Xroniki böyrək çatışmazlığı

Xroniki böyrək çatışmazlığı (XBÇ)– böyrəklərin xroniki xəstəlikləri zamanı nefronların məhvilə əlaqədar böyrəklərin funksiyasının tədricən sönməsidir. Erkən dövrlərdə simptomsuz gediş xarakterikdir. Daha sonra ümumi vəziyyətdə və sidikçıxarma funksyasında dəyişikliklər, ödem, dəri qaşınması simptomları üzə çıxır. Böyrəklərin funksiyasının tədricən pisləşməsi orqanizmin əsas həyat göstəricilərinin pozulmasına, müxtəlif orqan və sistemlər tərəfindən ağırlaşmalara gətirib çıxarır. Diaqnostika üsullarına kliniki və biokimyəvi analizlər, Reberq və Zimnitski sınağı, böyrəklərin USM-i, böyrək damarların rəngli doppler müayinəsi daxildir. Xroniki böyrək çatışmazlığının (XBÇ) müalicəsi əsas xəstəliyin müalicəsinə , simptomların aradan qaldırılmasına və təkrari ekstrakorporal hemokorreksiya üsullarına yönlənmiş olur.

XBÇ haqqında ümumi məlumat

Xroniki böyrək çatışmazlığı- böyrək toxumasının məhvi nəticəsində böyrəyin filtrasion və ifrazat funksiyasının geridönməz pozğunluğu və bir çox hallarda tam yox olması ilə nəticələnən patologiyadır. XBÇ proqressivləşən gedişə malikdir, erkən etaplarda ümumi halsızlıq əlamətləri olur. Xəstəlik irəlilədikcə aşkar görünən intoksikasiya əlamətləri: zəiflik, iştahanın itməsi, ürəkbulanma, qusma, ödemlər, dəri və selikli qişaların -quruluğu və solğun sarımtıl olması müşahidə edilir. Qəflətən və çox vaxt diurez ümumiyyətlə kəsilir. Gecikmiş dövrlərdə ürək çatışmazlığı, ağ ciyərlərin ödemi, qansızmalara meyllik, ensefalopatiya, uremik koma inkişa edir. Hemodializ və böyrək implantasiyasına ehtiyac yaranır.

XBÇ-nin yaranma səbəbləri

Xroniki böyrək çatışmazlığı xroniki qlomerulonefrit, sistem xəstəliklər zamanı yaranan nefrit, irsi nefritlər, xroniki pielonefrit, diabetik qlomeruloskleroz, böyrək amiloidozu, böyrəklərin polikistozu, nefroangioskleroz və böyrəklərin hər ikisinin və ya tək olan böyrəyin zədələnməsinə səbəb olan digər xəstəliklərin nəticəsi kimi meydana çıxır.

Xroniki böyrək çatışmazlığının patogenezi

Patogenezin əsasında nefronların proqressiv məhvi durur. Başlangıcda böyrək problemləri zəif nəzərə çarpır, lakin tədricən böyrəklərin funksiyası pozulur. Morfoloji dəyişikliklər əsas xəstəlikdən asılıdır. Histoloji müayinə parenximanın məhvi və birləşdirici toxuma ilə əvəz olunmasını təsdiqləyir. XBÇ-nin formalaşması üçün pasiyentin 2-10 ildən artıq müddətdə xroniki böyrək xəstəliklərindən əziyyət çəkdiyi bilinir. Böyrək xəstəliklərinnin XBÇ-na keçmə dövrünü şərti bir neçə etapa ayırmaq mümkündür. Bu etapların böyük praktiki əhəmiyyəti vardır və müalicə taktikası etaplara uyğun olaraq təyin olunur.

