Xroniki kolit
Xroniki kolit – yoğun bağırsaq divarının iltihabıdır. Patologiya «bağırsaq» əlamətləri (ishal, meteorizm, qurultu, qəbizlik, ağrı sindromu) ilə müşayiət olunur. Diaqnozun qoyulması üçün koproloji analizdən, yoğun bağırsağın rentgenoloji və endoskopik müayinəsindən (irriqoskopiya, kolonoskopiya) istifadə edilir. Xroniki kolitin müalicə prinsipləri pəhrizə riayət olunmasına, iltihabəleyhinə, spazmolitik və ağrıkəsici preparatların tətbiqinə əsaslanır. Fizioterapevtik prosedurlar patologiyanın kompleks terapiyasının vacib elementi hesab edilir.
Xroniki kolit barədə ümumi məlumat
Xroniki kolit yoğun bağırsağın selikli, selikaltı və əzələ qatlarının iltihabi zədələnməsi olub, sekretor və motor pozğunluqlarla müşayiət edilir. Patologiya kəskinləşmə və remissiya dövrlərinin növbələndiyi dalğavari gedişə malikdir. Xroniki kolit əksər hallarda mədə-bağırsaq traktının digər orqanlarının iltihabı ilə müştərək şəkildə inkişaf edir. Statistik göstəricilərə əsasən bu xəstəlik həzm orqanlarında problem olan şəxslərin 50%-də aşkarlanır. Xroniki kolit qadınlarda 20-65, kişilərdə isə bir qədər gec – 40-65 yaşlarda yaranır. İmmunitetin zəifləməsi, disbakterioz, gündəlik rasionda qida liflərinin çatışmazlığı, MBT-nin iltihabi xəstəlikləri kolitin formalaşmasına təkan verir.
Xroniki kolitin yaranma səbəbləri
Xroniki kolit polietioloji xəstəlikdir. Patologiya pəhrizin pozulması, hipo- və avitaminoz, spirtli içkilərin və narkotik vasitələrin istifadəsi ilə əlaqədar inkişaf edir. Xroniki kolitin ən geniş yayılmış səbəbi əvvəllər keçirilmiş kəskin bağırsaq infeksiyalarıdır (salmonellyoz, qida toksikoinfeksiyası və ya dizenteriya). İltihabi proses bakteriyalarla yanaşı, göbələklər və ya ibtidailər (lyambliya, balantidiya) tərəfindən törədilə bilər. Orqanın fəaliyyətinin pozulmasına gətirib çıxaran iltihabi-distrofik proseslər həmçinin uzun müddət davam edən ağır formalı intoksikasiyalar (o cümlədən alkoqolizm) fonunda yaranır.
Xroniki kolitin formalaşmasında insanın zərərli vərdişləri xüsusi rol oynayır. Belə ki, siqaret tüstüsü ilə orqanizmə daxil olan nikotin yoğun bağırsaq divarının qan təhcizatını pozur və immuniteti zəiflədir. Bunun nəticəsində patogen mikroorqanizmlərin selikli qişaya nüfuz etməsi üçün əlverişli şərait yaranır. Medikamentoz kolit işlədici vasitələrin, antibiotiklərin və ya qeyri-steroid iltihabəleyhinə vasitələrin uzunmüddətli və nəzarətsiz qəbulu nəticəsində inkişaf edir. Kimyəvi, qida və dərman allergiyaları, orqanizmin bakteriyaların bəzi növlərinə qarşı anadangəlmə həssaslığı da xroniki kolitin etioloji amilləri sırasına daxil edilir.
Selikli qişanın zədələnməsinə səbəb olan növbəti faktor ferment mübadiləsinin pozulmasıdır. Rektal şamların və imalələrin həddindən artıq tətbiqi kolitin xroniki formasının inkişaf riskini yüksəldir. Yoğun bağırsağın qan dövranının pozulması işemik kolitə gətirib çıxarır.
Xroniki kolitin patogenezi
Xroniki kolitin patogenezində 3 əsas həlqə ayırd edilir: bağırsaq disbakteriozu, diskineziyası və immunçatışmazlığı. Disbakterioz zamanı yoğun bağırsağına divarına birbaşa təsir göstərməklə, ağır formalı iltihabi proseslər törədən patogenlərin ümumi miqdarı artır. Kolitin xroniki formasında immunçatışmazlığı leykositlərin faqositar aktivliyinin zəifləməsi ilə təzahür edir. Bağırsağın diskineziyası ağrı sindromunun yaranmasına və nəcis ifrazının pozulmasına səbəb olur.
