Xallar
Xal (nevus) – dərinin anadangəlmə və ya qazanılmış xarakterli xoşxassəli piqment törəməsidir. Xallar forma, ölçü və rənginə fərqlənir: ləkə şəklində yastı və ya qabarıq, nöqtəvi və ya iri ölçülü, açıq dəri rəngindən tutmuş tünd-qəhvəyi rəngə qədər. Əlverişsiz xarici amillərin təsirindən (travma, ultrabənövşəyi şüalar və s.) xallar bədxassəli törəmə – melanomaya keçə bilər.
Xalların yaranma səbəbləri
Anadangəlmə nevuslar
Xalların yaranma səbəbləri 2 qrupa ayrılır: anadangəlmə və qazanılmış. Anadangəlmə nevus embrional inkişaf qüsurudur. Onun əsasında melanoblastların (melanositlərin sələfləri) neyroektodermal borucuqdan dəriyə miqrasiya prosesinin pozulması dayanır. Bu piqment hüceyrələrinin dəridə toplanması xalların (nevus) yaranmasına gətirib çıxarır.
Ölçüsündən asılı olaraq xallar xırda (d – 0,5- 1,5 sm), orta (d – 1,5-10 sm) və iri (d> 10 sm). Müəyyən bir anatomik nahiyəni (məsələn, sağrı) əhatə edən nevuslar nəhəng adlanır.
Xırda xallar bədxassəli şişə transformasiya baxımından təhlükəsiz hesab olunur, orta, iri, xüsusən nəhəng nevuslar isə maliqnizasiyaya daha çox uğrayır. Nəhəng nevusların bədxassəli şişə keçmə ehtimalı 10-50% təşkil edir. İri xallara sahib olan insanlar dermatoloq və onkoloqun müşahidəsi altında olmalıdır. Bu tip nevusların ultrabənövşəyi şüalanmadan qorunması, bəzi hallarda isə profilaktik məqsədlə kəsilib götürülməsi məsləhətdir.
Qazanılmış nevuslar
Həyat boyu xalların sayı daima dəyişir. Onlar yeni nahiyələrdə yarana, kontur, rəng və relyeflərini dəyişə bilər. Bu səbəbdən xallara daima nəzarət etmək, şübhəli əlamət olduqda dərhal həkimə müraciət etmək lazımdır.
Xalların yaranması həm də genetik xarakterlidir: valideyndə olan xalların uşağa ötürülmə ehtimalı yüksəkdir.
Xalların sayının artması hormonal dəyişikliklərlə (pubertat və hamiləlik dövründə) bağlıdır. Dəri infeksiyaları (sızanaqlar, qıcıqlanma, səpki və s.) epidermisin iltihabi dəyişikliklərinə səbəb olmaqla yeni xalların yaranmasına səbəb olur. Lakin xalların böyüməsi və sayının artmasının ən güclü katalizatoru dərinin izafi insolyasiyasıdır. Bununla əlaqədar çoxsaylı xallara malik olan insanlar solyaridən imtina etməli, günəş şüalarının birbaşa təsirindən qorunmalıdır.
Yenidoğulmuşlarda nevuslara rast gəlinmir. Xallar südəmər uşaqların 4-10%-i, 15-16 yaşlı gənclərin 90%-də müşahidə edilir. Yaş artdıqca xalların sayı azalır. Belə ki, 20-25 yaşda bədəndəki nevusların ümumi sayı orta hesabla 40 olur, 80-85 yaşlı şəxslərin əksəriyyətində heç bir nevus izlənilmir. Yetkin insanlarda 15-20 nevus qeydə alınır.
Lokalizasiyasından asılı olaraq, xallar 3 qrupa bölünür: intradermal (melanositlər derma qatında toplanır), epidermal (melanosit yığını dərinin üst qatı-epidermisdə yerləşir) və qarışıq və yaxud keçid (melanositlər epidermislə dermanın sərhəddində yığılır).
Qazanılmış intradermal və epidermal xallar noxuda bənzəyir. Qarışıq nevus əksər hallarda dəri ilə eyni səviyyədə olan yastı, qəhvəyi rəngli ləkə şəklində olur.