XBÇ-nin klassifikasiyası

Xroniki böyrək çatışmazlığının inkişafı aşağıdakı ardıcıllıqla inkişaf edir:

  1. Latent dövr. Aşkar simptomlar olmadan inkişaf edir. Çox vaxt ətraflı müayinələr zamanı aşkarlanır. Yumaqcıq filtrasiyası 50-60 ml/dəq-dək enir, periodik proteinuriya aşkarlanır.
  2. Kompensasiya dövrü. Pasiyenti daima müşahidə olunan yorğunluq, ağızda acılıq narahat edir. Sidiyin sıxlığının azalması fonunda ümumi miqdarının artması aşkarlanır. Yumaqcıq filtrasiyası 49-30 ml/dəq-dək azalır. Qanda kreatinin və sidik cövhərinin miqdarı artır.
  3. İntermitasiya dövrü. Kliniki simptomlar daha nəzərəçarpan olur, ağırlaşmalar formalaşır. Pasiyentin vəziyyəti dalğavari xarakter alır. Yumaqcıq filtrasiyası 29-15 ml/dəq-dək azalır, asidoz, kreatinin səviyyəsinin davamlı yüksək olması müşahidə olunur.
  4. Terminal dövr. Diurezin tədricən azalması, ödemlərin artması, turşu-qələvi və su-düz mübadiləsinin kobud pozğunluqları xarakterikdir. Ürək çatışmazlığı, qaraciyər və ağciyərlərdə durğunluq əlamətləri, qaraciyərin distrofiyası, poliserozit inkişaf edir.

XBÇ-nin əlamətləri

Xroniki böyrək çatışmazlığının inkişafına səbəb olan faktorların təsir etdiyi dövrdə böyrəklərin funksiyası hələ normal qalır. Yumaqcıq filtrasiyası və kanalcıqlardan reabsorbsiya pozulmayır. Tədricən yumaqcıq fitrasiyası zəifləyir, böyrəklərin sidiyi konsentrasiya etmək qabiliyyəti itir, böyrək funksiyaları pozulmağa başlayır. Bu dövrdə hemeostaz hələ pozulmamış qalır. Daha sonra sağlam nefonların miqdarı azalmaqda davam edir və yumaqcıq filtrasiyası 50-60 ml/dəq olduqda xəstədə XBÇ-nın ilkin simptomları üzə çıxır.

Latent dövründə adətən pasiyentin heç bir şikayəti olmur. Bəzi hallarda çox kəskin olmayan zəiflik və iş qabiliyyətinin zəifləməsi müşahidə oluna bilər. Kompensasiya dövründə olan pasiyentləri iş qabiliyyətinin zəifləməsi, yorğunluğun artması, tez-tez ağızda quruluq hissinin olması narahat edir. İntermitasiya dövründə olan pasiyentlərdə XBÇ simptomları daha aydın nəzərə çarpır. Zəiflik artır, pasiyentlər davamlı olaraq susamaqdan və ağızda quruluqdan şikayət edirlər. İştaha azalır. Dəri solğun və qurudur.

XBÇ-nin terminal dövründə olan pasiyentlər arıqlayırlar, dəriləri boz-sarı, boşalmış olur. Dəridə qaşınma, əzələ tonusunun azalması, barmaqların tremoru, əzlələrdə xırda əsmələr xarakterikdir. Susuzluq və ağızda quruluq artmış olur. Pasiyentlər apatik, yuxulu olur, diqqətlərini cəmləyə bilmirlər.

İntoksikasiya artdıqca ağızdan ammonyak iyi, ürəkbulanma, qusma yaranır. Apatiya dövrü oyanıqlıqla əvəz olunur, xəstə “tormozlanmış”, qeyri-adekvat olur. Distrofiya, hipotermiya, səsin boğunuq olması, iştahanın olmaması, aftoz stomatit xarakterikdir. Qarın böyüyür, qusma, ishal müşahidə olunur. Nəcis tünd, pis qoxuludur. Xəstələr dözülməz qaşınmadan və çoxsaylı kiçik əzələ titrəmələrindən əziyyət çəkirlər. XBÇ-nin terminal dövrü üçün tipik xüsusiyyətlərə miokardit, perikardit, ensefalopatiya, ağciyərlərin ödemi, assit, mədə-bağırsaq qanaxmaları, uremik koma aiddir.

XBÇ-nin ağırlaşmaları

XBÇ bütün orqan və sistemlər tərəfindən artan zədələnmələrlə xarakterizə olunur. Qandakı dəyişikliklərə qanyaranmanın tükənməsi və eritrositlərin ömrünün qısalması ilə əlaqədar yaranan anemiya daxildir. Qanın laxtalanma sistemində pozğunluqlar: qanaxma müddətinin uzanması, trombositopeniya, protrombin miqdarının azalması baş verir. Ürək və ağciyərlər tərəfindən arterial hipertoniya (xəstələrin təxminən yarısından çoxunda), durğunluq ürək çatışmazlığı, perikardit, miokardit inkişaf edir. Gecikmiş etaplarda uremik pnevmonit formalaşır.

