş sahələrə yayıla bilir. Leykoplakiya ocaqları çox dayanıqlıdır, işlənmə zamanı silinmir.

Vulvanın toxumalarının sklerozlaşması və infeksiyalaşması zamanı gecə vaxtlarında, sidik ifrazı, yerimə və cinsi əlaqədən sonra güclənən daimi xarakterli güclü qaşınma və göynəmə, parasteziyalar (keyimə, iynəbatırma hissi) qeyd olunur. Bərk buynuzlaşan törəmələrlə müşahidə olunan vulvanın leykoplagiyasının ziyilli forması ağrılı, çətin sağalan xroniki çatlar, eroziyalar və xoraların yaranması, onlara mikrob infeksiyasının qoşulması ilə ağırlaşır. Vulvanın leykoplakiyası zamanı iltihabın inkişafı ödem və hiperemiya ilə müşayiət olunur. Dispareuniya xəstənin intim həyatına mane olur, bu da psixonevroloji simptomatikanın inkişafına gətirib çıxarır.

Vulvanın leykoplakiyasının diaqnostikası

Vulvanın leykoplakiyasının diaqnostikası xəstənin şikayətləri, ginekoloji baxışın, instrumental və laborator müayinələrin nəticələrinə əsasən qoyulur. Oxşar əlamətlər şəkərli diabet, müxtəlif dermatozlar (qırmızı yastı dəmrov, ekzema, psoriaz, neyrodermit), qırmızı qurd eşənəyi, sifilis və s. zamanı müşahidə olunduğundan bu xəstəliklərlə differensial diaqnostika aparılmalıdır.

Leykoplakiyalı xəstələr vulva nahiyəsində qaşınma, göynəmə hissindən şikayət edir. Ginekoloji baxış zamanı selikli qişada xarakterik ağımtıl ocaqlar izlənilir. Mütləq kolposkopiya tətbiq olunmalıdır, müayinə prosesində ağımtıl-boz və ya sarı rəngli selikli qişa, şəffaflığı az olan buynuzlaşan qabarıq səth,  damar şəklinin olmaması və ya az ifadəliyi müəyyən edilir. Eləcə də kolposkopiya cinsiyyət orqanlarının yanaşı gedən displastik və atrofik proseslərin aşkarlanmasına, bədxassəli törəmələrin istisna olunmasına kömək edir.

Lüqol məhlulu ilə Şiller sınağının aparılması zamanı leykoplakiya ocaqları rənglənmir və aydın gözə çarpır. Bununla yanaşı yaxmanın mikrofloraya və vulvanın selikli qişasının onkositoloji dəyişikliklərinə görə mikroskopik müayinəsi icra edilir.

Vulvanın leykoplakiyasının olmasına şübhəli sahələr hədəfli biopsiya olunur, materialın histoloji müayinəsi aparılır, selikli qişanın hüceyrə və toxumalarında dəyişikliklərin xarakteri aydınlaşdırılır. Tam diaqnostik müayinə vulvanın displaziyasını 100% dəqiqliklə aşkar etməyə imkan verir. Atipiya əlamətləri müşahidə olunmayan vulvanın displaziyası fon xəstəliyi, atipiyalı forma isə xərçəngönü vəziyyət kimi qiymətləndirilir.

Vulvanın leykoplakiyasının müalicəsi

Vulvanın displaziyasının müalicəsi kombinəolunmuş və uzunmüddətlidir. Müalicə sxemi xəstənin yaşı və yanaşı gedən xəstəliklərdən asılıdır. Bura medikamentoz terapiya, pəhriz, fizioterapiya, psixoterapevtin konsultasiyası, zərurət olduqda cərrahi müalicə daxildir. Müalicəvi bədən tərbiyəsi; qaynadılmış su və bitki cövhərləri ilə gigiyenik prosedurların aparılması, sabun, kalium-permanqanat,  sırınqalardan imtina; təmiz havada olmaq, süd məhsulları- bitki mənşəli pəhriz; qıcıqlandırıcı amillərin (yun və sintetik materiallardan olan alt paltarları, tamponlar və sintetik bezlərin) istisna edilməsi məsləhət görülür. Vulvanın leykoplakiyası zamanı isti vannalar və uzunmüddətli insolyasiya əks-göstətişdir.

Yerliiltihabəleyhinə və qaşınmaəleyhinə müalicə – hormonal və antiseptik təsirli məlhəm, krem, vaginal kürəciklər təyin olunur. Hormonal terapiyada prednizalon, estrogenlərlə androgenlərin kombinasiyası, estrogen-gestagen preparatlar, konyuqə olunmamış estrogenlər və estriol törəmələrindən (siklik və ya kontrasepsiya rejimində 2-3 aylıq müalicə kursu) istifadə edilir. Vitamin və mikroelementlər, antihistamin preparatların qəbulu, inadkar qaşınmada novokain blokadasının tətbiqi mümkündür.

Müasir fizioprosedurlar (dərman vasitələrinin ultrafonofarezi, baş beynin ritmlərinin modulyasiyası ilə aparılan oksigenoterapiya) vulvanın leykoplakiyası zamanı iltihabəleyhinə, desensibilizə edici təsir göstərir, mübadilə proseslərini, hormonal və psixoemosional fonu normallaşdırır, immun sistemini möhkəmləndirir. Sedativ vasitələr və üsulların köməyilə psixoemosional vəziyyətin korreksiyası vulvanın leykoplakiyasının müalicəsinin əsas elementi hesab olunur.

Vulvanın leykoplakiyasının konservativ müalicəsi effekt vermədikdə müasir ginekologiyada tək saylı leykokeratoz ocaqlarının cərrah bıçağı, radiobıçaqla kəsilməsi, eləcə də lazer və kriodestruksiya vasitəsilə ləğvi tətbiq edilir. Ağır hallarda radikal əməliyyatlar – vulvanın ekstirpasiyası icra olunur, maliqnizasiya əlamətləri müşahidə olunduqda radioterapiya kurrsları ilə kombinə edilir.

Leykoplakiyalı xəstələr kolposkopik və  sitoloji nəzarət və təkrarlanan müalicə kursları ilə ginekoloq və ya onkoloqun (maliqnizasiya zamanı) dinamik müşahidəsi altına alınır.

Vulvanın leykoplakiyasının proqnoz və profilaktikası

Vulvanın leykoplakiyasının yastı forması geri dönən, ziyilli forma (eroziya dərəcəsində) isə xərçəngönü vəziyyət kimi qiymətləndirilir.

Vulvanın leykoplakiyasının profilaktikası qadın orqanizmində baş verən hormonal dəyişikliklərin profilaktikası və vaxtında korreksiyasından, yanaşı gedən iltihabi və metabolik pozğunluqların müalicəsindən ibarətdir.

error: Content is protected !!