Xaya hidropsu-(hidrosele)
Xaya hidropsu (hidrosele) – xayanın daxili qişasının parietal və visseral səhifələri arasında seroz mayenin toplanmasıdır; bu, xayanın patologiya olan hissəsinin böyüməsinə gətirib çıxarır. Toplanan mayenin həcmi 20-200 ml arasında dəyişir və çox nadir hallarda 1-3l-ə qədər arta bilər. Xəstəlikdən həm uşaqlar, həm də böyüklər əziyyət çəkirlər. Uşaqlarda, adətən, anadangəlmə, böyüklərdə isə qazanılma xaya hidropsu diaqnostika olunur. Xaya hidropsuna vizual müayinə, diafonoskopiya və USM-in nəticələrinə əsasən diaqnoz qoyulur. Əsas müalicə metodu cərrahi müdaxilədir.
Xaya hidropsunun yaranma səbəbləri
Anadangəlmə xaya hidropsu
Əlaqəli anadangəlmə xaya hidropsu. Bətndaxili dövrdə xayalar qasıq kanalı ilə xayalığa düşürlər. Onlarla bigər xayalığa periton (peritonun vaginal çıxıntısı) da düşür. Xaya düşdükdən sonra peritonla peritonun vaginal çıxıntısı arasındakı mənfəz bağlanır. Əgər bu baş verməzsə, periton boşluğunda sintez olunan maye xayalığa daxil olur və orada toplanır. Belə olan halda yaranan anadangəlmə xaya hidropsu əlaqəli xaya hidropsu adlanır.
Əlaqəsiz xaya hidropsu. Peritonun vaginal çıxıntısı visseral səhifəsinin hüceyrələri maye ifraz etmə qabiliyyətinə malikdir. Əgər periton və onun vaginal çıxıntısı arasında mənfəz bağlanıbsa, vaginal çıxıntının hüceyrələri isə tərəfindən ifraz olunan maye isə toplanırsa, belə xaya hidropsu əlaqəsiz anadangəlmə xaya hidropsu adlanır.
Periton və vaginal çıxıntısı arasındakı mənfəz yenidoğulmuşların 80%-dən çoxunda açıq olur. Uşaqların əksəriyyətində bu mənfəz 1,5-ə ilə qədər bağlanır. Uralogiyanın müasir qanunlarına əsasən 18 ayına qədər oğlan uşaqlarında xaya hidropsunun müalicəsi aparılmır. Bu, xaya qişasının hidropsunun periton çıxıntısı mənfəzinin bağlanmasından və mayenin sorulmasından sonra öz-özünə itməsi ilə əlaqəlidir.
Qazanılmış xaya hidropsu
Qazanılmış xaya hidropsu xayanın öz qişasından ifraz olunan mayenin əmələ gəlməsi və absorbsiyası arasında balansın pozulması zamanı inkişaf edir. Disbalansın yaranmasına xayalıq orqanlarının travmaları, şişləri və iltihabi xəstəlikləri, həmçinin xayalığın limfa axınının pozulması gətirib çıxarır.
Xaya hidropsunun simptomları
Kəskin xaya hidropsu xayalığın böyüməsi və kəskin ağrılı olması ilə meydana çıxır. Hipertermiya mümkündür.
Xroniki xaya hidropsu xaya və xaya artımında xroniki iltihab nəticəsində yarana və ya həmin üzvlərin kəskin prosesinin sonlanması ola bilər. Xroniki xaya hidropsu zamanı xəstəni xayalıqda ağırlıq hissi narahat edir. Xayalığın zədələnmiş hissəsinin ölçüsü böyüyür. Anadangəlmə xaya hidopsu zamanı xayalıq gün ərzində böyüyür, yuxudan sonra isə kiçilir. Qazanılmış xaya hidropsu zamanı xayalığın ölçüləri gün ərzində dəyişmir.
Xroniki xaya hidropsu uzun müddət ağrısız və sidiyəgetmənin pozulması olmadan gedir. Maye, adətən, tədricən toplanır; lakin sıçrayışla toplanma da mümkündür. Xayalıqların ölçüləri, bir qayda olaraq, azacıq böyüyür. Bəzən xeyli böyüməsi (futbol topu ölçüsünədək) də mümkündür. Güclü xaya hidropsu cinsi aktı və sidiyəgetməni çətinləşdirə, xayalığın hipotrofiyasına və spermatogenezin pozulmasına gətirib çıxara bilər.
Palpator olaraq armud formalı, əsası ilə aşağıya baxan, elastik, bərk, fluktuasiya edən törəmə aşkar olunur. Adətən, törəmənin yuxarı hissəsi qasıq kanalı ilə sərhədlənir, lakin bəzən maye qasıq kanalına keçir. Bu zamanı şişkinlik qum saatı formasını alır. Palpasiya ağrısız, xayalığın dərisi dəyişilməmişdir, asanlıqla büküş əmələ gətirmək olur. Güclü hidropsda xayanın palpasiyası çətinləşir və ya mümkün olmur. Mayenin miqdarı az olduqda xaya şişkinliyin aşağı hissəsində palpasiya olunur.
Xayalıqların diafonoskopiyasında həcmli törəmə tamamilə işıqlanır. Mənfi işıqlanma simptomu xaya şişi, piosele, hematosele və ya xaya qişasının xeyli qalınlaşmasından xəbər verir. Hematoselenin səbəbi travma, hemorragik diatez və ya hidroselenin uğursuz punksiyasıdır. İrinin toplanması (piosele) irinli epididimitin və ya orxitin ağırlaşmasıdır.
Xaya hidropsunun diaqnostikası
Diaqnoz uroloqun fiziki müayinəsi, diafanoskopiya və ultrasəs müayinəsinin nəticələrinə əsaslanır. USM zamanı mayenin həcmi müəyyənləşdirilir, xaya və xaya artımlarının vəziyyəti qiymətləndirilir.
Xaya hidropsunun differensial diaqnostikası
Xaya hidropsunun varikosele, qasıq və ya qasıq-xayalıq yırtıqları, epididimoorxit, xaya şişləri, toxum kanalının kistalarından və şişlərindən differensasiya etmək mütləqdir. Boğulmamış qasıq yırtıqlarını xaya hidropsundan fərqli olaraq qarın boşluğuna qaytarmaq olur. Xaya şişləri zamanı fluktuasiya etməyən, bərk, tez-tez kələ-kötür törəmə aşkar olunur. Diafanoskopiyada işıqlanma simptomu mənfidir. Xaya hidropsunun differensial diaqnostikasında daha informativ metod xayanın USM-idir.
Xaya hidropsunun müalicəsi
Qazanılmış xaya hidropsunun müalicəsi əsas xəstəliyin müalicəsindən ibarətdir. Pasientə sakitlik tövsiyə olunur və suspenzoriya (xayalığı sallanmadan qoruyan asqı) geyinmək təyin olunur. Hidrosele boşluğu punksiya olunur, maye çıxarılır və sklerozlaşdırıcı preparatlar yeridilir. Xəstəlik tez-tez residivləşdiyindən onun əsas müalicə metodu cərrahi müdaxilədir. Cərrahi müalicənin bir neçə metodu (Vinkelman, Lord, Berqman və Ross üsulu ilə hidroselenin cərrahi müalicəsi) mövcuddur. Anadangəlmə xaya hidropsunun cərrahi müalicəsi 1-1,5 yaşlı uşaqlara göstəriş deyil.