Yoğun bağırsağın adenokarsinoması
Yoğun bağırsağın adenokarsinoması – vəzili epitel hüceyrələrindən inkişaf edən bədxassəli törəmədir. Erkən mərhələlərdə silinmiş klinik simptomatika ilə gedir. Proses proqressivləşdikdə zəiflik, qarında ağrı, bağırsağın natamam boşalması hissi, nəcisin xarakterinin pozulması, tenezmlər, iştahsızlıq, arıqlama, subfebrilitet, nəcisdə qan və selik qarışığı müşahidə olunur. Xəstələrdə bağırsaq keçməməzliyi yarana bilər. Diaqnoz şikayətlər, obyektiv və instrumental müayinənin nəticələrinə əsasən qoyulur. Müalicə şişin cərrahi üsulla kəsilib çıxarılmasından ibarətdir.
Yoğun bağırsağın adenokarsinoması barədə ümumi məlumat
Yoğun bağırsağın adenokarsinoması epitel hüceyrələrindən inkişaf edən xərçəngdir. Patologiya yoğun bağırsağın bədxassəli şişlərinin təxminən 80%-ni təşkil edir. 40% hallarda kor bağırsağı zədələyir. Onkoloji xəstəliklər arasında rastgəlmə tezliyinə görə mədə, ağciyər və süd vəzi xərçəngindən sonra qadınlarda dördüncü; kişilərdə isə üçüncü yeri tutur. Adətən, 50 yaşdan sonra inkişaf edir. Xəstəliyin yaranma ehtimalı yoğun bağırsağın peristaltikasının pozulması və qan dövranının pisləşməsi ilə müşayiət olunan müxtəlif vəziyyətlərdə və patologiyalarda yüksəlir. Xəstəliyin başlanğıc mərhələləri əsasən simptomsuz və ya az nəzərə çarpan qeyri-spesifik klinik simptomatika ilə gedir. Bununla əlaqədar diaqnostika çətinləşir, xəstənin sağqalma faizi azalır. Yoğun bağırsağın adenokarsinomasının müalicəsi onkologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.
Yoğun bağırsağın adenokarsinomasının inkişaf səbəbləri
Yoğun bağırsağın adenokarsinomasnın bir neçə zərərli faktorların kombinasiyası nəticəsində inkişaf etməsi ehtimal olunur. Bunlardan ən əsasları somatik xəstəliklər, qidalanmanın xüsusiyyətləri, xarici mühitin bəzi zərərli amilləri və qeyri-kafi irsiyyətdir. Yoğun bağırsağın adenokarsinomasını provokasiya edən somatik xəstəliklərə yoğun bağırsaq polipləri, xoralı kolit, Kron xəstəliyi, həmçinin xroniki qəbizlik və nəcis daşlarının toplanması ilə müşayiət olunan xəstəliklər aiddir.
Bir çox tədqiqatçılar qidalanma faktorunun mühümlüyünü qeyd edirlər. Yoğun bağırsağın adenokarsinomasının inkişaf ehtimalı gündəlik rasionda qida liflərinin kifayət qədər olmaması və çoxlu miqdarda ət məhsullarının qəbulu zamanı yüksəlir. Alimlərin fikrincə qida lifləri nəcisin kütləsini artırır və onun bağırsaq mənfəzində hərəkətini sürətləndirir; yağ turşularının parçalanması prosesində əmələ gəlmiş kanserogenlərlə bağırsaq divarının kontaktını məhdudlaşdırır. Bu nəzəriyyə məhsulların qeyri-düzgün termiki işlənməsi zamanı qidada yaranan kanserogenlərin təsiri altında yoğun bağırsağın adenokarsinomasının inkişaf nəzəriyyəsinə çox yaxındır.
Xarici mühit faktorlarına məişətdə tətbiq olunan kimyəvi maddələrdən həddindən artıq istifadə, peşə zərərləri, oturaq iş və az hərəkətli həyat tərzi aiddir. Yoğun bağırsağın adenokarsinoması irsi ailəvi xərçəng sindromu, yaxın qohumlarda bədxassəli törəmələr və bəzi qeyri-onkoloji irsi xəstəliklər (məs., Qardner sindromu) zamanı daha çox rast gəlinir. 50 yaşdan sonra gen daşıyıcıları arasında hər 3 nəfərdən biri yoğun bağırsağın xərçənginə tutulur.
