Xayalığın absesi

Xayalığın absesi – xayalıq toxumasında kapsullu irinli ocaqdır. Birincili və ya ikincili, səthi və ya xayalıqdaxili ola bilər. Patologiyaya nadir rast gəlinir. Xəstəlik infeksiyalaşmış ateroma, cərrahi müdaxilə və travmatik zədələnmə zamanı inkişaf edir və ya xaya və xaya artımlarının bakterial infeksiyalarının ağırlaşmasıdır. Xayalığın absesinin simptomları zədə nahiyəsində intensiv ağrılar, ödem, hiperemiya və lokal hipertermiyadır. Bədən temperaturunun febril göstəricilərədək yüksəlməsi, zəiflik, əzginlik, baş ağrıları, oynaq və əzələ ağrıları müşahidə olunur. Müalicəsi cərrahidir; antibakterial terapiya fonunda absesin yarılmasını və drenajını tələb edir.

Xayalığın absesi barədə ümumi məlumat

Xayalığın absesi nadir patoloji vəziyyətdir. Patologiyanın tezliyi məlum deyil, ədəbiyyatda xəstəliyin yayılmasını göstərməyən tək-tük klinik hallar qeyd olunur. Xəstəlik birincili yarana və ya başqa patoloji proseslər fonunda inkişaf edə bilər. Xayalığın absesi, adətən, kəskin, irinli epididimoorxitin ağırlaşması kimi diaqnostika olunur. İrinli ocağın kifayət qədər səthi yerləşməsinə baxmayaraq, xəstəliyin diaqnostikası güclü ödemli-infiltrativ proses və xayalığın güclü innervasiya olunan yumşaq toxumasının, aralıq və cinsi üzvün diffuz ağrıları səbəbindən çətinlik törədir. Xayalığın absesinin müalicəsi irin cərrahiyyəsinin ümumi prinsiplərinə əsasən həyata keçirilir. Müalicə androloq və uroloq tərəfindən aparılır.

Xayalığın absesinin səbəbləri və təsnifatı

Lokalizasiyasına görə xayalığın abseslərinin səthi (orqanın dərisində və səthi qatlarında yerləşir), daxili və ya xayalıqdaxili (xayadaxili və vagina daxili) formaları var. İnkişaf səbəbindən asılı olaraq birincili və ikincili (başqa patoloji prosesin ağırlaşması) zədələnmələrə ayrılır. Səthi irnli ocaqlar da birincili və ikincili ola bilər. Xayalığın daxili absesi, adətən, ikincili xarakter daşıyır və xayalığın daxili orqanlarının, nadir hallarda başqa anatomik nahiyələrin infeksiyasının yayılması nəticəsində əmələ gəlir. İrinli prosesin törədiciləri bir çox hallarda hemolitik stafillokoklar, qızılı stafillokoklar və ya mikrob assosiasiyalarıdır. Nadir hallarda xayalığın salmonella, brusella, solğun teraponema, kandida və anaerob mikroorqanizmlər tərəfindən törədilən absesləri diaqnostika olunur.

Xayalığın absesinin inkişafına səbəb olan yerli faktorlara epidermisin qalınlığının az olması, orqanın dərisinin nəmliyinin yüksəlməsi, kövşək dərialtı toxuma, tər və piy vəzilərinin miqdarının çoxluğu aiddir. Uretraya və orqanın arxa nahiyəsinin dərisinə yaxın yerləşdiyindən xayalığa abses törədən, yüksək virulent mikroorqanizmlərin böyük miqdarı düşür. Orqanın qan və limfa təchizatının xüsusiyyətləri maye axınının  ləngiməsi, tromboflebit və limfostaz fonunda güclü ödemin inkişafı üçün əlverişli şərait yaradır. Xayalığın absesinin yaranma ehtimalını yüksəldən ümumi zəmin yaradıcı faktorlar sosial cəhətdən arzu olunmaz pasientlərin şəxsi gigiyena qaydalarına riayət etməməsi, həmçinin xroniki somatik xəstəliklər, piylənmə, şəkərli diabet, bədxassəli  yeni törəmələr, QİÇS, narkomaniya və alkolizmdir.

