Yağlı dəri

Yağlı dəri – piy vəzilərinin həddindən artıq aktivləşməsi nəticəsində kobud quruluş, parlaq görünüş, sarı-boz rəngə malik dəri tipidir. Yağlı dəriyə malik olan insanlarda genişlənmiş məsamələr, komedon, piy vəzilərinin kistaları, akne, seboreya əlamətlərinə rast gəlinir. Yağlı dəri yüksək diqqət, xüsusi qidalanma rejimi, ev şəraitində və peşəkar qulluq (təmizlənmə, maska, pilinq, mezoterapiya), kosmetik vasitələrin düzgün seçimini tələb edir. Yağlı dərinin yaranma səbəbini aydınlaşdırmaq üçün kosmetoloq, dermatoloq və endokrinoloqun konsultasiyası lazımdır.

Yağlı dəri barədə ümumi məlumat

Yağlı dəri – problemli dərinin bir növü olub, yüksək yağlılıq və parıltılı görünüşlə səciyyələnir. Piy vəzilərinin sekretor aktivliyinə görə kosmetologiya və dertmatologiyada 4 növ dəri tipi ayırd edilir: normal, quru, yağlı, kombinəolunmuş (qarışıq). Qeyd etmək lazımdır ki, hər bir tip özlüyündə norma hesab olunur. Dəri bir qayda olaraq, yaşla əlaqədar dəyişir; bununla yanaşı müxtəlif  kosmetik  vasitələr və makiyajdan daimi istifadə dərinin  həqiqi xüsusiyyətləri yanlış təəssüratların yaranmasına səbəb ola bilər. Digər tiplərlə müqayisədə yağlı dəri daha sıx rast gəlinərək, müxtəlif dermatoloji problemlərin yaranmasına meylli olur. Məhz bu səbəbdən yağlı dəriyə gündəlik və peşəkar qulluq olunmalıdır.

Yağlı dərinin səbəbləri

Əksər hallarda yağlı dəri yeniyetmə və cavanlarda müşahidə olunur və 25-30 yaşlarda digər dəri tipi ilə (əsasən kombinəolunmuş) əvəz olunur. Yalnız 5-8% insanlarda yağlı dəri transformasiya etmir. Dərinin yüksək yağlılığının birbaşa səbəbi piy vəzilərinin hiperfunksiyası hesab olunur, bu da irsi amil, hormonal disbalans, MBT pozulmaları, qeyri-rasional qidalanma ilə bağlıdır.

İrsi amillərlə əlaqədar yaranan yağlı dəri yaş artdıqca digər dəri tipinə keçmədiyindən düzgün gündəlik qulluq və kosmetik vasitələrin rasional seçimini tələb edir. Cinsi yetişkənlik dövründə piy vəzilərinin ölçüsünün və piy ifrazının artmasına səbəb olan testosteronun yüksəlməsi endokrin mənşəli yağlı dərinin formalaşmasına gətirib çıxarır. Digər hormonların, məsələn stress zamanı qanda miqdarının artması piy vəzilərinin funksiyasına təsir edir. Qadınlarda dərinin yağlılığı yumurtalıqların polikistozu, hormonal kontraseptivlərin uzunmüddətli qəbulu, az hallarda hamiləlik və menopauza dövründə müşahidə olunur. Üz nahiyəsindəki yağlı dərinin bədənin digər hissələrinin quru dəri örtüyü ilə müştərəkliyi hipotireoz üçün xarakterikdir.

Yağlı dərinin yaranmasında iştirak edən alimentar səbəblərə yağlı və ya kəskin qidalardan, eləcə də un məmulatları, şirniyyat, qazlı içkilər və alkoqoldan izafi istifadə aiddir. Yağlı dəriyə sahib olan insanlar adətən mədə-bağırsaq traktının xəstəliklərindən (xolesistit, kolit, qəbizlik və s.) əziyyət çəkirlər. Natəmiz iş şəraitində çalışmaq dərinin vəziyyətinə mənfi təsir  göstərir.