Xalların diaqnostikası
Bəsxassəli xalların erkən diaqnostikası və xoşxassəli nevusdan differensiasiyası həyati əhəmiyət daşıyır. Vaxtında qoyulmuş diaqnoz, melanomanın inkişaf mərhələsinin düzgün təyini uğurlu müalicəyə zəmanət verir.
Sorğu zamanı xalın yaranma vaxtı (anadangəlmə və ya qazanılmış olması), onun ölçü, forma və rənginin dəyişməsi aydınlaşdırılır. Dəyişikliklər baş verdikdə onun hansı səbəbdən törəndiyi (travma, yanıq, qaşıma və s.), eləcə də müalicənin aparılma üsulu dəqiqləşdirilir. Baxış prosesində xalın ölçü, forma və rəngi müəyyən edilir.
Xoş və bədxassəli törəmələri differensiasiya etmək üçün vizual müayinədən əlavə daha dəqiq üsulların aparılması tələb olunur. Yadda saxlamaq lazımdır ki, histoloji müayinə üçün biopsiya (nevusun hissəvi kəsilməsi) qəti qadağandır.
Sübut olunmuşdur ki, istənilən travma (mexaniki, kimyəvi, radiasion) nevusların bəzi növlərinin (xüsusən keçid) bədxassəli formaya transformasiyasına səbəb ola bilər. Bununla əlaqədar biopsiya, həmçinin kosmetik müalicənin bir sıra üsulları – elektrokoaqulyasiya, krioterapiya (kriodestruksiya), xalların kimyəvi maddələrin köməyilə aradan qaldırılması bədxassəli şişin yaranma ehtimalını artırır.
Histoloji müayinə üçün material törəmənin səthindən (əgər üzərində çat və qan olarsa) yaxmanın götürülməsi ilə əldə edilir. Toxumanın mikroskop altında müayinəsinin nəticəsi bir gündən sonra hazır olur.
Belə müayinələr yalnız ixtisaslaşdırılmış onkoloji müəssisələrdə aparılmalıdır. Analizin cavabı hazır olduqdan dərhal sonra yerli anesteziya altında törəmə tamamən kəsilib götürülür (nevusun sərhəddindən 3-5mm kənara çıxmaqla) və təkrar histoloji müayinəyə göndərilir.
Nevusun yeni diaqnostik üsulu – epilüminissent mikroskopiya optik cihazın (dermatoskop) köməyilə bədən səthinin süni işıqlandırılması ilə icra edilir. Epilüminissensiya effekti yaratmaq üçün piqment törəməsinin üzərinə bir neçə damcı bitki yağı çəkilir (müayinə obyekti ilə dermatoskop arasında yağlı mühit yaradılır), sonra optik cihaz müayinə sahəsinə yaxınlaşdırılır. Epilüminissent mikroskopiya nevusu zədələmədən onun quruluşunu təyin edən ən dəqiq üsuldur.
Kompüter diaqnostikası üsulu da qabaqcıl müayinə üsullarına aiddir. Rəqəmli videokameranın köməyilə piqment törəməsinin şəkli fiksə olunur və kompüterin yaddaşında saxlanılır. Xüsusi kompüter proqramı bu məlumatları işləyərək, baza göstəriciləri ilə müqayisə edir və dəqiq rəy verir.
Kompüter diaqnostikası və epilüminissent mikroskopiyanın yeganə çatışmazlığı qiymətinin baha olmasıdır, bu da onların geniş tətbiqinə mane olur.
Xalların aradan qaldırılması
Melanoma təhlükəli nevuslarda kosmetik prosedurların aparılması qadağandır. Onlar mütləq cərrahi üsulla kəsilib götürülməlidir.
Xalların cərrahi yolla kəsilməsi 2 halda aparılır: törəmə estetik cəhətdən pasiyentə diskomfort törətdikdə və onkoloji göstəriş olduqda. Xalların aradan qaldırılma üsulu göstərişlərin kateqoriyasından asılıdır.
Kosmetik göstərişlər
Kosmetik problem cərrahi üsul, maye azot (kriodestruksiya), yüksək tezlikli elektrik cərəyanı (elektrokoaqulyasiya), lazer və ya radiocərrahiyyə üsulu ilə həll oluna bilər.
