Xroniki pankreatit
Xroniki pankreatit -mədəaltı vəzinin xarici və daxili sekresiya funksiyasının pozulması ilə nəticələnən proqressivləşən iltihabi-destruktiv zədələnməsidir. Xroniki pankreatitin kəskinləşməsi qarnın yuxarı hissəsində və sol qabırğaaltı nahiyyədə ağrı, dispeptik pozğunluqlar (ürəkbulanma, qusma, qıcqırma, qarında köp) dəri və selikli qişaların sarımtıl rəng alması ilə özünü büruzə verir. Xroniki pankreatit diaqnozu həzm fermentlərinin analizi, USM, ERCP, mədəaltı vəzinin biopsiyasına əsasən qoyulur. Müalicəsi xüsusi qida rejimi, medikamentoz terapiya (spazmolitiklər, hiposekretor, ferment preparatları və s), effekt olmadıqda isə cərrahi müdaxilədir.
Xroniki pankreatit haqqında ümumi məlumat
Xroniki pankreatit -mədəaltı vəzinin uzun residivləşən gedişə malik iltihabi xəstəliyi olub, vəzinin hüceyrə strukturunun tədricən məhvi və funksional çatışmazlığı ilə xarakterizə olunur. Kliniki qastroenterologiyada xroniki pankreatit həzm sistemi xəstəliklərinin 5-10%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə xroniki pankreatit “gəncləşən” xəstəliklərdəndir, belə ki, əvvəllər bu xəstəlik 45-55 yaş dövrü üçün xarakterik olsa da, hazırda qadınlar üçün xəstəliyin maksimal rastgəlmə yaşı 35 yaşdır.
Kişilər qadınlarla müqayisədə xroniki pankreatitdən daha çox əziyyət çəkirlər və son illərdə alkoqoldan normadan çox istifadə nəticəsində xroniki pankreatitin rastgəlmə tezliyi 40%-dən 75%-dək yüksəlmişdir. Həmçinin, xroniki pankreatit fonunda mədəaltı vəzidə bədxassəli törəmənin yaranma riski artmışdır. Xroniki pankreatitlə şəkərli diabetin çoxalması arasında birbaşa əlaqənin olduğu da son illər daha çox müzakirə olunan məsələlərdəndir.
Xroniki pankreatitin yaranma səbəbləri
Kəskin pankreatitdə olduğu kimi, mədəaltı vəzinin xroniki iltihabına da əsas səbəb alkoqoldan süni istifadə və öd daşı xəstəliyidir. Alkoqol vəzi toxumasına birbaşa toksiki təsir göstərən faktordur. Öd daşı xəstəliyi zamanı iltihaba səbəb limfatik sistem vasitəsilə öd yollarından infeksiyanın keçməsi, ödçıxarıcı yollarda hipertenziyanın inkişafı və ya ödün bilavasitə mədəaltı vəzə atılmasıdır.
Xroniki pankreatitin inkişafına səbəb olan digər faktorlara aşağıdakılar daxildir:
- qanda kalsium ionlarının davamlı yüksək olması;
- mukovisidoz;
- hipertriqliserinemiya;
- dərman preparatlarının qəbulu (kortikosteroidlər, estrogenlər, tiazid qrupu diuretiklər, azatioprin);
- mədəaltı vəzi sekresiyasının uzun müddətli durğunluğu (duodenal məməcikdə çapıq toxumasının yaranması ilə əlaqədar Oddi sfinkterinin keçməməzliyi);
- autoimmun pankreatit;
- genetik pankreatit;
- idiopatik pankreatit (naməlum etiologiyalı).
Xroniki pankreatitin klassifikasiyası
Xroniki pankreatit aşağıdakı xüsusiyətlərə görə təsif olunur:
- Mənşəyinə görə: birincili (alkoqol, toksiki və s) və ikincili (biliar və s.);
- kliniki göstəricilərinə görə: ağrılı (residivləşən və davaml), psevdotumoroz (xolestatik, portal hipertenziya ilə, hissəvi duodenal keçməməzliklə), latent (gizli keçən) və qarışıq (bir neçə kliniki simptom qabarıq büruzə verən);
- morfoloji göstəricilərə görə kalsifikasiya olunmuş, obstruktiv, iltihabi (infiltrativ-fibroz), indurativ (fibroz-sklerotik);
- funksional xüsusiyyətlərinə görə (hiperfermentiv, hipofermentiv), funksional pozğunluqların xarakterinə görə hipersekretor, hiposekretor, obturasion, duktulyar (sekretor çatışmazlığın büruzə vermə dərəcəsinə görə yüngül, orta ağır və ağır), hiperinsulinizm, hipoinsulinizm (pankreatik şəkərli diabet);
Xroniki pankreatit gedişinin ağırlığı və struktur dəyişikliklərinə (ağır, orta ağır və yüngül dərəcə) görə fərqlənir. Xəstəliyin gedişində kəskinləşmə, remissiya və davamsız remissiya dövrləri ayırd edilir.
