Xroniki siqmoidit
Xroniki siqmoidit – siqmavari bağırsağın selikli qişasının xroniki iltihabıdır. Patologiya qarında ağrı, qurultu, köp, aldadıcı çağırışlar, nəcis ifrazının pozulması, fekal kütlələrdə selik və qan qarışıqlarının yaranması ilə təzahür edir. Ağrı əksər hallarda bel, ayaq və döş qəfəsinə yayılır. Kəskinləşmə mərhələsində əlamətlər güclənir, halsızlıq müşahidə olunur, bədən hərarəti azacıq yüksəlir. İltihabın peritona yayılaraq, perisiqmoidit əmələ gətirməsi mümkündür. Diaqnoz əlamətlər, fizikal baxış, irriqoskopiya, rektoromanoskopiya və nəcis analizinin nəticələri əsasında qoyulur. Müalicə pəhriz və medikamentoz terapiya vasitəsilə aparılır.
Xroniki siqmoidit barədə ümumi məlumat
Xroniki siqmoidit – seqmentar kolitin ən geniş yayılmış formasıdır. Patologiyaya bütün yaş qruplarında rast gəlinir. Pasiyentlər arasında qadın cinsinin nümayəndələri üstünlük təşkil edir. Xroniki siqmoidit əksər hallarda proktitlə müştərək şəkildə inkişaf edir. Xəstəlik üçün kəskinləşmələrlə remissiya dövrlərinin növbələndiyi dalğavari gediş xarakterikdir. Ağır hallarda çəki itkisi, astenizasiya və əmək qabiliyyətinin azalması müşahidə edilir.
Xroniki siqmoiditin yaranma səbəbləri
Etiologiyasından asılı olaraq, alimentar, infeksion, parazitar, işemik, radiasion və qarışıq mənşəli xroniki siqmoiditlər ayırd edilir. Alimentar siqmoidit xroniki qəbizliyin inkişafına və bağırsaq divarının bərk fekal kütlələrlə daim zədələnməsinə səbəb olan qeyri-rasional qidalanma nəticəsində yaranır. Əlavə provokasiyaedici amillərə xroniki qəbizliyə gətirib çıxaran az hərəkətli həyat tərzi aiddir.
İnfeksion xroniki siqmoidit patogen mikroorqanizmlər, parazitar forma isə helmintlər və ibtidailər qrupundan olan parazitlər tərəfindən törədilir. İşemik siqmoidit müsariqə arteriyalarının aterosklerozu səbəbindən qan təhcizatının pozulması, xəstəliyin radiasion forması isə şüa terapiyası ilə əlaqədar formalaşır. Həmçinin xroniki siqmoiditin inkişafı iltihabın düz bağırsaq və sidik-cinsiyyət sistemi orqanlarından yayılması, Kron xəstəliyi, xoralı kolit, MBT-nin yuxarı şöbələrinin patologiyaları və cərrahi müdaxilələrdən sonra qarın boşluğunda yaranan bitişmələrlə bağlı ola bilər.
Xroniki siqmoiditin patogenezi
Xroniki siqmoiditin geniş yayılması etioloji amillərin müxtəlifliyi, eləcə də siqmavari bağırsağın yerləşmə və quruluş xüsusiyyətləri ilə izah olunur. Mayenin intensiv şəkildə sorulması, bağırsaq möhtəviyyatının bərkiməsi və nəcisin formalaşması məhz bu şöbədə baş verir.
Nəcis kütlələrinin həddindən artıq bərkiməsi və onların hərəkətinin ləngiməsi bağırsağın təbii fizioloji əyriliklərində zədələnmə ehtimalını yüksəldir. Selikli qişanın tamlığı pozulduqda bağırsaq boşluğundakı mikroorqanizmlər ora nüfuz edərək, iltihabın yaranmasına səbəb olurlar. Bu nahiyə daim zədələndiyindən kəskin proseslər xroniki forma alır.
Xroniki siqmoiditin əlamətləri
Xroniki siqmoiditin xarakterik əlamətlərinə ağrı, bağırsaqda diskomfort hissi, nəcisin konsistensiyasının dəyişməsi və ümumi vəziyyətin pozulması aiddir. Ağrı adətən sancışəkilli və ya burucu xarakterli, az hallarda isə sızıltılı və yaxud dartıcı olub, sol qalça nahiyəsində, qarnın sol hissəsində və ya sol qabırğaaltında baş verir. Xroniki siqmoiditdən əziyyət çəkən pasiyentlərin əksəriyyəti ağrının sol ayaq, bel və ya döş qəfəsinin sol yarısına irradiasiyasından, həmçinin qarında qurultu və köpdən şikayət edir.
Çox zaman defekasiyadan əvvəl ağrı sindromunun və qurultunun güclənməsi müşahidə edilir. Adətən xroniki siqmoidit zamanı defekasiya aktlarının tezləşməsi qeydə alınır. Əksər xəstələrdə çağırışlar qida qəbulundan sonra yaranır, nəcis sıyığabənzər və ya maye formasında az miqdarda ifraz olunur. Fekal kütlələrdə selik və qan qarışıqlarının aşkarlanması mümkündür. Defekasiya prosesi başa çatdıqdan sonra ağrılar güclənə, sonra isə zəifləyə və ya tamamən itə bilir.
