Xoralı proktit
Xoralı proktit – düz bağırsağın ağır formalı iltihabı olub, orqanın selikli qişasında xoraların yaranması ilə xarakterizə edilir. Xoralar sağaldıqdan sonra onların yerində formalaşan çapıqlar bir sıra hallarda düz bağırsağın stenozuna səbəb olur. Patologiya hipertermiya, ümumi vəziyyətin pozulması, tenezmlər, ağrı, qaşınma, göynəmə, nəcisdə qan, selik və irin qarışıqları ilə təzahür edir. Diaqnoz klinik əlamətlər, anal nahiyəyə baxış, rektal müayinə, biopsiya və digər üsulların nəticələri əsasında qoyulur. Müalicə konservativ yolla aparılır. Xəstələrə pəhriz, ümumi və yerli medikamentoz terapiya, imalələr, oturaq vannalar təyin olunur.
Xoralı proktit barədə ümumi məlumat
Xoralı proktit – kəskin proktitin bir formasıdır. Patologiya infeksiya, parazitar xəstəliklər, travmalar və digər səbəblərdən inkişaf edərək, orqanın selikli qişasında dərin defektlərin formalaşması ilə müşayiət olunur. Xəstəliyin eroziv formasından fərqli olaraq, xoralı proktit düz bağırsağın çapıqlaşmasına səbəb olur. Bu da əksər hallarda düz bağırsağın daralması ilə nəticələnir.
Xoralı proktitin yaranma səbəbləri
Xoralı proktit polietioloji xəstəlikdir. Onun yaranması qidalanma rejiminin pozulması, düz bağırsağın mexaniki travmaları, selikli qişanın qıcıqlandırıcı maddələrlə təması, parazitlər və infeksion agentlərin təsiri, şüa terapiyası, anus və həzm sisteminin yuxarı şöbələrinin xəstəlikləri ilə bağlıdır. Xoralı proktitin inkişafına səbəb olan amillər sırasında immun dəyişikliklər, soyuqlama, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri qeyd edilir.
Patologiya kəskin proktitin ağır forması sayılır. O adətən yüksək intensivliyə malik zədələyici amillərin və ya yuxarıda sadalanan faktorların bir neçəsinin müştərək formada təsirindən formalaşır.
Bağırsağın xoralı zədələnməsi həmçinin kiçik çanaq orqanlarının bədxassəli şişlərinin izafi şüalandırılması nəticəsində inkişaf edə bilir. Ağır formalı xoralı kolitər adətən uşaqlıq boynu və cisminin xərçəngindən əziyyət çəkən xəstələrdə aşkarlanır. Kiçik çanağın digər orqanlarının onkoloji patologiyalarında selikli qişada xoralara az rast gəlinir.
Xoralı kolit bağırsaq divarını qıcıqlandıran və zədələyən maddələrlə, o cümlədən kalium-xlorid, bor turşusu, yod, xörək duzunun hipertonik məhlulu ilə imalələrdən sonra yarana bilir. Həddindən artıq isti və ya soyuq məhlulların istifadəsi selikli qişanın zədələnmə ehtimalını daha da yüksəldir.
Bəzən xoralı kolit mexaniki travmadan (anal cinsi əlaqə, anus nahiyəsinə kobud əşyaların yeridilməsi, selikli qişanın təsadüfən udulmuş yad cisimlərlə zədələnməsi), eləcə də anal çat, babasil və paraproktit səbəbindən aparılan əməliyyatlardan sonra əmələ gəlir. Bir sıra hallarda xoralı kolit dizenteriya və ya parazitar infeksiyalar fonunda müşahidə edilir. Bağırsaq divarına nüfuz edən tükbaş qurdlar bu baxımdan ən təhlükəli hesab olunur.
Xoralı kolit bəzi spesifik infeksiyalar, məsələn, düz bağırsağın sifilis mənşəli zədələnmələrində aşkar oluna bilər.
Qidalanma rejiminin pozulması nəticəsində formalaşan xoralı kolit alimentar forma kimi qeydə alınır. Belə hallara yağlı, duzlu, ədəvalı qidalardan, hisə verilmiş məhsullardan, spirtli içkilərdən həddindən artıq istifadə edən insanlarda təsadüf olunur. Xroniki qəbizlik durğun xoralı proktitin inkişafına səbəb olur. Bu zaman iltihabın yaranması yoğun bağırsağın aşağı hissələrinin bərk nəcis kütlələri tərəfindən daim zədələnməsi ilə bağlı olur.
Xoralı proktitin əlamətləri
Xoralı proktitin klinik simptomatikası xəstəliyin digər formalarına müvafiqdir. Patologiya üçün qəfil bağlanğıc – hipertermiya, halsızlıq, anus nahiyəsində ağrı, qaşınma və göynəmə hissi xarakterikdir. Proktit inkişaf etdikcə defekasiya aktları arasındakı zaman intervalı qısalır və nəcis durulaşır.