Xroniki pankreatitin simptomları
Əksər hallarda vəzi toxumasında patoloji dəyişikliklərin yaranmağa başladığı dövrdə xroniki pankreatit simptomsuz ola bilir. Və ya əlamətlər az nəzərəçarpan və ya qeyri-spesifik olur. İlk aydın nəzərəçarpan kəskinləşmə olduqda, patoloji dəyişikliklər ciddi səviyyəyə çatmış olur.
Xroniki pankreatitin kəskinləşməsi zamanı əsas simptom əsasən sol qabırğaaltı nahiyyədə ağrıdır və ağrı kəmərvari xarakter daşıyır. Ağrının xarakteri davamlı və ya tutmaşəkilli ola bilər. Ağrı ürəyin proyeksiya nahiyyəsinə irradiasiya edə bilər. Ağrı dispepsiya (ürəkbilanma, qusma, qıcqırma, qarının şişməsi, meteorizm) ilə müşayiət oluna bilər. Xroniki pankreatitin kəskinləşmə dövründə qusma tez-tez, üzücü, rahatlama verməyən ola bilər. Nəcis ifrazı dəyişkən olur, ishal və qəbizliklə növbələnir. İştahanın azalması və həzm pozğunluqları çəkinin azalmasına səbəb olur.
Xəstəlik inkişaf etdikcə kəskinləşmələrin tezliyi də artır. Mədəaltı vəzidə xroniki iltihab həm pankreasın, həm də qonşu orqanların zədələnməsinə səbəb olur. Lakin, kliniki əlamətlərin üzə çıxması üçün adətən uzun illər tələb olunur.
Xəstələrə ümumi baxışda sklera və dəri örtüklərinin sarılığı nəzərə çarpır. Sarılıq qəhvəyi çalarda (obturasion sarılıq) olur. Dəri örtüklərinin solğun və quruluğu müşahidə olunur. Sinə və qarın nahiyyəsində qırmızı ləkələr (“qırmızı damcılar”) görünür, üzxərindən basdıqda itmir.
Palpasiya zamanı qarında epiqastral nahiyyədə köp, mədəaltı vəzinin proyeksiya nahiyyəsində isə dərialtı piy toxumasının atrofiyası görülə bilər. Palpasiya zamanı qarnın yuxarı hissəsində, göbək ətrafında, sol qabırğaaltında və qabırğa-onurğa bucağında ağrı olur. Bəzən isə xroniki pankreatit aşkar hepato- və splenomeqaliya ilə müşayiət olunur.
Xroniki pankreatitin ağırlaşmaları
Erkən ağırlaşmalara: ödün xaric olmasının pozulması nəticəsində obturasion sarılıq, portal hipertenziya, mədə-bağırsaq sisteminin boşluqlu orqanlarında daxili qanaxmalar, infeksiya və infeksion ağırlaşmalar (abses, fleqmona, öd yollarının iltihabı) daxildir.
Sistem xarakterli ağırlaşmalara: multiorqan patologiyaları, orqan və sistemlərin (böyrək, ağciyər, qaraciyər) funksional çatışmazlığı, ensefalopatiya, DDL-sindromu (damar daxili laxtalanma) daxildir. Xəstəlik inkişaf etdikcə qida borusuna qanaxma, çəkinin azalması, şəkərli diabet, mədəaltı vəzinin bədxassəli törəmələri inkişaf edə bilər.
Xroniki pankreatitin diaqnostikası
Diaqnozu dəqiqləşdirmək üçün həkim-qastroenteroloq qanın, nəcisin laborator müayinələri, funksional diaqnostika üsulları təyin edir:
- Laborator testlər. Kəskinləşmə dövründə qanın ümumi müayinəsində qeyri-spesifik iltihabi əlamətləri göstərir. Differensial diaqnostika üçün qanda mədəaltı vəzi fermentlərinin aktivliyi (amilaza, lipaza) yoxlanılır. Radioimmun müayinə elastaza və tripsinin aktivliyinin artmasının müəyyən edir. Koproqrammada yağ turşularının çox olması aşkarlanır ki, bu da mədəaltı vəzinin fermentativ çatışmazlığının göstəricisidir.