Yoğun bağırsağın adenokarsinomasının inkişafı və təsnifatı
Şiş bədxassəli törəmələrin ümumi böyümə və yayılma qanunlarına uyğun inkişaf edir. Onun üçün hüceyrə və toxuma atipizmi, hüceyrə differensiasiyasının aşağı səviyyəsi, proqressiya, qeyri-məhdud böyümə və nisbi avtonomluq xarakterikdir. Bununla yanaşı, yoğun bağırsaq adenokarsinoması özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, o, başqa bədxassəli şişlər kimi sürətlə böyüyüb inkişaf etmir, uzun müddət bağırsaq hüdudlarından kənara çıxmır.
Şişlərin inkişafı qonşu orqan və toxumalara yayılan iltihabla tez-tez müşayiət olunur. Xərçəng hüceyrələri bu toxumalara sirayət edərək, yaxın metastazlar verir; bu zaman uzaq metastazlar yaranmaya bilər. Yoğun bağırsağın adenokarsinoması, adətən, qaraciyər və limfa düyünlərinə metastazlaşır; lakin digər lokalizasiyalı uzaq metastazlar da mümkündür. Xəstəliyin digər xüsusiyyəti bir neçə şişin yoğun bağırsaqda eyni zamanda və ya ardıcıl inkişaf etməsidir.
Hüceyrə differensiasiyasının səviyyəsindən asılı olaraq, yoğun bağırsağın adenokarsinomasının 3 növü ayırd edilir: yüksək-, orta- və aşağı differensiasiyalı. Hüceyrə differensiasiyasının səviyyəsi nə qədər aşağı olarsa, şişin aqressiv böyüməsi və erkən metastazlaşması bir o qədər yüksək olur. Yoğun bağırsağın adenokarsinomasının proqnozunun qiymətləndirilməsi üçün beynəlxalq TNM təsnifatı və klassik dörd mərhələli təsnifatdan istifadə olunur.
- 1 mərhələ – törəmə selikli qişanın hüdudlarından kənara çıxmır.
- 2 mərhələ – şiş bağırsaq divarına sirayət edir, lakin limfa düyünlərini zədələmir.
- 3 mərhələ – törəmə bağırsaq divarına nüfuz edir və limfa düyünlərini zədələyir.
- 4 mərhələ – uzaq metastazlar müşahidə olunur.
Yoğun bağırsağın adenokarsinomasının əlamətləri
Xəstəliyin erkən mərhələsi əlamətlərin azlığı ilə xarakterizə olunur. Yoğun bağırsağın adenokarsinoması tez-tez bağırsağın xroniki patologiyaları fonunda getdiyindən xəstələr simptomları adətən növbəti ağırlaşma kimi dəyərləndirirlər. Nəcisin pozulması, ümumi zəiflik, qarında periodik ağrılar, iştahın pisləşməsi, nəcis kütləsində selik və ya qan qarışığı aşkarlana bilər. Yoğun bağırsağın aşağı şöbələrinin zədələnmələrində al qan fekal kütlənin üst qatında yerləşir. Yoğun bağırsağın adenokarsinoması bağırsağın sol yarısında lokalizasiyalaşdıqda qan tünd rəngli olub, nəcis kütləsi və seliklə qarışır. Törəmənin bağırsağın sağ yarısında lokalizasiyası zamanı qanaxma gizli xarakter daşıyır.
Şiş böyüdükcə simptomlar daha nəzərə çarpan olur. Yoğun bağırsağın adenokarsinomasından əziyyət çəkən pasientləri intensiv ağrılar narahat edir. Halsızlıq və yorğunluq meydana çıxır. Anemiya, temperaturun subfebril göstəricilərədək yüksəlməsi və ət yeməklərindən iyrənmə müşahidə olunur. İshal və qəbizlik daimi xarakter alır, dərman preparatlarının təsirinə tabe olmur. Yoğun bağırsağın adenokarsinoması nəcis kütləsinin hərəkətinə maneə törədir, tenezmlərə səbəb olur.
Nəcisin şişə təzyiq göstərməsi törəmənin xoralaşmasına, xora isə öz növbəsində qanaxmanın sürətlənməsinə və iltihabın inkişafına gətirib çıxarır. Nəcisdə irin aşkar olunur. Temperatur febril göstəricilərə qədər yüksəlir. Ümumi intoksikasiya əlamətləri qeyd olunur. Bir çox xəstələrdə dərinin saralması və ikterik sklera müşahidə olunur. İltihabi prosesin retroperitoneal toxumalara yayılması nəticəsində bel nahiyəsində əzələ ağrıları yaranır. Bağırsaq keçməməzliyi (xüsusən yoğun bağırsağın ekzofit inkişaf edən adenokarsinomalarında) mümkündür. Gecikmiş mərhələlərdə assit və qaraciyərin böyüməsi izlənilir. Bəzən abdominal simptomlar müşahidə olunmur, şiş uzun müddət yalnız zəiflik, halsızlıq, arıqlama və iştahın pisləşməsi ilə özünü büruzə verir.