Böyüklərdə xayalığın absesinin birbaşa səbəbi daha çox xaya və xaya artımlarının irinli iltihabıdır. Nadir hallarda bu patologiyanın meydana çıxmasına piodermiya (irinlikli zədələnmələr, furunkullar, karbunkullar), irinli ateroma, açıq travmalar (deşilmiş və kəsilmiş yaralar, odlu silahların yaraları) və postoperativ yaraların infeksiyalaşması səbəb olur. Böyüklərdə xayalığın absesinin Kron xəstəliyi, parakolit və kəskin destruktiv pankreatit zamanı infeksiyanın retroperitoneal nahiyədən və kiçik çanaqdan yayılması nəticəsində inkişaf etməsinə dair klinik hallar qeyd olunub. Kiçik yaşlı uşaqlarda xayalığın absesinin yaranma səbəbi infeksion prosesin daxili orqanlardan peritonun yoluxmamış vaginal çıxıntısı vasitəsilə xayalığa yayılması olur.

Xayalığın absesinin simptomları və diaqnostikası

Xayalığın absesi üçün xəstəliyin sürətli inkişafı xarakterikdir. Pasientdə xayalıq nahiyəsində ağrı, ödem əmələ gəlir. Sonrakı bir neçə gündə ağrı sindromunun kəskin güclənməsi və ödemin proqressivləşməsi qeyd olunur. Xayalığın dərisi qızarır, lokal temperatur yüksəlir. Xayalığın absesinin yerli simptomları irinli prosesin ümumi təzahürləri ilə kombinasiya olunur. Pasient zəiflik, əzginlik, əzələ-oynaq və baş ağrılarından şikayətlənir. Bədən temperaturu 38-39oC-yə qədər qalxır.

Bəzi hallarda kəskin proqressivləşən simptomatika və güclü iltihabi reaksiyalarla gedən xayalığın absesinin septik variantı müşahidə olunur. Patologiya göbələklər, solğun treponemalar və vərəm mikobakteriyaları ilə infeksiyalaşdıqda mülayim ağrı sindromu və subfebril göstəricilərədək yüksəlmiş temperaturla silinmiş gedişi müşahidə oluna bilər. Müalicə olunmadıqda xayalığın absesinin yarılması və sonra infeksiyanın yayılması mümkündür. Bəzən xayalığın dərisində qan dövranı pozulduğundan qanama baş verir, nəticədə zədələnmiş toxumalarda səthi infeksiya ocaqları yaranır.

Diaqnoz qoyulması məqsədilə anamnez, xarici inspeksiya, laborator analizlər və instrumental müayinələrin nəticələrindən istifadə olunur. Xayalığın absesi olan xəstənin inspeksiyası zamanı zədə nahiyəsində güclü ödem, lokal hiperemiya və hipertermiya aşkar olunur. Palpasiya zamanı xayalıq kəskin ağrılı olur. Qan analizində EÇS-nin yüksəlməsi və sola meyilli leykositoz təyin olunur. Absesin lokalizasiyasını və mərhələsini dəqiqləşdirmək məqsədilə xayalığın USM-i təyin olunur. İltihabi prosesin kiçik çanaq, qarın boşluğu və ya retroperitonial boşluqdan yayılmasına şübhə olduqda KT və MRT həyata keçirilir.  Bu, bir neçə anatomik boşluqların vəziyyətini qiymətləndirməyə, birincili ocağın lokalizasiyasını və infeksiyanın yayılma yollarını dəqiqləşdirməyə imkan verir.

Xayalığın absesinin müalicəsi və proqnozu

Pasientlər dərhal androloji və ya uroloji şöbədə hospitalizasiya olunur. Erkən mərhələlərdə antibakterial və iltihabəleyhinə preparatlar təyin olunur. İrinlik “yetişdikdən” sonra açılır və xayaların absesi drenaj olunur. Xaya nahiyəsində ağır destruktiv proseslər olduqda orxiektomiya aparılır. İrinli proses başqa anatomik nahiyələrdən yayıldıqda cərrahi müdaxilənin həcmi genişləndirilir. Sonda sarğı qoyulur, mikrofloranın həssaslığına müvafiq antibakterial terapiya ilə korreksiya olunur.

Xayalığın absesi zamanı həyat üçün proqnoz, adətən, kafi olur. Xəstəliyin uzun müddət davam edən gedişində aralıq və pararektal nahiyədə fistullar və şişkinlik formalaşır. Xayalığın absesinin nadir, lakin təhlükəli ağırlaşması Furne qanqrenası – xayalıq toxumasının ildırımsürətli nekrozudur. Bu ağırlaşma zamanı letal sonlanma ehtimalı müxtəlif mənbələrdə 50-80% arasında dəyişir. Xayalığın absesindən sonra uzaq dövrdə androgen çatışmazlığı və ya kişi sonsuzluğunun inkişafı ilə yanaşı xayaların, xaya artımlarının və toxumçıxarıcı axarların funksiyalarının pozulması müşahidə olunur.

error: Content is protected !!