Bəzi pasiyentlərdə fasiləsiz çağırışlar fonunda duru qanlı nəcis və ya sadəcə qan və selik ifraz olunur. Xoralı kolitin fərqləndirici xüsusiyyətləri onun daha ağır gedişə malik olması və nəcis kütlələrinin tərkibində qanın çox miqdarda aşkarlanmasıdır. Qan adətən qırmızı rəngdə olub, formalaşmış nəcisin üzərində yerləşir və ya duru fekal kütlələrə qarışır.
Xoralı proktitin ağırlaşmaları
İri ölçülü dərin xoralar və nekroz sahələri ilə müşayiət olunan xoralı kolit bağırsaq divarının perforasiyasına səbəb ola bilir. Belə hallarda nəcis peritoniti inkişaf edir.
Xoralar sağaldıqda bağırsaq divarında çapıqlar əmələ gəlir. Onlar geniş sahəni əhatə etdikdə düz bağırsağın stenozu formalaşa bilir. Bu zaman bağırsaq möhtəviyyatının hərəkətini bərpa etmək üçün rekonstruktiv cərrahi müdaxilələrin aparılması tələb olunur.
Xoralı proktitin diaqnostikası
Diaqnoz klinik təzahürlər, anamnestik məlumatlar, anal nahiyəyə baxış, rektal müayinə, rektoromanoskopiya, biopsiya və nəcis analizinin nəticələri əsasında qoyulur. Sorğu zamanı xoralı proktitin inkişafına səbəb ola biləcək amillərə (şüa müalicəsi, düz bağırsağın travmaları, xroniki qəbizlik və s.), əlamətlərin yaranma müddətinə və xəstəliyin gediş xüsusiyyətlərinə diqqət yetirilir. Anus nahiyəsinə baxış keçirərkən erkən mərhələlərdə sfinkterin spazmı, sonralar isə həddindən artıq boşalması müəyyən edilir.
Xəstəliyin ilk günlərində perianal sahədə heç bir dəyişiklik aşkarlanmır. Bir müddətdən sonra sfinkterin boşalması ilə əlaqədar dəri nəcis, qan, irin və seliklə çirklənir, maserasiya inkişaf edir. Rektal müayinə düz bağırsaqda ödemin olmasını təsdiqləyir.
Xoralı proktitin ən informativ üsulu rektoromanoskopiyadır. Müayinə prosesində iltihabın ifadəliliyi və yayılması, xoraların say, dərinlik və ölçüləri vizual olaraq qiymətləndirilir. Endoskopik müayinə biopsiya tamamlanılır. Xoralı proktitin səbəbini aydınlaşdırmaq üçün koproqramma, nəcisin bakterioloji əkilməsi və qurd yumurtalarına görə analizi təyin edilir. Spesifik infeksiyadan (qonoreya, sifilis) şübhələndikdə pasiyent veneroloqun konsultasiyasına yönəldilir.
Xoralı kolitin müalicəsi
Müalicə stasionar şəraitdə aparılır. Xoralı kolitdən əziyyət çəkən pasiyent proktologiya şöbəsinə hospitalizasiya edilir. Yataq rejimi təyin olunur. Qida rasionunda bağırsaq divarının qıcıqlandıran məhsullar xaric edilir. Əvəzində qaynadılmış ət və balıq, bulyon, suda düyü və manna sıyığı, bürüyücü xüsusiyyətlərə malik kisel və dəmləmələr (bağayarpağı və ya kətan toxumalarından hazırlanmış) məsləhət görülür.
Pəhrizlə yanaşı etiotrop müalicə aparılır. Radiasion xoralı proktitdə şüa terapiyası dayandırılır. Bağırsaq infeksiyalarında antibakterial preparatlardan, helmintozlarda isə antihelmint vasitələrdən istifadə olunur.
Çobanyastığı dəmləməsi, balıq yağı, protarkol və ya kollarqol, çaytikanı yağı ilə imalələr tətbiq edilir. Ağrıkəsici, iltihabəleyhinə və regenerasiyaedici xüsusiyyətlərə malik yerli vasitələr: propolis və ya metilurasil tərkibli şamlar müsbət nəticələr verir. Xoralı proktitin müalicə prosesində selikli qişanın vəziyyətinə nəzarət etmək məqsədilə təkrarən endoskopik müayinələr təyin olunur. Kəskin dövrdə cərrahi əməliyyat yalnız bağırsağın perforasiyası zamanı göstəriş sayılır.
Uzaq dövrlərdə çapıq strikturaları yarandıqda müvafiq terapiya aparılır (fizioterapevtik prosedurlar, hormonların yeridilməsi, Geqar bujları ilə genişləndirilmə). Konservativ üsullar qeyri-effektiv olduqda çapıq toxuması kəsilib götürülür.
Xoralı proktitin proqnozu patoloji prosesin yayılmasından, xoraların say, ölçü və dərinliyindən asılıdır.