Cərrahi üsul ənənəvi olub, xüsusən dərin və ya geniş sahəni əhatə edən nevuslarda tətbiq edilir. Onun çatışmazlığı əməliyyatdan sonra kəskin nəzərə çarpan izin qalmasıdır, belə ki, xallar ətraf toxuma ilə birgə kəsilir. Onkoloji tələblərə görə kəsilən səthin diametri nevusun lokalizasiyasından asılı olaraq, 3-5 sm təşkil edir.
Kriodestruksiya – toxumanın soyuqla dağıdılma üsuludur (aşağı temperaturlu maye azotla). Xal büzüşür, yaranı infeksiyadan qoruyan qartmaq əmələ gəlir. Onun altında tədricən sağlam toxuma inkişaf edir. Kriodestruksiyadan dəri ilə eyni səviyyədə olan nevusların aradan qaldırılmasında istifadə edilir. Bəzən azotun təsiri sağlam toxumalara da yayılır və ya xalı tam dağıtmır. Axırıncı halda seansı təkrarlanması tələb olunur.
Elektrokoaqulyasiya üsulu yüksək tezlikli cərəyanın nevusun ətrafındakı toxumaya təsirinə əsaslanır. Elektrokoaqulyasiyadan sonra xal histoloji analizə göndərilməlidir. Yara səthi qartmaq altında sağalır, zəif ifadəli çapıq formalaşır.
Dəri törəmələrinin lazer şüaları ilə aradan qaldırılması hazırda ən effektiv üsul hesab olunur. O, əsasən üz nahiyəsi və bədənin açıq hissələrində yerləşən xallara qarşı tətbiq edilir. Lazerin üstünlüklərinə kiçik diametrli təsir və ətraf toxumaların saxlanılması aiddir. Əməliyyatdan sonra əmələ gələn kiçik ölçülü qartmaq yaranı infeksiyadan və çapığın yaranmasından qoruyur. Xırda xalların aradan qaldırılmasından sonra heş bir iz qalmır, geniş sahəli zədələnmələrdə isə bəzən depiqmentasiya nahiyəsi müşahidə edilir.
Radiocərrahiyyə – toxumaların xüsusi aparat – surgitron (radiobıçaq) vasitəsilə kontaktsız kəsilmə üsuludur. Kosmetologiyada xoş və bədxassəli törəmələrlə mübarizədə geniş tətbiq edilir. Radiocərrahiyyə qan dayandırıcı və dezinfeksiyaedici təsirlərə malikdir, əməliyyatdan sonra çapıqlar yaranmır.
Onkoloji göstərişlər
Nevusların maliqnizasiyasına şübhə yarandıqda törəmə tamamən kəsilir və histoloji müayinəyə göndərilir.
Melanomanın profilaktikası
Son illərdə xüsusən cavan qadınlar arasında melanomaların sayının intensiv şəkildə artması müşahidə edilir. Kişilərdə melanoma adətən kürək nahiyəsi, qadınlarda isə aşağı ətraflarda lokalizasiya olunur. Şiş hüceyrələri dərinin bütün qatlarına infiltrasiya edərək, qan və limfa ilə bütün orqanizmə yayılır, nəticədə ağciyər, qaraciyər, baş beyində metastazlar yaranır. Melanoma zamanı letallıq 50%-ə çatır. Aşağıdakı məsləhətlərə əməl etməklə melanomanın qarşısını almaq mümkündür:
- Günəş şüalarının daha aktiv olduğu radələrdə (11.00-17.00) açıq havada gəzməmək. Yayda hətta buludlu havada ultrabənövşəyi şüaların 85%-i dəriyə daxil olur.
- Nəzərə almaq lazımdır ki, dəri tərəfindən udulan ultrabənövşəyi şüalar qum, su, hətta qardan əks olunaraq, ikiqat artır.
- Günəşdən müdafiə vasitələri (krem, losyon, sprey) dərini yanıqlardan effektiv şəkildə qoruyur, lakin melanomaların profilaktikasına zəmanət vermir.
- Solyaridə qaralma dəri xərçənginin yaranma ehtimalını yüksəldir, yaşı 28-dən az olan qadınlarda bu təhlükə daha aktualdır.
- Bədəndə olan xallar müşahidə altına alınmalıdır. Onların vəziyyəti və sayı dəyişildikdə təcili surətdə onkoloq və ya dermatoloqa müraciət edilməlidir.