Bu tip insanlar yanlış olaraq, dərini tərkibində spirt olan kosmetik vasitələr və skrablarla aktiv və aqressiv təmizləməklə problemin daha da dərinləşməsinə gətirib çıxarırlar: səthi lipid qatının soyulması epidermisin daha artıq piy ifraz etməsinə səbəb olur. Üzün mexaniki təmizlənməsi və pilinqin tez-tez aparılması nəticəsində epidermisin mikrozədələnməsi və dəri piyinin hipersekresiyası  baş verir. Həmçinin düzgün seçilməyəm krem və qulluq vasitələri də dəri örtüyünün yağlılıq problemini artırır.

Yağlı dərinin xarakteristikası

Yağlı dəri əsasən T-zona adlanan nahiyə – alın, burun, çənədə rast gəlinərək, parıltılı, baxımsız, kobud, kələ-kötür, tutqun, sarı-boz rəngli olur. Tonal krem və kirşanın dərinin yağlılığını aradan götürməsi müvəqqəti xarakter daşıyır. Problemli dəri sahələri üzlə yanaşı kürək və sinə nahiyəsində də izlənilə və yağlı saçlarla müşayiət oluna bilər.

Dərinin yağdan kifayət qədər təmizlənilməməsi nəticəsində məsamələr ölmüş dəri pulcuqları, toz və piylə tutularaq, qıfşəkilli genişlənir. Əksər hallarda məsaməli dəri portağal qabığını xatırladır. Həddindən artıq parıltı və genişlənmiş məsamələrdən əlavə yağlı dəri komedonlar (piy vəziləri axacaqlarında qara tıxaclar), milium (ağ civzə) və aknelərin yaranmasına meyllidir. Bu tip dəridə damar ulduzcuqlarına (teleangiektoziya) daha çox təsadüf edilir. Dəri piyinin ifrazının artması ilə yanaşı onun tərkibinin də dəyişməsi seboreya adlanan patoloji hal kimi qiymətləndirilir.

Yağlı dərinin mənfi tərəfləri ilə bərabər üstünlükləri də qeyd olunur. Belə ki, o, rütubəti özündə yaxşı saxlamaqla əlverişsiz atmosfer amillərinin (külək, günəş şüaları, aşağı temperatur) təsirinə qarşı daha yüksək dözümlülük qabiliyyətinə malikdir. Bununla əlaqədar yağlı dəri fotoyaşlanmaya az məruz qalır və elastikliyini qorumaqla  qırışların əmələ gəlməsini ləngidir.

Yağlı dəridə iltihabın uzun müddət müşahidə olunması demodekozu inkar etmək üçün dermatoloqa müraciət etməyə əsas verir. Dərinin yağlanmasının səbəbini aydınlaşdırmaq üçün dermatoloq, qastroenteroloq, endokrinoloq, ginekoloq-endokrinoloqun konsultasiyası tələb oluna bilər.

Yağlı dəriyə qulluq

Yağlı dəriyə qulluq artıq piyin təmizlənilməsi, məsamələrin açılması, piy vəzilərinin aktivliyinin zəiflədilməsindən ibarətdir. İlk növbədə dəriyə neqativ təsir edən yağlı kremlər, tərkibində spirt olan losyonlardan imtina edilməlidir. Dekorativ kosmetikanın səhərə qədər üzdə saxlanılması qəti qadağandır.  Bu tip dəriyə sahib olan insanların qida rasionunun əsasını yağsız ət, balıq, meyvə, tərəvəzlər, kəpək, yarma təşkil etməli, ədviyyat, hisə verilmiş məhsullar, qənnadı məmulatlarının qəbulu məhdudlaşdırılmalıdır.  Vitaminlərlə  (xüsusən B qrupu) zəngin qidalara üstünlük verilməlidir.

Dəriyə qulluğun 2 formaya ayrılması məqsədəuyğundur: ev şəraitində və ya mütəxəssislər tərəfindən aparılan. Ev şəraitində üzə qulluq dərinin gündəlik təmizlənmə, nəmləndirilmə və qidalandırılmasından ibarətdir. Üz gündə 2 dəfə yağlı dəri üçün nəzərdə tutulan xüsusi köpük, gel və mussla yuyulmalıdır. Bu vasitələr piy ifrazını tənzimləyir, iltihabəleyhinə təsir edir və ən əsası dərini qurutmur. Yuyunma zamanı süngər və liflərdən, eləcə də isti sudan istifadə olunmamalıdır, çunki bu vasitələr piy ifrazını daha da artırmaq qabiliyyətinə malikdir. Yuyucu vasitələrin dəriyə pambıq və barmaq ücları ilə çəkilməsi, ilıq su ilə yuyulması məsləhət görülür. Xalq təbabəti dərinin bitki dəmləmələri (çobanyastığı, çökə çiçəyi, qatırquyruğu, nanə, gicitkan) ilə yuyulması, buxar vannalarının qəbul edilməsi və bu cövhərlərin eyni zamanda daxilə qəbulunu tövsiyyə edir.