Nevroloji pozğunluqlara- erkən dövrlərdə diqqət dağınıqlığı və yuxu pozğunluqları, gec etaplarda isə tormozlanma, düşüncə pozğunluğu, bəzən isə sayıqlama və hallüsinasiya aiddir. Periferik sinir sistemi tərəfindən periferik polineyropatiya müşahidə olunur. MBT tərəfindən erkən etaplarda iştahanın pozulması, ağızda quruluq yaranır. daha sonra hıçqırıq, ürəkbulanma, qusma və stomatit formalaşır. Metabolizm məhsullarının selikli qişaları qıcıqlandırması nəticəsində enterokolit və atrofik qastrit yaranır. Mədə və bağırsaqların səthi xoraları, bəzən qanaxmalar müşahidə olunur.

Dayaq-hərəkət sistemi tərəfindən müxtəlif formalı osteodistrofiyalar (osteoporoz, osteoskleroz, osteomalysiya, fibroz osteit) xarakterikdir. Böyrək osteodistrofiyalarının kliniki təzahürü- spontan sınıqlar, skeletin deformasiyası, fəqərələrin sıxılması, artritlər, sümük və əzələlərdə ağrı ilə olur. İmmun sistem tərəfindən limfositopeniyaya rast gəlinir. İmmunitetin zəifləməsi irinli-septiki ağıraşmaların rast gəlmə tezliyini xeyli yüksəldir.

XBÇ-nin diaqnostikası

Xroniki böyrək çatışmazlığına şübhə varsa nefroloqun konsultasiyası və bəzi laborator müayinələr: qan və sidiyin biokimyəvi analizi, Reberq sınağı mütləqdir. Diaqnozun qoyulması üçün əsas göstəricilər yumaqcıq filtrasiyasının azalması, kreatinin və sidik cövhərinin səviyyəsinin yüksəlməsidir.

Zimnitski sınağı izohipostenuriyanı aşkar edir. Böyrəklərin USM-i zamanı böyrək parenximasının qalınlığının və böyrəyin ölçülərinin kiçilməsi görülür. Orqandaxili və böyrəyin magistral damarlarında qan axınının zəifləməsi böyrək damarlarının Rəngli Doppler müayinəsi ilə təsdiqlənir.

Əksər kontrast maddələrin nefrotoksiki təsirini nəzərə alaraq kontrastlı uroqrafiya müayinəsini ehtiyatla etmək lazımdır. Digər müayinə üsulları XBÇ-yə səbəb olan patologiyaya uyğun olaraq müəyyən edilir.

Xroniki böyrək çatışmazlığının müalicəsi

Müasir urologiya və nefrologiyanın nəaliyyətləri XBÇ-nin müalicəsində geniş imkanlar təqdim edirlər. Müasir müalicə taktikası davamlı remissiya əldə etməyə yönəlmiş olur və bir çox hallarda patologiyanın inkiçşafını ləngitməyə və aşkar kliniki simptomların üzə çıxma dövrünü uzada bilir.

Əsas xəstəliyin müalicəsi

XBÇ-nin erkən dövrlərində əsas xəstəliyin proqressivləşməsinin qarşısını ala bilən müalicə tədbirləri təyin edilir. Əsas xəstəliyin müalicəsi böyrəklərin funksiyasının pozulduğu dövrlərdə də davam etdirilsə də, bu dövrdə əsas müalicə tədbirləri simptomların aradan qaldırılmasına yönəlmiş olur. Ehtiyac olduqda antibakterial və hipotenziv preparatlar təyin oluna bilər. Sanator-kurort müalicəsi məsləhətdir.

Yumaqcıq filtrasiyasına, böyrəklərin konsentrasion funksiyasına, böyrək qan axınına, sidik cövhəri və kreatininin səviyyəsinə nəzarət tələb olunur. Homeostazın pozulması zamanı turşu-qələvi nisbətinin, azotemiyanın və su-duz mübadiləsinin tənzimlənməsi aparılmalıdır. Simptomatik müalicəyə anemik, hemorragik və hipertonik sindromların müalicəsi, normal ürək fəaliyyətinin saxlanması daxildir.

