Vulvanın törəmələri

Vulvanın törəmələri – xarici cinsiyyət orqanlarının morfoloji xüsusiyyətlərinə görə fərqlənən şiş xəstəlikləridir. Şişlər klinik əlamətlər olmadan inkişaf edə bilər; iri ölçülər və ya infiltrativ böyümə zamanı aralıq nahiyəsində diskomfort və ağrı hissi, qanlı və ya irinli ifrazat, vulvanın qıcıqlanması və qaşınması müşahidə olunur. Xarici cinsiyyət orqanlarının törəmələrinin diaqnostikası vulvaya baxış, vulvoskopiya, yaxmanın sitoloji müayinəsi, biopsiyaya əsaslanır. Müalicə törəmələrin kəsilməsi və ya soyulmasından ibarətdir; bədxassəli neoplaziyalar zamanı vulvektomiya və ya kombinəolunmuş müalicə tətbiq olunur.

Vulvanın törəmələri barədə ümumi məlumat

Vulvanın törəmələri hüceyrələrin anomal bölünməsi ilə əlaqədar toxumaların patoloji böyüməsi nəticəsində formalaşır.Onlar bu nahiyədə yerləşən bütün toxuma strukturlarından – birləşdirici, piy, əzələ, limfoid, epitel və s. inkişaf edə bilər. Xarici cinsiyyət orqanlarının törəmələri xoşxassəli (fibroma, fibrolipoma, hidroadenoma, miksoma,  hemangioma, limfangioma, papilloma) və bədxassəli (vulvanın xərçəngi) olur. Onlar qasıq, kiçik və böyük cinsiyyət dodaqları, klitor, uretranın xarici dəliyi, arxa bitişmə nahiyəsində lokalizasiya olunur.

Xarici cinsiyyət orqanlarının xoşxassəli törəmələri nisbətən zəif proliferasiyaedici böyüməyə malik olur, ətraf toxumalara sirayət etmir. Bədxassəli şişlər üçün ətraf toxumaların infiltrasiyası, sürətli böyümə, hüceyrə atipiyası, limfa düyünlərinə və uzaq orqanlara metastazlaşma qabiliyyəti xarakterikdir.

Vulvanın neoplaziyalarının etiologiyası müəyyən olunmamışdır. Onların inkişafının potensial amillərinə neyroendokrin tənzimin pozulması, uzunmüddətli hormonal kontrasepsiya, cinsi yolla keçən infeksiyalar (İPV, xlamidioz, genital herpes və s.), kolpit, vulvit, xarici cinsiyyət orqanlarının travmaları aiddir.

Vulvanın xoşxassəli törəmələrinin növləri

Xarici cinsiyyət orqanlarının xoşxassəli törəmələrinə nisbətən az rast gəlinir. Böyük cinsiyyət dodaqları nahiyəsində adətən fibroma, mioma, hidroadenoma, lipoma, fibrolipoma, miksoma, hemangioma, limfangioma; uşaqlıq yolu dəhlizində isə papillomalar (səthi epiteldən inkişaf edən virus mənşəli törəmələr) müşahidə olunur.

Vulvanın fibroması (fibroadenoma)– yetkin lifli birləşdirici toxuma elementləri və kollagen fibrillərdən ibarətdir. Fibroma enli əsas və ya ayaqcığa malikdir, ətraf toxumalarla birləşmir. Şişin konsistensiyası kollagen dəstəsinin düzülüşündən və törəmənin hialinizasiya dərəcəsindən asılıdır. Çox zaman fibroma böyük cinsiyyət dodağının qalınlığında, nadir hallarda isə uşaqlıq yolu dəhlizində yerləşir; zəif sürətlə inkişaf edir.

Vulvanın mioması əzələ liflərindən təşkil olunur. Ginekologiyada miomanın müxtəlif formalarına rast gəlinir: saya əzələ liflərinindən yaranan leyomioma, köndələn-zolaqlı liflərdən ibarət rabdomioma və s. Miomalar böyük cinsiyyət dodağının əzələsinin qalınlığında lokalizasiya olunur, sıx elastik konsisitensiya, hərəkətlilik, ətraf toxumalarla sirayət etməməsi ilə xarakterizə olunur.

Vulvanın fibromioması fibroid və əzələ tipli liflərdən ibarətdir. Girdə bağın əzələ elementlərindən inkişaf edir, böyük cinsiyyət dodağı nahiyəsində yerləşir.

Vulvanın lipoması – piy strukturuna malik törəmədir, bəzən birləşdirici toxuma komponentlərini özündə birləşdirir (fibrolipoma). Qasıq və ya böyük cinsiyyət dodaqları nahiyəsində lokalizasiyalaşır. Lipoma aydın nəzərə çarpan kapsula, yumşaq konsistensiyaya, nisbi hərəkətliliyə malikdir.

Vulvanın miksoması – mezenximal törəmə olub, böyük cinsiyyət dodaqları və qasığın dərialtı qatında yerləşir. Miksoma sarımtıl-ağ rəngdə olub, əsasən yaşlı qadınlarda aşkarlanır. Yumru sərhədlər, jeleyəbənzər konsistensiya, kapsulun olması ilə səciyyələnir.

Vulvanın hemangioması dəri damarları və xarici cinsiyyət orqanlarının selikli qişasından yaranır. Strukturuna görə kavernoz və ya kapilyar olur. Hemangiomalar selikli qişa və ya dəri səthindən qabaran qırmızı və yaxud göyümtül düyün şəklində cinsiyyət dodaqları nahiyəsində lokalizasiya olunur. Damar şişləri sürətlə inkişaf edərək, uşaqlıq yolu, uşaqlıq boynu və uşaqlıq boşluğuna yayıla bilər.

