Xroniki ishal

Xroniki ishal – 3-6 həftə və daha uzun zaman müddətində defekasiya aktının gün ərzində 2-3 dəfədən çox baş verməsi və tam formalaşmamış nəcis ifrazı ilə xarakterizə olunan polietioloji patoloji vəziyyətdir. Xroniki ishal tenezm, qarında ağrı, qurultu və köp, imperativ çağırışlar, selik, irin, qan qarışıqlı nəcis ifrazı ilə müşayiət oluna bilər. Diaqnoz şikayətlər, anamnestik məlumatlar, baxış, kontrast radioloji üsullar, kolonoskopiya, nəcis analizi və digər diaqnostik üsulların nəticələri əsasında qoyulur. Müalicə pəhriz, simptomatik və patogenetik medikamentoz terapiyanın köməyilə aparılır.

Xroniki ishal barədə ümumi məlumat

Xroniki ishal bağırsağın infeksion və qeyri-infeksion mənşəli zədələnmələrində, həzm traktının yuxarı şöbələrinin, digər orqan və sistemlərin bəzi xəstəliklərində, xroniki intoksikasiyalar və psixoemosional pozğunluqlarla assosiasiyalı vəziyyətlərdə müşahidə olunur. Müxtəlif patologiyalarda xroniki ishalın tezliyinə dair statistik məlumatlar olmadığından onun yayılması naməlum qalır. Müalicə qastroenterologiya, proktologiya və tibbin digər sahələrinin mütəxəssisləri tərəfindən aparılır.

Xroniki ishalın yaranma səbəbləri

İshalın bir neçə inkişaf mexanizmi mövcuddur: hipersekretor, hiperkinetik və hipereksudativ. Hipersekretor ishal üçün bağırsaq boşluğuna suyun və elektrolitlərin norma ilə müqayisədə daha intensiv şəkildə ifraz olunması xarakterikdir. Sekresiya passiv və ya aktiv olur. Passiv sekresiyanın artması nəticəsində yaranan xroniki ishala sağ mədəcik çatışmazlığı fonunda hidrostatik təzyiqin yüksəlməsi, limfa sisteminin bəzi patologiyaları və bu nahiyənin limfa damarlarının zədələnməsi ilə müşayiət olunan sistemli xəstəliklər (amiloidoz, Uippl xəstəliyi, limfangiektaziyalar) zamanı rast gəlinir. İntensiv sekresiya ilə assosiasiyalı xroniki ishala bəzi yağ və öd turşuları, patogen mikrorqanizmlərin (bağırsaq çöpü, stafilokokk) toksinləri, işlədici preparatlar və peptid hormonları (serotonin, qlükaqon, vazointestinal peptid) səbəb olur.

Hiperosmotik xroniki ishal MBT-nin müxtəlif şöbələrində qida maddələrinin parçalanma və sorulmasının pozulması nəticəsində inkişaf edir. Mədəaltı vəzinin patologiyaları (şiş, xroniki pankreatit), mexaniki sarılıq, bağırsaq möhtəviyyatının nazik bağırsağın divarı ilə təmas müddətinin azalması (nazik bağırsağın bir hissəsinin rezeksiyası, anastomoz və ya bağırsaqlararası fistula səbəbindən), sorulma proseslərinin anadangəlmə və qazanılma xarakterli pozğunluqları (malabsorbsiya sindromu) xroniki ishalın bu növünun formalaşmasına şərait yaradır.

Hiperkinetik xroniki ishal bağırsağın motor aktivliyinin izafi nevrogen, hormonal və ya farmakoloji stimulyasiyası ilə əlaqədar baş verir. Nevrogen stimulyasiya qıcıqlanmış bağırsaq sindromu, funksional xroniki ishal və diabetik enteropatiya zamanı müşahidə olunur. Hormonal stimulyasiya tireotoksikoz, Addison xəstəliyi və neyroendokrin neoplaziyalarda aşkarlanır. Farmakoloji stimulyasiya bir sıra işlədici vasitələrin qəbulu fonunda qeydə alınır. Axırıncı mexanizmə daha çox kəskin ishalda rast gəlinir, bu da diareyanın ilk təzahürlərindən sonra pasiyentin preparatın dozasını korreksiya etməsi ilə izah olunur. Bununla yanaşı bəzi xəstələr həkim məsləhətinə qulaq asmadan işlədici vasitələrdən həddindən artıq istifadə edir, differensial diaqnostika prosesində ishalın bu səbəbini inkar etmək lazımdır.

Hipereksudativ xroniki ishalın yaranması bağırsaq divarının iltihabı və onun boşluğuna eksudatın çox ifraz olunması ilə bağlıdır. Belə hallara bağırsağın iltihabi xəstəliklərində (xoralı kolit, Kron xəstəliyi), xroniki infeksiyalar (aktinomikoz, vərəm, sifilis), bağırsağın işemiyası, enteropatiya, yoğun bağırsağın polipləri və bədxassəli şişlərində təsadüf olunur.

Tədqiqatçıların fikrincə polipoz, kolorektal xərçəng, helmintoz, protozoy infeksiyaları, bağırsağın funksional pozğunluqları (qıcıqlanmış bağırsaq sindromu, funksional ishal) xroniki ishala səbəb olur. Bundan əlavə xroniki ishal pankreatik və mədə axiliyası, nazik bağırsağın karsinoidi, bağırsaq lipodistrofiyası, pellaqra, bağırsağın amiloidozu, xroniki ekzogen intoksikasiyalar, uremiya, endokrin və neyroendokrin xəstəliklər, eləcə də spesifik infeksiyalar (bağırsaq vərəmi və sifilis) zamanı müşahidə edilir.