- İnstrumental müayinə üsulları. Mədəaltı vəzinin parenximasının ölçü və strukturunun müayinəsi qarın boşluğu orqanlarının USM-i, mədəaltı vəzinin KT və ya MRT müayinəsi vasitəsilə aparılır. USM-in endoskopiya -endoskopik ultrasonoqrafiya ilə birgə aparılması vəzi toxumasını və MBT orqanlarının divarını daxildən müayinə etməyə imkan verir. Pankreatit zamanı endoskopik retroqrad xolangiopankreatoqrafiya (ERCP) -endoskopik yolla duodenal məməciyə kontrast maddəni yeritməklə müayinəsi aparılır.
- Funksional sınaqlar. Ehtiyac olduqda vəzinin bu və ya digər fermentlərin sekresiyası funksiyasını qiymətləndirmək üçün spesifik stimulyator maddələrlə funksional sınaqlar aparılır.
Xroniki pankreatitin müalicəsi
Müalicə xəstəliyin ağırlıq dərəcəsindən və ya ağırlaşmaların inkişafından asılı olaraq konservativ və ya cərrahi yolla aparılır.
Konservativ müalicə
- Dietaterapiya. Xroniki pankreatitli xəstəyə kəskinləşmə dövrlərində enteral qidalanmadan imtina, sakitlik dövrlərində isə 5B №-li pəhriz məsləhət görülür. Xroniki pankreatit zamanı alkoqol qəbulu qəti qadağandır. Rasiondan kəskin, yağlı, turş, duzlu qidalar çıxarılır. Şəkərli diabetlə ağırlaşma varsa şirin qidaların miqdarını azaltmaq lazımdır.
- Xroniki pankreatitin kəskinləşməsi zamanı simptomatik terapiya, ağrıkəsicilər, dezintoksikasion terapiya, iltihabəleyhinə müalicə, həzm funksiyasının bərpası aparılır.
- Alkoqol mənşəli pankreatit zamanı spirtli qidalardan imtina yetərli olur.
Cərrahi müalicə
Xroniki pankreatitin cərrahi müalicəsinə göstərişlərə irinli ağırlaşmalar (abses, fleqmona), öd və pankreas axacaqlarının obturasiyası, Oddi sfinkterinin stenozu, vəzi toxumasının ağır dəyişiklikləri (skleroz, kalsifikasiya), mədəaltı vəzinin kistası və psevdokistası, konservativ müalicəyə tabe olmayan ağır gediş daxildir.
- Oddi sfinkterinin qapanması zamanı sfinkterotomiya;
- mədəaltı vəzi axacaqlarının konkrementlərlə obturasiyası zamanı daşların xaric edilməsi;
- irinli ocaqların açılması və sanasiyası;
- pankrektomiya (tam və ya hissəvi)
- vazektomiya, splanxektomiya (vəzi sekreziyasını tənzimləyən sinirlərin çıxarılması), mədənin hissəvi çıxarılması (rezeksiyası);
- öd kisəsi və ümumi öd axarına olan ağırlaşmalarda öd kisəsinin çıxarılması;
- əsas pankreatik axardan yüklənməni götürmək üçün əlavə öd yollarının qurulması (virsunqoduodenostomiya və s)
Xroniki pankreatitin proqnozu
Xroniki pankreatitin kəskinləşməsi əleyhinə profilaktiki tədbirlərə riayət olunarsa xəstəliyin gedişi və qənaətbəxş olur. Pəhrizə riayət etmədikdə, alkoqol qəbulu və siqaretə davam etdikdə və qeyri-adekvat müalicə vəzi toxumasında dəyişikliklərin proqressivləşməsinə və ağır fəsadlara gətirib çıxara bilər ki, bu da cərrahi müdaxiləyə ehtiyac və bəzən letal nəticəyə səbəb ola bilər.
Xroniki pankreatitin profilaktikası
İlkin profilaktika tədbirlərinə:
- alkoqol qəbulunu məhdudlaşdırmaq, rasional qidalanma, artıq yemə krizləri olmadan balanslaşdırılmış pəhriz, yağlı və karbohidratlı qidaların azaldılması;
- siqaretdən imtina
- gündəlik normal miqdarda maye qəbulu (sutkada 1,5 l-dən az olmamalı);
- rasionda vitamin və mineralların normal miqdarda olması;
- MBT-da pozulmaların zamanında aradan qaldırılması üçün vaxtında həkimə müraciət etmək, həzm sistemi xəstəliklərinin vaxtında və düzgün müalicə olunması.
Xroniki pankreatitin kəskinləşməsinin profilaktikası üçün həkimin həyat tərz və qidalanma rejimi haqda təyin etdiyi bütün tövsiyyələrə riayət etmək və requlyar olaraq (ildə 2 dəfədən az olmayaraq) müayinələrdən keçmək. Remissiya dövrünün uzadılması və həyat keyfiyyətinin yüksəldilməsi üçün sanator-kurort müalicəsi böyük əhəmiyyət kəsb edir.