Xalların lazerlə götürülməsi

Xalların lazerlə götürülməsi – dərinin piqment törəmələrinin ablasion lazerlə aradan qaldırılmasıdır. Bu üsulla xal (nevus) qansız, təmassız, steril (lazerin mikrobəleyhinə təsiri hesabına), az travmatik yolla (lazerin kiçik diametri sayəsində) yox edilir. 

Lazer üsulu elektrokoaqulyasiya və kriodestruksiya ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Xalları lazerlə götürərkən dəridəki xırda damarlar dərhal koaqulyasiya olunur, nəticədə qanaxma və eləcə də bədxassələşmə hallarında nevusun hematogen yolla metastazlaşma ehtimalı sıfıra endirilir.

Lazer bakterisid təsirə malik olub, dəridə regenerasiya proseslərini stimullaşdırır. Bu isə sağalma müddətini tezləşdirir, nəticənin estetikliyini yüksəldir. Lazerdən sonra dəridə iz qalmır. Prosedur demək olar ki, ağrısız gedir. Yerli anesteziyanın tətbiqi prosesin maksimal komfort şəraitdə keçməsini təmin edir.  

Xalı yox etməzdən əvvəl dermatoloq vizual baxış keçirir, onun rəngini və ölçüsünü dəyişməsi ilə maraqlanır. Sonra dermatoskopiya aparılır, yəni xala böyüdücü dermatoskopla baxılır. Onun sayəsində nevusun xarici strukturu: simmetrikliyi, kənarlarının vəziyyəti, rənginin həmcinsliyi, ölçüləri, dərinliyi və s. qiymətləndirilir.  

Xalların lazerlə götürülməsi onların yenidən yaranmasına yol vermir. Prosedurun qiyməti xalların say və ölçüsündən asılıdır.  

Xalların lazerlə götürülməsinə göstərişlər və əks-göstərişlər

Xalların lazerlə götürülməsi 2 məqsəd daşıyır: kosmetik defektdən qurtulmaq və nevusun dəri xərçənginə çevrilməsinin qarşısını almaq. Üz, boyun, dekolte, çiyin nahiyəsində olan və günəş şüalarının təsirinə tez-tez məruz qalan xallar lazerlə təmizlənməlidir. Bundan əlavə gigiyenik prosedurlar və təraş zamanı, həmçinin geyinib-soyunarkən asanlıqla zədələnən xallardan da azad olmaq məsləhətdir. Belə ki, sadalanan faktorlar xalın bədxassələşmə riskini artırırlar. Eləcə də tez böyüyən xallar yox edilməlidir.  

Həkimlər saçın tüklü hissəsində, qoltuq altında, qasıq nahiyəsində, ovuc və pəncədə olan xalları aradan qaldırmağı tövsiyə edirlər. Əgər dəri xərçənginə irsi meyllik varsa, bütün şübhəli xallar aradan qaldırılmalıdır.

Dərinin ümumi və ya lokal iltihabi prosesləri, kəskin infeksiyalar, somatik xəstəliklərin kəskinləşməsi, herpesin aktiv forması, hamiləlik və laktasiya dövrü lazer üsuluna əks-göstəriş sayılır.  

Xalların lazerlə götürülməsi proseduru

Prosedura başlamazdan əvvəl dəri dezinfeksiya edilir, sonra yerli aplikasion və yaxud infiltrasion anesteziya aparılır. Ardınca lazer şüası xala tərəf yönəldilir, bu halda sağlam toxumalar qətiyyən zədə almır. Lazerin təsirinin dəqiqliyi hətta göz qapaqlarındakı ən xırda xalları götürməyə imkan verir. Prosedurun sonunda yara səthi antiseptiklə işlənilir.

Adətən lazer üsulu birmərhələli olub, 1 neçə saniyə davam edir. 

Xalların lazerlə götürülməsindən sonra dəriyə qulluq

Lazerlə xalı təmizlədikdən dərhal sonra yerində qabıq formalaşır. Onun altında toxumaların regenerasiyası gedir. Qabıq 7-10 gündən sonra qopub düşür. Bu müddət ərzində dəriyə düzgün qulluq edilməlidir. Qabıq olan hissəni yaş etmək, qaşımaq, qopartmaq, ora kosmetik vasitə (losyon, krem, dekorativ kosmetika) sürtmək olmaz.  

Qabıq qopduqdan sonra onun altında açıq-çəhrayı rəngli cavan dəri əmələ gəlir. Hiperpiqmentasiyaya yol verməmək üçün bu zonanı günəş şüalarından qorumaq lazımdır, əks halda dəridə ləkə yarana bilər. Qabığı məcburən qopartdıqda çapıq formalaşır. Ümumiyyətlə, dəriyə düzgün qulluq edildikdə xalın yerində heç bir iz qalmır. Dəri örtüyünün tam yetişməsi üçün orta hesabla 2-4 ay tələb olunur.  

Xalların lazerlə, maye azotla, elektrokoaqulyasiya ilə götürülməsi yalnız təcrübəli dermatoloq tərəfindən edilməlidir. Ev şəraitində xalları kimyəvi maddələrlə yandırmaq, sapla dartmaq qəti qadağandır. Belə vəziyyətlər nevusun zədələnməsi, qanaxma, infeksiyalaşma və bədxassələşmə ilə sonlana bilər. Bu cür hallarla qarşılaşmamaq üçün probleminizi peşəkarlara həvalə edin. 

error: Content is protected !!