Xroniki ishalın əlamətləri

Patologiyanın başlıca əlamətləri defekasiya aktının gün ərizində 2-3 dəfədən artıq baş verməsi və tam formalaşmamış (sulu, duru və ya sıyığabənzər) nəcisin ifraz olunmasıdır. İshalın davametmə müddəti barəsində mütəxəssislər hələ də yekdil fikrə gələ bilməyiblər. Bəzi tədqiqatçılar hesab edir ki, «xroniki ishal» diaqnozunun qoyulması üçün defekasiya pozğunluğu 3 həftə ərzində müşahidə edilməlidir. Digərləri isə bu müddətin 4-6 həftə və daha uzun olduğunu qeyd edirlər. Sadalanan əlamətlərlə yanaşı pasiyentlərdə qarında ağrı, qurultu və köp, tenezmlər, imperativ çağırışlar, fekal kütlələrdə patoloji qarışıqlar izlənilə bilər.

Nazik bağırsağın patologiya zamanı xroniki ishal çoxlu miqdarda yağlı və ya sulu nəcis ifrazı ilə təzahür edir. Yoğun bağırsaq xəstəliklərində ifrazatların həcmi azalır, defekasiyanın tezliyi yüksəlir, nəcisdə qan, selik və irin aşkarlanır. Belə vəziyyətlərdə xroniki ishal çox vaxt (funksional diareya istisna olmaqla) ağrı sindromu ilə müşayiət olunur. Nazik bağırsağın zədələnmələri ilə bağlı ishal hallarında isə ağrı baş vermir. Yoğun bağırsağın aşağı şöbələrinin xəstəlikləri (müxtəlif etiologiyalı proktit və rektosiqmoidit) nəticəsində yaranan ishal zamanı nəcisin miqdarı xeyli azalır, defekasiya isə kolitlə müqayisədə daha da tezləşir. Pasiyentləri aldadıcı çağırışlar narahat edir.

Digər simptomlar xroniki ishal törədən əsas xəstəlikdən asılı olur. Belə ki, kolorektal xərçəng zamanı halsızlıq, yorğunluq, iştahsızlıq və çəki itkisi müşahidə edilir. Bağırsaq keçməməzliyi və ya orqanın perforasiyası mümkündür. Gecikmiş mərhələlərdə xərçəng intoksikasiyası, hipertermiya və kaxeksiya qeydə alınır. Bağırsağın xroniki ishalla müşayiət olunan iltihabi xəstəlikləri üçün müxtəlif ifadə dərəcəsinə malik hipertermiya və bağırsaqdan kənar təzahürlər: artralgiya, stomatit və s. xarakterikdir. Endokrin və neyroendokrin dəyişikliklər zamanı hormonal tənzimin pozulmasından xəbər verən əlamətlərə təsadüf edilir.

Xroniki ishalın diaqnostikası

Xroniki ishal sərbəst xəstəlik olmadığından diaqnostikanın əsas məqsədi ishalın yaranma səbəblərini aşkar etməkdən ibarətdir. Müayinə prosesində anamnez toplanılır, zədələnmənin səviyyəsi (nazik, yoğun və ya düz bağırsaq xəstəlikləri) aydınlaşdırılır. Obyektiv müayinədə qarında asimmetriya, köp və ağrının olmasına diqqət yetirilir. Anus nahiyəsinə baxış zamanı maserasiya ocaqları, nəcis, irin və selik izləri aşkarlanır.

Nəcisin mikroskopik müayinəsi iltihabi prosesi təsdiqləyir. Koproqrammada steatoreya, amiloreya və kreatoreya aşkarlanır. Polipoz və xərçəng zamanı irriqoskopiya prosesində tək və ya çoxsaylı dolma defektləri müşahidə edilir. Kolonoskopiya və rektoromanoskopiya vasitəsilə bağırsaq divarının vəziyyəti qiymətləndirilir, xora, poliplər və bədxassəli şişlərin say, ölçü və lokalizasiyası dəqiqləşdirilir. Ehtiyac yarandıqda müayinə prosesində biopsiya aparılır. Endokrin sisteminin xəstəliklərindən şübhələndikdə endokrinoloqun, uremiya əlamətlərinə rast gəlindikdə isə nefroloqun konsultasiyası təyin olunur.

Xroniki ishalın müalicəsi 

Xroniki ishalın müalicəsi patogenetik və ya simptomatik olur. Patogenetik müalicənin planı aşkarlanan patologiyaya müvafiq tərtib edilir, konservativ (medikamentoz və qeyri-medikamentoz) və yaxud cərrahi üsullardan istifadə olunur. Xroniki diareyalı pasiyentlərə xüsusi pəhriz təyin edilir. Gündəlik rasiondan bağırsaq motorikasını, qıcqırma proseslərini və qazların yaranmasını stimulyasiya edən məhsulların xaric olunması məsləhət görülür. Bunun əvəzində buxarda hazırlanmış, xırdalanmış yeməklər tövsiyə edilir.

Zərurət olduqda disbakterioz törətməyən vasitələrlə (nifuroksazid, tilixinol) antibakterial terapiya aparılır. Xroniki ishal zamanı disbakterioz aşkarlandıqda probiotiklərdən istifadə edilir. Adsorbsiyaedici, bürüyücü və büzücü təsirli simptomatik vasitələr tətbiq olunur. Bağırsağın motor funksiyasını tənzimləmək məqsədilə loperamid, bəzən isə oktreotid və kalsium antaqonistləri qəbul edilir. Proqnoz xroniki ishalın yaranma səbəbindən asılı olur.

error: Content is protected !!