Dərinin kosmetik pilinq vasitəsilə dərindən təmizlənməsi həftədə bir, maksimum 2 dəfə aparılmalıdır. Bu məqsədlə skrabdan əlavə pilinq-qommaj da tətbiq oluna bilər: belə maskalar dərini zədələmədən ölmüş buynuz hüceyrələr və artıq piyi effektiv şəkildə təmizləyir. Həftədə bir dəfə absorbsiya edici təsirə malik gil maskaları və ya məsamələri daraldan meyvə tərkibli maskalardən istifadə olunmalıdır.

Yuyunmadan sonra üz yumşaq dəsmal və ya salfetlə qurulanmalı, yağlı dəri üçün nəzərdə tutulan, pis ifrazını tənzimləyən, məsamələri daraldan, dezinfeksiya edici təsirə malik toniklə silinməlidir. Gündəlik qulluq bu tip dəriyə uyğun olan kremin çəkilməsi ilə başa çatır. Adətən yağlı dəri üçün krem, emulsiya və ya hidrogel duru konsistensiyaya malik olur, tez hoparaq, üzə parıltılı görünüş vermir.

Gündəlik makiyaj üçün dekorativ kosmetika seçərkən keyfiyyət, tərkib və istifadə qaydasına fikir vermək lazımdır. Yağlı dəri üçün yüngül əsaslı, artıq parlaqlığı aradan götürən tonal krem və kirşanın seçilməsi məsləhətdir. Krem şəkilli ənlik və göz kölgələrindən imtina etmək lazımdır, əks halda makiyajdan bir neçə saat sonra kosmetikanın «axması» müşahidə oluna bilər.

Peşəkar qulluq

Salonda aparılan peşəkar qulluq adətən aşağıdakı mərhələlərdən ibarət olur:

  • bakterisid emulsiya ilə demakiyaj
  • dərinin təmizlənmısi və tonuslandırılması
  • hiperkeratozun aradan qaldırılması, üzün dərindən təmizlənməsi (vaporizasiya, enzim pilinq, atravmatik, ultrasəs, kimyəvi və ya instrumental təmizlənmə)
  • üzə ampul vasitələr və zərdabların çəkilməsi
  • üzün masajı (limfodrenaj, Jake üsulu ilə masaj)
  • təmizləyici, bakterisid, iltihabəleyhinə, keratolitik, immunomoduləedici təsirə malik, piy ifrazını tənzimləyən kosmetik maska (gil tərkibli, kremşəkilli və s
  • son mərhələ – yağlı dəri üçün nəzərdə tutulan kremin çəkilməsi.

Üzə qulluq üsulları arasında pilinq (qlükolla, AHA-pilinq, TCA-pilinq, quru buzla pilinq, ultrasəs pilinq), aparat üsulları (dezinkrustasiya, darsonvalizasiya, ultrafonofarez, xromoterapiya) xüsusi yer tutur. Biorevitalisasiya, mezoterapiya prosedurlarının köməyilə yağlı dərini nəmləndirmək və qidalandırmaq mümkündür. Prosedur başa çatdıqdan sonra kosmetoloq ev şəraitində üzə qulluqla bağlı məsləhətlər verir.  Piy vəzilərinin fəaliyyətini normallaşdırmaq üçün dəniz suyu, bitki ekstraktları  ilə ümumi vanna, kriomasaj, palçıq applikasiyaları tövsiyyə olunur.

Dərinin irinli xəstəliklərinin (piodermiya) qarşısını almaq üçün təbii parçalardan hazırlanan geyimlərə üstünlük verilməlidir.

Üz dərisinə düzgün qulluq onun uzun müddət təravətli qalmasını təmin edir. Əks halda piy ifrazının pozulması dərinin tənəffüsü və qoruyucu xüsusiyyətlərinin, eləcə də yerli immunitetin zəifləməsinə gətirib çıxarır.

error: Content is protected !!