Yoğun bağırsağın adenokarsinomasının diaqnostikası
Yoğun bağırsağın adenokarsinomasının diaqnozu onkoloq tərəfindən şikayətlər, anamnez, ümumi obyektiv müayinə, düz bağırsağın barmaqla müayinəsi və instrumental müayinələrin nəticələrinə əsasən qoyulur. Şişlərin 50%-dən çoxu yoğun bağırsağın aşağı şöbələrində lokalizasiya olunur və barmaqla müayinə və ya rektoromanoskopiya zamanı aşkarlanır. Törəmə yoğun bağırsağın yuxarı şöbələrində yerləşdikdə kolonoskopiyanın aparılması mütləqdir. Endoskopiya prosesində həkim histoloji müayinə üçün şiş toxumasından nümunə götürür.
Yoğun bağırsağın adenokarsinomasının ölçülərinin, formalarının və yayılmalarının qiymətləndirilməsi məqsədilə yoğun bağırsağın rentgenokontrast müayinəsindən (irriqoskopiya) istifadə olunur. Metastazların aşkarlanması üçün və ya endoskopik müayinəyə əks göstəriş (məsələn, qanaxma zamanı) olduqda qarın boşluğu və kiçik çanaq orqanlarının USM-i (adi, endorektal, endoskopik) tətbiq edilir. Diaqnozun çətinlik törətdiyi hallarda pasientlər abdominal KT və MSKT-ə göndərilir. Qan və sidiyin ümumi analizi, qanın biokimyəvi və nəcisin gizli qana görə analizi təyin olunur. Yekun diaqnoz bioptatın müayinəsindən sonra qoyulur.
Yoğun bağırsağın adenokarsinomasının müalicəsi və proqnozu
Yoğun bağırsağın adenokarsinomasının müalicəsi cərrahi yolla həyata keçirilir. Müalicənin əsas elementi yoğun bağırsağın bütövlüyünü bərpa etməyə və ağırlaşmaların yaranma ehtimalını minimallaşdırmağa imkan verən əməliyyatönü hazırlıqdır. Pasiyentə şlaksız pəhriz və işlədici dərmanlar təyin olunur. Cərrahi əməliyyatdan bir neçə gün əvvəl təmizləyici imalələr aparılır. Son illərdə mədə-bağırsaq traktının xüsusi preparatlarla təmizlənməsinə üstünlük verilir.
Yoğun bağırsağın adenokarsinoması zamanı radikal cərrahi müdaxilənin həcmi bədxassəli törəmənin ölçüsü və yerləşməsi, regionar metastazların olmasına əsasən müəyyənləşdirilir. İmkan daxilində zədələnmiş hissə rezeksiya olunur, bağırsağın tamlığını bərpa edən anastomoz yaradılır. Bağırsağın həddindən artıq gərilmiş olduğu və ya adenokarsinomanın bağırsağın aşağı şöbələrində yerləşdiyi hallarda kolostoma qoyulur. Qeyri-operabel formalarda və ya bağırsaq keçməməzliyində palliativ kolostomiya icra olunur. Uzaq metastazlarda ağırlaşmaların (qanaxma, bağırsaq keçməməzliyi, intensiv ağrı sindromu) profilaktikası məqsədilə palliativ cərrahi müdaxilə aparılır.
Yoğun bağırsağın adenokarsinoması I mərhələdə aşkar olunduqda 5 illik sağqalma ehtimalı təxminən 90%, müalicəyə II mərhələdə başlandıqda isə 80% təşkil edir. III mərhələdə 5 illik sağqalma ehtimalı 50-60%-ə qədər azalır. Düz bağırsağın zədələndiyi hallarda proqnoz ağırlaşır. Yoğun bağırsağında adenokarsinoma olan xəstələr cərrahi əməliyyatdan sonra müşahidə altına alınır. Onlara nəcisdə qan və seliyin olmasına müntəzəm şəkildə nəzarət etmələri məsləhət görülür. Hər 3 aydan bir rektoromanoskopiya və ya kolonoskopiya aparılır. Pasiyent ildə 2 dəfə uzaq metastazların aşkarlanması məqsədilə daxili orqanların USM-nə yönəldilir. Yoğun bağırsağın adenokarsinomasının residivlərinin təxminən 85%-i cərrahi müdaxilədən sonrakı ilk 2 il ərzində meydana çıxır.