Xroniki kolitin təsnifatı
Xəstəliyin etiologiyasından və morfoloji dəyişikliklərin xarakterindən asılı olaraq, müasir proktologiyada xroniki kolitlər aşağıdakı formalara təsnif edilir: kataral, atrofik, xoralı, eroziv və qarışıq.
Bundan əlavə xəstəliyin 3 ağırlıq dərəcəsi ayırd edilir: yüngül (zəif nəzərə çarpan keçici simptomatika ilə müşayiət olunur), orta ağır (ifadəli bağırsaq pozğunluqları ilə təzahür edir) və ağır (bağırsağın və MBT-nin digər orqanlarının zədələnmə əlamətləri ilə xarakterizə olunur).
Xroniki kolitin əlamətləri
Xəstəlik üçün qarnın istənilən hissəsində lokalizasiya olunan sızıltılı, küt, sancışəkilli və ya yayılmış xarakterli ağrılar xarakterikdir. Nəcis ifrazının pozulması, qarında qurultu, köp, ağrılı tenezmlər və yaxud dispeptik pozğunluqlar yalnız MBT-ni zədələyən patoloji proseslərə xas olan spesifik təzahürlərdir. Xroniki koliti digər patologiyalardan fərqləndirən əsas əlamət ağrının qida qəbulundan, qarın əzələlərinin gərginləşməsindən, təmizləyici imalələrdən dərhal sonra güclənməsi, nəcis və qaz ifrazından və yaxud spazmolitiklərin istifadəsindən sonra isə yüngülləşməsidir. Kolitin xroniki formasında defekasiyanın tezliyi sutkada 6-7 dəfəyə qədər yüksəlir. Nəcisdə selik və ya qan qarışığına rast gəlinir. Qarın boşluğu orqanlarını palpasiya edərkən ağrı sindromu yoğun bağırsaq proyeksiyasında aşkarlanır.
Proktit və proktosiqmoidit – xroniki kolitin geniş yayılmış formalarıdır. Bu patologiyalar xroniki qəbizlik, selikli qişanın mexaniki zədələnməsi və bakterial diskineziya nəticəsində inkişaf edir. Onlar qalça nahiyəsində ağrı, ifadəli meteorizm, ümumi halsızlıq, ürəkbulanma və bədən hərarətinin cüzi yüksəlməsi ilə müşayiət edilir. Patoloji proses kəskinləşdikdə aldadıcı defekasiya çağırışlarına, selik və qanla örtülü, «qoyun qığı» şəklində nəcis ifrazına rast gəlinir. Palpasiya zamanı ağrı siqmavari bağırsaq nahiyəsində müəyyən edilir.
Xroniki kolitdən əziyyət çəkən şəxslərdə spesifik əlamətlərla yanaşı başgicəllənmə, əmək qabiliyyətinin azalması, əzginlik, arıqlama, asteno-nevrotik sindrom müşahidə olunur. Xəstənin psixoloji statusu pozulur, bu da xarakterik həyəcan, səbəbi olmayan təşviş hissi, izahi narahatlıq, əsəbilik, yuxusuzluqla özünü büruzə verir.
Yüngül dərəcəli kolitdə «bağırsaq» demək olar ki, nəzərə çarpmır. Xəstənin ümumi vəziyyəti qənaətbəxş olur; ağrı hissi bağırsağın yalnız bəzi hissələrinin palpasiyası zamanı yaranır. Orta dərəcəli kliniki proses ifadəli «bağırsaq» əlamətləri, çəkinin itirilməsi, qarında qurultu və köp ilə səciyyələnir. Qarın nahiyəsinin palpasiyasında yoğun bağırsağın bütün şöbələri ağrılı olur.
Ağır dərəcə mədə-bağırsaq traktının digər orqanlarının iltihabi prosesə cəlb olunmasından xəbər verən əlamətlərlə xarakterizə olunur. Belə vəziyyətlər ifadəli köp, malabsorbsiya sindromu, tez-tez baş verən ishal ilə təzahür edirlər. Ağrı yayılmış xarakterli olub, göbəkətrafı nahiyədə fokuslanır.
Xroniki kolitin ağırlaşmalarına bitişmə prosesi, bağırsaq mənfəzinin daralması, xoraların perforasiyası və ya lokal nekroz, peritonit, bağırsaq qanaxmaları aiddir.