Pəhriz

XBÇ xəstələrinə yüksək kalorili (təxminən 3000 kalori) az zülallı, əvəzolunmaz aminturşularla zəngin pəhriz təyin olunur. Qəbul olunan duzun miqdarı azaldılmalı (2-3 q/günədək), hipertoniyanın inkişafı zamanı isə duzsuz pəhriz təyin olunmlalıdır. Rasionda zülalın miqdarı böyrəklərin funksiyasının pozulma dərəcəsindən asılıdır. Yumaqcıq filtrasiyası 50 ml/dəq-dən aşağıdırsa qəbul olunan zülalın miqdarı 30-40q/gündə, 20 ml/dəq-dən aşağı olduqda isə 20-24q/günədək azaldılmalıdır.

Simptomatik terapiya

Böyrək osteodistrofiyası zamanı D vitamini və kalsium qlükonat təyin olunur. Bu zaman yüksək dozalarda D vitamininin hiperfosfatemiya fonunda daxili orqanların kalsifikasiyası riski yarada biləcəyini də nəzərə almaq lazımdır. Hiperfosfatemiyanın qarşısını almaq üçün sorbitol+alüminium hidroksid təyin olunur. Müalicə zamanı qanda kalsium və fosforun səviyyəsinə nəzarət edilir. Turşu-qələvi nisbətinin tənzimlənməsi üçün venadaxilinə 5%-li natrium-hidrokarbonat məhlulu vurulur. Oliqouriya zamanı xaric olunan sidiyin miqdarını artırmaq məqsədilə poliuriya yarada biləcək dozada furosemid təyin olunur. Arterial təzyiqi tənzimləmək məqsədilə standart hipotenziv preparatları furosemidlə kombinasiyada təyin edirlər.

Anemiya zamanı dəmir preparatları, androgenlər və fol turşusu, hematokrit göstəricisi 25%-dən aşağı olduqda eritrositar kütlə nəqli aparılır. Kimyəvi terapevtik preparatların və antibiotiklərin dozalanması yeridilmə üsulunu nəzərə alaraq hesablanılır. Sulfanilamidlərin, sefaloridin, metisillin, ampisillin və penisillin preparatlarının dozası 2-3 dəfə aşağı seçilir. Polimiksin, neomisin, monomisin və streptomisin antibiotiklərinin hətta kiçik dozaları belə ağırlaşmalara (eşitmə sinirinin nevriti və s) səbəb ola bilər. XBÇ xəstələrinə nitrofuran törəmələrinin təyini əks göstərişdir.

Ürək çatışmazlığı zamanı qlikozidlərdən ehtiyatlı istifadə etmək lazımdır. Doza azaldılmalıdır, xüsusilə də hipokaliemiya varsa. İntemitasiya dövründə olan xəstələrə kəskinləşmə dövründə hemodializ təyin edilir. Pasiyentin vəziyyəti yaxşılaşdıqda ytenidən konservativ müalicəyə keçilir.

Ekstrakorporal detoksikasiya üsulları

Təkrari plazmoferez kursları yüksək nəticələr verir. Terminal etapa keçid və simptomatik terapiyanın artıq effekt vermədiyi hallarda xəstəyə hemodializ (həftədə 2-3 dəfə) təyin olunur. Hemodializə keçid kreatinin klirensinin 10 ml/dəq-dən aşağı olması və qanda 0,1 q/l-dək artması zamanı olur. Müalicə taktikasını seçərkən nəzərə almaq lazımdır ki, ağırlaşmaların inkişafı hemodializin effektivliyini azaldır və böyrək implantasiyasını qeyri-mümkün edir.

XBÇ-nin proqnozu və profilaktikası

Xroniki böyrək çatışmazlığının proqnozu həmişə ciddidir. Davamlı reabilitasiya və ömrün müəyyən qədər də olsa uzadıla bilməsi zamanında hemodializin təyin olunması və ya böyrək transplantasiyasının aparılmasından asılıdır. Bu müalicə üsullarının təyini səlahiyyəti isə transplantoloqunvə hemodializ şöbəsinin həkiminin üzərinə düşür. Profilaktika üsullarına, XBÇ-yə səbəb ola biləcək xəstəliyi zamanında arşdırmaq və müalicə etmək daxildir.

error: Content is protected !!