Ağrının proqressivləşməsi həm nəcis ifrazı, həm də pasiyentin aktivliyinin xarakteri ilə bağlı ola bilər. Qaçış, nəqliyyatda gedərkən silkələnmə və intensiv fiziki yüklənmələr ağrının artmasına səbəb olur. Bəzi pasiyentləri gəyirmə, ürəkbulanma və qusma kimi əlamətlər narahat edir. Xroniki siqmoidit kəskinləşdikdə sadalanan simptomlar daha çox nəzərə çarpır, halsızlıq və hipertermiya meydana çıxır. Kəskinləşmələr tez-tez təkrarlandıqda və ya patologiya ağır gedişə malik olduqda bədən çəkisi itirilə bilər.
Xroniki siqmoiditli pasiyentlərdə qarın nahiyəsi palpasiya olunarkən siqmavari bağırsaq nahiyəsində ağrı aşkarlanır. Bəzən bağırsağın atipik lokalizasiyası ilə əlaqədar palpasiya zamanı ağrı qarnın sol yarısında deyil, orta xətt nahiyəsində və ya bir qədər sağ tərəfdə baş verir. Bağırsağın yerləşdiyi sahənin perkusiyasında timpanit müəyyən edilir.
Xroniki siqmoiditin ağırlaşmaları
Bir sıra xəstələrdə iltihab peritona yayılaraq, perisiqmoidit törədir. Belə hallar bitişmələrin formalaşması, bağırsağın hərəkətliliyinin azalması və ya tamamən itirilməsi ilə müşayiət olunur. Perisiqmoiditin klinik şəkli xroniki siqmoiditlə analojidir. Bitişmə xəstəliyi inkişaf etdikdə ağrı və dispeptik əlamətlərin güclənməsi mümkündür.
İltihab günəş kələfinə yayıldıqda ağrı sindromunun xarakteri dəyişir. Bu zaman ağrı defekasiya aktı və fiziki aktivlikdən asılı olmadan daim müşahidə olunur. Dərialtı toxumanın və ağ xəttin palpasiyası zamanı ifadəli ağrı müəyyən edilir.
Xroniki siqmoiditin diaqnostikası
Diaqnoz anamnez, klinik təzahürlər, laborator və instrumental müayinələrin nəticələri əsasında qoyulur. Konsultasiya prosesində həkim-proktoloq defekasiyanın tezliyini, nəcisin xarakterini, ağrıların lokalizasiya və davametmə müddətini, onların nəcis ifrazı, fiziki aktivliklə əlaqəsini dəqiqləşdirir. Palpasiya zamanı qarında ağrı və köp müəyyən edilir. Fekal kütlələrin makroskopik müayinəsində selik, bəzən isə irin və qan qarışıqları aşkarlanır. Nəcisin mikroskopik analizində epitel hüceyrələrinə, eritrosit və leykositlərə rast gəlinir. Xroniki siqmoiditin infeksion və ya parazitar mənşəli olduğuna şübhə yarandıqda nəcisin bakterioloji müayinəsi və onun qurd yumurtalarına görə analizi təyin edilir.
İrriqoskopiya zamanı selikli qişanın büküşlərinin azalması müşahidə olunur. Rektoromanoskopiya bağırsaq divarının vəziyyəti, iltihabi prosesin ifadəliliyi və yayılması barədə vizual məlumatın əldə olunmasına imkan verir. Ehtiyac yarandıqda endoskopiya prosesində toxuma nümunələri götürülür.
Xroniki siqmoidit kolorektal xərçəng, qadın cinsiyyət orqanlarının və sidik yollarının xəstəlikləri ilə differensiasiya edilir.
Xroniki siqmoiditin müalicəsi
Müalicə konservativ yolla aparılır. Bu məqsədlə xəstələrə pəhriz, etiotrop və simptomatik terapiya təyin olunur. Kəskinləşmə mərhələsində pasiyentlərə gündəlik rasiondan bağırsaq divarını qıcıqlandıran məhsulları çıxarmaq, əvəzində isə dietik suplara və buxarda bişirilmiş yeməklərə üstünlük vermək məsləhət görülür. Remissiya dövründə spirtli içkilər və bağırsağı qıcıqlandıran qidalar istisna edilməklə xəstələr ümumi masaya keçirilir. Qəbizliyə meyllilik olduqda kobud qida lifləri ilə zəngin məhsullardan: qaysı qurusu, çuğundur, balqabaq, qara gavalı, kəpək unundan hazırlanmış çörəkdən istifadə olunmalıdır.
İnfeksion mənşəli xroniki siqmoidit zamanı mikrobəleyhinə vasitələr, parazitar formada isə antiparazitar preparatlar tətbiq edilir. Xroniki siqmoiditin yaranması həzm sisteminin digər şöbələrinin xəstəlikləri ilə bağlı olduqda əsas patologiya müalicə edilir. Xəstələrdə disbakterioz aşkarlandıqda probiotiklər təyin edilir. Xroniki siqmoiditin müalicəsində medikamentoz terapiya ilə yanaşı iltihab əleyhinə və büzücü təsir göstərən dərman bitkilərindən geniş istifadə olunur. Remissiya dövründə pasiyent fizioterapevtik prosedurlara yönəldilir.