Xroniki kolitin diaqnostikası
Diaqnoz laborator və instrumental müayinələrin köməyilə təsdiqlənir. Qanın ümumi analizində neytrofilyoz, leykositoz və EÇS-nin azacıq artması müşahidə olunur. Nəcisin koproloji analizi (koproqramma) götürülən materialın mikroskopiyasının və kimyəvi analizinin (zülal, yağ, nişasta, sellüloza, üzvi turşular və ammonyakın təyini) aparılmasına imkan verir.
Kolonoskopiyanın köməyilə iltihab ocağı, eroziyalar, atrofik dəyişikliklər aşkar edilir, damar şəklinin ifadəliliyi qiymətləndirilir. İrriqoskopiya prosesində selikli qişanın relyefinin dəyişməsi, peristaltikanın pozulması, habelə atoniya, assimmetrik qaustrasiya üzə çıxarılır.
Diaqnozun təsdiqlənməsi üçün oxşar əlamətlərlə müşayiət olunan bütün patologiyalar (yoğun bağırsaq xərçəngi, Kron xəstəliyi, xroniki appendisit və ya enterit) inkar edilməlidir. Diaqnostikanın ikinci mərhələsində amöbiaz, xroniki dizenteriya, qaraciyər və mədəaltı vəzinin xəstəlikləri, MBT-ni zədələyən digər patoloji proseslərlə differensial diaqnostika aparılır.
Xroniki kolitin müalicəsi
Xəstəliyin kəskinləşmə mərhələsində müalicə xəstəliyin səbəbinin aradan qaldırılmasına, bağırsağın fəaliyyətinin və orqanizmin reaktivliyinin normaya salınmasına yönəldilir. Müalicə müddətində xəstə proktologiya şöbəsinə hospitalizasiya edilməlir.
Kəskinləşmə dövründə pasiyentlərə 4а№li pəhriz təyin olunur. Xəstələrin gündəlik rasionuna buxarda bişirilmiş ət və balıq, ağ undan hazırlanmış çörək, yağsız bulyon, qaynadılmış yumurta, itburnu dəmləməsi, yaşıl çay daxil edilir. Porsiyalar 200-300 qramdan artıq olmamalıdır.
İltihabi proses zəiflədikcə pasiyentlər 4b№li pəhrizə keçirilir. Onların qida rasionuna yarmalı suplar, bişmiş alma və tərəvəzlər, pendir, südlu sıyıqlar, kərə yağı əlavə olunur.
İshal hallarında büzücü və bürüyücü vasitələrdən – vismut-nitrat, kalsium-karbonat, mis-sulfat, aşılayıcı maddələrdən ibarət bitki cövhərlərindən istifadə olunur. Kolitin spastik formasında spazmolitik vasitələr tətbiq edilir. Proktosiqmoiditdə iltihab ocağını aradan qaldıran çobanyastığı dəmləməsi ilə mikroimalələr göstəriş sayılır. Proktit zamanı büzücü təsirə malik sink-oksidi və ya kseroform tərkibli şamlar məsləhət görülür.
İfadəli köp hallarında aktivləşmiş kömür, ağ gil, dimetikon, nanə cövhəri təyin olunur. Müxtəlif etiologiyalı ishala qarşı loperamiddən istifadə edilir. Xroniki kolitin kompleks müalicəsində fizioterapiya xüsusi yer tutur. Antibiotiklər, sink və ya kalsium-sulfatla elektrofarez müsbət nəticələr verir. Hipomotor kolitlərdə diadinamik cərəyan və amplipulsterapiya effektiv hesab olunur. Xəstəliyin kəskinləşmə mərhələsində qızdırıcı kompresslər və ya istiqac, remissisya dövründə isə isti vannalar, parafinoterapiya və ya palçıqla müalicə tətbiq edilir.
Xroniki kolitin proqnoz və profilaktikası
Xroniki kolitin profilaktikası xəstəliyin kəskin formasının qarşısının alınmasına; patologiyanın etioloji amillərinin aradan qaldırılmasına yönəldilən müalicənin təyininə; balanslaşdırılmış qidalanmaya; şəxsi gigiyena qaydalarına riayət olunmasına əsaslanır. Həkim proktoloqun təyinatlarına əməl etdikdə remissiya dövrü uzunmüddətli olur.