Vulvanın limfangioması limfoid toxumadan əmələ gəlir. Çox boşluqlu struktura və zülal ekssudata malikdir. Limfangiomanın boşluğu epitel qişa ilə örtü olur. Limfoid toxuma göyümtül rəngli kiçik qabarlı sulu düyüncüklər şəklində izlənilir. Limfangioma sıx əlavələrdən ibarət olub, yumşaq konsistensiyalıdır.

Vulvanın papilloması (kondiloma) – İPV ilə assosiasiyalı törəmədir, böyük cinsiyyət dodaqları və uşaqlıq dəhlizinin səthi epitel qatından yaranır. Fibroepitelial quruluşa malikdir, bəzən ifadəli akantoz əlamətləri qeyd olunur. Papillomalar tək və ya çox saylı, ağımtıl və yaxud tünd-qəhvəyi rəngli, nazik ayaqcıqlı və ya enli əsaslı olur. Papilloma cinsiyyət dodaqları nahiyəsində ekzofit böyüyən məməyəbənzər törəmə şəklində müşahidə olunur. Vulvanın papilloması uşaqlıq yolunun selikli qişasına yayıla və maliqnizasiyalaşa bilər.

Vulvanın hidroadenoması qasıq və ya böyük cinsiyyət dodaqları nahiyəsinin tər vəzilərindən inkişaf edir. Hidroadenoma oval və ya yumru formalı, sarı, çəhrayı və ya qəhvəyi rəngli çoxsaylı düyünlü səpkilər şəklində izlənilir. Kolloid kütlələrdən ibarət kistoz boşluq yastı epitellə örtülü olur.

Vulvanın şişəbənzər törəmələri arasında bartolin vəzin kistasına da rast gəlinir.

Vulvanın xoşxassəli törəmələrinin əlamətləri

Vulvanın kiçik ölçülü törəmələri klinik simptomatika ilə müşayiət olunmur. Şişin ölçüləri artdıqca neoplaziyalar şişkinlik və ya polipoz törəmə şəklində qasıq və ya cinsiyyət dodaqları nahiyəsindən qabarır. Belə hallarda aralıq nahiyəsində yad cisim hissi, yerimə və cinsi əlaqə zamanı diskomfort yaranır. Vulvanın hemangiomasının zədələnməsi zamanı qanaxmalar mümkündür. Bir sıra hallarda xarici cinsiyyət orqanlarının törəmələrinin iltihabı, xoralaşması, irinləməsi qeyd olunur. Şiş tərəfindən sidik kanalının sıxılması zamanı sidik ifrazı pozulur. Neoplaziyalarda qan dövranı pozulduqda (qansızma, nekroz zamanı) vulva nahiyəsində şişkinlik və ağrı yaranır.

Vulvanın xoşxassəli törəmələrinin diaqnostikası

Vulvanın törəmələri ginekoloji müayinədə aşkarlanır. Şiş infiltrasiyasının yayılmasını müəyən etmək üçün vaginal müayinə, vulvoskopiya, ehtiyac olduqda kolposkopiya, transvaginal USM icra olunur.

Qeyri-spesifik və cinsi infeksiyaları istisna etmək məqsədilə yaxmanın bakterioloji müayinəsi, PZR-diaqnostika tətbiq olunur. Törəmənin xoşxassəli olmasını dəqiqləşdirmək üçün şişlərin punktatları, xoraların kənarından götürülmüş sıyrıntı və yaxmalar müayinə olunur, bioptatın histoloji analizi   aparılır. Vulvanın hidroadenoması sifilisin təzahürləri ilə differensiasiya edilir.

Vulvanın xoşxassəli törəmələrinin müalicəsi

Xoşxassəliyi təsdiq olunan, proqressivləşməyən və diskomfort törətməyən şişlər müşahidə altına götürülə bilər. Sürətli böyümə, simptomatik gediş, maliqnizasiya riski, fiziki və estetik diskomfort zamanı xarici cinsiyyət orqanlarının törəmələri cərrahi yolla xaric edilir.

Ayaqcıqlı törəmələr əsasından kəsilir. Toxumaların daxilində yerləşən şişlərin cərrahi müalicəsi onların ətraf toxumalardan soyularaq çıxarılması, yatağın tikilməsi ilə icra olunur. Uretraya yaxın yerləşən şişlərin soyulması zamanı sidik kanalının zədələnmə təhlükəsi olduğundan əməliyyat xüsusi diqqət tələb edir. Belə hallarda cərrahi prosesə uroloq cəlb edilir.

Vulvanın papillomalarının likvidasiyası zamanı kriodestruksiya, radiodalğalı kəsilmə, lazer destruksiya, elektrokoaqulyasiya, plazma koaqulyasiyası, solkodermlə kimyəvi destruksiyaya üstünlük verilir. Vulvanın hemangioması cərrahi, elektrokoaqulyasiya, krioterapiya, skleroterapiya yolu ilə müalicə olunur.

Vulvanın xoşxassəli törəmələrinin proqnozu

Vulvanın xoşxassəli törəmələri nadir hallarda maliqnizasiyaya uğrayır. Törəmələr xaric edildikdən sonra çox zaman onların residivləri müşahidə olunur. Vulvanın papillomasının götürülməsindən sonra virusəleyhinə terapiya təyin edilir. Əməliyyat prosesi və postoperasion dövr qanaxmalar, sidik kisəsinin travmaları, hematomaların yaranması ilə ağırlaşa bilər.

error: Content is protected !!